Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Taxılçılıqdan bol məhsul alınması torpağa qayğıdan asılıdır

Taxılçılıqdan bol məhsul alınması torpağa qayğıdan asılıdır

27.07.2013 [13:24]

Torpağın becərilməsində aqronomik qaydalara necə əməl edirik?
Respublikamızın aran zonasında genetik baxımdan inkişaf edib formalaşan torpaq sərvəti taxıl bitkilərinin bol inkişafı üçün hər cür ekoloji, sosial-iqtisadi imkanlara malikdir. Lakin bu zonada torpaqlardan bol taxıl məhsulu əldə olunması üçün meliorativ durumun əsaslı yaxşılaşdırılmasına, xüsusən də, suvarma texnologiyasının mütərəqqi üsullarından daha səmərəli istifadənin təşkilinə böyük ehtiyac vardır. Taxılçılığın inkişafı üçün yeni ayrılmış örüş və otlaqaltı torpaqlardan yüksək məhsul əldə edilməsi növbəli əkin səpkisində yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsindən asılıdır. Bunlarla yanaşı, becərmənin texnoloji xəritəsində nəzərdə tutulan bütün aqronomik tədbirlər həyata keçirilməlidir ki, taxılçılıqda yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə nail olunsun. Buna ona görə nail olunmalıdır ki, taxıl, xüsusən, buğda həm milli dövlətçiliyin, həm də ərzaq təhlükəsizliyinin təminatçısıdır.
Məlum edilmişdir ki, taxıl bitkilərindən buğda, arpa, çovdar, qarabaşaq kimi dənli taxıl bitkilərinin tarlalarının hər hektarında (hər 10-15 sm-dən bir) 550-600 cərgə hesabı ilə bitkilərin vegetasiyasının intensiv inkişaf fazalarında (ildə iki dəfə kollaşmanın və boru bağlamanın sonu və ya qönçəbağlama önü) hökmən kultivasiya işləri aparılarsa, yemləmə şəklində illik azotlu gübrə dozasının 40 faizə qədəri cərgə aralarına verilərsə və nəhayət, mütərəqqi üsulla suvarılma həyata keçirilərsə, nəzərdə tutulan qədər məhsul əldə etmək olar. Bu əməliyyatlar həmin qaydada bitkilərin boru bağlama fazası qabağı müddətində təkrarlanmalıdır. Niyə, nə üçün bu aqronomik tədbirlər həyata keçirilməlidir? Bu, ona görə həyata keçirilməlidir ki, respublikamızda yuxarıda göstərilən taxıl bitkilərinin 70 faizdən çoxu aran, daha doğrusu, yarımsəhra quru bozqır torpaq-iqlim zonasında becərilir. Bu zonada bitkilərin bol inkişafı iki əsas təbii aspektdən asılıdır. Birincisi, taxıl bitkilərinin hər iki inkişaf fazalarında hava şəraitinin quraq, ikincisi isə yağıntılı keçməməsidir.
Əgər taxıl bitkilərinin kollaşma fazasının sonunda hava şəraiti yağıntısız keçərsə, torpaqda bitki üçün lazım olan rütubətin miqdarı normal halda 55-70 faizdən 45 faizə enir və bu halda bitkilərin torpaqdan qəbul edəcək qida maddələrinin miqdarı azalacaq, bitkilərin boy inkişafı zəifləyəcək, borubağlama fazasında inkişaf gecikəcək və beləliklə, nəzərdə tutulan məhsuldarlıq azalacaq. Bitkilərin bu inkişaf fazalarında torpaqdan qida elementlərinin (makro və mikro) bitkilər tərəfindən 70 faizə qədərində mənimsənilməsi baş verir. Bitkilərin gövdəsinin mexaniki təsirlərə tab gətirməməsi güclənir, bara düşmənin faydalı əmsalı yüksək məhsuldarlığın miqdarı ilə düz mütənasiblik təşkil edir.
