Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi...

Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi...

20.01.2015 [09:28]

Sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən 20 Yanvar faciəsindən 25 il ötür
20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Bu həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir. SSRİ-nin çöküş ərəfəsində olduğu bir zamanda xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, SSRİ-nin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.
20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır
Bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
Antimilli qüvvələrin xəyanətkar mövqeyi: 20 Yanvar faciəsinə laqeyd və qərəzli münasibət
Bu faciənin törədilməsindən sonra müşahidə olunan ən dəhşətli faktlardan biri o zamankı Azərbaycan rəhbərliyinin xəyanətkar, antimilli mövqeyi oldu. O zaman ölkəyə “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha bunu sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayırlar və xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirlər. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Nə qədər ikrah hissi oyatsa da, bu, bir həqiqət idi ki, o zamankı respublika rəhbərliyi, hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lüzum bilməmişdi.
Bu hadisələrdən sonra xalqımız daha bir acınacaqlı gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü ortaya çıxmışdı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başlamışdı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdilər. Beləliklə, faciədən uzun müddət keçsə də, SSRİ tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən ölkəmizdən çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən, mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və buna dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı, əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə faciənin müsibətlərini xalqımıza unutdurmağa çalışdı. Xalqın taleyi üçün məsuliyyət daşımalı olan kəslərin bu cür biganəliyinə xəyanətdən başqa bir ad vermək olmaz. Azadlıq və mübarizə yolu 20 Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi səciyyələndirilməlidir.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verildi
Amma bütün bunlara baxmayaraq, Ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.
Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi: “Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, Sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək və insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin”.
Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir: “Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı Sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Bunun ardınca Ulu öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə hadisəylə bağlı məktub göndərdi: “Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri onillər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Bütün bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ulu öndər Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini və o zamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi xarakterli olmasını diqqətə çatdırdı: “Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına, bəlkə də, 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.
Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
20 Yanvar faciəsi unudulmur
Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil.
Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 25 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bu tədbirlərin keçirilməsində dövlətin dəstəyi və təşkilatçılığı ilə görülən işlər danılmazdır. Təsadüfi deyil ki, 20 Yanvar hadisəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı qəbul olunan tədbirlər planında da görüləcək tədbirlər geniş əksini tapıb.
Ümumiyyətlə, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi yardım və güzəştlər edilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Sürətlə inkişaf edən respublikamızın iqtisadi gücünün, maliyyə imkanlarının artması fonunda dövlətimiz sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi və mənzil-məişət şəraitinin yaxşılaşması üçün daha böyük imkanlar yaradıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 1875 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30