Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Süngü kimi iti, sünbül kimi ətirli...

Süngü kimi iti, sünbül kimi ətirli...

17.02.2022 [10:32]

Düz tapdınız. Söhbət QƏLƏMdən gedir. Həm də hər qələmdən yox, poetik söz yaratmaq istedadına malik olan QƏLƏMdən, yəni şair qələmindən gedir; üstəlik, illah da ki, bu şair sıradan biri deyil, Xalq şairi ola...

Doğrudur, mənim kimi nəverim şairlər bir yana, ancaq söz əsil şairdən qorxur. O şairdən ki, böyük Şəhriyar onun haqqında demişdi: “Şair ola bilməzsən, anan doğmasa şair...”

Söz niyə şairdən qorxur? Ona görə ki, şair sözün “canını alır”, yəni şirəsini çəkir; çəkir ki, öz ecazkar qələmi ilə onu bala çevirib insanlara qaytarsın, onların ruhunu oxşasın, həm də adam olmağa səsləsin. Bəli, şairin qələm-arısından başqa kimin hünəridir ki, adi çiçəkdən - yüz minlərlə sözdən bal düzəldib möhtac ürəkləri və beyinləri qidalandırsın?

Ona görə söz əvvəlcə şairdən qorxur ki, “görəsən bəlalı başıma nə oyun açacaq? Canımın şirəsini, məna və məzmununu olduğu kimi anlayıb anlada biləcəkmi?”

Ver sözə ehya ki, tutduqca səni

         xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz!

“Sözə ehya vermək” cansız bir sözü diriltmək, ona can vermək hər söz sənətkarınınmı işidir? Əsla! Bu, olsa-olsa, analarının şair doğduğu insanların qismətinə düşən tanrısal bir paydır... Və nə yaxşı ki, Ulu Tanrı bu qibtəediləcək paydan Azərbaycan torpağına bol-bol bəxş edib.

Yox, məsələ nə ölçüdə, nə qafiyədə, nə də başqa bir formallıqdadır! Məsələ məhz sözün canını alıb, ona ikinci - əbədi can verməkdədir! Necə ki, ölməz Dədəm Qorqud vermişdi, necə ki, dahi Nizami Gəncəvi vermişdi, necə ki, böyük Məhəmməd Fuzuli... vermişdi.

2500 il bundan öncə bütün dünya filosoflarının babası dahi Aristotel deyirdi ki, poeziya tarixdən daha ümumi və fəlsəfidir; çünki tarix baş vermiş hadisələrdən, poeziya isə baş verə biləcək hadisələrdən bəhs edir... Herodotun tarixini şeirlə yazmaq olar, ancaq bu onu poetik əsər etməyəcək...

Poeziyanın cəmiyyət üçün, dünya tarixi üçün hər zaman gərəkliliyi və aktuallığı da elə bununla şərtlənir. Və hər bir ölkənin, xalqın tarixində elə möhtəşəm hadisələr olur ki, əsil şairlər, xalq şairləri bunlardan ilham alır, bunlara ölməz əsərlər həsr edirlər.

2020-ci ilin 44 payız günü də Azərbaycanın çoxminillik tarixində məhz belə tayı-bərabəri olmayan möhtəşəm hadisədir və əli qələm tutan, sözə gücü çatan hər kəsin bu hadisədən ilhamlanıb yazmaması sadəcə mümkün deyil!

Ancaq yazmaq da var, yazmaq da! Elə yaza bilərsən ki, qısaca bir şeiri oxuyub başa çatmağa adamın hövsələsi çatmaz. Elə də yaza bilərsən ki, oxuduqca oxumaq istərlər, bir mənəvi qida kimi ondan bir dürlü doymaq mümkün olmaz!

Bax, elə Azərbaycanın Xalq şairi Vahid Əzizin “Param-parça illər” kitabında toplanmış şeirlər kimi...

“İllər nə səbəbdən param-parça olur” və Vahid Əziz bunu necə mənalandırır? Bu sualın cavabını əsərdə yer almış poetik nümunələri oxuyarkən tapmaq olur. Ancaq ilk baxışdan belə təəssürat yaranır ki, “param-parça olan illər”in hər parçası şairin kitabında bir qəlpəyə çevrilib top mərmisi kimi düşmənin başına yağıb, eyni zamanda, soydaşlarının otuzillik yarasına məlhəm qoyub. Bu “qəlpələrdən” ən böyüyü 2020-ci ilin noyabr-dekabr aylarında qələmə alınmış “Heyrət səcdəsi” poemasıdır ki, sözümüzü də elə ondan başlamaq istərdik.

