Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qurban Qurbanov Elmar Məmmədyarovdan 10 dəfə çox iş görüb

Qurban Qurbanov Elmar Məmmədyarovdan 10 dəfə çox iş görüb

19.04.2022 [11:13]

Türklərin gender haqqında qanuna ehtiyacı yoxdur

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Zəfərimizə “Dolu”dan da gözəl əsər həsr etmişəm

Müsahibimiz 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbasdır. O, əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayıb. Bir sıra mətbu orqanlarda müxtəlif vəzifələrdə çalışıb. Uzun illər “Ədalət” qəzetinin baş redaktoru vəzifəsini icra edib. Hazırda Milli Məclisin Mədəniyyət və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvüdür.

- Aqil müəllim, 2020-ci ilin parlament seçkilərində Milli Məclisdə gəncləşdirilmə siyasəti aparıldı və bir çox dairələrin deputatları gənclərlə əvəz olundu. Gənc deputatlar öz sələflərindən nəyinə görə fərqlənir, vəzifə öhdəliklərini nə dərəcədə yerinə yetirirlər?

- Milli Məclisin tərkibində hər zaman gənclər olub. İndi də gənclərə etimad göstərilməsi çox yaxşı haldır. Parlamentdə təmsil olunan gənc deputatların çoxu savadlı, bacarıqlı, insanlarla ünsiyyət qurmağı yaxşı bacaran şəxslərdir. Qanun layihələri ilk dəfə komitələrdə müzakirə olunur, mənim təmsil olunduğum komitələrdə yeni kadrlardan olmadığı üçün fəaliyyətlərini yaxından qiymətləndirə bilməyəcəyəm. Ancaq plenar iclaslarda gördüyüm qədərilə hər biri çalışqan gənclərdir.

- Elman Rüstəmovun Mərkəzi Bankın İdarə heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı fikir bildirmədiniz. Bu məsələ və Taleh Kazımovun təyinatı ilə bağlı nə deyə bilərsiniz?

- Hazırkı üzvü tanımıram. Elman müəllimlə də yaxşı münasibətimiz var, bacardığı qədər işləyib. İndi də bu sahədə çalışmış gənc bir kadra etimad göstəriblər. Bizə bunu dəstəkləmək düşür.

- Qərar qəbul olunan zaman iclas zalında səs-küy yarandı. Hansısa narazılıq var idi?

- Deputatların əksəriyyəti qərar qəbul olunanda çıxış etmək üçün siyahıya yazıldı. Ancaq buna ehtiyac yox idi, vəzifədir də, biri gedir, digəri gəlir. Parlamentdə müəyyən adamlar var, hər şey haqqında danışmağı xoşlayırlar.

- Korrupsiya ilə mübarizə sahəsində son illər ölkəmizdə daha əsaslı işlər görülür. Vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər cəzalandırılırlar. Prosesin sürətli və daha şəffaf formada həyata keçirilməsi yolunda hansı addımlar atılır və ya atıla bilər?

- Korrupsiya ilə mübarizə illərdir davam edir. Birdən-birə hamını həbsə atmaq olmaz. 2022-2026-cı illərdə bu mübarizəni sürətləndirmək üçün Cənab Prezident sərəncam verib. Yəqin proses bundan sonra daha mütəşəkkil və şəffaf olacaq.

- 17 ildir parlamentdə qanunların qəbul edilməsində və hazırlanmasında iştirak edirsiniz. Bu illər ərzində neçə qanun layihəsi sizin təşəbbüsünüzlə hazırlanıb?

- Şəxsi təşəbbüsümlə hansısa qanun layihəsi hazırlanmayıb. Ancaq təklifimlə müəyyən layihələrdən hansısa maddə çıxarılıb və ya əlavə edilib. Məsələn, gender haqqında qanun layihəsində bir sıra maddələrin çıxarılmasını təklif etdim. Çünki türklərdə heç vaxt gender qanununa ehtiyac olmayıb. Qadınlarla kişilər bərabər olub, onlar həyat yoldaşları ilə döyüşə də gedib, ot yığmağa da.

- Dairənizə daxil olan ərazilərin inkişafı üçün hansı əsaslı işləri görmüsünüz?