Atmosfer yağıntıları hesabına (yağıntının) taxıl bitkilərinin həmin fazalarında torpağın kökyanı qidalanma, xüsusən, əkin (şum) qatında ümumi rütubətin 70 faizə qədərində yarandıqda suvarmaya ehtiyac qalmır. Bu fazalarda yalnız alaqlara qarşı mübarizə və torpağın üst şum qatında əlverişli rütubət qoruyucu və aerasiya şəraitinin yaxşılaşdırılması məqsədilə aqronomik tədbirlər həyata keçirilir.
Bir cəhəti xatırlatmaq istərdim ki, respublikamızın ərazisi landşaftların (torpaq-iqlim) dünya üzrə bölgüsü baxımından subtropik qurşağın şimal qanadında yerləşdiyindən hava şəraitinin illik gedişindəki vəziyyət başqa qlobal bölgələrdən müsbət mənada fərqləndirici xüsusiyyətlərə malikdir. Belə ki, bizim məmləkətimizdə tarixi dövr ərzində formalaşan subtropizmin coğrafi enlik üzrə başqa ölkələrdəkindən fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, hava şəraitinin meteoroloji ünsürlərinin (havanın temperaturunun, yağıntıların, torpaq səthindən mümkün buxarlanmanın, nisbi nəmliyin, 100 C-dən yüksək temperaturun orta illik miqdarı, dövri əsən hakim küləklərin gücü, atmosfer çöküntülərinin ilin fəsilləri üzrə paylanması, ilin soyuq dövründə qar örtüyünün hipsometrik qradiyenti üzrə qanunauyğun qaydada paylanması, torpaqlarda rütubətin toplanmasının il ərzində mövsümlər üzrə paylanması və s.) çoxillik gedişi ilə kənd təsərrüfatı bitkilərinin, xüsusən, taxıl bitkilərinin dinamik inkişafı arasında müsbət korelyativ əlaqəlilik mövcuddur. Bunu onunla izah etmək olar ki, aran (yarımsəhra quru bozqır) zonada taxıl bitkiləri üçün 95-100 faizli meteoroloji vəziyyət mövcuddur. Yəni, bitkilərin yarovzasiya dövründə don vurmanın olmaması, bitkilərin dinamik inkişafı üçün əlverişli hava şəraitinin hakim olması, məhsul yığımı vaxtı təbii əngəllərin (əlverişsiz meteoroloji vəziyyətin yaranmaması) olmaması, taxılçılıq bölgələrində məhsul yığımından sonra ikinci məhsul əldə olunması üçün əlverişli hava şəraitinin mövcudluğu respublikamızda formalaşan subtropizmin səciyyəvi xüsusiyyətləridir. Subtropik iqlim qurşağında taxılçılığın becərilməsində (tam aqronomik təmrinlərə riayət olunmaq şərti ilə) mövcud hava şəraitini biz əgər yarım mülayim və mülayim qurşaqda (yarımsəhra bozqır, bozqır və çəmən bozqır) yayılmış Rusiya qaratorpaq zonalarında taxılçılığın becərilməsində formalaşan iqlim şəraiti ilə müqayisə etsək, məlum olur ki, bizim subtropizmdə becərilən taxılın həm məhsuldarlığı, həm də emal baxımdan keyfiyyətinə görə Rusiya bozqırlarında becərilən taxıl məhsullarından dəfələrlə yüksəkdir. Bunu akademik Cəlal Əliyevin taxılçılıq üzrə apardığı tədqiqat əsərlərində görmək olar. Əgər biz müqayisəni təhlil etsək, məlum olar ki, Rusiya bozqırlarında becərilən taxıl bitkilərinin 70 faizdən çoxu dəmyə şəraitində becərilməklə təbiətin tam ağuşundadır. Mütəmadi olaraq müəyyən illərdə yağıntısız və quru küləklər əsən zaman məhsuldarlığın azalmasını və ya tam məhv olmasının qarşısının alınmasında kənd təsərrüfatı mütəxəssisləri demək olar ki, tam mənada köməksizdirlər. Digər tərəfdən intensiv inkişaf və ya məhsul yığımı zamanı aramsız yağıntıların düşməsi ilə yuxarıda deyildiyi kimi məhsuldarlığın azalması baş verir. Belə meteoroloji vəziyyət çoxillik təcrübələrlə Rusiya mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar nəticəsində müşahidə edilmişdir.
