Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Millət vəkillərinin sayı arta bilər

Millət vəkillərinin sayı arta bilər

19.05.2022 [10:20]

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Sosial şəbəkələrdə tənzimləmələrlə bağlı qanun layihəsi hazırlanmasını təklif etmişəm

Rubrikamızın budəfəki qonağı 90 saylı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanovdur. O, uzun müddət rayon İcra hakimiyyəti orqanında müxtəlif vəzifələrdə çalışıb. Ağdaş rayon YAP təşkilatının sədri olub. C.Osmanov hazırda Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvüdür. Deputat parlamentin regional məsələlər, gənclər və idman komitələrində təmsil olunur.

- İƏT PA III Ümumi Konfransında Ermənistanla Azərbaycan arasında həll olunmayan məsələlər diqqətə çatdırılıb. Bu çıxışlar bölgədəki problemlərin həlli üçün nə qədər önəmlidir?

- Ölkəmizdə baş tutan mötəbər tədbirlər, beynəlxalq forumlar, konfranslar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox vacibdir. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən, pandemiyada səngimədən sonra Azərbaycan növbəti tədbirlərə ev sahibliyi etməkdədir. Eyni zamanda, bölgədə qələbəmizdən sonra yaranmış yeni geosiyasi reallığın dünya ictimaiyyətinə çatdırılması baxımından da önəmlidir.

Növbəti belə bir vacib tədbir İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının ümumi konfransı oldu. Bu, ilk növbədə, son illər ərzində parlament diplomatiyasının vacibliyinin göstəricilərindəndir. Parlamentlər səviyyəsində Azərbaycan dövlətinin yürütdüyü siyasətin digər dövlətlərə çatdırılması olduqca mühümdür. 44 günlük Vətən müharibəsindən sonra müəyyən ermənipərəst dairələr, müxtəlif qrantlar ayıraraq Azərbaycana qarşı qərəzli kampaniyalar aparırlar. Azərbaycanın dünyadan artan imicinə bir zərbə vurmaq istəyirlər. Bu baxımdan, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çox ciddi ehtiyac var. İƏT PA-nın konfransı böyük tarixi hadisədir. Müzakirələr zamanı Milli Məclisin sədri tərəfindən bölgədə yaranmış reallıqlardan söhbət açıldı. Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipi diqqətə çatdırıldı. Eyni zamanda, Ermənistanın sözdə danışığa gəlməyi qəbul etməsi, ancaq sülhə maneələr törətməsindən danışıldı. Bu gün Ermənistanda hakimiyyət prosesləri keçmiş rejimin üzərinə atır. Ancaq elə bugünkü rejim də sülh tərəfdarı deyil. İƏT ölkələrinin parlamentarilərinə məhz bu məsələlərin çatdırılması, həmin ölkələrin parlamentləri ilə sıx əlaqələrin qurulması baxımından konfransın ölkəmizdə baş tutması çox əhəmiyyətlidir.

- İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrliyin Azərbaycana keçməsi həm də gələcəkdə bir sıra mötəbər tədbirlərin ölkəmizdə keçiriləcəyinin göstəricisidir. Digər tərəfdən, işğaldan azad olunan ərazilərin bərpasına bu ölkələrin də cəlb edilməsi mümkündür. Bu istiqamətdə hansı addımların atılması gözlənilir?

- İstənilən platformalarda 30 ildə Ermənistanın torpaqlarımızda törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Çünki müharibədən bir ildən çox zaman keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Birinci Qarabağ müharibəsindən bu günə kimi 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. Ermənistana bununla bağlı beynəlxalq müstəvidə müraciət olunsa da, hələ də dəqiq koordinatları və kütləvi məzarlıqların yerini təqdim etməyib. Digər tərəfdən, ermənilər bu illər ərzində işğaldan azad edilən torpaqlarımızda böyük vandallıqlar törətmişdirlər. Orada olan infrastrukturumuzu, ekologiyamızı məhv etmiş, 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə yer üzündən silməyə, tarixi saxtalaşdırmağa çalışmış, dini-tarixi abidələri məhv etmişdir. Bütün bunları bir daha dünyaya çatdırmaq üçün İƏT PA bizim üçün əhəmiyyətli platforma oldu.