- Məktəblər tikdirmişəm, əhalinin su problemini, iş məsələlərini həll etmişəm. Ancaq hər problemi həll etmək də deputatın səlahiyyətində deyil. Daha çox mənə daxil olan şikayəti və ya xahişi aidiyyəti qurumlara çatdıraraq məsələnin həllinə kömək etmişəm. 

- O zaman rayon icra strukturu probleminiz olmayıb...

- Tək rayonda yox, bütün icra strukturu orqanları ilə xoş münasibətim olub. Şəxsi müraciət etməmişəm ki, rədd eləsinlər.

- Ağcabədinin hazırkı icra başçısının fəaliyyətindən razısınızmı?

- Razıyam, ancaq indi icra başçısının səlahiyyətləri o qədər də geniş deyil. Rayondakı bir çox təşkilat başçının səlahiyyət dairəsindən kənardadır. Onlar hərəsi öz nazirliklərinə tabedir. Buna baxmayaraq hər kəs başçıya üz tutur. Lakin icra başçısı da hamıya öz hesabına kömək edə bilməz, əvvəla buna maddi imkanı çatmaz. O da öz növbəsində dövlət tərəfindən ayrılan vəsaitlə rayonda abadlıq işləri aparır. Elə bunun nəticəsidir ki, Ağcabədi son illər abadlaşıb, şəhərə çevrilib.

- Abadlıqdan danışırıq, amma Ağcabədinin mərkəzi küçələrində işıq probleminin olduğu deyilir...

- Rayonun işıqlandırmasını işıq idarəsi təmin etməlidir.

- Yəni işıq idarəsi özü Ağcabədiyə işıq vermir?

- Görünən odur.

- Bunun səbəbi nədir?

- Səbəb bəzi idarələrin icra başçısının tapşırığına etinasız yanaşmasıdır.

- Belə çıxır problemin həllində nazirliklərə üz tutmalıyıq...

- Bəli, onlar rayonlarda təşkilatların işinə nəzarət etməlidir. Ona görə ki, qurumların çoxu nazirliklərə tabedir və onların tapşırığına əməl edirlər. İcra hakimiyyətinin tabeliyində yalnız təhsil şöbəsi qalmışdı, onu da Təhsil Nazirliyinin səlahiyyətinə verdilər.

- Bu, günə qədər təhsil şöbəsi icraya tabe idi, nə edə biliblər?

- Mən 2005-ci ildə deputat seçiləndə Ağcabədidən ali məktəbə 86 nəfər qəbul olmuşdu. Son illərdə həmin rəqəm 5 dəfə artıb.

- Bu daha çox cəmiyyətin inkişafı ilə əlaqədardır...

- Təbii ki, bu, həm əhalinin yaşayış tərzi ilə də bağlıdır, həm də icra strukturları tərəfindən uzun illər təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. O zamankı başçı məktəb direktorlarına ciddi tapşırıqlar verirdi, iradını bildirirdi. İndi icra başçısı heç kimi tənqid edə bilmir, bu səlahiyyəti yoxdur.

- Aqil Abbas çox zaman vətəndaşları narahat edən problemləri parlamentdə dilə gətirir. Ancaq bu fikirlər heç də birmənalı qarşılanmır. Hər açıqlamanızın bu qədər səs-küy yaratması sizi narahat etmir?

- Əvvəllər bu, mənə pis təsir edirdi, indi əhəmiyyət vermirəm. Həqiqəti bütün çılpaqlığı ilə deməyi xoşlayıram. Bəzən çıxışlarımdan sonra “trol”lar sözlərimi başqa yerə yozurlar və qeyri-ciddi açıqlamalar hazırlayırlar. İroniya ilə dediyim sözlərdən dezinformasiyalar yayırlar. Həm də insanların deputatlara allergiyası var, yaxşı dediyi sözə də başqa don geyindirirlər. Bu, bir az da onunla əlaqədardır.

- Bu yaxınlarda Ağdamda idiniz. Orada minlərlə kitabınızın olduğunu demisiniz. Həmin kitabların aqibəti necə oldu?

- Ağdamda 15 000 kitabım var idi, ancaq müharibə vaxtı ermənilərin əlində tələf oldu.

- Ağdama gedəndə evinizi dağıntılar arasından necə tapa bildiniz?

