Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Mətbuat tariximizin Hidayət kredosu

Mətbuat tariximizin Hidayət kredosu

23.09.2022 [10:44]

Cəlal Allahverdiyev filologiya üzrə fəlsəfə doktoru, dosent

Hər bir xalqın mədəni, ictimai-syasi tərəqqisində, milli özünüdərkin formalaşmasında mətbuatın müstəsna xidmətləri vardır. XIX əsrin ikinci yarısından etibarən ictimai-bədii fikrimizin inkişafında müstəsna rol oynayan, milli maarifçilik hərəkatının canlanmasına istiqamət verən, onun simasını, məzmun və ifadə xüsusiyyətlərini müəyyənləşdirməkdə Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Məhəmməd Ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və başqa ziyalılar misilsiz rol oynamışdılar. Bu aydınların yaratmış olduqları zəngin ənənələri sonralar gələn nəsillər yeni məfkurə ilə davam və inkişaf etdirərək daha da genişləndirdilər. Bu mənada ictimai, ədəbi-mədəni fikir tariximizdə öz dəst-xətti ilə tanınan Hidayətin jurnalistlik fəaliyyəti də, şübhəsiz ki, parlaq simaların, nəsillərin, tarixin bir səhifəsidir.

Memuar ədəbiyyatımızın gözəl nümunələrindən olan “Burdan min atlı keçdi” kitabı və yüzlərlə ciddi mövzularda qələmə aldığı çeşidli publisistik məqalələri ilə yaxından tanışlığımız Hidayətin keçdiyi həyat yolunun jurnalistlik səhifəsi haqqında da tam şəkildə aydın təsəvvür yaradır. Belə bir aydınlıqda Hidayətin jurnalistik fəaliyyətindən bəhs etmək onun ədəbi portretini yeni cizgilərlə daha da zənginləşdirir. “Burdan min atlı keçdi” memar xarakterli bu qiymətli kitabı iki dəfə oxudum, lakin doymadım. Onu tez-tez götürüb vərəqləyir, daha çox maraqlandığım, ruhumu təzələyən, qəlbimi göynədən, yerlərini bir daha oxuyur, bir də oxuyuram... Oxuduqca mənən, xəyalən o yerlərə dönür, Hidayətin ağrı-acılı, şanlı-şərəfli həyat yolunun İrəvan dövrü gözlərimin qabağından gəlib keçir, o illərin arxasından baş qaldırıb, danışan tarixi hadisələrin sanki canlı şahidi oluram.

Hidayət orta təhsilini Aldərə kənd məktəbində tamamlayıb, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə doğma kəndində müəllim kimi başlayan Hidayət həmin vaxtlarda yazdıqlarının geniş yayılması, oxucu kütlələrinə çatdırmaq üçün İrəvanda Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinə tez-tez şeirlər, oçerklər, ədəbi portretlər göndərərdi. Amma az-az çap edərdilər. Hidayət həmin vaxtlarda keçirdiyi əhval-ruhiyyəni belə səciyyələndirərək yazır: “Axır vaxtlar bu qəzet üçün heç yazmırdım da, deyəsən, əməlli-başlı incimişdim. Günlərin bir günü redaktordan aldığım məktub məni çox təəccübləndirdi: söhbət üçün məni İrəvana dəvət edirdilər, nə söhbətin mövzusu məlum idi, nə də bu dəvətin məqsədi”.

Hidayəti mətbuat aləminə aparan yolun başlanğıcı da elə buradan başlanır. Həyatda ən böyük arzusu jurnalist olmaq istəyən Hidayətin heç ağlına da gəlməzdi ki, nə vaxtsa özü bu mətbuat orqanın  aparıcı simalarından birinə çevriləcək və milli mətbuatımızın inkişafına da öz töhfəsini bəxş etmiş olacaq.

1966-cı il mart ayının 14-də İrəvana yola düşən Hidayət səhər tezdən qatardan düşüb, “Sovet Ermənistanı” qəzetinin redaktoru Həbib Həsənovun qəbuluna yollanır. O, qəzetin redaktorunun və redaksiya heyətinin məsul şəxsləri tərəfindən bir qədər sorğu-sual xarakterli söhbət zamanı ona verilən suallardan:

- Yazıçılardan kimləri oxuyursunuz?

