Ölüm əleyhinə qiyam
22.08.2025 [09:56]
Alber Kamünün “Taun” romanı haqqında
Əvvəli ötən sayımızda
Meyitləri əvvəl-əvvəl adət-ənənəyə, dini qaydalara uyğun dəfn eləyirlər, ancaq ölətin miqyası böyüdükcə qəbiristanlıqda yer qalmır, böyük çalalar qazıb cəsədləri topa-topa gömürlər, daha sonra meyitləri şəhər kənarına daşıyıb yandırırlar.
Yazdan qol-qanad açan taun bütün yay boyu tüğyan eləyir, oktyabr ayında doktor Kastel yayılmış virusun özündən zərdab düzəldir. Onu ilk dəfə müstəntiq Otonun ümidsiz vəziyyətdə olan oğlunun üzərində sınayırlar. Doktor Rie ilə dostları uşağın can çəkməsini bir neçə saat aramsız izləyirlər, fəqət zavallı oğlanı xilas eləmək mümkün olmur. Günahsız varlığın çəkdiyi dözülməz əzablar hamının qəlbini yaralayır.
Üzü qışa getdikcə xəstəlikdən sağalanların da sayı artmağa başlayır. Ölüm ayağında olan, sağalmağına heç bir ümid qalmayan qoca Qran da həyata qayıdır. Ölətin pəncələri yavaş-yavaş heydən düşür, əcəlin caynaqları xəstə canların yaxasından açılır. Ölümün küncə qısnadığı həyat handan-hana yuxudan oyanıb gərnəşir.
Şəhər əhli xoş xəbərləri şübhəylə qarşılayır, camaat taunun zəiflədiyinə, həyatın əvvəlki axarına qayıdacağına inana bilmir. Qurtuluş onlara az qala mümkünsüz görünür. Bu aralar Kottar həm doktor Rie, həm də Tarru ilə tez-tez ünsiyyət saxlayır, onlara açıq şəkildə deyir ki, epidemiya yat-yut olandan sonra camaat ondan üz döndərəcək. Tarrunun gündəliyinə anlaşılmaz xətlə yazılmış son sətirlər məhz ona həsr olunub. Böhranın sonuna yaxın Tarru da virusa yoluxur, özü də ən ağır formada. Doktor çox çalışsa da, dostunu qurtara bilmir.
Bir fevral səhəri Oran şəhərinin qapıları dünyanın üzünə açılır, camaat toy-bayram eləyir, neçə vaxtdan bəri ilk dəfə üzlərdə gülüş, xoş təbəssüm görünür. Ancaq onlar yaxşı başa düşürlər ki, daha əvvəlki adam ola bilməyəcəklər, bəla onların xarakterini dəyişib, həyat onların sevincinə zəhər qatıb.
Bir gün Qrana baş çəkməyə gedən doktor xəbər tutur ki, qocanın qonşusu Kottar havalanıb pəncərədən gələnə-gedənə atəş açır. Polis çətinliklə də olsa onu zərərsizləşdirir. Qran isə ölətin pəncəsində can verəndə yandırdığı əlyazmanı bərpa eləyib sevimli məşğuliyyətinə qayıdır. Bu dəfə o, əsərinin məşhur ilk cümləsindən təşbehləri çıxarır.
Rie evinə çatanda arvadının öldüyü haqda teleqram alır. Xəbər onu sarsıtsa da, doktor bu ağrıya da mərdliklə sinə gərir: ağlagəlməz, gözlənməz nəsə baş verməyib. O özü də ötən ayları bir an ara verməyən ağrı-acıların tikanlı ağuşunda, ay kimi soyuq, gün kimi qaynar cəhənnəmdə keçirib. Küçədən gələn şadlıq sədalarına, şən bağırtılara qulaq kəsilən həkim düşünür ki, hər bir sevinc potensial təhlükə altındadır. Taun mikrobu heç vaxt ölmür, illərlə, on illərlə haradasa daldalanıb mürgüləyir. Günün birində siçovulların canına daraşıb xoşbəxt şəhərin küçələrində zəfər yürüşünə çıxır.
