Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müdafiəsiz qalan azyaşlılar

Müdafiəsiz qalan azyaşlılar

26.11.2022 [11:24]

Valideyn məsuliyyətsizliyi və bədbəxt sonluqlar...

Yeganə BAYRAMOVA

Bir neçə gün öncə Qax rayonunda iki yaşlı körpə zəhərlənib. Hadisə rayonun Qaşqaçay kəndində baş verib. 2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Xatırladaq ki, bu yaxınlarda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Sabunçu rayonunun Ramana qəsəbəsində 5 və 2 yaşlı qardaş siçan dərmanından zəhərləniblər.

Təəssüf ki, hər iki hadisədə ağla gələn ilk məqam valideyn məsuliyyətsizliyidir. Övladının təhlükəsizliyi, sağlamlığı, təhsili, qidası, gələcək inkişafı ilə bağlı məsələlərə görə valideyn birbaşa məsuliyyət daşıyır. Müşahidələr göstərir ki, valideyn diqqətsizliyinin və məsuliyyətsizliyinin qurbanı olan körpələrin sayı kifayət qədər çoxdur və təəssüf ki, bu arzuolunmaz statistika artmaqda davam edir. Gündəlik olaraq “Uşaq dənizdə boğuldu”, “Körpə hündür yerdən yıxılaraq öldü”, “Azyaşlını elektrik cərəyanı vurdu”, “Körpə dərman içdi”, “Körpəni maşın vurdu”, “Azyaşlı sahibsiz heyvanların hücumuna məruz qaldı” və digər bu kimi acı, təəssüf doğuran xəbərləri eşidirik. Əlbəttə, bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri valideynlərin övladlarına nəzarət etməməsi, azyaşlılara münasibətdə yetərincə diqqətli davranmamaları və ən əsası da övladlarına deyil, telefonlara, komp?terlərə və adını, səbəbini bilmədiyimiz bir çox şeylərə vaxt ayırmalarıdır.

Acı sonluqla nəticələnən diqqətsizliklər

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Lalə Mehralının sözlərinə görə, məsuliyyətsizlik elə bir xüsusiyyətdir ki, bu, hansısa bir məsələ ilə bağlı deyil. Bu, insan xarakterində olan xüsusiyyətdir. Ona görə insan əgər övladlarına qarşı məsuliyyətsizdirsə, deməli, o, bir çox işdə də məsuliyyətsizdir: “Bu məsuliyyətsizliyə təkan verən səbəblər isə insanların internet, telefon, sosial şəbəkələrdə daha çox vaxt keçirmələridir. Çünki valideyndə müəyyən qədər diqqət dağınıqlığı varsa, o zaman o, fikrini bir məsələyə yönləndirə bilmir”.

Sosioloq qeyd edib ki, diqqətsizlik nəticəsində problemlə qarşı-qarşıya qaldıqda isə uşaqda “Mən təkəm, mən qorunmuram” kimi fikirlər yaranır. Çünki təfəkkür və məntiq tam inkişaf edənə qədər uşağın gözündə valideyn qoruyucu mələk və yaxud supergücü olan insan kimi görünür: “Ona görə də həmin dönəmlərdə hər hansı bir qəza ilə qarşılaşması uşaqda güvənsizlik duyğusu yaradır. Belə olduqda uşaq çox ciddi problemlərlə qarşı-qarşıya qalır. Bu isə inkişafda olan müddətdə onun şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir. Digər tərəfdən isə keçirdiyi qorxu, stress sonradan təşviş pozuntusu, fobiyaların yaranmasına zəmin yaradır.

Baş verən hər iki hadisə təəssüf doğurur. Bəzən valideynlərin diqqətsizliyi müəyyən bədbəxtliklərə yol açır. Təbii ki, heç bir valideyn bu cür hadisələrin baş verməsini istəməz. Lakin etiraf edək ki, bəzi zamanlarda diqqətsizlik acı sonluqla nəticələnir”.

Uşağı yalnız ana qorumalı deyil

L.Mehralı əlavə etdi ki, hərdən cəmiyyətdə yanlış olaraq düşünülür ki, uşaqları qorumaq, onlarla maraqlanmaq məsuliyyəti yalnız anaların üzərindədir: “Valideynlərin hər ikisi eyni dərəcədə uşaqla maraqlanmalı və qorumalıdır. Baxmayaraq ki, analar daha çox uşaqlarla məşğul olur. Amma hər iki valideyn eyni dərəcədə uşaqların təhlükəsizliyində maraqlı olmalıdır. Çünki tədqiqatlar da göstərir ki, hətta hamiləlik dövründən etibarən atanın övladla maraqlanması uşağın sonrakı fiziki, psixi və əqli inkişafına olduqca mühüm təkan verir”.

