Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azad Şuşanın əsir irsi

Azad Şuşanın əsir irsi

10.02.2022 [22:56]

Ermənilər oğurlanmış xalçalarımızdan milyonlar qazanırlar

 İlhamə RƏSULOVA

Ta qədimdən analarımızın, qız-gəlinlərimizin gözünün nuru, əlinin əməyi hesabına ilmə-ilmə toxunub ərsəyə gələn xalçaların məişətimizdə ayrıca yeri, dəyəri olub. Əcdadlarımızdan ötrü xalça gələcəyə göndərilən xüsusi irs nümunəsiydi.

Qədim türklər hesab edirdilər ki, uşaq körpəykən xalça üzərində ayaq açsa, yalın ayağını torpağa basmasa, canı dəmir kimi möhkəm olar, gözləri qırğı gözütək iti görər. Xalça üzərində iməkləməklə başlanan yolçuluğumuz xalçaya bükülüb göndərildiyimiz məzar evinin astanasında sona çatırdı. Hesab edilir ki, dünyanın ilk xalça ustaları qoyunçuluqla məşğul olan köçəri türk xalqları imiş. Təsadüfi deyil ki, Altaydakı Pazırıq kurqanlarından tapılmış və ən qədim xalça nümunəsi sayılan “Pazırıq” xalçası da Qarabağda - qədim Bərdədə toxunub. Həmin xalçanın 2500 yaşı olduğu deyilir. “Pazırıq” xalçası Sankt-Peterburqda, Ermitaj muzeyində saxlanır.

Qarabağ xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. IX-XVI əsrlərdə yaşamış bir çox ərəb tarixçilərinə aid mənbələrdə Qarabağ xalçalarının nəfisliyindən, onların Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmasından bəhs edilir. Adətən uzunsov formada toxunan bu xalçalar Qarabağ təbiətinin bütün rənglərini özündə əks etdirir, əlvan boyaları ilə seçilirdi. Qarabağ xalçası adətən sıx, hündür və yumşaq xovlu olur. Bu xalçaların ilmə hündürlüyü 6-10 millimetr, ilmə sıxlığı hər kvadratmetr sahədə 90 mindən 160 minədək olur. “Açma-yumma”, “Aran”, “Bağçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Muğan, “Xanlıq”, “Çələbi”, “Şabalıdbuta” Qarabağ xalçaçılıq məktəbinin klassik çeşniləridir. Qarabağ xalçası ölçüsünə görə də çox böyük olurdu. Müxtəlif bitkilərdən hazırlanan boyaqlarla iplər boyanar və illər keçsə də, təravətini itirməzdi. Rəng almaq üçün qaya çayı, qızılboya, nar qabığı, ispanaq, çuğundur, soğan qabığı, gicitkən, şehduran, baldırğan, əvəlik, sarıgül, dəvəqulağı, yonca, qoz yarpağı və qabığı, palıd qabığı, yabanı gavalı, alma, sumaq, sarağan kimi  bitkilərdən istifadə olunurdu. Qara rəng almaq üçün isə xalçaçılar əsasən yarpız, palıd, püstə ağaclarında əmələ gələn yumru tumurcuqdan istifadə edirdilər. Rəngin alındığı bitkinin daha çox hansı bölgəyə aid olduğunu bilənlər xalçanın harada toxunduğunu rənglər əsasında da müəyyənləşdirə bilirdilər. Rəng də təbiətdən, yun da təbiətdən. Hər bölgədə toxunan xalçanın özünəməxsus naxışları olurdu. Xalçanın bədnəzərdən qoruduğuna dair inanclar da mövcud olub.

Şuşa Xalça Muzeyi

Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə 1985-ci ildə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulub.

Muzey fəaliyyətə 19 may 1987-ci il tarixində, general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlayıb. Milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan Şuşa filialına göndərilib. Filial 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi beş il fəaliyyət göstərib. Hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb olub.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyevanın “Yeni Azərbaycan”a verdiyi məlumata görə, Şuşa filialının 246 ədəd eksponatından 183-ü  təxliyə edilib. “Çıxarılması baş tutmayan eksponatların arasında xalça olmayıb. Muzey əməkdaşları 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatını xilas edə biliblər. Təxliyə olunmuş eksponatlar öncə Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilib. Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyinə aid əşyaların yarıdan çoxunu xilas etmək mümkün olub”.