***
Doktor Rienin həkimliyi də rəmzi məna daşıyır. O, təmtəraqdan, gurultudan uzaq sadə, təvazökar bir asket, məsləkinə, əqidəsinə sadiq epikürçü kimi absurd dünyanın, ölüm qorxusunun qarşısında tərksilah olunmuş əliyalın insanların sağlamlığının qeydinə qalır, çünki yalnız sağlam can həyatın sevincini dada bilər, yaşamağın həzzini duya bilər. Həyat sevinci, yaşamaq həzzi əcəl ağrısını, ölüm xofunu yenməyin tək yoludur, yalnız o sevincin, o həzzin hesabına hər bir canlı ölümündən sıyrılıb həyata ezam olunur, yenidən ölümün səltənətinə qayıdanacan canını diri tutur.
Əgər Kafkadan ötrü metafizik vahimə, total xof, aramsız könüllü ölüm ehtirasdan, günahdan azad olmaq istəyən insanın daimi halıdırsa, Kamü üçün vahimə də, xof da, ölüm də insan azadlığının qəvi düşməni, absurd dünyaya, çərxi tərsinə hərlənən fələyə, tərsinə yeriyən şeytana qarşı metafizik qiyamın başlıca hədəfidir. Kafkadan ötrü vicdan əzabı, ölüm acısı günah yüklü ehtirasları tormozlayan ən güclü mexanizmdirsə, Kamü üçün vicdan əzaba, həzz acıya, ehtiras günaha, həyat ölümə qarşı mübarizə alətidir. Doktor Rie öz zehninin, peşəsinin imkanları hesabına məhz ölümlə, yox olmaq qorxusuyla mübarizə aparır.
O, Allahın varlığına inanmır, keşişin moizələrinə skeptik yanaşır, bununla belə ateizmini əlində bayrağa çevirmir, xəstələri kimdən qoruduğunu, nə məqsədlə qoruduğunu bilməyə-bilməyə onları sağaltmağa çalışır. Əslində, onun da təsəvvüründə bir tanrı obrazı var, ancaq o tanrı keşiş Panlü atanın allahına oxşamır, doktorun tanrısı da elə özünə bənzəyir. Rie dostu Tarruya deyir ki, işdi-şayəd, keşişin allahına inansa, gərək heç kimə yardım göstərməyib xəstələri onun ümidinə buraxa: “Əgər həyatda hər şeyi ölüm yerbəyer eləyirsə, ola bilsin, Allah-təalaya da sərfəlidir ki, insan ona inanmasın, lal göylərdən nicat ummaqdansa var gücünü toplayıb ölümlə mübarizəyə girişsin”.
Bəli, insanı özünə inanmamağa çağıran Allah doktor Rienin allahıdır, Kamünün tanrısıdır. O, bəndəsinə minnət qoyan, onun səsini boğan tanrılara bənzəməz. O, zəka çırağını göylərdən oğurlayıb insanlara ötürən qiyamçı ateistləri, fərdin haqqını hər şeydən üstün tutan üsyankar anarxistləri özünə qarşı qaldıran allahdır. Bu yerdə Vaqif Səmədoğlunun 1963-cü ildə yazdığı “Şəffaf balıq” poemasından bir misranı xatırlatmaq yerinə düşər: “Allah insan ağzıyla deyir ki, yoxam...” Bu da absurdun daha bir mükəmməl formulu!
***
Xristian tanrısına, onun cənnətinə heç bir ümid bəsləməyən, heç bir qəhrəmanlığa, müqəddəsliyə iddia eləməyən doktor Rie canını sipərə döndərib insanları qorumağa çalışır. Keşiş Panlü ata isə, əksinə, öz tanrısını insanların şərindən, üsyanından qorumaq üçün canfəşanlıq eləyir, dəridən-qabıqdan çıxır. Onun məntiqinə görə, ölümcül bəlanın yayılmağında insanlar özləri təqsirkardırlar. Can alan mikrob seli yolunu azmış insanlara Allahın cəzasıdır, xəstəlik şər olsa da, bəndələri xeyirin qapısına aparacaq, pisləri cəzalandırıb yaxşıları mükafatlandıracaq. Heç bir elmə, təbabətə bel bağlamaq lazım deyil, nicatı, qurtuluşu yalnız göylərdən diləmək gərəkdir.