Aparılmış çoxillik müşahidələrdən məlum olduğu kimi, respublika ərazisindəki subtropizmdə, daha doğrusu, aran zonada taxılçılığın inkişafı və onların məhsuldarlığının çoxaldılmasındakı mövcud təbii əlverişsiz şəraitə müəyyən qədər təsir göstərmək imkanı vardır. Yəni, ilin quraq dövründə aqrotexniki və suvarma tədbirləri həyata keçirilməklə quraqlığın taxılçılıqda yaratdığı mənfi fəsadların aradan qaldırılması üzrə hərtərəfli imkanlar mövcuddur.
Məlumat üçün onu da demək lazımdır ki, Azərbaycanın subtropizmi şəraitində, daha doğrusu, mövcud torpaq-iqlim şəraitində dinamik inkişaf qabiliyyətinə və yüksək məhsuldarlığa malik buğda, arpa sortları mövcuddur. Dünya şöhrətli, taxılçılıq üzrə seleksiyaçı alim, akademik Cəlal Əliyev tərəfindən istər dəmyə, istərsə suvarma şəraitində Azərbaycan subtropizmi mühitində yüksək məhsuldarlığa malik buğda çeşidləri (Qaraqılçıq-2, Vüqar, Şiraslan-23, Bərəkətli-95, Qiymətli-2/17) yetişdirməklə respublikamızın ərazisinin müxtəlif taxılçılıq bölgələrində sınaqdan keçirilərək rayonlaşdırılmışdır. Alimin apardığı çoxillik çöl və laboratoriya təcrübələrindən məlum olmuşdur ki, həmin hibrid buğda çeşidləri həm məhsuldarlığına, həm keyfiyyətinə və həm də emal olunma texnologiyasına görə Rusiya, Qazaxıstan və bir sıra başqa ölkələrdən bizə idxal olunan buğda çeşidlərindən daha yüksək göstəricilərə malikdir. Təcrübələrdən məlum olduğu kimi, hörmətli alimimiz tərəfindən elə buğda və arpa çeşidləri yetişdirilmişdir ki, onlar quraqlığa, şaxtaya davamlı olmaqla yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malikdirlər.
Akademik Cəlal Əliyevə görə, suvarma və dəmyə şəraitində becərilməsi tövsiyə olunan elə buğda sortları vardır ki, onların məhsuldarlığını əlverişli becərmə şəraiti yaradılması şərti ilə hər hektardan 70-80 sentnerə çatdırmaq olar. Belə buğda çeşidlərinin seleksiya yolu ilə yetişdirilməsi işləri hələ keçən əsrin 60-70-ci illərində görkəmli seleksiyaçı alim akademik İ.D.Mustafayev tərəfindən də həyata keçirilmiş, yüksək məhsuldarlıq və emal texnoloji xüsusiyyətlərə malik buğda (sevinc, bol dən) çeşidləri yetişdirilmişdir. Ona görə də, yaxşı olardı ki, həmin buğda və digər taxıl çeşidlərinin qısa vaxt ərzində respublikamızın ərazisində yayılma arealının genişləndirilməsi üçün toxumçuluq təsərrüfatlarının yaradılması ön plana çəkilsin.
Yuxarıda deyilənlərə əsasən əminliklə söyləmək olar ki, taxılçılığın bol inkişafı üçün əlverişli, özü də çox böyük torpaq iqlim potensialı olan təbii sərvətə malik respublikamızın əhalisini və emal sənayesini becərmə texnologiyası aqronomik qaydada aparıldıqda buğdaya olan tələbatını nəinki tam ödəmə, həm də xarici bazarlara ixracetmə imkanı yarana bilər.
