Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nüvədi daş yazıları və bəzi qeydlər...

Nüvədi daş yazıları və bəzi qeydlər...

18.08.2022 [10:22]

Nüvədinin (Qərbi Zəngəzurun) qısa tarixi

Doğma kəndimizi itirməyimizin 31 ili tamam oldu.

Tuneldə isə işıq ilğıma bənzər...

Nüvədi, adına antik şairimiz BİDA HƏMMƏDANİNİN 3200 il bundan qabaq yazılmış şeirində rast gəldiyimiz ARAZ (ARAKS onun yunan variantıdır) çayının sol sahilində Zəngəzur sıra dağlarının cənub ətəklərindəki lokal Dinis - Çannpeki və Zərdəböyrü-Miyanbutun dağ silsilələri arasında yerləşmiş qədim yaşayış məskənidir.

Bida Həmmədaninin Kür və Araz barədəki sətirləri belə səslənir:

“ƏRİDƏ UDSIZ KÜR DEYƏ Kİ, ARAZU DEYƏ,

GƏLƏ EDƏ SAVAB, HUNCA DEYƏ, BARI, HUNCA DEYƏ...”.

Şairə bizim kimi doğulduğu Kür-Araz ovalığına olan həsrətinin əriməsini arzu edir BARIDAN - ALLAHDAN.

Əfsus ki, kəndin tarixi barədə, dəqiq yarandığı əsr və ya il barədə də məlumatımız yoxdur. Vaxtilə qocalarımızın nağıllarına görə, Nüvədi onun ətrafında mövcud olmuş KAZIMLI, KASILI, QAREYSİMAN, QƏRÇİNİK, KƏND ÇAYI, TERVƏNİT, COVGİT, ANGİZET, ATAMAN və SULTAN SƏLMƏ kəndlərinin əhalisinin müxtəlif səbəblərdən öz qədim yaşayış məskənlərini tərk etmək məcburiyyətində qalaraq gur və sərin, sağlam suyu olan DƏHNƏ qırağında köç salmışların yaratdığı kənddir. Və ona görə də ora NOU VADİ adlanıb.

Rəsmi arxeoloji qazıntılar aparılmasa da, elə kəndin yenilənən dövründə evlərin demək olar 80%nin inşasında bilavasitə iştirak etmiş kəndin sakini bənna atam Usta Vəlinin özünün dağ belini 7 metr dərinliyində yararaq Ülə dərəsinin (Sələnc çayı) suyunu aşırıb, örən dərədə cənnət bağlar saldığı və bu amacla gələcək bağ üçün yeri qədim məzarlardan təmizləyərkən Qareysimandakı qazıntılar zamanı (~1924-1930) dağın döşündə aşkar etdiyi bir çox qəbirin açıldığından həmişə söhbət salardı. Və danışardı ki, “Onların çoxu küp qəbirlər idi və iri küplərin içərisində isə yarıuzanmış formada insan çəpərələri, sümüknəşləri və ya skeletləri olurdu”. Və bu o demək idi ki, bu ərazi ən qədim insan məskənlərindən biri olub.

Amerika alimi məşhur şumerşünas Samuel Noy Kramerin gil yazılardan etdiyi bir tərcüməyə 1994-də Sietldə rast gələndə ayaqlarım yapışdı yerə. Mixi yazılı mətndə HARALI adlı yerdən söhbət gedirdi. Orada deyilir:

“TÜKRİŞ TORPAĞI SİZƏ HARALIDAN QÜVVƏTLİ MİS GÖNDƏRƏ BİLƏRMİ?

MAĞAN (MUĞAN - T.A.) TORPAĞI SİZƏ LAPİS LAZURİ (Lazurit minearlı) GÖNDƏRƏ BİLƏRMİ?”

Dediyim kimi, tərcümə Amerikanın dünyaboyu tanınmış alimi S.N.Kramerindir. Və onun tərcüməsində Nüvədinin “TÜKRİŞ” - TÜRKİŞ - TÜRK torpağı olduğunu və bizim HARALIDA hələ 4-5 min il bundan qabaq da MİS çıxarıldığı faktından danışır.

