Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / III Dünya müharibəsi “qapıları döyür”?

III Dünya müharibəsi “qapıları döyür”?

04.03.2022 [09:57]

Qlobal savaşın üçüncü mərhələsi yetişir

Pərviz SADAYOĞLU

Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yaratdığı təhdidin və təhlükənin miqyası gündən-günə artmaqdadır. Ukraynanı bu döyüşdə tək buraxmamaq üçün hərbi güc istisna olmaqla bütün qüdrətini səfərbər edən Qərb Kremli çətin vəziyyətə salıb. Bütün sferalarda Kremlin “yolunu” bağlayan Qərbin hazırkı qeyri-hərbi koalisiyası tətbiq etdiyi sanksiyalarla müharibənin gedişatında geridönüş yaratmağa çalışır. Bir sıra siyasi ekspertlər isə geridönüşü mümkünsüz sayır. Hətta mövcud vəziyyəti ötən əsrdə baş verən iki Dünya müharibəsi ərəfəsi ilə əlaqələndirənlər də var. Belə ki, bir sıra politoloqların fikrincə, 1914, 1939-cu illərdəki siyasi-hərbi situasiya məhz hazırkı duruma çox bənzəyirdi. Təsadüfi deyil ki, dünyada baş verən siyasi prosesləri dəyərləndirən zaman vahid qənaət formalaşır: bütün səbəblər III dünya müharibəsini şərtləndirməkdədir.

Rusiyada hərbi vəziyyət -“düşmənlər” çoxala bilər...

İlk olaraq Rusiyadakı duruma nəzər salaq. Müharibədən öncə Qərbi nüvə ilə hədələyən Kreml anlayır ki, atdığı hər bir güllənin və bombanın məsuliyyətini daşımaqla yanaşı, buna cavab verməli olacaq. Haşiyəyə çıxsaq, Qərb politoloqları Putinin sonunu serb diktator Slobadan Miloşoviçlə eyniləşdirirlər. Rusiya isə düşdüyü vəziyyətdən çıxmaq üçün yollar axtarır.  Ukraynadakı müharibənin ilk günlərində prosesin 2008-ci ildə Gürcüstandakı kimi rahat inkişaf edəcəyini düşünən Rusiya oxunun “daşa” dəydiyini anlayır. Bu səbəbdən də, artıq bütün gücünü səfərbər edir. Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Prezident Vladimir Putinin martın 4-də ölkəsində hərbi vəziyyət elan edəcəyi iddiası ilə çıxış edib. Bunun isə bir sıra səbəbləri mövcuddur. İlk növbədə, Rusiya ordusunu yenidən komplektləşdirmək və itkilərini kompensasiya etmək niyyətindədir. Digər tərəfdən isə, daxildəki distabilliyə nəzarət etmək, proseslərin idarəsini əldən buraxmamaq üçün bu addımlar atılır. Bir sözlə, Rusiya da qısa zamanda Ukrayna böhranına son vermək niyyətində olmadığını ortaya qoyur.

Bu, həm də o deməkdir ki, Rusiya heç də geri çəkilməyəcək və hərbi qarşıdurmanın coğrafiyası genişlənə bilər. I və II Dünya müharibəsində olduğu kimi. Necə ki, 1939-cu ildə almanların yalnız Polşanı “cəzalandıracağı”nı düşünənlər bunun ardından 6 il dünya savaşında tərəf kimi çıxış etmək məcburiyyətində qaldılar...

Uzaq Şərq III Dünya müharibəsinə “tam hazırdır”...

Avropanın “qan çanağı”na döndüyü bir zamanda Uzaq Şərqdən də III Dünya müharibəsi ilə bağlı SOS ucalmaqdadır. ABŞ-ın Sakit Okean hövzəsində yeni hərbi ittifaq  - AUKUS-u qurmasının heç də boş yerə olmadığı bir daha öz təsdiqini tapır. Belə ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In III Dünya müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib. Şimali Koreya lideri komandanlarına III Dünya müharibəsinə hazırlaşmağı, rəhbərlik etdiyi Əmək Partiyasının üzvlərinə isə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Partiyanın Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimal? Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirib: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istəyir”.

KXDR-in III Dünya müharibəsi “xəbərdarlığı” quru pafosdan ibarət deyil. Bunu faktlar da sübut edir. Bir müddət öncə Yaponiyanın dövlət rəsmilərinin Rusiyanı “işğalçı” adlandırması, Avstraliyanın isə okean hövzəsində genişmiqyaslı hərbi  təlimlər keçirməsi prosesin istiqamətini müəyyənləşdirməkdədir. Demək ki, müharibə təhlükəsi Avropada olduğu qədər Asiyanın şərqinə də “yol alır”...

ATƏT müşahidəçisi Frans Ferdinand “rolunda”...

Rusiya-Ukrayna döyüşlərinin ən “yaddaqalan” məqamlarından biri də avropalı müşahidəçinin öldürülməsi oldu. Xəbər verildiyi kimi, ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb. Bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində bildirib. “ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, - deputat yazıb.