Görəsən, taxılçılıqda yuxarıda göstərilən nailiyyəti necə əldə etmək olar?
Məlumdur ki, yer-torpaq, əmək aləti, kənd təsərrüfatında istehsal vasitəsi olmaqla müxtəlif canlı qüvvə və aqrotexniki üsullarla becərilir və beləliklə, bilavasitə öz potensial münbitliyi ilə təbii və mədəni bitkilərə həyati vacib təsir göstərir, nəticə etibarilə məhsulun formalaşması prosesini başa çatdırır. Bununla belə təbii və mədəni bitkilər inkişaf edib məhsulvermə mərhələsinə qədərki dövrdə çoxsaylı torpaq proseslərinin təsiri altında olur. Bu təsirlər kənd təsərrüfatında ən geniş yayılmış və strateji əhəmiyyət kəsb edən yeyinti və ərzaq təyinatlı buğda bitkisinin becərilməsində daha çox müşahidə edilir.
2011-ci ilin əvvəlindən etibarən respublikamızın quraq və yarımquraq zonasında 5 təbii-iqtisadi (Mil-Qarabağ, Muğan-Salyan, Aran, Şirvan, Şəki-Zaqatala, Qazax-Gəncə) bölgələrindəki 20 inzibati rayonların sərhəddi daxilində 189879 hektar sahədə taxılçılığın, xüsusən, ərzaq buğdasının istehsalı məqsədilə qış otlaqları, dövlət ehtiyat fondu, dövlət kənd təsərrüfatı müəssisələrinə məxsus və bələdiyyə mülkiyyətinə aid torpaqların seçilməsi barədə dövlət səviyyəsində qərar qəbul edilmişdir.
Yuxarıda göstərildiyi kimi, taxılçılığın inkişaf etdirilməsi məqsədilə ayrılmış ərazilər əlverişli iqlim şəraitinə və sosial-iqtisadi infrastruktur durumuna malikdir. Lakin yadda saxlamaq lazımdır ki, bütün müqabildən olan hər hansı kənd təsərrüfatı bitkilərinin yerləşdirilməsinin planlaşdırılmasında təsərrüfat-təşkilat, iqtisadi, sosial, coğrafi mövqeyi, yerin səth quruluşu, hidroloji, ekoetik və s. məsələnin həllindən əvvəl torpaq sərvətinin aqronomik, meliorativ və aqrotexniki vəziyyəti barədə dəqiq məlumatlar əldə olunması ön plana çəkilməlidir. Çünki hər hansı kənd təsərrüfatı bitkisindən yüksək miqdarda məhsul əldə edilməsində çoxsaylı təbii və antropoloji amillər (20-dən çox) iştirak edir ki, onların da içərisində əsas yeri torpaqlarda qida elementlərinin (N, P, K və mikro gübrələr qarışığı) səpin qabağı balansı, torpağın meliorativ vəziyyəti (şor duzların miqyası və stratiqrafik yayılması), drenaj durumu, növbəli əkin layihəsinin olması, aqronomik qulluq, o cümlədən, vegetasiya suvarmanın həyata keçirilməsi tutur.