- Ziyarətlərimi edəndən sonra birbaşa evimizə getdim. Hamı bu qədər asan tapmağıma heyrətləndi. Onlara da dedim, mən Ağdamı gözüyumulu da gəzərəm. Filmdə deyir, Dövlət bəyin ölüsü də gözəldir. Ağdamın viran halı da mənim üçün cənnətdir. Bilirsiniz, cənnətdə zeytun, əncir və nar ağacları olur. Ağdamda kəsilən ağacların yerində ya nar bitib, ya da əncir bitib, bircə zeytun yoxdur.

- Ağdamda şərait yaransa, həmişəlik orada qalarsınızmı?

- Böyük məmnuniyyətlə, icazə versələr, elə bu dəqiqə ev tikib köçərəm.

- Gəncliyiniz də Ağdamda keçib. Quruculuq işlərindən sonra nəvələrinizin Ağdam məktəbində təhsil almasını istəyərdinizmi?

- Onlar Bakıda doğulub, burada təhsil alırlar. Orada yaşasaydılar, təbii ki, Ağdam məktəbində oxuyacaqdılar. Oğlum Tuncay məktəb vaxtlarında evimizin arxasındakı məktəbdə oxuyurdu. Bir gün Misir Mərdanov mənə zəng eləyib dedi ki, jurnalistlər sənin oğlunun qaçqın məktəbində oxuduğunu deyirlər. Həqiqətən də belə idi. Soruşanda da ağdamlılarla eyni məktəbdə oxumaq istədiyini dedi.

-  Həmişə saçlarınızın ağarmasını, üzünüzdəki qırışları Qarabağ ayrılığı ilə

əlaqələndirirdiniz. Artıq Ağdama qovuşmusunuz, Aqil Abbas ömür səhifələrini geriyə vərəqləyə bilərmi?

- Adam özünü nə qədər gənc hiss etsə də, yaş öz sözünü deyir. Hadisələr başlayandan etibarən hər həftəsonu orada idim. Ərzaq alır, Ağdama silah-sursat daşıyırdım. Sinif yoldaşlarımın çoxu orada şəhid olub. Ağdamda şəhid olanların hamısı ağdamlı deyil, digər rayonlardan olanlar da var. Səttar Mehbalıyevin qardaşı da Ağdamda şəhid olub, amma naxçıvanlıdır. Həmişə deyirəm, kim Ağdamda şəhid olubsa, əsl ağdamlı odur. Ağdamda şəhidlik xiyabanı düzəldəndə təklif etdim ki, bütün rayonlardan burada şəhid olanların adı yazılsın. Dediyim kimi də oldu, indi o xiyaban ziyarətgaha çevrilib. 

- Ağdamda Qurban Qurbanova heykəl qoyulacağını demişdiniz...

- Ağdamın İmarət stadionunda Allahverdi Bağırovun heykəli qoyulacaq. Qurbana da elə sağ ikən heykəl qoyulacaq. Qurban Qurbanov Azərbaycanı, Qarabağı tanıtmaq üçün Elmar Məmmədyarovdan on dəfə yaxşı işlər görüb. Bircə dəfə klubu Avropa Çempionlar liqasında qrupa salmağı ilə bütün dünya mətbuatı Ağdamdan yazdı. Braziliya qəzeti bu şəhərin ermənilər tərəfindən işğal olunmasını işıqlandırdı.

- Uzun müddət “Ədalət” qəzetinin baş redaktoru olmusunuz. Hazırda “Ədalət” qəzeti çap mediasında neçənci yeri tutur?

- “Ədalət” qəzeti hər zaman öncüllər siyahısında olub. Bu gün də “Ədalət” qəzeti mənim üçün birincidir.

- Qəzetiniz həftəliyə keçəndə dedilər, Aqil Abbas öz vəsaiti hesabına qəzeti heç olmasa həftədə 3 dəfə çıxara bilərdi...

- Bir müddət bunu öz vəsaitim hesabına etdim. Sonra kağız bahalaşanda yenidən həftəlik dərc olunmağa başladıq. Ancaq qəzetin gündəlik dərci və dövlət tərəfindən vəsait ayrılması üçün haqqımı tələb edəcəyəm. 30 ildir vətənə, dövlətə xidmət edən qəzet niyə həftəlik dərc olunmalıdır?!