Bəlkə də Kramerin tərcüməsinə görə, Amerika ədəbiyyatı “Azərbaycanı dünyada tarixdə ilkin mis istehsal edən ölkə” kimi təqdim edir. Bu məlumatı da, adətən adımızı heç yerdə çəkməyən xarici ədəbiyyatda görəndə sevincimin həddi-hüdudu olmadı.

Daha maraqlı bir fakt da diqqəti cəlb etməyə bilmir. Haralıdan az yuxarı SƏTİ DALANI adlı toponimin varlığı da adamı xəyal dünyasına qərq edir. Əgər Şumer dövrü HARALIDA mis, lazurit mineralı çıxarılıb Babilana aparılırdısa, niyə ondan sonra, eradan əvvəl 1290-1279-cu illərdə taxtda oturmuş 19-cu firon İ SETİ bu təbii vardan imtina etməliydi ki? Məlumdur ki, Misir fironu İİ RAMZESİN atasının adı SƏTİ (SETİ) olub. Və son dövrlərin DNT, haploqrup analizləri sübut edir ki, guya Misir fironları türkəsilli olublar. Lap türk olmasaydı da, SƏTİ də Şumer ulularımız kimi Haralıdan mis, molibden və lazuri mineralı çıxarıb at-qatırla Qara dəniz limanlarından birinə qədər (Poti) daşıtdırar, oradan isə yelkənli gəmilərlə Misirə çatdıra bilərdi. Öz adını isə NODidə - Nüvədidəki SƏTİ DALANI (orada fəhlə qullar üçün taxtapuşlar tikilə bilərdi) adında saxlayıb.

Fironun üstündə bərq vuran, tacını bəzəyən qiymətsiz daş-qaşlar  NODUN-NUHADİNİN HARALI, SƏTİ DALANI VƏ TAXTALARdan daşıyıb apardığı təbii filizlər hesabına idi şübhəsiz.

Nüvədinin Haralı ərazisindəki daha bir coğrafi quruluş düşüncəni rahat buraxmır. Haralının və Səti dalanının arxasındakı TAXTALAR adlı yerin qəribə strukturu. Adından göründüyü kimi, TAXTALAR, gerçəkdə, sanki dağın döşünə 20-yə qədər “taxtanın” pilləkən formasında düzülmüş azman səkilərdən ibarət bir yerdir.

 TAXTALAR (daima taxıl əkilən ən iri zəmi sahəsi olub) özünün qəribə səthinin quruluşu ilə bizləri təəccübdə buraxardı. İndi zənnimə bir ideya gəlir ki, deyək tarixin Şumer və ya Seti dövründə oranın səthində dağ-mədən işləri aparılmış və bu yer o cür terrasvari şəkil almışdır. Çoxsaylı terraslar təbiətin tektonik sıxılmasının nəticəsinin deyil, məhz insan əlinin və ağır əməyinin məhsulu təsirini bağışlayır və tarixin işartı dövrlərində orada mis, molibden və digər əlvan metallar istehsal edildiyi qənaətini gücləndirir. Oxşar texnologiya ilə işlənmiş yerlərə qonşu Aldərə kəndinin dağlarında TAXTALI adlanan (adların eyniliyinə fikir verin) ərazisində də rast gəlinir.

Taxtaların qarşısında - təqribən 1 km şimalda Məmədemin adlı bir dərədə, onun arxasındakı Kənd çayı qabağındakı dağda, Nığrıda və Küşgü Böyrüdə hər biri 130-150 metr uzunluğunda mövcud olan əllə açılmış horizontal şaxtaların (mağaralar) varlığı, həqiqətən də bu yerlərin əlvan metallarla zənginliyindən xəbər verir. Bu şaxtalar isə vaxtilə Fransa prezidenti Marşal De-Qollun babası De Qolla məxsus idi.