Cəmi 11 səhifədən ibarət olan bu həcmcə kiçik, ancaq məna siqlətinə görə dolğun poemanı bir növ Vətən müharibəmizin və Qələbəmizin bədii-poetik xronikası da adlandıra bilərik. Bəli, “bədii-poetik” ona görə dedik ki, bu, doğrudan da sadəcə tarix kimi olmuş hadisələrin təsviri ilə kifayətlənmir, onları mənalandırmaq yolu ilə həm də yaxın gələcəyimizə işıq salır, bu arzuların işığında labüd gerçəkliklərin baş verəcəyini müjdələyir, tarixin namərdliyi üzündən minillərlə yaşadıqları ana torpaqdan, yurddan pərən-pərən düşmüş Zəngəzur türklərinin ana yurda qayıtması xəbərinin bir xəyal, illüziya olmadığı fikrini inamla səsləndirir:

Bir onu da görəydim -

O gözəl gün gələydi.

Dərələyəzdən axan

Arpaçay da beləydi...

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin poetik siyasətin gücü ilə müəyyənləşdirdiyi “Şərqi Zəngəzur” iqtisadi rayonu bu gün şairlərin dilində, sabah isə gerçəkdən də Qərbi Zəngəzurla birləşəcək, bölünmüş Vətən öz vəhdətinə qovuşacaq və Vahid Əziz də bu gün bu müjdəni poetik təxəyyülün gücü ilə bizə çatdırır.

Şair sözünün gücü ilə, sənətkar təxəyyülünün qanadlarında inanırsan ki, “o gözəl gün” gələcək, kobud erməni adlarından qulaqları yağır olmuş doğma el-obaya ahəngdar, axıcı doğma türk adları qaytarılacaq. Axı tarixdən fərqli olaraq, poeziya olub-bitmiş şeylərdən deyil, ola biləcək hadisələrdən bəhs edir və bununla da öz oxucusuna qol-qanad vermiş olur, onu şirin umudlara səsləyir.

“Param-parça olmuş illərin” qəlpələrini bir yerə toplayan, onu tariximizə qovuşduran 44 gün poetik obraza çevrilir, öz unikallığı ilə minillik Azərbaycan poeziyasında handabir poetik obrazla yarışa girə bilir. Vahid Əzizin poeziyasında bu obraz özünün poetik təcəssümünü bax, belə tapır:

Bu zəfər millətin altun tacıymış,

Qələbə yetişdi Qırx dördcə gündə,

həm “savaş xəmiri” çox acıyıbmış,

millət müharibə “acıymış” həm də...

Əlamətdardır ki, noyabrın 8-də - Qələbə günündə yazdığı “Qələbə!” şeirində Vahid Əziz bu Qələbəni həm millət-rəhbər birliyinin, həm də Vətən tarixinin kəsilməzliyinin rəmzi kimi mənalandırır:

Qəhrəman ordumuz düşməni yıxıb,

Zamanın məkrinə tabe olmadıq.

Biz - həm sələflərin borcundan çıxıb,

Həm də varislərə borclu qalmadıq!

Çağdaş poeziyamızda Qələbə mövzusunun başlıca aparıcı obrazlarından biri - heç şübhəsiz ki, Bayraq obrazıdır və Vahid Əzizin də kitabda bu obraza müxtəlif rakurslardan geniş yer verməsi heç də təsadüfi sayılmasın gərək. Milli Bayrağımıza həsr edilmiş xüsusi “Bayraq” şeiri bu baxımdan xarakterikdir və dövlətimizin bu müqəddəs atributu ən zəngin və dərinmənalı bədii təyinlərlə poetik səxavətlə, qızırqalanmadan bəzədilmişdir:

Mərdlər qatilidir Azadlıq sanki,

Bu yolda igidlər qıyar canına,

Yurdumun üçrəngli Bayrağındakı

Hilal işıq salar Şəhid qanına.

Şairin poetik təqdimatında Bayraq - adicə rəngli qumaş parçası deyil, daha çox mifik-mistik məna çaları daşıyan bir milli dövlətçilik atributu, şanlı tariximizin bizə ərməğan etdiyi fəxarət və vüqar rəmzidir:

Mehlərdə mehriban, tufanda qıvraq,

Döyüşdə - öndəki Bayraqlar olur.