- Füzulini, Şekspiri...

- Bəs XX əsr ədəbiyyatından?

- Cəlil Məmmədquluzadəni.

- Hansı mətbuat orqanını özünüzə örnək sayırsınız?

- “Molla Nəsrəddin”i.

- Ən çox sevdiyiniz jurnalist kimdir?

- Cəlil Məmmədquluzadə... deyə cavab verir.

21 yaşlı gəncin suallara verdiyi cavabları bir növ özünün yaradıcılıq kredosunu elan etməsi, onun estetik prinsiplərinin müəyyənləşməsi kimi də xarakterizə etmək olar. Hidayət tam aydınlığı ilə dərk edirdi ki, öz xalqına ləyaqətlə xidmət etmək, nüfuz qazanmaq, bir şəxsiyyət kimi qüvvətlənmək istəyirsənsə, böyük Mirzə Cəlil ruhuna, onun parlaq işığına tapınmadan, bu, mümkün deyil.

Qəzetdə çalışmaq üçün Hidayət daha bir söhbətdən keçməli olur. Qəzetin baş redaktoru Həbib Həsənov  onu Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdir müavini şovinist Con Krikosyanın qəbuluna aparır. Cəmi 10 dəqiqə çəkən həmin görüş zamanı Con Krikosyan Hidayətə bircə sual verir:

- Ermənicə bilirsən?

- Bir az bilirəm.

Əslində Con Krikosyan Hidayətə bu sualı verməklə həm də onun milli nəbzini test edirdi.

Nəhayət, Hidayət 1966-cı ilin may ayında qəzetdə ədəbi işçi kimi Həbib Həsənov, İsrafil Məmmədov, Suren Şərifov, Hüseyn Nəcəfov, Sabir Əsədov, Tofiq Məmmədov, Rza Əsgərov kimi təcrübəli jurnalistlərlə birlikdə çalışmağa başlayır.

1921-ci ildən nəşrə başlayan “Sovet Ermənistanı” qəzeti həftədə üç dəfə çıxırdı. Müxtəlif vaxtlarda “Kommunist” (1921), “Zəngi” (1924-1928), “Qızıl şəfəq” (1929-1937), “Kommunist” (1937-1939) adları ilə işıq üzü görən qəzet Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ermənistan Ali Soveti Rəyasət heyətinin və Nazirlər Sovetinin Azərbaycan dilində çıxan yeganə mətbuat orqanı idi. Təsadüfi deyil ki, Hidayət qəzetin 50 illik yubileyinə həsr etdiyi və “Sovet Ermənistanı” qəzetində çap olunmuş “Sənin ömrün” adlı şeirində bu mətbuat orqanın keçdiyi keşməkeşli yola poetik təsvir verməklə həm də aydın təsəvvür yaradır.

“Qızıl şəfəq” boylananda üfüqlərdən

yurdumuza,

Ulduz-ulduz doğulmusan.

“Rəncbər” dərdli, “Zəngi” səsli

Bəstəkarım sən olmusan.

“Rəncbər” dərdli, “Zəngi” səsli kimi dərin siyasi məna kəsb edən sözləri cəsarətlə şeirə gətirib, poetik ifadə vasitələrinə çevirmək tendensiyası, hətta açıq mahiyyət kəsb edir. Vaxtilə Ermənistanın şovinist dairələri abunə azlığını bəhanə gətirərək “Rəncbər” qəzetinin fəaliyyətini dayandırmış, 1924-cü ildən  isə “Zəngi” qəzeti adı ilə işıq üzü görən bu mətbuat orqanının adı dəyişdirilərək 1929-cu ildən “Qızıl şəfəq” adı ilə nəşr olunmuşdur. Erməni şovinist dairələrinin məkrli məqsədləri ondan ibarət idi ki, azərbaycanlı oxucuları anadilli mətbuat orqanından məhrum etsinlər.

Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri də bu idi ki, o çoxlarının deyə bilmədiyi, görə bilmədiyi, deməyə cəsarəti çatmadığı fikirləri özünə məxsus müdrikliklə, mərdanəliklə ucadan deyə bilirdi. O, qəzetdə işlədiyi dövrdə hər zaman milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirmişdir.

