Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan-İtaliya münasibətləri...

Azərbaycan-İtaliya münasibətləri...

06.09.2022 [09:51]

Strateji tərəfdaşlıq səviyyəsindədir

İki ölkə arasında əlaqələr davamlı olaraq inkişaf edir

Nardar BAYRAMLI

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.

Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət kəsb edir.  Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və  Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşlərdə  ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Bundan başqa, dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılıb. Eyni zamanda, cənab Prezidentin iştirakı ilə İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Dövlətimizin başçısı iki ölkə arasındakı təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.

Sentyabrın 2-də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirakı da böyük əhəmiyyət kəsb edir. Belə ki, dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə bu beynəlxalq forumda iştirak edib. Bu fakt Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. 1965-ci ildən fəaliyyət göstərən “The European House - Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House - Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, yəni bu göstərici 9 milyard ABŞ dolları səviyyəsində olub. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi zamanı iki ölkə arasında tərəfdaşlığın uğurla həyata keçirildiyini bildirib. İkitərəfli gündəliyin əsas hissəsini enerji və ticarət təşkil etsə də, bunlar yeganə mövzular deyil. “Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Azərbaycan həmin günlər ərzində kimin haqqın, ədalətin, kimin isə ədalətsizliyin yanında olduğunu görmüş oldu. Bunun da nəticəsidir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkələrin şirkətləri iştirak edir. İtaliya şirkətləri də bu sıradadır. Belə ki, artıq bu ölkənin bir sıra şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak edir. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, “Azərenerji” ASC-nin və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz “Ansaldo Energia” şirkətinin üzərinə düşüb. Prezident İlham Əliyev müsahibəsində bununla əlaqədar qeyd edib: “İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib”.

Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq güclənir.  

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31