Əzablar qoynunda uzun-uzadı can verən uşağın başı üstünü kəsdirəndə doktor keşişə acıqlı-acıqlı deyir: “Bu tifilin yəqin ki, heç bir günahı olmayıb, siz bunu yaxşı bilərsiniz”. Keşiş həkimin ittiham tonunda danışmasından alınır, Rienin qəzəbi onu sarsıdır. Panlü ata Rieni ilahi iradə qarşısında təslimçiliyə çağıranda doktor ona belə cavab verir: “Allahın uşaqlara əzab çəkdirdiyi bu dünyanı son nəfəsimdə belə qəbul eləmərəm”. Həkimin bu sözləri Dostoyevskinin “Karamazov qardaşları” romanından açıq-aşkar iqtibasdır.
Doktor Rie keşiş Panlüyə deyir ki, xeyirxahlıq, fədakarlıq, savab, günah nə olduğunu bilmir, başqa sözlə, pis-yaxşı heç bir ideyanın yedəyində sürünmür, sadəcə, gerçək varlığının, ekzistensial konstitusiyasının ona diktə elədiyi əməlləri yerinə yetirir, həm də bu işlər təkcə insana sevgiylə yox, həm də, ola bilsin daha çox şərə, xəstəliyə nifrətlə görülür. Keşiş ona insanın xilası naminə çalışdığını deyəndə doktor bunu da etirazla qarşılayır: “Bilirsiniz, məndən ötrü insanın xilası kimi ifadələr çox təmtəraqlı səslənir. Mən o qədər dərinlərə varmıram. Məni insanın sağlamlığı, ilk növbədə sağlamlığı maraqlandırır... Mən şərə, ölümə nifrət bəsləyirəm”.
Hadisələrin gedişatı din nümayəndəsinin bütün tezislərini darmadağın eləyir. Məlum olur ki, ölüm Allah əmri, haq-filan deyil, ölüm cəza da deyil, əgər cəza olsaydı, öldürücü mikroblar məsum bir uşağın yox, məsələn, cinayətkar Kottarın canını alardı. Taleyin istehzasına bax ki, keşiş Panlü özü də bəlanın əlindən salamat qurtarmır - o öz allahını pislikdən, şərdən qorumağa canı-dildən çalışsa da, onun allahı mömin bəndəsini fəlakətdən qoruya bilmir. Bəli, ölüm cəza yox, sadəcə təbiət hadisəsidir. Məsələ burasındadır ki, təbiətin göndərdiyi bəlanın ağıllı-başlı bir məntiqi də yoxdur, çünki təbiət xaosun törəməsidir: canı üzülmüş qoca Qran, doktorun astma xəstəsi olan yarımcan pasiyenti epidemiya selinin ağzından sağ çıxır, ancaq atlet bədənli sağlam, cavan Tarru ölətin səngidiyi bir vaxtda canını tauna tapşırır. Pandemiyanın qızğın çağında heç bir tibbi-bioloji məntiqə sığmayan bu cür halların ara-sıra biz də şahidi olurduq...
***
Jan Tarru bizim “Yabançı” romanından tanıdığımız, günahsız Mersoya edam hökmü kəsən prokurorun oğludur. Atasının qəddarlığı bir vaxt onu çox sarsıdıb, oğlan axır evdən getməyə məcbur olub. Zalım prokurorun, mantiyalı qatilin ədalətsiz qərarı doğmaca oğlunu ömürlük şikəst eləyib, onu çöllərə salıb, diyar-diyar gəzdirib. İndi o, qatillərin sırasından ayrılıb qurbanların cərgəsinə qoşulub, taunun hücumu qarşısında aciz qalmış insanlara yardım göstərməklə atasının günahlarını yumağa çalışır. Ancaq bəzən min savab bir günahı yumağa yetmir. Xəstəliyin səngidiyini görən Tarru bəlkə də görünməz bir əllə, bilinməz bir dillə öldürücü mikrobları öz canına çağırır, özünü ölümə könüllü təslim eləyir. Bu yolla da prokuror oğlu şüursuz bir intihar həmləsiylə atasından qisas alır, qəddar ittihamçının toxumunu qurudur, kökünü kəsir.
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
10 Oktyabr 14:29