Mil-Qarabağın mərkəzi, Muğan-Salyan düzünün bütün hissələri, Şirvanın mərkəz və cənub-şərq hissəsində yayılmış genetik baxımdan münbitlik əlamətli boz-qəhvəyi, çəmən boz-qəhvəyi, boz, çəmən-boz və qismən də olsa qədimdən suvarılan çəmən-boz torpaqların yuxarıda göstərilən bölgələrin ərazisində yayılmış hissələrində müvafiq olaraq 9,6, 20,6 və 17 faizi zəif, orta, şiddətli və çox şiddətli dərəcədə şorlaşmışlar. Hətta son 10-15 ildə aparılan tədqiqatlardan məlum olmuşdur ki, həmin bölgələrdə yerli və qlobal formada iqlimdə istiləşmənin yüksələn xətlə davam etməsi ilə yağıntıların azalması, torpaqdakı məhsuldar rütubətin buxarlanmasının intensivləşməsi ilə torpaqların kökyanı qidalanma qatında toplanmış suda asan həll olunan və taxıl bitkilərinin normal inkişafına mənfi təsir göstərən zərərli düsturların torpaqların səthində akkumulyasiya olunması ilə əvvəlcə şiddətli, çox şiddətli şorlaşma və nəhayət şoranlaşma prosesi baş verir ki, bununla da həmin ərazilərdə səhralaşma kimi barsız və canlı aləmə məhvedici təsir göstərən landşaftın formasının yaranma ehtimalını artırır. Əgər iqlimdə istiləşmə göstərilən sürətlə davam etsə, həmin bölgələrin şərq yarısında şoranlı səhra landşaftının yaranması ehtimalını gücləndirir. Ona görə də, bu halda nə etməliyik ki, gələcəkdə torpaqlarda şoranlı səhralaşmanın qarşısının alınması üçün tutarlı tədbirlər götürülsün? Bu suala cavab verilməsindən əvvəl onu qeyd etmək lazımdır ki, taxılçılığın, xüsusən, buğda və arpa əkiləcək həmin sahələrdə yüksək məhsul əldə edilməsində ərazinin ekoloji durumuna uyğun olaraq torpağın kökyanı qidalanma qatında məhsuldar rütubətin miqdarı, illik yağıntıların göstəriciləri (qar, yağış, hava nəmişliyinin kondensasiyası) nəzərə alınmaqla minimum 5000 m3 vegetasiya suyuna ehtiyacı vardır. Əgər taxılçılığın inkişaf etdirilməsi nəzərdə tutulan ərazilərin hər hektar əkin sahəsində torpaqların həmin qatında göstərilən miqdarda rütubət yaradılarsa, taxıl zəmilərinin hər hektarından orta məhsuldarlıq digər məhsuldarlığa nisbətən təsiri olan aqronomik təmrinlərə əməl olunmaqla 50 sentnerdən yüksək olması çoxsaylı elmi-təcrübi tədqiqatlarla məlum edilməsidir. Əminliklə demək olar ki, buna Azərbaycan ərazisinin daxil olduğu subtropik iqlim şəraiti 100 faiz zəmanət imkanı verir. O ki qaldı qoyulmuş suala cavaba, onu demək olar ki, respublikamızın bu bölgələrində şoranlaşmış səhra landşaftının yaranmasının qarşısının alınmasında indiki dövrdən yerli şəraitə uyğun çoxsaylı və çoxtərəfli tədbirlər kompleksi hazırlanmalıdır. Onlardan ən əsasları aşağıdakılardan ibarətdir:
- şorlaşmanın intensivləşməsi gözlənilən sahələrdə əsaslı örtülü drenaj sistemi yaratmaq;
- suvarma suyuna qənaət məqsədilə əsaslı aqrotexniki yolla quru meliorasiya tədbirlərini hazırlayıb həyata keçirmək;
- növbəli əkin layihələri hazırlayıb həyata keçirmək;
- suvarma şəbəkələrinin hər iki tərəfində suqoruyucu meşə zolaqları salmaq;
- tarlaqoruyucu meşə zolaqları salınmasını həyata keçirmək;
- şum qabağı əkin sahələrinə normaya müvafiq hər 3-5 ildən bir yüksək (50 t/ha) dozada samanlı peyinin verilməsini həyata keçirmək;
- quraqlığa davamlı taxıl (buğda, arpa, qarğıdalı) sortlarının yaradılması probleminin həlli məsələsinin seleksiyasını tədqiqatçıların qarşısında qoymaq;
- minerallaşmış drenaj sularını təkrar suvarma dövriyyəsinə daxil edilməsi üçün su şirinləşdirici (mexaniki, fiziki, heliotermiki) qurğuların yaradılması;
- hər 3-5 ildən bir torpaqların kökyanı qidalanma qatında qida maddələrinin ehtiyatının öyrənilməsi üçün iri miqyaslı tədqiqatların aparılması ilə əsas qida maddələrinin balansının təyin edilməsi;
- əkin sahələrinə aparılan tədqiqatların nəticələrinə və taxıl bitkilərinin tələbinə müvafiq qaydada mineral gübrələrin verilməsini təşkil etmək;
- torpaq sərvətindən səmərəli istifadə edilməsində mühüm məsələlərdən biri hesab olunan ərazinin mühəndis quruculuq təhcizatının (təsərrüfat-təşkilat) təşkil edilməsi.
