Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlifba inqilabı...

Əlifba inqilabı...

01.11.2023 [10:28]

Atatürkün 95 il öncə verdiyi qərar

Türkiyənin inkişafında yeni mərhələ başlatdı

Yeganə BAYRAMOVA

Uzun illərdən bəri Qərb mədəniyyətinə heyranlıq və Avropanın üstünlüyünə inam Latın əlifbasının nüfuzunu göstərən əsas amillərdən biridir. Başqa sözlə, Avropaya mədəni inteqrasiyanın yolu həm də köhnə qitənin “yazısını oxumaqdan” keçirdi. XIX əsrin Osmanlı imperiyasında artıq Avropa təhsilli insanlar ön sıralara çıxırdılar. Hətta  1850-1860-cı illərdən bəri bütün Türk ziyalı sinfi fransız dilini bilirdi və bəzən yazışmalarında bu dilin imkanlarından kifayət qədər istifadə olunurdu. İmperiya ərazisində teleqrafın yayılması ilə Latın əlifbası və Fransız yazısı ilə formatlanmış türk “işarəliyi” gündəlik həyatın bir hissəsinə çevrilmişdi. Bu işarələrdən tez-tez Türkiyədə Bəyoğlu, Saloniki və İzmir kimi kosmopolit dairələrdə dükan nişanlarında və ticarət reklamlarında istifadə olunurdu.

XIX əsrin son rübündə İstanbul və Anadoluda yunan və erməni hərfləri ilə nəşr olunan qəzetlər və kitablar çoxalmağa başlamışdı. Bu nəşrlərin populyarlığı, türkcənin ərəb yazısından başqa yazıla biləcəyi anlayışının aşılanmasına kömək etdi. 1908-1911-ci illərdə Latın əsaslı Alban əlifbasının qəbulu və 1922-ci ildə Azərbaycanın Latın əlifbasını qəbulu Türkiyədə böyük əks-səda oyandırdı.

Sovet İttifaqındakı türk dövlətləri latın əlifbasından istifadə etdilər. Türkiyə də Türk dünyası ilə yaxınlaşmaq, ortaq bir əlifbanı istifadə üçün Latın əlifbasına keçdi. Bu gün, noyabrın 1-də Türkiyənin latın hərflərinə əsaslanan əlifbaya keçməsindən 95 il ötür. 1928-ci il avqustun 9-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Türkiyədə hərf inqilabı üçün ilk addımı ataraq, latın əlifbasına əsaslanan türk əlifbasının təqdimatını etdi. Mustafa Kamal Atatürk bütün ölkəni gəzərək yeni əlifbanı şəxsən özü təqdim edirdi. 1928-ci il 1 noyabr tarixində yeni əlifba 1353 saylı “Yeni Türk hərflərinin qəbul və tətbiqi haqqında Qanun”la təsdiqləndi. Atatürkün qurduğu dil komissiyası əvvəlcə bu işin tam gerçəkləşməsi üçün 5-10 illik keçid dövrü təklif etdi. Atatürk isə bunu rədd etdi və bu dövrü 3 aya endirdi.

Ərəb yazısı İslam mədəniyyətinin ayrılmaz hissəsi hesab olunduğu üçün bu ssenaridən imtina etmək həm də türk milli kimliyinin dünyəviləşməsi və özününküləşdirilməsi demək idi...

Prosesə Azərbaycandan başlandı...

Millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, 1928-ci ildə Atatürkün təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin latın əlifbasına keçməsi olduqca önəmli bir hadisə idi. Onun sözlərinə görə, əslində bu prosesə ilk dəfə Azərbaycanda başlanmışdı: “1923-cü ildə Azərbaycanda latın əlifbasına keçid məsələsi ilə ciddi məşğul oldular. 1926-cı ildə isə Bakıda bütün türk xalqlarının Birinci Türkoloji Qurultayı keçirildi. Atatürk də bu qurultayda qəbul edilən qərarları izləyirdi. Bununla da Türkiyə latın əlifbasına keçidin üzərində çox kəskin dayandı. Eyni zamanda, başqa türk xalqları da 1920-ci illərin sonlarına doğru qurultaydan ilhamlanaraq latın əlifbasına keçməyə qərar verdilər. Lakin Atatürk bu prosesə xüsusi diqqət yetirirdi və bir çox təbliğat vasitələrindən istifadə edirdi”.

Türkdilli ölkələrə stimul...

N.Cəfərov qeyd edib ki, bu gün türk dünyası keçən əsrin 90-cı illərinin əvvəllərindən etibarən latın əlifbasına yenidən qayıdır: “Burada artıq ən yaxşı nümunə Türkiyə əlifbasıdır. Hazırda Türkiyə Latın əlifbasına keçid üçün türkdilli ölkələrə stimul verir. Ona görə də Türkiyənin Latın əlifbasından istifadə etməsi daha dəyərli bir tarixdir. Atatürkün Türkiyənin müstəqilliyinə əsaslanaraq bu işin üzərində möhkəm dayanması yalnız Türkiyə üçün deyil, ümumilikdə, bütün türk dünyası üçün mühüm amil idi”.

Demokratiyaya gedən yol...

Yazıçı-filoloq Fəxri Uğurlunun sözlərinə görə, Latın əlifbasına keçid ilə Türkiyədə modernləşmə baş verdi. Filoloq qeyd edib ki, bu, Atatürkün Avropalaşma, Demokratikləşmə və Liberallaşma siyasəti idi: “Latın əlifbasına keçid sivil dünyaya inteqrasiya olunması və Türkiyənin Avropa ailəsinə qoşulması üçün addım idi. Baxmayaraq ki, Türkiyə o zamanlar Avropa ilə döyüşürdü, amma Atatürk böyük zəkaya malik insan idi və o, başa düşürdü ki, bu əlifbaya keçid, eyni zamanda, demokratiyaya gedən yoldur. Ona görə də qardaş ölkədə latın əlifbasına keçid zəruriləşdi. Düzdür, o zamanlar müəyyən müqavimətlər oldu, indi də bu addımı səhv sayanlar var. Ərəb əlifbasından, tarixi irsdən yayındıqlarını düşünənlər çoxdur. Bəziləri qeyd edirlər ki, latın əlifbasına keçdikdən sonra ədəbi irslərini oxuya bilmirlər, lakin bunun üçün mütəxəssislər var”.

Sivil dünyaya inteqrasiya...

F.Uğurlunun sözlərinə görə, tarix də göstərir ki, qardaş ölkənin əlifba inqilabı zəruri bir keçid idi: “Təsadüfi deyil ki, bu yol Türkiyəni dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Məlumdur ki, Türkiyə NATO-ya üzv oldu, Avropanın aparıcı dövlətlərindən biridir və Şərqlə-Qərb arasında bir körpü rolunu oynayır. Zaman Atatürkün bu islahatlarının doğru olduğu göstərdi. Çünki Latın əlifbasına keçid sivil dünyaya inteqrasiyadır və dövlətimiz də bu yolu seçib qətiyyətlə irəliləyir”.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31