Eləcə də iclasda mina xəritələri ilə bağlı problemlər qeyd olundu. Müharibədən bu günə qədər 219 vətəndaşımız mina qurbanı olub, 30-dan çoxu həlak olmuşdur. Ermənistan müharibədən sonra Azərbaycan ərazisində təxribata cəhd edən erməni əsilli hərbçilərin qaytarılması qarşılığında xəritələri verməyə razı olsa da, ekspertlər xəritələrin doğruluğunun 25% olduğunu bildirmişdi. Milli Məclisin spikerinin bu mövzunu geniş formada çatdırmağı dünyaya növbəti mesajdır. Çünki bu istiqamətdə Ermənistana qarşı sərt addımların atılmasına ehtiyac var. Ancaq təəssüf ki, biz bu günə qədər Ermənistana hansısa təzyiqlərin göstərilməsinin şahidi olmamışıq. Üzərimizə düşən vəzifələri yerinə yetiririk və bundan sonra da erməni vəhşiliklərinin dünyaya çatdırılmasına çalışmalıyıq. İl yarım ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə sürətli yenidənqurma bərpa işləri aparılır. Hətta dünya tarixində müharibələrin yekununda heç bir dövlət öz gücünə belə böyük işlər görməyib. Biz bilirik ki, müxtəlif müharibələrdən sonra donor fondları yaradılır, yenidənqurma proseslərinə maliyyə vəsaiti ayrılır. Bu baxımdan, dünənki çıxış həm də çağırış ola bilər ki, burada olan dövlətlər işğaldan azad olunmuş ərazilərin bərpasında hansısa formada iştirak etsinlər.

- Milli Məclisdə və digər dövlət qurumlarında ölkə başçısının kadr islahatları həyata keçirilir. Bu yaxında da Səfa Mirzəyev təqaüdə göndərildi və həmin vəzifəyə gənc kadr gətirildi. Ümumilikdə ölkədə 65 yaşına çatmış şəxslərin vəzifədən kənarlaşdırılması prosesi gedir, bunu necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev ölkəmizdə böyük islahatlar aparır. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra bu islahatlar daha da dərinləşdirilmiş, bütün sahələrdə olduğu kimi kadr islahatları sahəsində də önəmli addımlar atılmışdır. Elə parlament seçkilərinin özü də ölkədə aparılan siyasi islahatların tərkib hissəsidir. Parlament yeni tərkibdə işə başlayandan sonra orada çoxlu sayda kadr islahatları oldu. Ümumilikdə qanunverici orqanın tərkibində gənclərin rolu artdı. Bildiyimiz kimi Səfa Mirzəyev yuxarı yaş həddi ilə təqaüdə göndərildi və bu günə qədərki fəaliyyətinə görə ölkə başçısı tərəfindən sərəncamla təltif edildi. Onun yerinə daha gənc, perspektivli bir kadr təyin edildi. Sözsüz, bu günə kimi həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Bu mənada deyə bilərik ki, Azərbaycan növbəti uğurlu mərhələyə gedir.

- Hazırda rayonların yeni idarəetmə sisteminə keçirilməsi gündəmdir. Cənab Prezidentin sərəncamı ilə Ağdam və Şuşadan sonra daha 2 rayon iqtisadi zonaya çevrildi və orada prezidentin xüsusi nümayəndələri təyin olundu. Əvvəlcə bu prosesin üstünlüyü barədə danışardınız...

- Dövlət başçısı öz çıxışlarında bu məsələlərə xüsusilə toxunur, qeyd edir ki, tətbiq edilən proses hazırda sınaq məhələdədir. Xüsusi nümayəndələr qarşılarına qoyulan vəzifələrin tam öhdəsindən gələndən sonra bu proses bütün ölkəni əhatə edə bilər. Hazırda bununla bağlı ictimai müzakirələr gedir, ancaq istənilən halda biz nəticələri gözləməliyik.

- Sizcə, növbəti iqtisadi zona hansı bölgə ola bilər?

- Hazırkı mərhələdə işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə sisteminin geniş tətbiq olunacağını düşünürəm. Çünki orada bəzi ərazilərdə xüsusi nümayəndəliklər təyin edilməyib. Xüsusi nümayəndələrin fəaliyyətinin effektivliyinə görə, bu, digər bölgələrdə də genişlənə bilər.

- Bu gün özünü maliyyələşdirə bilməyən rayonların dövlət idarələri digər bölgələrə bölüşdürülür. Ağdaşda da bu proses gözlənilir?

- Ağdaş rayonu özünü maliyyələşdirən rayonlar içərisində deyil. Ancaq bu o demək deyil ki, həmin rayonlar tamamilə ləğv olunacaq. Bir çox rayonların regional idarələri digər bölgələrə verilib. Bu gün Ağdaş rayonunda bir çox nazirliklərin regional idarələri yerləşir. Yəni hazırda belə bir hal müşahidə olunmur. Onu da qeyd edim ki, gələcəkdə iqtisadi zonalar tam formalaşandan sonra regional idarələrin hər birinin eyni bölgədə olması o qədər də arzuolunan deyil. Regional idarələr müvafiq rayonlar üzrə bərabər bölüşdürülə bilər.

- Regionlar iqtisadi zonalara bölündüyü təqdirdə Milli Məclis üzvləri hansı dairələr üzrə seçiləcək? Milli Məclisə dairə seçki qaydalarında dəyişiklik ola bilərmi?

- Məsələn, Ağdaş-Göyçay rayonunda 3 deputat fəaliyyət göstərir. Rayonlar iqtisadi zonalar üzrə bölüşdürülərsə, gələcəkdə dairələrin sayında çoxalma ola bilər. Millət vəkilləri seçici sayına görə müəyyənləşdiyi üçün, gələcəkdə əhalinin da sayı artdıqca deputatların da sayı arta bilər. Əlbəttə ki, bu, qanunverici orqanda, konstitusiyada dəyişikliklə baş verə bilər.