*

İNCİL YAZIR Kİ, ADAMIN BÖYÜK OĞLU Torpaqda əkib becərən KAİN (XAİN. Yəhudicə “əldə olunmuş” mənasındadır PAXILLIQDAN KİÇİK QARDAŞI ABELİ (ƏBİLİ) ÖLDÜRƏNDƏN SONRA, (guya Allah ona daha çox diqqət yetirirmiş - Əbil qoyunçuluqla məşğul imiş), ALLAH ONU EDEN bağlarından şərqdə yerləşən NOD adlı zəhərli ilan çiyanlarla dolu, daşlı, qayalı, susuz, ilan bağıran bir dərəyə sürgün edir. İncil dediklərimi belə yazır:

“4.15. Then the Lord put a mark on Cain so that no one who found him would kill him. 16. So Cain went out from the Lord`s and lived in the land of NOD, east of Eden”.

17. Cain lay with his wife, and she became a pregnanat and gave birth to Enoch. Cain was then building a city, and he named it after his son Enoch. 18. To Enoch was burn Irad, and Irad was the father of Mehjael, Mehujael was the father of Lamech.

(The Holy Bible New Intl Version, Zonderwan Bible Publishers GrandRappids, Michigan, 1984, s. 6.).

Kəndimizin Baş dərə mənasını verən SAR DƏRƏSİNƏ açılan uzun dərələrdən biri həqiqətən susuzluğuna görə İLANBAĞIRAN DƏRƏSİ adlanır. Qədim kənd yeri QƏRÇİNİYİ - əslində QAR ÇİNNİYİ (Cinlər mağarası, Cinlər dərəsi mənasında) kəsib keçir. Ora həmişə xoflu dərə idi. Çoxları orada cin gördüklərini söylərdi.

“BU VADİDƏ YEGANƏ YAXŞI ŞEY ORANIN ÇEŞİDLİ, DADLI və ƏTİRLİ MEYVƏLƏRİ İDİ” - deyə, İNCİL əlavə edir.

Susuz Nüvədidə yetişdirilən meyvələr çeşidliliyi və təmi ilə doğrudan da ayrı aləm idi. Xainin sürgün olunduğu yer - adı ilə də, bütün təbii təsviri ilə də bizim NÜVƏDİYƏ = NUH VADİYƏ = NUHADİYƏ tamam uyğun gəlir.

*

Vaxtilə dünya alimləri hesab edirdilər ki, İncildə yazılanların çoxu mifdir. Sonralar müəyyən etdilər ki, yox, əslində, İncil tarixin müəyyən hadisələri üçün kompasdir. Orada yazılan şəxslər, yer adları doğrudan da mövcud olub, hadisələr baş verib. Və bunun hesabına çox tarixi nəsnələr aşkar olundu, olunur.

*

Nüvədini itirəndən sonra (8 avqust 1991) mənim təşəbbüsümlə Nüvədinin yer adlarını toplamağa başladıq, xəritəsini hazırladıq. Mən topladıqlarımı və çəkdiyim süni xəritəni göndərib, Bakıda yaşayan qardaşım rəssam Fəxrəddin Vəliyə tapşırdım ki,

“-Sən allah qardaş, hələ ki, bu yerləri tanıyanlar dünyalarını  dəyişməyiblər, kəndimizin toponimlərini tamamla. Xəritəni daha təkmil buraxdır. Biz dönsək yaxşı, dönəmməsək ata yurduna, gələcək nəsillər qayıdacaqlar, qoy yer adlarını bərpa edə bilsinlər. Əllərindəki yazdığımız qəbalə ilə. Nəsillərarası bağ qırılmasın. Hər halda bizə rəhmət oxuyanları tapılar”.

Sağ olsun Fəxrəddin bəy (indi isə Min Rəhmət!), bir azdan sonra Nüvədidəki 700-ə qədər adları ciggəbəciggə topladı. Əlyazmasındakı siyahının bir surətini də, nəşrdən buraxdığı xəritənin bir dənəsin də mənə göndərdi. Mən də hamısını kompüterə yığdım.

