Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / TANAP layihəsi regional əməkdaşlığa və təhlükəsizliyə strateji töhfələr verəcək

TANAP layihəsi regional əməkdaşlığa və təhlükəsizliyə strateji töhfələr verəcək

20.03.2015 [11:02]

“Şahdəniz” yatağından təbii qazın Avropa bazarlarına çıxarılmasını təmin edəcək TANAP layihəsi həm Azərbaycanın, həm Türkiyənin, həm də Avropa dövlətlərinin maraqlarına uyğundur
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Strateji əhəmiyyətli layihələr Azərbaycanın praqmatik enerji siyasətinin və beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsidir
Şübhəsiz, regionda reallaşdırılan strateji əhəmiyyətli layihələr Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Ölkəmizin enerji diplomatiyası regional və qlobal təhlükəsizliyə, əməkdaşlığa fundamental töhfələr verir. Sirr deyil ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb.
Bu müddət ərzində Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də, özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla, modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri, həmçinin, institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkəboyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Bunlarla yanaşı, reallaşdırılan digər enerji layihələri əməkdaşlıq və təhlükəsizlik kontekstində strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasının qoyulmasını təmin edib.
Azərbaycanın enerji siyasəti Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib
Başlıca strateji nüanslardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Ümumiyyətlə, sirr deyil ki, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən, həmçinin, əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Bu kontekstdə Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir, beynəlxalq xarakter daşıyır. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir. Belə ki, Avropa Xəzər regionunun özünün enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Praqmatik enerji strategiyası yeni işbirliyi platformaları müəyyənləşdirir
Digər tərəfdən, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Məlum olduğu kimi, ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TANAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur.
TANAP layihəsinin reallaşdırılması tarixi hadisədir
Yeri gəlmişkən, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməlinin qoyulması bu kontekstdə tarixi hadisə kimi dəyərləndirilməlidir. Sözügedən məsələdə beynəlxalq mətbuatın diqqət çəkdiyi əsas məqam budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr, bütövlükdə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, inşa edilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. İcrası reallaşdırılacaq TANAP və TAP layihələri isə iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini daha da gücləndirəcək.
Sözügedən mərasimdə çıxış edən Prezident İlham Əliyev TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu layihə enerji layihəsidir: “Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq”.
TANAP: Azərbaycan dünya miqyaslı qaz ixracatçısına çevrilir
Bütövlükdə, “Şahdəniz” yatağından təbii qazın Avropa bazarlarına çıxarılmasını təmin edəcək TANAP layihəsi həm Azərbaycanın, həm Türkiyənin, həm də Avropa dövlətlərinin maraqlarına uyğundur. TANAP Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsini nəzərdə tutan “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsidir. Bəlli olduğu kimi, Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş əsasında həyata keçiriləcək. Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Daha da dəqiqləşdirsək, 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Yəni, boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan Ana Xətt Boruları Satınalma Sözləşmələri çərçivəsində ümumi boru həcminin 80 faizinin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan Quru Sahəsi üzrə Boru Xətti İnşaat Sözləşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilib.
Göründüyü kimi, TANAP miqyasına, faydalılıq əmsalına görə böyük iqtisadi, siyasi dividendlər vəd edən strateji layihədir. Bütövlükdə isə, bu layihə birmənalı şəkildə regional əməkdaşlıq və təhlükəsizliyə xidmət edir.
“Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi enerji təhlükəsizliyi sahəsində mühüm işbirliyi nümunəsidir
Dolayısıyla, “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi enerji təhlükəsizliyi sahəsində mühüm işbirliyi nümunəsi kimi çıxış edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, XXI əsrin layihəsi adını alan “Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Bu əməkdaşlıq formatında davam etdirilən işbirliyi, Azərbaycanın Avrasiyanın enerji xəritəsini zənginləşdirəcək layihələrə imza atması, Avropanın enerji təhlükəsizliyinə strateji töhfələr verməsi həm “qoca qitə” təmsilçiləri, həm də, bütövlükdə, Qərb tərəfindən yüksək qiymətləndirilir. Bütövlükdə isə, layihə enerji təhlükəsizliyi fonunda olduqca yüksək siyasi, iqtisadi dividendlər vəd edir.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bəhs edilən çıxışında diqqətə çatdırıb ki, “Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır: “Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə qoşulur - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər. Mən buna əminəm. Eyni zamanda, “NABUCCO” layihəsinin üzvləri - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə qoşula bilərlər və qoşulmalıdırlar. Çünki bir daha demək istəyirəm ki, qaz resurs bazası kifayət qədər böyükdür”.
Dövlətimizin başçısı, həmçinin, vurğulayıb ki, yeni bir müttəfiqlik formatı yaranır: “Bu işlərdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Yəni, bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir, biz fərqli sivilizasiyalara mənsubuq. Ancaq bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda, konkret layihələrdir. Ona görə “Cənub” qaz dəhlizi, sadəcə olaraq, enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür. Bu, iqtisadi mənfəət gətirən bir layihədir və bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə TANAP-ın marşrutu və hədəfləri ilə xüsusi bir yerə, önəmə sahib olduğunu bildirib: “Bu layihə başqa heç bir layihənin alternativi olmadığı kimi, bu layihəyə alternativ başqa bir layihə də yoxdur. Bu baxımdan, həqiqətən də, özünəməxsus bir layihə olan “Cənub” qaz dəhlizini bütün mərhələləri ilə tamamilə həyata keçirdikdə Avropa ilə Xəzər bölgəsi arasında güclü bir əlaqə qurmuş olacağıq”.
Türkiyə Prezidenti onu da əlavə edib ki, bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı var.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 2268 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30