Maarifləndirici tədbirlərə ehtiyac var

Sosioloqun fikrincə, yaxşı olar ki, valideynlər arasında tez-tez qeyri-hökumət təşkilatları və digər qurumlar tərəfindən “Valideyn məsuliyyətsizliyi”, “Valideyn-övlad münasibətləri” haqqında maarifləndirici tədbirlər keçirilsin, mütəxəssislər tərəfindən tövsiyələr olsun: “Yeni ailə qurmuş cütlüklərə, toyu olacaq gənclərə aidiyyəti qurumlar, mərkəzlər tərəfindən onlara ailənin qurulmasının məsuliyyəti haqqında maarifləndirici bilgilər verilsin, bu mövzuda zəruri görüşlər təşkil olunsun”.

Psixoloji faktorlar

Psixoloq Aytən Ələkbərova isə sözügedən məsələ ilə bağlı açıqlamasında vurğulayıb ki, övladına diqqətsiz yanaşma bütün valideynlərə şamil olunmur. Çünki məhz xüsusi göstəriciləri olan valideynlər övladlarına diqqətsiz davranırlar: “Yəni hər hansı psixoloji problemi olur və öz ruh halı ilə insan narahat durumda olur ki, istəməsə də övladına qarşı laqeydlik yaranır. Nəticədə də körpənin sağlamlığına təhlükə yaranır, həyatını itirmə riskləri çoxalır. Yaxınları həmin valideynlərə uşaqların böyüdülməsində mütləq şəkildə kömək olmalıdır: Valideynlərdə bilərəkdən də diqqətsizlik yarana bilər. Hansı ki, telefonla danışır, seriala baxır, ətrafdakılara başı qarışır və o zaman ayılır ki, ya uşaq yıxılıb, ya da başqa bədbəxt hadisələrin qurbanı olub”.

Valideynlərə tövsiyə

Psixoloq valideynlərə tövsiyə etdi ki, övladlarının verdiyi suallara vaxtında cavab versinlər: “Bu zaman siz gələcək şəxsiyyətin daha ətraflı, intellektual böyüməsinə şərait yaradırsınız. Uşaqların ətraf-mühitlə tanışlığını valideyn etməlidir. Çünki belə olduqda daha effektiv nəticə almaq mümkün olacaq. Uşaqların böyüdüyünü zənn edib, onu özündən daha tez uzaqlaşdırdığınız zaman işə tələsməklə övladlarınızda natamamlıq yaradırsınız. Belə olduqda onlar həmin boşluğu başqa yerlərdə doldurmağa çalışırlar. Bizim uşaqlara göstərdiyimiz diqqətsizliyin nəticəsində nəzarətsiz övlad böyütmüş oluruq. Yəni cəmiyyətə nəzarətsiz birini təhvil vermiş oluruq”.

Hər ailənin bir psixoloqu olsun

Psixoloqun sözlərinə görə, tez-tez uşağa xəbərdarlıq etmək, onu səksəkədə, həyəcan içində saxlamaq da olmaz: “Bunların özünü çox demək şüuraltında qavrayışa da təsir edəcək. Çünki psixologiyada nə baş verirsə, insan təfəkküründə və qavrayışında baş verir. Qavrayışda bu məqamların qarşısını almaqdan ötrü uşaqlarla sərbəst, rahat şəkildə qorxu keçirmədən davranmaq lazımdır. Qorxu və təlaşı qabaqcadan çağırmaq lazım deyil. Bunun üçün də valideyn öz qavrayışına diqqət etməlidir. Çox gözəl olar ki, hər ailənin bir psixoloqu olsun ki, bu cür problemlərin qarşısı vaxtında alınsın”.

Deyilənləri ümumiləşdirdikdə aydın olur ki, valideynlər övladları ilə daha çox vaxt keçirməlidirlər. Lakin günün bütün saatlarında yanında olmaq şərt deyil, əsas olan odur ki, mütəmadi olaraq övladların qayğıları ilə maraqlanmaq lazımdır. Buradan da digər bir məsələ ortaya çıxmış olur - valideyn və övlad arasında düzgün kommunikasiya. Valideynlər övladları ilə düzgün şəkildə ünsiyyətə girməyi bacarmalıdırlar, onların istəklərinə, qayğılarına hörmətlə yanaşaraq ən azından sona qədər dinləməlidirlər. Təbii ki, heç də uşaqların hər bir istəyi yerinə yetirilə bilməz. Amma bu halda da çox nəzakətli qaydada uşaqlara istəyinin səhv olduğunu izah etmək lazımdır. Yalnız belə olduqda psixoloji cəhətdən sağlam uşaqların yetişdiyinə şahidlik etmiş ola bilərik. Unutmaq olmaz ki, bu günün körpəsi gələcəyin savadlı həkimi, mühəndisi, hərbçisidir.

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31