*

İndi bir neçə gündür fikirləşirəm, əgər İNCİLİN Kainlə bağlı dedikləri bizim kəndlə uyğun gəlirsə, o zaman bizim yer adları arasında mütləq XAİNİN adını saxlayacaq toponim qalmalıdır. Niyə də qalmasın, kənd ki, öz ismini qoruyub saxlayıb... Və 700 toponimi gözdən keçirdim. Bütün dünya alimləri belə edir. Və sonda həqiqəti ortaya qoyurlar.

Doğrudan da, Nüvədidən 7-8 km şimalda qədim kənd yeri olmuş KƏND ÇAYININ qabağında XƏNCAVAR adlı bir dərə mövcuddur. Neçə illərdir onun nə demək olduğunu araşdırıram. Mən onu Xəncərvari - Xəncərə bənzər kimi açıram.

Amma bəlkə də, o, XAİNİN adı ilə bağlıdır.

Ondan bir az yuxarıda kəndin SAR DƏRƏSİNƏ açılan dərə, əslində “XAİN CİVAR” olub. Min illər ərzində X/K/AİNCİVAR>XƏNCAVAR şəklinə düşüb. Təbiidir. İnsan övladının yaşadığı ?u dərə azacıq suludur. Yazda bol olub Sələng çayına qarışsa da, yayda dərə ağzındakı dərin qumsallıqda batır, quruyur.

Ancaq dərə öz adını orada məskən salmış XAİNDƏN ala bilərdi. Ona görə ora XAİN CİVAR deyiblər ona. Yəni: XAİNİN MƏHƏLLƏSİ, YERİ, XAİNƏ MƏXSUS KƏNDƏTRAFI YER, QONŞU XAİN, YAXINLIQDAKI XAİN və s. (Civarın mənalarıdır) Covgit yaylağına (vaxtilə kənd olub) gedən vaxt, biz bu dərədən keçir, sərt Ombeli zəmisi dağını qalxır və oradan Covgit ayağındakı QILQILA adlanan bulağa yellənirdik. Oralarda su yerdən pıqqıldayıb çıxır, çoxlu mis paxırı (CuSO 4) ilə Covgitin bol Dəhnə suyuna qarışırdı.

Xain orada arvadı ilə yatır deyə, kitab əlavə edir. Onun bir oğlu olur, adını Enok (Ön ok - ox- T.A.) qoyurlar. “Kain onun adına orada şəhər salır”. İndi vəzifə, Ön Ok-a bənzər şəhərin yerini tapmaqdır.

Deyirəm bəlkə ANGİZET kəndi elə İncilin yazdığı ENOX şəhəridir?(?)

*

SAR DƏRƏDƏ “PEYĞƏMBƏR İZİ” adlı sal qayalar yatırdı yerdə. Güman etmək olar ki, bu izlər Bəşərin Ulu Atası ADAMIN, Kainin və ya Enokun bədən izləri olub. Allah özü onların qüdsal izlərini min illərə yadigar qoya bilərdi. Uşaqlıqda bu izlərə baxmaqdan, üstündə uzanmaqdan doymazdıq. Sanki bir xətt boyu düzülmüş üç daş üstündə uzanmış  nəhəng bir Adamın baldırları aşağıdan birincidə, dal yançaqları ikincisində və kürəyi ilə başının arxa hissəsi sonuncu daşda əks olunmuşdu. Yorulub su sərinliyində azacıq mürgüləmiş azman boylu (Oğuz boylu) peyğəmbərin izlərinə müqəddəs varlıq kimi baxırdıq. (Dünya turistləri üçün cəlbedici obyekt idi).