Qəlbi xalqına xidmət amalı ilə döyünən gənc jurnalist “Sovet Ermənistanı” qəzetində əmək fəaliyyətinə başladığı gündən milli mətbuatımızın cəfakeşinə dönüb, onun keçib gəldiyi yolu, onu yaradanların müqəddəs milli məramını öyrənməyə çalışmış, bu ənənələrdən bəhrələnərək onu jurnalistikada, mətbuatda yaşadırdı. Onların demokratik və maarifçilik görüşləri, həm də Hidayətin ədəbi-publisistik və jurnalistlik fəaliyyəti üçün bir ideya mənbəyi olmuşdur.

Hidayətin qəzetdə yenicə çalışmağa başladığı vaxtda “Səadət hər kəsin...” adlı məqaləsi yüksək sənət nümunəsi kimi jurnalistlik fəaliyyətinin ilk təməl daşı oldu. Onun “Sovet Ermənistanı” qəzeti səhifələrində dərc olunmuş məqalələrini, oçerklərini diqqətlə nəzərdən keçirdikdə yüksək ideya məzmunu, rəngarəng ictimai-bədii boyaları ilə seçilir və qəzetin parlaq səhifələrini təşkil edir. Hidayətin mətbu əsərlərindəki özünəməxsusluq və ifadə tərzi demək olar ki, sonralar da onun yaradıcılığı üçün səciyyəvi sənətkarlıq xüsusiyyətinə çevrilmişdir. Bu mənada Hidayətin İrəvanda Azərbaycan mətbuatında çalışdığı illəri həm də onun yaradıcılığının geniş qol-budaq atdığı “yaşıl dövrü” adlandırmaq olar. Eyni zamanda onu da qeyd edək ki, İrəvan mühiti Hidayətin yaradıcılığına yeni istiqamət verdi.

Hidayət gənc jurnalist kimi Amasiya, Dərələyəz, Vedibasar, Zəngibasar və digər rayonlara ezam olunur, bölgələrdən topladığı materiallar əsasında məqalə və oçerklər yazırdı. Hidayətin rayonlara etdiyi bu səfərlər, eyni zamanda onun soydaşlarımızın həyat tərzi, işi, fəaliyyəti ilə də yaxından tanış olmağa geniş imkanlar açırdı. Odur ki, soydaşlarımızın üzləşdikləri problemlər, qarşılaşdıqları çətinliklər barədə də materiallar toplayıb, müvafiq qurumların diqqətinə çatdırırdı. Onun mədəni, mənəvi və ictimai əhəmiyyət kəsb edən yazıları həmişə cəmiyyətin maraq və müzakirə mərkəzində idi. Hidayətin qələminin məhsulları olan bu yazılarında həm də onun vətəndaş siması, öz parlaq şəxsiyyəti aydın görünür.

Vaxtı ilə “Sovet Ermənistanı” qəzetinin redaktoru olmuş, sonralar bir sıra məsul vəzifələrdə çalışmış, ictimai-siyasi xadim Həbib Həsənov qələm dostunun qəzetdə çalışdığı dövrdə həmişə öz qüdrət və ləyaqətini ifadə etdiyini qeyd edərək yazır: “Əvvəlcə həmkarlarından öyrənməkdən çəkinmədi, utanmadı, püxtələşdi. Sonra həmkarlarının məsləhətçisinə çevrildi. Həmkarlarına qarşı səmimilik onun xarakterinin bəzəyi oldu. Əvvəlcə özü öyrəndi, sonra isə öyrətməyə başladı. Hidayət “Sovet Ermənistanı” qəzeti üçün bir kəşf idi. Qəzet isə Hidayətin daha geniş yaradıcılıq aləminə düşməsi üçün tramplin rolunu oynadı”.

