Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Fəzail Miskinli: Yolda əlimizdə saz görəndə bizi məsxərəyə qoyurdular

Fəzail Miskinli: Yolda əlimizdə saz görəndə bizi məsxərəyə qoyurdular

26.07.2024 [11:05]

Müsahibimiz tanınmış aşıq, Azərbaycan Aşıqlar Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Fəzail Miskinlidir:

- Fəzail bəy, siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini teatrşünaslıq ixtisası üzrə bitirmisiniz. İncəsənət sahəsinə gəlişiniz necə oldu?

- Mən saza-sözə bağlı bir yurddanam- Gədəbəy rayonundan. Mən uşaq olanda rayonumuzda “Saz bayramı, yaz bayramı” adlı böyük bir festival keçirilirdi. Böyük sənətkarımız, SSRİ Xalq artisti Zeynəb Xanlarova öz ansamblı ilə o festivalda çıxış edirdi. O vaxtdan mənim arzum, istəyim məhz incəsənət sahəsinə idi və çox istəyirdim ki, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olum. Sonrakı arzum isə burada müəllim kimi fəaliyyət göstərmək idi. Allaha çox şükürlər olsun ki, arzum-niyyətim həyata keçdi. Atalar demişkən, niyyətin hara, mənzilin ora. Hər zaman sənət adamlarına ekrandan əl çatmaz insan kimi baxırdım. Tale elə gətirdi ki, vaxtilə əlçatmaz kimi baxdığım insanlarla sonradan eyni təhsil ocağında çiyin-çiyinə çalışmaq qismətim oldu.

Tələbəlik illərinin həm qayğılı, həm də xoş anları var. 1993-cü ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum, ilk gündən də sinif nümayəndəsi seçildim. 1997-ci ildə magistraturaya, 1999-cu ildə isə aspiranturaya (indiki doktorantura) qəbul oldum və hər birində də yenə sinif nümayəndəsi oldum. Aspiranturanın son kursunda müdafiə edib sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini aldım. Biz burada həm tələbə kimi, həm də bir sənət adamı kimi yetişdik. Çünki bizi tez-tez müxtəlif dövlət tədbirlərinə, çəkilişlərə göndərirdilər.

- Demək, hələ o illərdən öncə universitetinizi, sonra isə ölkənizi təmsil etmək məsuliyyətinə yiyələnmisiniz.

- Bəli, 1997-ci ildən etibarən həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əksər dövlət tədbirlərində iştirak etmişəm. Qazaxıstanda Kruman Kazi mükafatına, Özbəkistanda Narbek Baxşı mükafatına, Malayziyada müsəlman dünyası musiqi festivalının mükafatına, Qırğızıstanda Manas mükafatına, Türkiyədə Yunis Emre və Aşıq Şenlik, Konyada Mövlana mükafatına layiq görülmüşəm. Bütün bunlarla böyük qürur hissi keçirirəm ki, dövlətimiz tərəfindən hər zaman etimad göstərilib və bu sənətin daşıyıcısı kimi ölkəmizi dünyanın hər tərəfindən layiqincə təmsil edə bilmişəm.

Aşıq sənəti ən qədim tarixə malik bir sənətdir. Xalqımızın başlıca milli-mənəvi dəyərlərindən biri, hətta birincisi ozan-aşıq sənətidir. Azərbaycan milli musiqisinin iki əsas sütunu var: ozan-aşıq sənəti və muğam. Ona görə də hər zaman bu sənətə layiqincə xidmət etməli və çalışmalıyıq ki, xələl gəlməsin. Özünə xələl gələ bilər, amma bu sənətə şüurlu şəkildə xələl gətirmək yolverilməzdir. Həm şəxsiyyətimizi, həm də sənətimizi qorumalıyıq. Çünki sənəti daşıyan sənət adamıdır. Onun şəxsiyyətində problem varsa, mütləq nə zamansa sənətində də özünü göstərəcək.

- Dram rejissorluğunu bitirmisiniz, aşıq sənəti ilə məşğulsunuz. İki sənətin oxşarlığı və fərqi maraqlıdır. Təhsil aldığınız ixtisasın daşıdığınız sənətə təsiri necədir?

- Bakalavr pilləsində dram rejissorluğu, magistratura və aspiranturada isə teatrşünaslıq ixtisası üzrə təhsil almışam. Çox maraqlı bir məqama toxundunuz. Təhsilimi tamamladıqdan sonra müəyyən müddət Kinostudiyada rejissor assistenti kimi çalışdım. Onda gördüm ki, Azərbaycan filmi getdikcə tənəzzülə uğrayır. Çünki o dövrlər ümumilikdə ölkəmiz üçün çox çətin zamanlar idi və müəyyən sahələrə özünü ayaqda tuta bilmək və yenidən müəyyən səviyyəyə gəlib çatmaq üçün vaxt lazım idi. Sonradan teatr sənəti ilə aşıq sənətinin bağlılığı haqqında elmi iş götürmək istədim. Bu iki sənət bir-biri ilə çox bağlıdır. Bir aktyorun teatrı və bir aşığın teatrı deyə anlamlar var. Biz buna monoteatr deyirik. Hər iki sənətdə yaşama sənəti və göstərmə sənəti var. Aşıq dastan danışarkən həm Koroğlu olur, həm Keçəl Həmzə, həm Nigar olur. Eləcə də bir aktyor kimi bunu tamaşaçıya göstərir. Bu mövzu məni düşündürürdü və beləliklə, mən “Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları” mövzusunda elmi iş yazdım. Yəni teatr sənəti ilə aşıq sənətini həm elmi işimdə, həm də öz həyatımda bir-birinə bağladım. Onu da qeyd edim ki, Azərbaycan aşıqları içərisində ilk namizədlik dissertasiyasını mən müdafiə etmişəm. Çox sevinirəm ki, bundan sonra bizim dəyərli ifaçılarımız elmi tədqiqatla məşğul oldular və artıq onlar da alim kimi fəaliyyət göstərirlər.

