Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri

“Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri

31.03.2026 [18:24]

1993-cü il Azərbaycanın Kəlbəcər rayonu ətrafında baş verən hadisələr regionun ən faciəvi və ağır humanitar böhranlarından biri kimi tarixə düşdü. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində rayon tam mühasirəyə alındı, coğrafi baxımdan yüksək dağlıq ərazidə yerləşən Kəlbəcərin xarici aləmlə əlaqəsi faktiki olaraq kəsildi. Bu vəziyyət minlərlə dinc sakinin həyatı üçün təhlükə yaratdı, onların çıxış yolu kimi yalnız çətin və təhlükəli dağ yolları və Kəlbəcər-Laçın tuneli istiqaməti qaldı...

Həmin dövrdə Kəlbəcər əhalisi, xüsusilə qadınlar, uşaqlar və yaşlılar, ağır qış şəraitində, qarla örtülü keçilməz dağ aşırımlarından keçərək canlarını qurtarmağa çalışdılar. İnsanlar sərnişin nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən bəzən kilometrlərlə yolu piyada, bəzən isə yük avtomobilləri ilə hərəkət etməli oldular. Ərzaq, su və tibbi yardımın olmaması isə onların vəziyyətini daha da ağırlaşdırdı. Bu qaçış prosesində baş verən hadisələr, xüsusilə “Tunel” ərazisində yaşananlar dinc əhalinin sistemli şəkildə hədəfə alındığını göstərən çoxsaylı faktlarla müşayiət olunur. “Tunel” adlandırılan ərazi həmin günlərdə Kəlbəcərdən çıxmaq istəyən insanların ümid yolu idi. Lakin bu ərazi, eyni zamanda, tarixdə dinc əhaliyə qarşı qətliamın baş verdiyi, mülki şəxslərin atəşə tutulduğu və girov götürüldüyü bir məkan olaraq qaldı. Tunelə yaxınlaşan avtomobillər Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən müşahidə altına alındı, daha sonra müxtəlif istiqamətlərdən atəşə tutuldu. Nəticədə çox sayda insan həlak oldu, ağır yaralandı, girov götürüldü.

“Tunel” faciəsi: Zərərçəkmişlərin ifadələri

Tarix göstərir ki, ədalət gec-tez öz yerini tapır. Bu, xüsusilə müharibələr və faciələr zamanı baş verən hadisələrin illər sonra hüquqi və mənəvi qiymət alması ilə bir daha təsdiqlənir. Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi də bunun bariz nümunəsidir. Bu proses Kəlbəcər-Laçın tuneli istiqamətində baş verən faciənin araşdırılması ilə yanaşı, tarixi ədalətin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər ağrı və itki ilə yaşayan zərərçəkmişlərin səsləri məhkəmə zalında dinlənildi və onların ifadələri baş verənlərin hüquqi qiymət almasına xidmət etdi. Zərərçəkmişlərin ifadələri, təqdim olunan faktlar və etiraflar faciənin miqyasını bütün çılpaqlığı ilə ortaya qoydu. Onlar dinc insanların atəşə tutulmasını, ailələrin parçalanmasını, günahsız insanların qətlə yetirilməsini və girov götürülərək işgəncələrə məruz qalmasını ürək ağrısı ilə yenidən dilə gətirdilər. Bu ifadələr fərdi xatirələr deyil, həm də tarixi həqiqətlərin təsdiqi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

AZƏRTAC “Tunel” faciəsinin şahidlərinin məhkəmə prosesindəki ifadələrinə yenidən nəzər salır.

Kəlbəcərin Ağcakənd kəndinin sakini zərərçəkmiş Gültəkin Cəlilova məhkəmədə ifadəsi zamanı deyib ki, 1993-cü ilin martın 31-də kəndi məcburi tərk etməli olublar: “Atam, anam, iki qardaşım və mən “Niva” avtomobili ilə kəndi tərk etdik. Zülfüqarlı kəndinə çatanda orada çoxlu hərbçi var idi. “Tunel” deyilən ərazidə çoxlu yük maşını saxlanılmışdı. Hamısı yaşadıqları yerlərdən köçənlər idi. Ermənistan silahlı qüvvələri üzərimizdəki qızıl-zinət əşyalarını çıxardılar. Tuneldən çıxanda ətrafdakı qayalıqlarda faciənin baş verdiyini gördük. Qız-gəlinlərimizin ağlaşma səsləri hər tərəfə yayılırdı. O vaxt 16 yaşım var idi. Əzab-əziyyətlə Gəncəyə gəlib çıxdıq, ayaqlarımızı don vurmuşdu”.

