Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Hacıbəyov, yoxsa Hacıbəyli?

Hacıbəyov, yoxsa Hacıbəyli?

15.09.2021 [13:06]

Hacıbəyov kimi yaşayıb-yaradan dahinin soyadını dəyişdirməyə ehtiyac varmı?

İllərdir ki, bir sual öz cavabını tapa bilmir. Axı niyə Üzeyir Hacıbəyovun adı “Üzeyir Hacıbəyli” kimi təqdim olunur? Dünya şöhrətli bəstəkar, Azərbaycan musiqisinin klassiki, Şərq opera sənətinin banisi Üzeyir Hacıbəyovun adını dəyişdirməyə ehtiyac varmı? 1995-ci ildə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunur. Həmçinin yubiley münasibətilə Üzeyir Hacıbəyov adı ilə yazılı poçt markası da buraxılıb.

Soyadı dəyişməklə nə qazanırıq?

Unutmayaq ki, Azərbaycanın yalnız bir Üzeyir Hacıbəyovu var. Hacıbəyov soyadı ilə yaşayıb-yaradıb, tanınıb və ölkəmizi tanıdıb. Bu məşhur soyadın sonluğunu dəyişib, dünyaya yeni bir Hacıbəyli təqdim etmək kimə və nəyə lazımdır? Onun soyadını dəyişməklə, erməni dəyirmanına su tökmüş olmuruqmu? Mədəniyyətimizə göz dikən, ənənələrimizi mənimsəyən bu dığalar sabah Üzeyir Hacıbəyova da sahib çıxmağa çalışsa, necə olacaq? Dünyada dahi şəxslərin əsərləri kimi, onların adları da toxunulmazdır. Nə Lüdviq Van Bethoven, nə Volfqanq Amadey Motsart, nə də Antonio Vivaldinin adı və soyadı dəyişdirilə bilər.

Yeni nəsil Üzeyir bəyi iki soyadı ilə tanıyır

Çox uzağa getməyək. Elə fəaliyyət göstərdiyimiz “Yeni Azərbaycan” qəzetinin özü Üzeyir Hacıbəyov küçəsində yerləşir. Lakin binanın üzərinə “Üzeyir Hacıbəyli” deyə lövhə vurulub. Bu ünvanda bir sıra önəmli qurumlar, eləcə də M.Rahim adına 7 nömrəli tam orta məktəb yerləşir. Məktəb binasının üzərində Üzeyir Hacıbəyov yerinə “Üzeyir Hacıbəyli” yazmaqla şagirdlərimizi yanlış maarifləndirmiş olmuruqmu?

Mövzu ilə bağlı əhalinin də fikirlərini öyrənməyə çalışdıq. İxtisasca müəllim olan Nailə Babayeva bildirib ki, dahilərin adı toxunulmaz olmalıdır. Onun sözlərinə görə, yeni nəsli doğru maarifləndirmək lazımdır: “Hazırda Üzeyir Hacıbəyov küçəsindəyik. Heç şübhəsiz, məkan təsadüfi seçilməyib. Bu məsələ mənim də hər zaman diqqətimi çəkirdi. Mən ixtisasca coğrafiya müəllimi olsam da, şagirdlərimə və övladlarıma tarix, ədəbiyyat, eləcə də musiqi tariximiz barədə bildiyim doğruları aşılamağa çalışıram. Üzeyir bəyin soyadı hər zaman Hacıbəyov kimi təqdim olunub. Bizim nəsil onu belə tanıyıb. Düşünürəm ki, yeni nəsil də belə tanımalıdır. Dahilərin adları, yaradıcılığı toxunulmaz olaraq qalmalıdır”.

Sorğumuzu davam etdirmək üçün dahi bəstəkarın heykəlinin olduğu ünvana yollandıq. Sevindirici haldır ki, Şəmsi Bədəlbəyli küçəsi 98-də yerləşən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası önündəki heykəldə hələ də dahi bəstəkarın adı və soyadı olduğu kimi qorunub saxlanılıb. Sorğumuzun növbəti  qəhrəmanı isə tələbə Aygün Əliyevadır. Aygün isə bildirib ki, gənclər olaraq  milli dəyərlərimizə, sərvətimizə, eləcə də Üzeyir bəyin soyadına sahib çıxmalıyıq: “Üzeyir Hacıbəyovun bir neçə operasına tamaşa etmişəm. Üzeyir bəy kimi bir dahiyə sahib olduğumuz üçün çox şanslıyıq. Xarici ölkələrə səfər edərkən adını fəxrlə, qürurla çəkəcəyimiz bir dahinin soyadına toxunulmamalıdır. Düşünmürəm ki, başqa bir ölkədə öz dahilərinin soyadını sonradan dəyişmək ehtiyacı duysunlar. Gənclər olaraq  milli dəyərlərimizə, sərvətimizə sahib çıxmalıyıq. Dəyişikliyə heç bir ehtiyac yoxdur”.