- Bir müddət rayonda gənclər və idman sahəsində işləmisiniz. Bu dövrdə hansı işlərə imza atmısınız?

- O zaman həyata keçirdiyimiz ən böyük işlərdən biri gənclər və idman idarəsinin bütün rayon üzrə nümayəndələrinin formalaşdırılması idi. Bu təşəbbüslə özüm çıxış etmişdim və o vaxtkı rayon rəhbərliyi bu məsələyə dəstək olmuşdu. Bizim, təxminən 33 gəncimiz işlə təmin olundu. Onlar rayonun müxtəlif işlərində, tədbirlərində fəal iştirak edirdilər.

- Parlamentin komitə və plenar iclasları, media ilə əməkdaşlıq kifayət qədər zaman tələb edir. Bunları nəzərə alıb seçicilərlə görüşməyə nə qədər vaxt ayıra bilirsiniz?

- Seçicilərin nə qədər ehtiyacı varsa, biz o qədər vaxt ayırırıq. Millət vəkilləri dövlətlə vətəndaş arasında bir körpü rolunu oynayır. Bu baxımdan ayda ən azı bir dəfə görüşlər təşkil edirik. Hətta öz sosial şəbəkə hesablarımda da əvvəlcədən elan edirəm ki, görüşlərdən xəbəri olmayanlar da varsa, xəbər tutub gəlsin. Bundan əlavə, əgər rayonda, ya da Milli Məclisdə görüş üçün gələn vətəndaş olarsa, dərhal seçici ilə görüşürük. Onları növbəti günə qədər gözlətməməyə üstünlük veririk.

- Təmsil olunduğunuz rayonda seçiciləri ən çox narahat edən məqam nədir?

- Bu gün bütün dünyada olduğu kimi, seçicilərin də əsas problemi işsizlikdir.

- Həmin vətəndaşların məşğulluq problemi nə dərəcədə həll olunur?

- Ümumilikdə bu məsələ ölkə səviyyəsində qabardılmaqdadır. Doğrudur, dövlət tərəfindən bir çox işlər həyata keçirilir. Yeni iş yerlərinin açılması bunun bir göstəricisidir. Eləcə də işğaldan azad olunan ərazilərdə yeni iş yerləri açıldıqca bu problem digər bölgələrdə də azalmağa başlayacaq. Bununla yanaşı müasir çağırışlara uyğun peşələrin seçilməsi lazımdır. Çünki peşə tələbi 5-8 ildən bir dəyişir. Hər kəs eyni sahə üzrə təhsil aldıqda təklif tələbdən çox olur. Bu da işsizliyin artmasına səbəb olur. Bu baxımdan yeni ixtisasların gətirilməsinə də ehtiyac var.

- Seçildiyiniz gündən etibarən rayonun hansı köklü probleminin həlli istiqamətində çalışmış və buna nail olmusunuz?

- İstənilən cəmiyyətdə zamanın tələbinə uyğun yeni problemlər yaranır. Rayonda da müəyyən problemlər var. Onlardan biri bəzi kəndlərin qazlaşdırılması ilə bağlı idi. Onun həlli istiqamətində irəliləyişlərə nail olmuşuq. 2019-cu ildə 19 yaşayış məntəqəmiz qazla təmin olunmamışdısa, hazırda bu rəqəm 8-ə düşüb. Digər bir problem su problemidir ki, bu da hazırda tək bizdə deyil, qlobal səviyyədə genişlənib.

- Su qıtlığının qarşısının alınması istiqamətində hansı işlər görülür?

- Hər il Cənab Prezidentin tapşırığına uyğun olaraq cədvəllər üzrə müxtəlif ərazilərdə subartezian quyuları qazılır. Bəzi ərazilərdə yeni su kanallarının çəkilməsi həyata keçirilir. Bununla bağlı Ağdaş rayonunda böyük bir layihənin birinci mərhələsi başa çatıb. İkinci mərhələ yekunlaşdıqdan sonra 15 min hektara yaxın suvarılmayan ərazi suyla təmin olunacaq.

- Bu günə qədər hansısa təklifiniz əsasında qanun layihəsi hazırlanıb və ya hazırlanmasını istəyirsiniz?

- Ən çox səsləndirdiyim təşəbbüsüm sosial şəbəkələrdə tənzimlənmə ilə bağlıdır. Bu məsələ ilə bağlı qanun layihəsi hazırlanmasını istərdim. Bəzi insanlar sosial şəbəkələrdə məlumat almaqdan daha çox xoşagəlməz kampaniyalar həyata keçirir, milli-mənəvi dəyərlərimizə zidd olan hərəkətlər nümayiş etdirirlər. Hesab edirəm ki, bu sahədə tənzimləmələrə xüsusi ehtiyac var. ABŞ-da və Almaniyada bu sahədə artıq işlər görülür.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30