Digər zərərçəkmiş Elşad Alışov ifadəsində Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib. Onun sözlərinə görə, müdafiə üçün heç bir silahı olmayıb, hadisə zamanı Ermənistan ordusu tərəfindən atılan güllələrdən biri anasının ayağına dəyib: “Onlar bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb 300 metr apardım. Yusifgilin (qonşusu – red.) maşını da vurulmuşdu. Maşını yoxlamaq məqsədilə ora çatanda anamı yerə qoyub, Yusifgilin maşınına baxdım. Amma qardaşım istisna olmaqla, nə onu (anasını nəzərdə tutur – red.), nə də digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”.

“O qədər çox atırdılar ki, sanki dolu yağırdı”

Zərərçəkmiş Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduğunu bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndində müalicə adı altında aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Digər zərərçəkmiş Bəxtiyar Quliyev ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlanan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O, özü isə sol ayağının bud hissəsindən yaralanıb. Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. “Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi”, - deyə o əlavə edib. Bəxtiyar Quliyev 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycana təhvil verilib.

Günəşli kəndində yaşayan Gülcamal Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal edən zaman rayondan yük maşını ilə çıxdıqlarını bildirib. Maşında 24 nəfər olub. “Tunel”in çıxışında yük maşını atəşə tutulub. Avtomobildəki insanların əksəriyyəti yaralanıb. Girov götürülən G.Hacıyeva həmin vaxt hamilə imiş. O, övladını girovluqda dünyaya gətirib. Baxımsızlıq və şəraitsizlikdən xəstələnən və inkişafdan qalan övladı girovluqdan xilas olunduqdan sonra vəfat edib. Həmin vaxt digər qohumları ilə yanaşı, iki qardaşı da girov götürülüb. Qardaşlarından biri Şuşa həbsxanasında döyülməsi nəticəsində görmə qabiliyyətini itirib.

Zərərçəkmiş Azər Quliyev isə ifadəsində 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəlikcə rayondan çıxan zaman “Tunel” adlandırılan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını diqqətə çatdırıb. Həmin vaxt o, 7 güllə yarası alıb və girov götürülüb. Hadisə zamanı yaralanmış körpə bacısının isə öldüyünü deyiblər və 33 ildir ondan heç bir xəbər yoxdur.

Ədalətin zəfəri: Etiraf...

Beləliklə, məhkəmə zalında səslənən bu sarsıdıcı etiraflar və ürəkdağlayan ifadələr yüzlərlə faciə şahidinin yaşadıqlarının yalnız kiçik bir hissəsidir. Hər bir kəlmənin arxasında yarımçıq qalmış uşaqlıq, parçalanmış ailələr və otuz il boyu dinməyən bir ağrı dayanır. “Tunel” faciəsi kimi qanlı hadisələr erməni faşizminin mülki əhaliyə qarşı apardığı sistemli məhv etmə siyasətinin rəsmi sübutudur.

Bir vaxtlar xalqımıza qarşı terror və soyqırımı siyasəti yürüdən şəxslər Azərbaycan ədaləti qarşısında vəhşilikləri etiraf etmək məcburiyyətində qalıblar. Məhkəmə iclasında təqsirləndirilən Arayik Harutyunyanın son söz zamanı dedikləri tarixi bir mənzərəni ortaya qoyur. O, mülki azərbaycanlılara qarşı törədilən vəhşiliklərin hərbi cinayət olduğunu açıq şəkildə etiraf edərək deyib: “Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki “Tunel” hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”. Onun “Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada cəzalanacaqlar” ifadəsi əslində cinayətkarların öz əməlləri ilə üz-üzə qaldıqlarını açıq-aydın göstərir. Azərbaycan dövləti nümayiş etdirdi ki, ədalət sadəcə “o biri dünya”ya qalmır, xalqımıza qarşı amansızlıq edənlər məhz bu dünyada, Azərbaycan qanunları qarşısında cavab verirlər.

Otuz illik işğal dövründə Azərbaycan xalqına qarşı törədilən, insanlıq əleyhinə yönəlmiş bu qanlı cinayətlər nəhayət ki, müstəqil Azərbaycanın ədalət məhkəməsində öz layiqli hüquqi qiymətini aldı. Bir vaxtlar cəzasızlıq mühitindən yararlanaraq silahsız insanlara divan tutanlar, bu gün qüdrətli Azərbaycan dövlətinin qüdrəti ilə üz-üzədirlər. Bu proses təkcə günahkarların cəzalandırılması deyil, həm də tarixin qanlı səhifələrinin təmizlənməsi və mənəvi ədalətin bərpasıdır. Artıq heç bir cinayət cəzasız, heç bir ah yerdə qalmır - ədalət gec də olsa, öz yerini tapır.

Məhkəmə prosesi və verilən cəzalar bir daha göstərdi ki, "Tunel", "Bəylik bağı", Başlibel, Qaradağlı və digər qanlı qətliam müəllifləri və icraçıları öz layiqli cəzalarını çəkəcəklər. Bu, şəhidlərimizin ruhunun şad olduğu, zərərçəkmişlərin ahının yerdə qalmadığı ədalətin zəfəridir!

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31