Əminliklə demək olar ki, yuxarıda göstərilən kompleks tədbirlərin hazırlanıb həyata keçirilməsində belə bir ciddi çətinlik meydana gəlməz. Bununla belə təkrarən qeyd etmək istərdim ki, taxılçılıqda daimi yüksək məhsuldarlığın əldə olunmasında ən ümdə amil torpağa yüksək səviyyədə ekoetik münasibətin yaradılması hesab olunur.
Nəzəri olaraq aqronomik metodlara əsaslanaraq əkin dövriyyəsinə daxil ediləcək 190 min hektar torpaq sahəsindən növbəli əkinin tətbiq olunması ilə ildə ən azı ümumən 567 min ton taxıl (qarğıdalısız), 365,9 min ton isə çoxillik yem bitkisi istehsal etmək olar. Həmin göstəricilərin hər il əldə olunmasına nail olmaq üçün torpağın hər hektarına orta hesabla qida maddələrinin torpaqdakı balansı və bitkilərin tam tələbinə müvafiq üzvi və mineral gübrələrin verilməsi labüddür. Hesablamalar nəticəsində məlum edilmişdir ki, payızlıq buğdanın 1 hektarından yığılan 30 sentnerdən və 65 sentner küləş məhsulu ilə təxminən 85 kq N, 40 kq, P2O5 və 80 kq K2O gübrələri aparılır. Ona görə də, taxılaltına verilən gübrələrin dozasını təyin edərkən torpaqdan məhsulla aparılan gübrələrin həmin göstəriciləri nəzərə alınmalıdır. Torpaqda azot, fosfor və kalium kimi qida elementlərinin miqdarı barədə gübrələnmədən əvvəl məlumat əldə olunmalıdır ki, torpağa verilən mineral gübrələrin dozalarının təyinində dəqiqlik gözlənilsin.
Taxılçılığın inkişafı üçün ayrılmış torpaq sahələrinin münbitliyinin qorunması və məhsuldarlığının stabilləşdirilməsində mühüm şərtlərdən biri də hər 5 ildən bir əkin dövriyyəsinin daxil edilmiş torpaq sahələrində iri miqyaslı aqrokimyəvi tədqiqatların aparılması ilə torpaqların qida (N, P, K və mikroelementlər) maddələri ilə təmin olunma, eləcə də, şorlaşmanın dinamikasının gedişinin nəzarətdə saxlanması üçün şorlaşma kartoqramlarının tərtib edilib onlara aid izahat vərəqələrinin yazılmasıdır.
Belə çox vacib işlərin görülməsi üçün yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyinin taxılçılıqla məşğul olan müəssisə və fermer təsərrüfatları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdindəki müvafiq struktur qurumları arasında təsərrüfat müqaviləsi bağlanılsın. Ona görə ki, DTXK-nın nəzdində yuxarıda göstərilən vacib problemin müsbət həll olunması ilə məşğul olan yüksək səriştəli mütəxəssislərlə təchiz olunmuş qurumlar mövcuddur.
Əgər yuxarıda göstərilən qurumlar arasında bu səpkidə qarşılıqlı mübadilə əsasında tədqiqat işləri görülsə, əminliklə demək olar ki, tarlalarımızdan yüksək taxıl məhsulu əldə etməklə bu qiymətli ərzaq bitkisi ilə respublika əhalisi həm tam təmin olunar, həm də xarici bazarlara taxıl ixracı imkanı yarana bilər.
Q.Ş.Yaqubov
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Torpaqşünas ekoloq,
aqrar elmləri fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 1352 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30