I Dünya müharibəsi də məhz bir qətllə başlamışdı. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya miqyaslı bir müharibənin başlanması üçün bəhanə olmuşdu. İndiki dövrdə müharibə bəhanəsi kimi “hersoqlar” öldürülməsə də, Qərb siyasətinin əsas dayaqları sayılan beynəlxalq missiyaların nümayəndələrinin qətlə yetirilməsi vacib məqamlardandır. Yəqin ki, qısa müddətdə bu qətllə bağlı “siyasi-hüquqi dəyərləndirmələr” Qərb mətbuatının əsas gündəminə çevriləcək. Bu isə öz növbəsində dövlətləri anti-Rusiya koalisiyasına qoşulmağa məcbur etmək üçün əsl fürsətə çevrilə bilər.

Rusiya İsveçin hava sərhədində NATO-ya “meydan oxuyur”...

Tarixə qısa ekskurs etsək, II Dünya müharibəsinin 1939-cu il ?1 sentyabrında saat 4:45 radələrində Danziq limanında olan alman hərbi gəmisi Schleswig-Holstein Polşaya aid Westerplatte adlı gəmiyə atəş açması ilə başlandığını yada salaq. Amma bu tarixin yanlış olduğu artıq tam dəqiqləşib. Çünki ondan beş dəqiqə əvvəl, yəni 4:40 radələrində alman bombardman təyyarələri artıq  Breslaunun 100 km şərqindəki Wielun qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Müasir dünyamızda da müharibələrdə əsas təhlükə məhz aviasiya qüvvələri sayılır. İndiki həssas məqamda isə hava sərhədlərində ən kiçik insident müharibənin coğrafiyasını genişləndirməklə yanaşı, xarakterini də dəyişə bilər. Bu mənada, bir neçə gün öncə İsveç Silahlı Qüvvələrinin Rusiya təyyarələrinin krallığın hava məkanını pozması ilə bağlı iddiasını gözardı etmək olmaz. Xatırladaq ki, İsveç tərəfinin iddialarına görə, martın 2-də Rusiyaya məxsus iki Su-27 və iki Su-24 təyyarəsi İsveç krallığının hava məkanını pozub və Qotland adasından şərq istiqamətdə görünüb. İsveçin Hərbi Hava Qüvvələrinin komandanı Karl-Yohan Edstrem vəziyyətə tam nəzarət edildiyini bildirib. Ölkənin müdafiə naziri Peter Hultkvist isə bu hadisəni xoşagəlməz hal kimi dəyərləndirib və krallıq tərəfindən lazımı tədbirlərin görüləcəyini deyib.

Rusiya tərəfi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Bu isə bir sıra suallar yaradır: rəsmi Moskva anlayır ki, belə bir addım hərbi-iqtisadi poliqonda fürsət gözləyən NATO üçün göydəndüşmə ola bilər. Yanvar ayından İsveç və Finlandiyadakı hərbi kontingentini gücləndirən NATO Rusiyanın belə bir səhv buraxma ehtimalını gözləyir. Deyəsən, Kreml Qərbin bu gözləntilərinə özünəxsus cavab verməkdədir. İsveç və Finlandiyanın, dolayısı ilə NATO-nun aktiv döyüşlərə qoşulması isə III dünya müharibəsi riskini daha da artırır.

Nüvə müharibələrinin qalibi olmur...

Və son olaraq nüvə təhlükəsi məsələsi... Almaniyanın yeni kanslerinin Moskvaya ilk səfəri Rusiya liderinin “unutmayın ki, Rusiya nüvə dövlətidir” xəbərdarlığı ilə müşayiət olunmuşdu. Müharibə başlayan gündən isə nüvə silahından istifadə məsələsi dünyanı düşündürən əsas məqamlardan birinə çevrilib. Qərb mətbuatı son günlərdə bu məsələyə daha çox yer ayırmaqdadır. Hətta Rusiyanın okeanlarda saxladığı bütün nüvə başlıqlı raketlərini hazırlıq səviyyəsinə gətirdiyi  bildirilir. Bu, həqiqətdir, yoxsa informasiya müharibəsi, bunu demək çətindir. Çünki rəsmi Moskva bu iddiaları təkzib edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın nüvə düyməsini sıxması ssenarisinin heç bir halda həyata keçirilməyəcəyini deyib. “Düşünürəm ki, siz bizi başqası ilə səhv salırsınız. Nüvə silahından istifadəyə gəlincə, biz artıq bir neçə dəfə öz mövqeyimizi bildirmişik. Ola bilsin ki, siz bizi ABŞ-la qarışdırırsınız, lakin Rusiya Federasiyası bu barədə heç vaxt danışmadı”, - deyə o, yekunlaşdırıb.

Nüvə məsələsinin “müzakirə mövzusu”na çevrilməsi ondan istifadənin mümkünlüyünü də şərtləndirir. Tərəflərdən hansının bu addımı atacağından asılı olmayaraq, nüvə silahından istifadə bütün dünyanı qarşı-qarşıya qoyacaq. Nəticə isə yəqin ki, heç kimin xeyrinə olmayacaq. Nüvə döyüşlərinin qalibi olmur...

Paylaş:
Baxılıb: 5510 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30