İqtisadiyyat
10 Oktyabr 14:27

Mədəniyyət
10 Oktyabr 14:24

YAP xəbərləri
10 Oktyabr 14:21
YAP xəbərləri
10 Oktyabr 13:30
YAP xəbərləri
10 Oktyabr 12:18

Dünya
10 Oktyabr 12:02

Gündəm
10 Oktyabr 11:50

İqtisadiyyat
10 Oktyabr 11:24

Gündəm
10 Oktyabr 11:12

Siyasət
10 Oktyabr 11:03

Gündəm
10 Oktyabr 11:01

İqtisadiyyat
10 Oktyabr 10:58

Sosial
10 Oktyabr 10:33

MEDİA
10 Oktyabr 10:15

Gündəm
10 Oktyabr 09:59

İdman
10 Oktyabr 09:56

Analitik
10 Oktyabr 09:32

Analitik
10 Oktyabr 09:14

Sosial
10 Oktyabr 08:59

Sosial
10 Oktyabr 08:25

YAP xəbərləri
09 Oktyabr 23:41

Dünya
09 Oktyabr 23:28

YAP xəbərləri
09 Oktyabr 23:14

İdman
09 Oktyabr 22:50

Dünya
09 Oktyabr 22:30

YAP xəbərləri
09 Oktyabr 22:19

Gündəm
09 Oktyabr 22:08

YAP xəbərləri
09 Oktyabr 22:02

Dünya
09 Oktyabr 21:56

Dünya
09 Oktyabr 21:33

YAP xəbərləri
09 Oktyabr 21:18

Dünya
09 Oktyabr 20:56

YAP xəbərləri
09 Oktyabr 20:37

Dünya
09 Oktyabr 20:15

Siyasət
09 Oktyabr 20:15

YAP xəbərləri
09 Oktyabr 20:07

Dünya
09 Oktyabr 19:50

Hadisə
09 Oktyabr 19:32

YAP xəbərləri
09 Oktyabr 19:16

YAP xəbərləri
09 Oktyabr 19:02

YAP xəbərləri
09 Oktyabr 18:36

Gündəm
09 Oktyabr 18:30

YAP xəbərləri
09 Oktyabr 18:06

YAP xəbərləri
09 Oktyabr 17:43

YAP xəbərləri
09 Oktyabr 17:20

YAP xəbərləri
09 Oktyabr 16:31

Siyasət
09 Oktyabr 16:30

Sosial
09 Oktyabr 16:16

Mədəniyyət
09 Oktyabr 16:08

YAP xəbərləri
09 Oktyabr 16:07

İdman
09 Oktyabr 16:05

Siyasət
09 Oktyabr 16:04

YAP xəbərləri
09 Oktyabr 16:02

YAP xəbərləri
09 Oktyabr 16:00

YAP xəbərləri
09 Oktyabr 15:58

YAP xəbərləri
09 Oktyabr 15:57

YAP xəbərləri
09 Oktyabr 15:55

Elanlar
09 Oktyabr 15:52

YAP xəbərləri
09 Oktyabr 15:20

Sosial
09 Oktyabr 14:40

Hadisə
09 Oktyabr 14:39

Sosial
09 Oktyabr 14:33

İqtisadiyyat
09 Oktyabr 14:31

İqtisadiyyat
09 Oktyabr 14:29

YAP xəbərləri
09 Oktyabr 14:28

Sosial
09 Oktyabr 14:26

YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42
