Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Fransızlar “küçə jarqonlu prezident”i qəbul edirmi?

Fransızlar “küçə jarqonlu prezident”i qəbul edirmi?

19.10.2022 [12:17]

Makronun erməni sevgisi siyasi nəzakət prinsiplərini gözləməyə imkan vermir

Pərviz SADAYOĞLU

Fransa prezidenti Emmanuel Makronun Rusiyanı və Azərbaycanı hədəfə alaraq açıq ermənipərəst mövqedən çıxış etməsi beynəlxalq hüquqa arxa çevirməkdir. İllərlə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini, təcavüzü kənardan izləyən Fransa ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçi “missiya”da çıxış edib. Amma rəsmi Paris 28 il ərzində mövcud münaqişənin həllindən başqa hər işlə məşğul olub - status-kvonun qorunmasına xidmət göstərib, işğalçı tərəfi dəstəkləyib. Öz müsahibəsində “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir” frazasını işlətməklə isə Fransa prezidenti növbəti dəfə özünü ifşa edir - 30 ilə yaxın işğal siyasəti yürüdən, post-müharibə dövründə törətdiyi təxribatlarla yüzlərlə günahsız insanın ölümünə səbəb olan bir dövləti dəstəkləyənlərin demokratiyadan, plüralizmdən və insan hüquqlarından danışmağa mənəvi haqqları çatmamalıdır. 30 il Azərbaycan torpaqlarının işğalını “görməyən” Makron faktları təhrif edərək, Azərbaycanın “sərhəd boyu” bir neçə yerdən Ermənistana qarşı hücuma keçdiyini iddia edir və “erməniləri tək buraxmayacağıq” deyir. Fransa 30 il işğalçı ölkəni dəstəkləməklə onu “tək” buraxmayıb. Digər tərəfdən, Makron Ermənistan ilə Azərbaycan arasındakı sərhədi nə vaxt delimitasiya edib, onun xəttlərini müəyyənləşdirib? Demək ki, məqsəd yalan və qərəz əsasında ölkəmizin haqlı mövqeyini hədəfə almaqdır.

Fransa əlacsız qalıb - Minsk qrupu yoxdur

Açıq şəkildə ermənipərəst mövqe sərgiləyən Fransa prezidentinin bu fikirlərinin nəyə hədəfləndiyi bəllidir. Artıq uzun illərdir ki, Fransada kök atmış erməni lobbisinin dəstəyini almaq üçün ermənilərin bütün vəhşiliklərini görməzdən gəlməyə çalışan bu    öz “ənənəsinə” sadiqdir. Vaxtilə ATƏT-in Minsk qrupunun üzvü kimi də Fransa işğala məruz qalandan çox işğalçının yanında yer alırdı. Makronu bu qədər “açıq dəstək” göstərməyə məcbur edən fakt isə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsidir. Eləcə də, post-müharibə dövründə, sülh prosesində ölkəmizin aşkar üstünlüyü, şərtlərin bizim tərəfimizdən diqtə edilməsi, beynəlxalq aləmin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi Fransanı bu cür ucuz “təbliğata” sövq edib. Digər tərəfdən, bir zamanlar “vasitəçi” rolunda da olsa Ermənistana yardım edə bilirdisə, artıq Fransa bu imkanını itirib. Müharibənin bitməsi münaqişəyə son qoyub və ATƏT-in Minsk qrupunu tarixin arxivinə yollayıb. Beləliklə də, Fransa regiona müdaxilə etmək üçün bu kimi özünüifşalara imza atır. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da bildirmişdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur: “Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.

Makronun küçə leksikonu

Ən maraqlı nüans isə Fransa kimi bir dövlətin başçısının öz nitqində küçə leksikonundan istifadəsi faktıdır. Özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının keşikçisi adlandıran, yüksək mədəni inkişafdan danışan bir dövlətin başçısının erməni maraqları üçün küçə jarqonlarına “müraciəti” onların əsl simasını üzə çıxarır. Makronun siyasi prosesləri özünəməxsus şəkildə “oyun” adlandırması da onun nə qədər “ciddi siyasətçi” olduğunu bir daha aydınlaşdırır. Bu cür siyasi ritorika isə yaxşı heç nə vəd etmir - tam əksinə, Makronun qeyri-siyasi nitqi, yalanları, qərəzi digər ölkələrin Fransaya olan münasibətinin köklü dəyişməsinə səbəb olur. Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildiyini bildirən Azərbaycan Prezidenti bununla bağlı deyib: “Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

Fransa obyektiv deyil

Fransanın bu qeyri-obyektiv münasibəti dünyanın bir sıra dövlətləri tərəfindən qınanır. Məsələn, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib ki, təəssüf ki, Fransa obyektiv ola bilmir. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərini şərh edən nazir söyləyib: “Biz də Rusiya ilə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: “30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.

O qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan torpağıdır. “Cənab Əliyev (Prezident İlham Əliyev) Makronun təklifini qəbul etdi və Praqada dördtərəfli görüş keçirildi. Bildiyim qədəri ilə, hətta bu iclası da Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq elə bir Azərbaycan yoxdur, Azərbaycan öz torpaqlarını işğaldan azad edib”, - Çavuşoğlu qeyd edib.

Fransaya keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır

Məsələyə Rusiya tərəfi də kəskin reaksiya verib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” hesabında bildirib ki, Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur. Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır: “Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb”.

“İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C’est une honte) ayıb olsun, cənab prezident!”, - Medvedev hər iki dildə vurğulayıb. “Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qan su yerinə axdı. Makron özü bir vaxtlar Afrikada Tutsi soyqırımına görə üzr istəyib. Bu tayfada insanların başları kəsildi və kəndlər tamamilə məhv edildi. Quyular cəsədlə dolu idi. Fransa hökumətinin illər boyu siyasəti “parçala höküm sür” olub”,- deyə Medvedev əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Kreml E.Makronun Rusiyanın guya Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etməsi ilə bağlı açıqlamalarını kobud və qətiyyən qəbuledilməz hesab edir. Bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı siyasi xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən danışır və onun ölkəsinin bölgədə konstruktiv rol oynaya bilməsini şübhə altına alır. “Hətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə töhfə verib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasında ölkəmiz həlledici rol oynayıb. Parisin Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və yalnız Fransanın regionda nüfuzunun daha da azalmasına gətirib çıxaracaq”, - deyə Zaxarova bildirib.

“Makron öz fikirləri ilə Azərbaycanın tarixi qələbəsinə qarşı ciddi təxribatlara cəhd edir”

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elşad Mirbəşir isə ATƏT-in Minsk Qrupunun münaqişənin tənzimlənməsi üçün deyil, idarə olunması üçün yaradıldığını bildirib. Onun sözlərinə görə, bunu biz Minsk Qrupunun fəaliyyətində hər zaman müşahidə etmişik: “Minsk Qrupu fəaliyyətdə olduğu müddətdə münaqişəni bəlli maraqlar çərçivəsində idarə edib. Bu maraq əsasən Ermənistanın işğalçılıq siyasətinə leqallıq donu geyindirməkdən ibarət olub. Fransa Prezidenti Emmanuel Makron öz müsahibəsində bunu açıq etiraf etdi. Makron öz fikirləri ilə göstərdi ki, Azərbaycanın tarixi qələbəsinə qarşı ciddi təxribatlara cəhd edir. Bu təxribatların başqa xarakter alma ehtimallarını nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən, Makron aşkar büruzə verdi ki, Qərb Rusiya ilə münasibətlərini həm də Cənubi Qafqazda həll etmək niyyətindədir. Bu da bütövlükdə regional təhlükəsizliyə qarşı ciddi qəsd cəhdidir. Makronun bu mövqeyinə qarşı sərt ictimai qınağın da sərgilənməsi çox vacibdir”.

“Əsas məqsəd nə qədər mümkünsə sülh prosesini ləngitmək və uzatmaqdan ibarətdir”

Milli Məclisin deputatı Rauf Əliyev isə qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən ötən 23 ay ərzində məğlub Ermənistanın sülhdən yayınmasının bir səbəbi də Fransanın pozucu fəaliyyətidir. Ordusu demək olar ki, tamamilə dağılan məğlub ölkə sülh müqaviləsini imzalamaqdan yayınır. Müəyyən qüvvələr Ermənistanı bu yola təhrik edirlər. Bu qüvvələrin başında Fransa durur: “Fransa prezidenti Emmanuel Makron bu məsələdə xüsusi canfəşanlıq göstərir. Fransa Prezidenti bu dəfə zərbənin istiqamətini dəyişərək Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib. Makron “Fransa 2” telekanalına müsahibəsində Rusiyanı Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü şəkildə təhrik etdiyini bildirib. Ölkəmizə qarşı öz ermənipərəst mövqeyi ilə digərlərindən daha irəlidə gedən Fransa Prezidenti Azərbaycanı Ermənistana hücum etməkdə ittiham edib. Bütün bunlar deməyə əsas verir ki, Fransa rezident Makron başda olmaqla,   uzun illər Azərbaycana qarşı apardıqları antiazərbaycan siyasətindən əl çəkməyiblər. Əsas məqsəd nə qədər mümkünsə sülh prosesini ləngitmək və uzatmaqdan ibarətdir. Ancaq Fransa bu məqsədinə çata bilməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirtdiyi balanslaşdırılmış müdrik siyasət tezliklə Azərbaycan-Ermənistan arasında gözlənilən sülh müqaviləsinin bağlanmasına şərait yaradacaq”.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31