“Gözümüzü açdıq, gördük ki, hər yerdə “Hacıbəyli” yazılır”

İlk növbədə, “Üzeyir bəyin adı necə yazılmalıdır?” sualını Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcova verdik. Mövzu çox dərin olsa da, cavab səthi oldu: “Neçə ildir ki, Üzeyir Hacıbəyli kimi təqdim olunur. Soyadının dəyişdirilməsi barədə sizə heç bir cavab verə bilmərəm. Gözümüzü açdıq, gördük ki, hər yerdə belə yazılır. Ev-muzeyində də Üzeyir Hacıbəyli kimi qeyd olunur”.

Özünü Üzeyir Hacıbəyov kimi təqdim edib

Əlyazmalar İnstitutunun böyük elmi işçisi Aytən İmanova isə bildirib ki, Üzeyir bəy bütün əlyazmalarında və tərcümeyi-halında özünü Üzeyir Hacıbəyov kimi qeyd edib: “Üzeyir Hacıbəyov tərcümeyi-halında özünü Hacıbəyov kimi təqdim edirdi, Hacıbəyli kimi yox. Özünü hər yerdə atdığı imzalarda Hacıbəyov kimi qeyd edirdi. Bizim Əlyazmalar İnstitutunun şəxsi fondlar şöbəsində yerləşən materiallar əsasən 1920-ci ildən sonrakı dövrə, yəni Azərbaycan Cümhuriyyətinin süqutundan sonrakı dövrünə aiddir. 1965-ci ildə Üzeyir bəyin şəxsi arxivini bizə həyat yoldaşı Məleykə xanım təhvil vermişdi. Sovet konyukturası ilə bağlı olaraq 1920-ci ilə qədər olan sənədlərin çoxunu leqallaşdırmağa qorxurdular. Sovet hökuməti dövründə çox böyük hücumlar olduğu üçün uzun müddət yaradıcılıqla məşğul olmayıb. Bildiyiniz kimi, cümhuriyyətin ilk himnini Üzeyir bəy yazıb, cümhuriyyətin Mədəniyyət Nazirliyində fəaliyyət göstərib. Mədəniyyət Nazirliyində məsul işçi kimi Üzeyir Hacıbəyovun imzaladığı sənədlər var. Hamısında özünü Üzeyir Hacıbəyov kimi təqdim edib”.

Müsahibimiz dahi bəstəkarın opera və tamaşalarının afişalarını qəzetimizə təqdim edib. Vurğulayıb ki, diqqət yetirsək, görərik ki, afişanın hər birində Üzeyir Hacıbəyov deyə qeyd olunub.

Üzeyir bəyin yazıçı və jurnalist kimi fəaliyyətini də nəzərə alıb araşdırmamıza Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublunun da fikirlərini cəlb etdik. O, qəzetimizə açıqlamasında bildirdi ki, Üzeyir bəy “İrşad” qəzetində Üzeyir Hacıbəyov imzası ilə çoxlu sayda yazılar çap etdirib: “Üzeyir Hacıbəyov böyük bir şəxsiyyət olub, zəngin bir irs qoyub gedib. 1904-cü ildən başlayaraq Üzeyir bəyin “Kaspi” qəzetində yazıları işıq üzü görüb. “İrşad” qəzetində Üzeyir Hacıbəyov imzası ilə çoxlu sayda yazılar çap etdirib”.

Xan Şuşinskinin, Hüseyn Ərəblinskinin, Əliağa Şıxlinskinin, Cəmşid Naxçıvanski, Hüseynqulu Sarabskinin soyadları da dəyişdiriləcək?

Eyni vəziyyət Mirzə Fətəli Axundov soyadının təqdimatı zamanı da yaşanır. Müxtəlif mənbələrdə ya “Axundov”, ya da “Axundzadə” kimi yazılır. Təəssüfləndirici haldır, görəsən, Azərbaycan üçün can qoyub, külüng vuran insanların soyadları yanlışlıqdan, yoxsa bilərəkdən fərqli təqdim edilir? O zaman başqa bir sual da yaranır. Nə üçün Xan Şuşinski, Hüseyn Ərəblinski, Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski, Hüseynqulu Sarabski və s. kimi görkəmli xadimlərin soyadları milliləşdirilmir? Göründüyü kimi, süni şəkildə milli məzmun əlavə etməyə heç ehtiyac yoxdur.

Bəziləri soyad sonluqlarının dəyişdirilməsini 1990-cı illərdə milli ruhumuzun yenidən oyanması ilə əlaqələndirirlər. Amma bunu da tutarlı fakt kimi qəbul etmək olmaz. Əgər soyad sonluqlarının dəyişdirilməsi milli kimliyimizin dirçəlişinin təzahürü kimi qəbul edilsəydi, o zaman dövrünün məşhurları soyadlarını dəyişərdi.

Məsələyə digər prizmadan yanaşsaq, bunun yuridik cinayət olduğunu da sübut etmək çətin olmaz. Kimsə (sağlığında) öz soyadını dəyişmək istəyinə düşürsə, mütləq məhkəməyə müraciət etməli və məhkəmənin qərardadını əldə etməlidir. Hacıbəyli soyadına gəlincə isə bu, tamamilə absurddur - şəxsin ölümündən sonra adının və yaxud soyadının dəyişdirilməsi nə hüquqi prosedura uyğundur, nə də mənəvi kodeksə sığır.

Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31