Muzeydə Şuşa Tarix Muzeyindən ermənilərin 1992-ci ildəki hücumundan bir müddət əvvəl çıxarılmış xalçalar da saxlanır. Həmin vaxt Şuşadan köçmək məcburiyyətində qalmış bəzi sakinlər də qədim xalçaları özləri ilə götürərək, sonradan ölkənin mədəniyyət orqanlarına təhvil veriblər.

Əsir düşən  xalçalarımız

Qarabağın işğalı ilə insanlarımız kimi xalçalarımız da əsir, qaçqın, köçkün taleyi yaşadı. Şuşa muzeyi öz xalçalarını qoruya bilsə də, ermənilər işğal dövründə  azərbaycanlılar tərəfindən dolu buraxılmış evləri çalıb-çapmış, bu evlərdən götürdükləri nəfis Qarabağ xalçalarını dünyanın müxtəlif ölkələrində hərraclara çıxararaq milyonlar qazanmışdılar.

Məsələn, XVIII əsrə aid olan “Xətai” adlı Qarabağ xalçası 5 il Aram Cereyan adlı bir erməni kolleksionerinin kolleksiyasında saxlanıb, ötən əsrin 90-cı illərinin sonunda erməni “Xətai”ni xaricdəki hərrac evlərindən birində satışa çıxarıb. Xalçanı bir italiyalı baha qiymətə alıb. Azərbaycan Xalça Muzeyi həmin xalçanı İtaliya vətəndaşından geri alıb və hazırda “Xətai” muzeydə sərgilənməkdədir. 

Qarabağ xalçalarını bu günün özündə də böyük muzeylərin kolleksiyalarında görürük. Ermənilər onları dədə malı kimi satıb böyük pullar qazanıblar. Ötən il iyun ayının 12-də Avstriyanın hərrac evlərindən birində XIX əsrin əvvəllərinə aid Qarabağ xalçası baha qiymətə satışa çıxarılmışdı. Satan isə, əlbəttə, yenə erməni idi.

Müharibə başa çatsa da, erməni xisləti dəyişməyib. Ermənilər Qarabağdan, əsasən də Şuşadan oğurladıqları tarixi Azərbaycan xalçalarını sərgiləmək üçün yer axtarırlar. Erməni xəbər saytlarının yaydığı məlumatda deyilir ki, İkinci Qarabağ müharibəsi zamanı Şuşadan çıxarılmış, eləcə də əvvəlki illərdə şəhərdən çalınıb-çapılmış xalçaların ekspozisiyası üçün məşhur muzeylər təklif olunur. Ermənistan parlamentində çıxış edən təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan deyib ki, xalçalarla bağlı iş gündəlikdədir. Oğru kolleksiyaçı isə Vardan Asçatryandır. O, Qarabağ işğalda olduğu zaman tarixi Azərbaycan torpaqlarından qədim xalça kolleksiyası toplayıb. 44 günlük müharibənin gedişində isə xalçaları işğaldan azad olunan ərazilərdən çıxara bilib. Bundan sonra o, Qarabağın nadir mədəniyyət nümunələrini “erməni xalçaları” adı ilə Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda sərgiləyib. Nazirlik Şuşa xalçalarını Ermənistanın Tarix Muzeyinə, Sardarapatda olan memorial kompleksdəki Erməni Etnoqrafiya Muzeyinə və ya Ovannes Şarambeyan adına Xalq Sənəti Muzeyinə daşımağı təklif edib.

Yəqin az sonra ermənilər yenidən dünyanın məşhur muzeylərində Azərbaycan qadınlarının toxuduğu türk ornamentli “erməni xalçaları” ilə öz “qədimliklərini” sübuta yetirməyə çalışacaqlar. Bizi bizim əlimizlə vurmağa cəhd göstərəcəklər.

Amma alınacaqmı? Axı Qarabağ xalçasının hər ilməsində yar yolunu gözləyən qızın öz igidinə göndərdiyi ismarışlar, bayatılarımızdan misralar, dualar yer alır. Qarabağ xalçası düşmən əsirliyində olsa belə, min il sonraya göndərilmiş mesaj kimi türkün başına gələn qəzalardan dastanlar danışacaq - ilmələrin dilində.

Paylaş:
Baxılıb: 1216 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30