Kaini sürgünə göndərəndə, o, Allaha gileylənir - “Verdiyin cəza çox böyükdür. Onu çəkməkmi olar? Sən məni torpaqdan da, özündən də qovursan. Sürgün həyatı yaşayacam, sərgərdan olacam, bundan sonra kim məni görsə öldürəcək bu an”.

Allah dedi - “Qoy Kaini öldürən hər kəs özünün yeddi dəfə daha ağır cəzasın alsın”. 

Və Kain Allahdan uzaqlaşıb NOD adlı sürgün yerinə getdi. Orada Kain öz arvadı ilə yatdı. Onların bir oğlu oldu. Adını Enox qoydular. O bir şəhər salıb, adını oğlunun şərəfinə Enox qoydu.

*

İNCİL yazır ki, EDEM bağlarının yanından PİSON və QİXON çayları axırdı. Adlar yəhudicədir. İngilis alimi DEVİD ROL isə FİSON`un JEYHUN və QİXONUN ARAZ olduğu qənaətinə gəlir. O, cənnət bağları EDEMİN indiki TƏBRİZ şəhərinin altındakı münbit torpaqda batdığı konsepsiyasını tarixi dəlillərlə sübut edir.

Bunları nəzərə alsaq, Allahın Xaini Cənnət bağlarından azca şimali- şərqdə yerləşmiş CƏHƏNNƏM dərəsinə (Nüvədidə dərələrdən birinin adıdır - CƏHƏNNƏM DƏRƏ - Araza açılır) sürgün etməsi ağlabatandır. Bununla, Yaradan, ona ikiqat cəza verirdi. Və bu dəlil də NOD`un bizim NUHADİ (NÜVƏDİ) olduğuna inamı artırır.

Təqribən 1982-ci ildə müəllim, şair və tədqiqatçı qardaşım Həmzə Vəli (Əliyev) Nüvədinin güney qarşısında ucalan təqribən 1000 metr hündürlüyündəki sıldırım qayalarla zəngin, çılım-çılpaq Qarqa daşı adlanan dağında Səngər adlı alt zirvəsinin arxasında yazılı daşlar silsiləsi aşkar etmişdi. Nüvədiyə səfəri zamanı digər qardaşım Fəxrəddin Əli kitabələrin olduğu yerə qalxmış Həmzə müəllimlə birgə onların keyfiyyətli fotolarını çəkmişdi (aşağıda).

Yazının Orxon-Yenisey runi əlifbası əsasında sağdan sola transkripsiyası Həmzə Vəlinin zənnincə belədir:

“ON ÜÇ OK ERİNC AY ES. VƏ ERİNC ES ƏR ODSAN, ÖGÜN!

EN ƏR AZ. EKÜC BEK ERİNC ƏR AZ EL. BERT”

Açılışı:

1. On üç ok (tayfasıdır) de, dost. Dedi, elədir, dostum.

Ər, Odsan, ögün.

2. Alisən Ər Az. Bəy Az elinin varlığı ilə öyündü. (Bert - hədiyyə)*.

IX-XII əsrlərin ərəb səyyahları Azərbaycan və onun bəzi yerləri barədə qısa məlumatlar verirlər. Onlardan biri bizim üçün əlahiddə maraqlıdır. X əsr ərəb səyyahı Əbu Duləf Misər öz yazılarının birində Tiflisdən gəlib Ərdəbilə getdiyi yolun Zəngəzur bölgəsindən keçdiyini xatırlayır: “Tiflisə səfərdən sonra, mən, geri, Ərdəbilə qayıtdım. Ərdəbilə yol üstündə bir neçə dağdan, məs, Vayzur (indiki Hayotzor - T.A.), Qaban, Xaçin, Ərrub, Həndən (əslində orada indi də kənd kimi duran Hənddən demək istəyib - T.A.) və Bəzzeyindən (Qafanın vaxtilə Gəzbel adlanmış qala dağından - T.A.) keçdim. Yaxından Araz çayı axır və bu çay axarı boyunca o vaxta qədər heç yerdə görmədiyim əla nar bağlarına rast gəldim”.