Rəssam işi deyil Bayraq yaratmaq,

Millətin ruhundan Bayraq doğulur.

Ancaq Bayrağı da hərəkətə gətirən, canlandıran təkcə sancıldığı Vətən torpağının mehi, rüzgarı, tufanı deyil, Bayraqla bir növ simbioz təşkil edən Bayraqdardır.

Vahid Əziz poeziyasında sözün müstəqim mənasında Bayraqdar - Vətənin müqəddəs Bayrağını murdar yağıdan xilas edilmiş Vətən torpağına sancan döyüşçü obrazı yoxdur. Onun da funksiyasını öz üzərinə məhz hücum əmri verən Müzəffər Ali Baş Komandan götürür.

İllərlə qəzəbin Vətən kiridib,

Bu dəfə dözməyib zireh geyindi.

Ali Baş Komandan göstəriş verib -

Ordular Rəhbərin diliylə dindi.

44 günlük Vətən müharibəsinin başlanmasından bir ay öncə qələmə alınmış “Tarix dərsi” şeirində yenə də Bayraq obrazına müraciət edən şair, dahi F?zulinin layiqli xələfi kimi çıxış edərək, qisas vaxtının artıq çoxdan yetişdiyini elan etməklə Füzulinin “Hədiqətüs-süəda” dastanında özünə yer tutmuş aşağıdakı dördlüyü sanki iqtibas etmiş olur. Füzuli sevə-sevə şəhadətə gedən qəhrəmanının dili ilə belə yazır:

Zillət ilə ləzzəti olmaz həyatın, dustlər,

Nəqdi-can sərf eyləyib dünyada kam almaq gərək!

İczilə dönmək ədudan səhldir, hümmət tutub,

Ya şəhid olmaq gərək, ya intiqam

almaq gərək!

500 ildən sonra Xalq şairi Vahid Əziz öz dahi sələfinin ölməz misralarındakı çağırışın səsinə belə səs verir:

Bu sürünmək, bu ağlamaq - cinayət!

Öndə gedib Bayraq olmaq gərəkmiş.

Qaniçənlə mehribanlıq - xəyanət,

Düşmənindən qisas almaq gərəkmiş!

Kitabdakı hücum, axın, qarşısıalınmaz qüvvənin düşmən üzərinə şığımasına həsr edilmiş şeirlər öz ruhu etibarilə:

Dəlilərim, bu gün dava günüdü,

Leş leşin üstünə qalanmaq gərək! -

Deyə hayqıran Koroğlu nərəsini xatırladır: ancaq bu nərə tarixi-mifik Koroğlunun ağzından deyil, qarı düşməni, müxənnət yağını (müxənnət - “Koroğlu” dastanında qadın xislətli kişi cinsindən olan düşmənə verilən ümumi addır) atdöşü eləyib, murdar mağarasınadək “it kimi qovan”, onun “belini qıran” Müzəffər Ali Baş Komandanın düşmən qulağını kar eləyən yenilməz hayqırtısı-nərəsidir:

Qarabağ hər zaman olub bizimki,

Sındırın belini yağı düşmənin,

İzini torpaqdan elə silin ki,

Çıxsın ürəklərdən dağı düşmənin.

Vahid Əziz yaradıcılığında mahnı janrının da xüsusi yeri vardır və indiyə qədər onun axıcı, rəvan, ürəyəyatan, dərin mənalı və obrazlı sözlərinə yazılmış mahnılara bu gün də sevə-sevə, məmnuniyyətlə qulaq asır, onların poetik-estetik təsirindən həzz alırıq.

Poetik dilinin və üslubunun axıcılığına və rəvanlığına görə Vahid Əzizin əksər şeirləri mahnı mətninə bənzəyir. Ancaq kitabda elə şeirlər də var ki, müəllif onları məxsusi olaraq mahnı mətni kimi düşünmüş və janrını da bu cür qeyd etmişdir. Bunlara örnək olaraq “Qəhrəman Tərtər” şeirini göstərə bilərik.

Onu da qeyd edim ki, bu gəraylı 44 günlük müharibədən xeyli əvvəl - 2008-ci ilin iyun ayında yazılmışdır. Ancaq burada bizi maraqlandıran məsələ ondadır ki, Tərtərə əsas namərdcəsinə hücum, bu məğrur şəhərə yüzlərlə raketin, bombanın atılması 44 günlük müharibə dövründə baş vermişdi və bu görünməmiş vandalizmə sinə gərən Tərtər doğrudan da qəhrəmanlıq göstərmişdi; necə ki, eyni qəhrəmanlığı Gəncə göstərmişdi, Bərdə göstərmişdi.