Etiraf edək ki, nəzəriyyəçilər çox zaman təcrübəni, yəni ifaçılığı elə də yaxşı bilmirlər. Amma ifaçı tədqiqatla məşğul olub, nəzəriyyəni dərindən araşdıranda bu zaman çox gözəl vəhdət yaranır. Çünki o, həm təcrübəni, həm də nəzəriyyəni gözəl bilir. Təcrübəni bilən adam nəzəriyyəni tez zamanda öyrənib bu sahədə də ciddi uğurlar qazana bilər. Amma nəzəriyyəçinin təcrübə qazanıb sənətə yiyələnməsi çox çətin məsələdir.

Mən bir il Teatrşünaslıq kafedrasında müəllim kimi çalışdım. Sonradan isə Mədəniyyət və İncəsənət Universitetində Aşıq sənəti kafedrası yaradıldı və mən də burada aşıq sənətindən dərs deməyə başladım. İlk vaxtlarda burda cəmi iki müəllim var idi, ustad sənətkarımız Aşıq Əhliman və mən. Biz belə bir kafedranın yaradılması üçün çox təşəbbüs göstərdik və sağ olsunlar, səsimizi eşitdilər və öncə aşıq sənəti ixtisası, sonradan isə ayrıca kafedrası yaradıldı.

Aşıq sənəti türkün qədim sənətidir. Belə bir söz var ki, türk sazın çanağından çıxıb. Türkün bir əlində qılınc, birində saz olub. Böyük Türk dünyasını, türkdilli xalqları da bir nöqtədə birləşdirən məhz bizim sazımız, qopuzumuzdur.

- Fəzail Miskinli necə müəllimdir?

- Tələbələrimə ilk dediyim o olur ki, mütləq şəkildə hər şeydən öncə şəxsiyyətinizi qoruyun. Çünki birinci özünüz öz şəxsiyyətinizə hörmət etdikdə kənardakı da hörmət edəcək. İkinci növbədə, mütləq sənətlə şəxsiyyət arasında vəhdət yaranmalıdır. Hamının savadı, istedadı eyni deyil ki, ola bilər sənətin bir az aşağı səviyyədə ola bilər, amma şəxsiyyətin yüksək olmalıdır. Həmçinin tələbələrimə deyirəm ki, bacardığınız qədər savadlı olmağa çalışın. Təkcə təcrübə ilə kifayətlənməyin, nəzəriyyəni də mükəmməl öyrənin. O zaman hər yerdə yolunuz açıq olacaq. Bütün bunlardan əlavə isə mütləq vətənpərvər olun. Türkün bütün dövrlərində aşıq, ozan öndə gedib, ona “el atası” deyiblər. Bu sənətin sanbalını, dəyərini dərk etməliyik. Saza adi musiqi aləti kimi baxmaq olmaz. O, türkün keçmişi, bu günü, gələcəyidir, milli-mənəvi dəyəridir. Bacardığım qədər tələbələrimə bunları aşılayıram. Çalışıram ki, gələcəkdə haradasa adım bir pedaqoq kimi çəkiləndə müsbət mənada çəkilsin.

- Müasir dövrümüzdə aşıq sənətinə münasibətdən razısınızmı?

- Vaxtilə universitetimiz Fəvvarələr meydanında yerləşirdi. Mən rejissorluqda oxusam da, dərsə sazla gedirdim. Yolda əlimizdə saz görəndə bizi məsxərəyə qoyurdular. Sanki biz bu xalqın bir övladı deyilik, başqa bir planetdən gəlmişik. O qədər pis təsir edirdi ki mənə. Amma əmin idim ki, vaxt gələcək şəhərimizin mərkəzində, lap elə Fəvvarələr meydanında bizim sazımız, milli musiqimiz ifa olunacaq. Çox şükür ki, həmin gün gəldi. Dövlətimiz öz milli-mənəvi dəyərlərinə sahib çıxır. Bu gün bütün bayramlarda, dövlət tədbirlərində sazımız, milli musiqimiz başda qərarlaşır. Birinci vitse-prezidentimiz, mədəniyyətimizin, incəsənətimizin keşiyində müsəlləh əsgər kimi dayanan hörmətli Mehriban xanım Əliyevanın sayəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO tərəfindən qəbul olundu və artıq bu sənətə baxış, yanaşma fərqli yöndə inkişaf etməyə başladı. İnsanlarımızın da sənətə münasibəti müsbətə doğru dəyişdi. Nə zamansa bizim yaradıcı ali təhsil ocaqlarımızda ayrıca aşıq sənəti kafedrasının olmağı bizim üçün əlçatmaz bir xülya idi. Amma bu gün biz sizinlə Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasında oturub söhbət edirik. Çox istedadlı tələbələrimiz var ki, sazımızı, aşıq sənətini dünyanın müxtəlif ölkələrində təmsil edirlər. Həm dövlət tədbirlərində, həm də el şənliklərində sazımız başdadır. Deməli, biz özümüzə, öz soyumuza, keçmişimizə qayıdırıq. Bütün bunlar dövlətimizin aşıq sənətinə göstərdiyi diqqətin nəticəsidir. Biz də bu diqqətə layiq şəkildə çalışırıq ki, sənətimizi daha yüksək səviyyədə təbliğ edək.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30