Bu ərazidə “Araz boyu kəndlər”dən yalnız NÜVƏDİDƏ və onun qarşısında Arazın bu tayında olan ÜŞDÜBÜNDƏ zəngin şirin nar bağları olub tarixən, var bu gün də. Bu cümlə özü göstərir ki, Misər bizim kənddə də olub: “...o vaxta qədər heç yerdə görmədiyim nar bağlarına RAST GƏLDİM” (böyütmə mənimdir-T.A.).

Demir ee, nar bağları barədə eşitdim. Açıq deyir “rast gəldim”. Bu, o deməkdir ki, müəllif o yerlərə ayaq basıb.

I Şah Abbas dövründə Nüvədi C. Azərbaycandakı Qaradağ mahalının Astamal bölgəsinə  tabe imiş. Bu, bizim ulu babamız Məlik Əbilin məhkəməsinin Astamal xanı İbrahim xan tərəfindən qurulması, dar ağacına qaldırılanda bizə gəlib çatmış Nüvədiylə bağlı çəkdiyi 4 bayatısı ilə təsdiq olunur.

1890-da bizim yerlərə ekspedisiyaya göndərilmiş bir rus zabiti Tiflisdə nəşr olunan “Kavkazskiy vestnik qəzetində yazır ki, Meğri, Əldərə, Astazur təbii bol suları ilə yaşayış üçün yararlı vadilərdir, lakin su çatışmazlığından Nüvədidə yaşamaq olduqca çətindir.

*

Fransız mənşəəli İsveçrə rəssamı, səyyah, arxeoloq, etnoqraf və naturalist Dyübua de Monpere 1840-cı ildə çəkdiyi əsərə “Selenie Nuqadi v doline Alaqez, Grivanskoe xanstvo” adını versə də, şəkildəki kəndin bütün tamlığı ilə bizim NÜVƏDİ olduğuna şübhə yoxdur. Əsər sanki kəndin fotosudur. O vaxt kəndimiz rus bölgüsünə görə, artıq Cəbrayl qəzasının Zəngilan mahalına tabe idi.

Bu unikal əsər bizi 180 il qabaqkı doğma kəndimizə aparır.

Onun ön plandakı Pir(i) Dərəsi məhəlləsi, Ağıl Düzündəki günəşləndiyimiz Sarı qayalığı, sağda Quzey məhləsi və ~ Örüşü və zirvədə Dinis dağı, dərənin sol tayında uzaqda Kəlbeli məhləsi və nəhayət, soldakı Səngər və Qarqa Daşı adlanan dağı və lap uzaqda Kəhirz bağları üsündəki Zərdəböyrü aşırımı ilə yüz faiz bizim N?VƏDİDİR.

İsveçrəli rəssam qeydlərində yeri səhv salıb. Amma çox özəl, gözəl və dəyərsiz yadigar qoyub bizə.

*

Ədəbiyyat:

1. Tariyel Əliyev, Həmzə Əliyev, “Nüvədi qarqa daşı daş yazılı abidələri”, “Elm və həyat” jurnalı, 1985, N 11, səh. 11-16.

2. Həmzə Vəli, “Nüvədi kitabələri”, Bakı, Oğuz eli, 1998, səh. 20-21, 53 səh., azərbaycanca.

3. Həmzə Vəli - “Babək Xürrəmdinin son taleyi”, Bakı, Oğuz eli, 1998, 94 səh., azərbaycanca.

4. Əli Vəlioğlu, “Nüvədi və nüvədililərin tayfa dəcərəsi”, Bakı, “Günəş” nəşriyyatı, 2009, 74 səh, azərbaycanca.

5. Tariyel Vəli Nüvədili, Fəxrəddin Əli, “Ağrılı Nüvədi”, Seattle, “Tariyel V. Ali İnc.”, 2000, 56 s., azərbaycanca.

TARİYEL AZƏRTÜRK (Əliyev)

Seattle, WA, USA

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31