Tarixdən məlumdur ki, qardaş Türkiyədə istiqlal savaşı dönəmində xüsusi igidlik göstərmiş şəhərlərin adlarına “qazi”, “qəhrəman” sözləri əlavə edilərək onlara xüsusi status verilmişdi. Məsələn, “Qaziantep”, “Kahramanmaraş” və s.

Göründüyü kimi, 44 günlük Vətən müharibəsindən hələ 12 il öncə Xalq şairi Vahid Əziz özünəməxsus şairlik uzaqgörənliyi ilə Tərtərə qəhrəman statusu vermiş və buna xüsusi mahnı sözləri də həsr etmişdi:

Qəhrəmanlar sırasında

Yeriməyə haqqın var.

Şəhidlərin yarasında

Məhəbbətin, adın var.

Bircə qarış torpağını

Düşmənə təslim etmədin.

Tərtər, səni oğlun, qızın

Dar gündə atıb getmədi.

Yadlara torpaq olmadı

Bərəkətli torpaqların,

Mərmilərə əyilmədi

Mərd, döyüşkən övladların.

Məlum olduğu kimi, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində də faşistlərə xüsusi müqavimət göstərmiş Sovet şəhərlərinə “qəhrəman şəhər” statusu verilmişdi və bu siyahıda faşizm üzərində qələbədə özünün aviabenzini və cəsur övladları ilə müstəsna rol oynamış Bakının adı olsa da, Moskvadakı ermənilər layiq olduğu adın ona verilməsinə həmişəki iyrənclikləri ilə mane olmuşdular. Ulu Dədəm Qorqud nahaq yerə demirdi ki: “Qarı düşmən dost olmaz!”

Vahid Əzizin poetik dili, obrazları da orijinaldır, təkraredilməzdir və bu baxımdan onun fərdi üslubu oxucuya xoş gəlir, onun könlünü alır, ruhuna sığal çəkir, eyni zamanda, təxəyyülünü qanadlandıraraq, düşüncələrinə qida verir.

Bu mülahizələri əyani örnəklərlə illüstrasiya etmək üçün yazımın əvvəlində adını çəkdiyim “Heyrət səcdəsi” poemasının poetik mətninə bir daha qayıtmaq istərdim.

Hər şeydən öncə onu qeyd edim ki, böyük sələfləri Nizami, Nəsimi, Füzuli, Sabir... kimi Vahid Əziz də şeir yazarkən söz üçün lüğətə baxmır, qafiyə axtarmır, əksinə, sözlər sanki özləri onun qələminin qarşısında növbəyə düzülür, bəzən irəli keçmək üçün basabas da salırlar. Bu onu göstərir ki, bu şair dilin zənginliyinə, poetik imkanlarına mükəmməl şəkildə yiyələnib və bu imkanlardan maksimum şəkildə yararlanmaq bacarığına malikdir.

Vahid Əzizin poetik sözünün polisemantizminə aid bir neçə örnəklə fikrimi bitirmək istəyirəm.

Çəkib ağıl aparar

Çeşmə çaya axanda,

gözlər dalınca axar

heyran-heyran baxanda.

Bu bənddə şair suyun axmağı ilə onun ardınca baxan gözün axmağı arasında maraqlı bir paralel yaratmağa nail olmuşdur.

Yaxud, “yemək” feili daha çox qidalanmaq mənasını verir, ancaq bir də var “gözün yeməsi”, yəni ilk baxışdan düşməni məğlub edəcəyinə əmin olmaq və Vahid Əziz bu xalq ifadəsindən çox ustalıqla bəhrələnmişdir:

Daha kimi desən “gözümüz yeyər”,

Fələk də qudursa, sındıracağıq,

səbrimiz genişdir qəlbimiz qədər,

yıxıb başa salıb qandıracağıq!”

Vahid Əzizin sənətkarlığı və bədii dil xüsusiyyətləri ayrıca bir tədqiqatın mövzusu olduğundan, hələlik bu qısa qeydlərlə kifayətlənmək istərdik.

Teymur KƏRİMLİ

Paylaş:
Baxılıb: 909 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30