Hidayət çalışdığı bu mətbuat orqanında qısa zaman ərzində fərdi sənətkarlıq üslubu ilə qəzetə xeyli nəfəs genliyi, yeni forma və məzmun gətirməklə milli mətbuatımızın mövzu dairəsini genişləndirir. Çalışdığı şöbədə əvvəllər hazırlanan materiallar mövzu, peşəkarlıq, dil baxımından “standart” ölçülərdən kənara çıxmırdı. Şöbənin yazı dilini uğursuz standartlardan çıxartmağa, o vaxtın ən yaxşı mətbuat orqanlarının dili səviyyəsinə qaldırmağa, hətta dövrün mətbuatında rast gəlinməyən söz və ifadələr işlətməyə, yeni, özünəməxsus janrlarda və formalarda yazmağa başlayan Hidayət həm də dövrün ədəbi-bədii, ictimai-siyasi həyatının inkişaf istiqamətini təmin etməyə çalışırdı. İşlədiyi dövrdə qarşılaşdığı sərt maneələrə, qısqanclıqlara, dedi-qodulara baxmayaraq, o, öz mübarizlik əzmini daha artıraraq, mətbuatı özü kimi görmək istəyinə nail olurdu. Onun yenilikçi meyilləri başqa şöbələrin də fəaliyyətinə öz müsbət təsirini göstərirdi. Bəzən redaksiya işçiləri və ziyalılar arasında “Hidayət elə bil Yazıçılar İttifaqında işləməyə gəlib” - deyənlər də tapılırdı. Qısa zamanda yüksək bacarığı və jurnalistik fəaliyyəti ilə İrəvan ədəbi, mədəni-ictimai mühitində tanınan Hidayət bu mətbuat orqanına məsul katibin  müavini vəzifəsinə irəli çəkilir. Ən başlıca cəhət isə həm də ondan ibarət idi ki, Hidayətin simasında 1948-1953-cü illər köçürülməsindən sonra İrəvanda sözalan Azərbaycan ədəbi-mədəni mühitinin yeni mənzərəsi təqdim olunurdu. Özünün sözləri ilə desək “İçimdə bir inam yaratmışdım: Ermənistanda Azərbaycan mühiti bundan sonra canlanacaq və yenə 1948-ci ildən əvvəlki kultuna qayıda biləcək”.  Erməni şovinizmi əhatəsində bu prosesin təcəssümü Xalq yazıçısı Mövlud Süleymanlının Hidayət haqqında dediyi sözlərdə daha aydın izahını tapır.” “Biz Hidayətin nəsli şairlər, yazıçılar xoş üzlü Bakının doğma küçələrində kəkilimizi yan darayıb, qafiyələr quraşdıranda, Hidayət uydurma tarixləri ilə üfürülüb şişmiş, ermənilərlə milli mənlik qovğaları aparırdı, döyüşürdü, çarpışırdı və sözünü deyirdi”. Bu baxımdan İrəvanda Azərbaycan ədəbi-mədəni mühiti artıq öz zəmini və zirvəsi ilə birlikdə daha da möhtəşəm görünürdü.

İrəvanda yaşayıb yaradan Hidayətin məqalələri, bədii yazıları təkcə “Sovet Ermənistanı” qəzetində deyil, “Ədəbi Ermənistan” almanaxında, erməni dilində çıxan “Qrakan tert” (Ədəbiyyat qəzeti), “Sovetakan Qroğ” (Sovet yazıçısı), “Sovetakan qrakanutyan” (Sovet ədəbiyyatı), “Qarun” (Bahar), Bakıda nəşr edilən “Ədəbiyyat və incəsənət”, “Azərbaycan” jurnalı, “Qobustan” incəsənət toplusu, “Azərbaycan gəncləri” və digər mətbuat orqanlarında vaxtaşırı çap olunurdu. Hidayətin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətindən bəhs edən bu yazılarında milli-mənəvi dəyərlərə bağlılığı özündə ehtiva edən sənət nümumələri həm də onun azərbaycançılıq mövqeyinin göstəricisi idi.  

Ədəbi yaradıclığı, bütöv şəxsiyyəti ilə mədəniyyət və mənəviyyat xəzinəmizə daxil olan Hidayət haqqında professor Abuzər Xələfovun dediyi sözlər onun üçün daha səciyyəvidir: “Yüksək yaradıcılıq qabiliyyətinə, hərtərəfli dünyagörüşünə, intellektual və mədəni səviyyəsinə, ensiklopedik biliyinə, zəngin mənəvi və insani keyfiyyətləri ilə fərqlənən, sözün əsl mənasında xalqımız, millətimiz, müstəqil dövlətimiz uğrunda alovlanıb yanan böyük ziyalıdır”. Tarixləşən, əbədiləşən ziyalılar isə heç vaxt unudulmur.

Paylaş:
Baxılıb: 304 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31