- Bu gün inkişaf etmiş ölkələrdə qəzetə tələbat yüksək olsa da, bizdə maraq çox azdır. Çap mediasına biganəliyin səbəbi nədir?

- Biz nəyi oxuyuruq ki, qəzeti də oxuyaq. Ancaq sosial şəbəkədə axtarış edib, lazımsız informasiya toplayırıq. Əvvəllər Azərbaycanda ictimai nəqliyyatda hamının əlində qəzet olurdu. İndi Türkiyədə, Rusiyada belədir. Hətta bu gün insanlar orta məktəbdə kitab oxumur. Mütaliə məktəbdə olur, amma baloniya sistemi bunun qarşısını alıb. Bir çox yazıçıların yaradıcılığını isə ümumiyyətlə dərsliklərdən çıxarıblar. Düşünürəm ki, ölkəmizdə son vaxtlar baş tutan kitab sərgiləri oxu vərdişini yenidən dirçəldəcək.

- Aqil Abbas öz üslubunun formalaşmasında hansısa yazıçılardan təsirlənib?

- Təbii ki, hamı kimlərinsə yaradıcılığından təsirlənir. Əsasən Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyovdan bəhrələnmişəm. Yusif Vəzir Çəmənzəminlidən də təsirlənmiş, hətta “Batmanqılınc” romanımı ona ithaf etmişəm. O vaxt zaman elə idi ki, Y.V.Çəmənzəminli “Qan içində” romanını ürəyi istəyən kimi yaza bilməmişdi. Orada Ağa Məhəmməd şah Qacarın qəhrəmanlığını, igidliyini tam xarakterizə etməmişdi. Mən onu bir az da təkmil formada hazırladım.

- 2013-cü ildə ən yaxşı əsərinizin “Dolu” olduğunu demişdiniz. Həmin tarixdən 9 il ötüb, bu gün də eyni fikirdəsiniz?

- Özümün ən xoşladığım əsər 25 yaşımda yazdığım “Ən xoşbəxt adam” povestidir. “Dolu” isə mənim ən çox əziyyət çəkdiyim və xalqımız tərəfindən yüksək qiymətləndirilən əsərdir. Bu romana öz həcmindən dəfələrlə böyük olan məqalələr yazılıb. Roman hələ jurnalda dərc olunanda Tofiq Hacıyev bir yazı yazmışdı. Deyirdi ki, Aqil Abbas Azərbaycanın “Hərb və sülh”ünü yazıb, ancaq burada qadına sevgi ilə bağlı məqamlar yoxdur. Amma əsəri tam oxuyandan sonra aydın oldu ki, bütün sevgisini vətənə, torpağa verib, qadına qalmayıb.

- Bəs Zəfərimizə nə həsr etmisiniz?

- Zəfərimizə ithafən “Dolu - 2”-ni yazmışam. Doludan da gözəl bir ssenaridir, bunu mədəniyyət nazirinə təqdim edəcəyəm. Filmi çəkməyi qəbul etsələr, nə gözəl.

- Musiqi ilə bağlarınız güclüdür, bəs bu sahədə təhsiliniz varmı?

- Musiqi təhsilim yoxdur, heç bir musiqi alətində də ifa edə bilmirəm, ancaq evimdə müxtəlif musiqi alətləri var. İki musiqi var ki, onları dinləyəndə bütün Azərbaycanı görürəm. Biri “Ölkəm”, digəri Koroğlu operasından Uvertüradır. Uvertüranı və Soltan Hacıbəyovun “Karvan”  əsərini sözlərlə izah edə bilərəm. Məsələn, Uvertürada pauzadan sonra musiqinin yenidən davam etməsi savaşda şəhid olan bir döyüşçünün əlindən digərinin bayrağı təhvil almasına bənzəyir.

- Azərbaycan mədəni mühitini hansı əsərə bənzədərdiniz?

- Çox çətin sualdır. Ancaq onu deyim ki, mədəni mühitimizdə bu gün də istedadlı adamlar var. Sadəcə televiziya şouları insanları və mədəniyyəti korlayır. Amma bu da ötəridir, mədəni mühit vaxt keçdikcə saflaşacaq.

Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Dövlətin memarı

08 İyun 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30