Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qars müqaviləsinin imzalanmasından 102 il ötür

Qars müqaviləsinin imzalanmasından 102 il ötür

13.10.2023 [11:13]

Nardar BAYRAMLI

Bu gün Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 102 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunub. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlayıb, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapıb. Məhz bu müqavilə Cənubi Qafqazın o dövr üçün mənzərəsini açıq şəkildə ortaya qoyaraq mühüm bir tarixi mərhələ yaradıb.

Məlumdur ki, XX əsrin ikinci onilliyində baş verən siyasi-hərbi proseslər nəticəsində yeni dövlət subyektləri meydana gəlmişdi. Artıq yeni siyasi subyektlər olan Sovet respublikaları və Türkiyə arasında sərhədlərin müəyyənləşdirilməsi vacib şərtə çevrilmişdi. Yeni Sovet-Türkiyə sərhədi iki sənədlə təsdiq olunmuşdu: Moskva (mart 1921-ci il) və Qars (oktyabr 1921-ci il) müqavilələri. Birinci müqavilə yalnız Sovet Rusiyası ilə Türkiyə arasında imzalansa da, ikinci müqaviləni sovet respublikaları olan Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə nümayəndələri imzalamalı oldular.

Qeyd edək ki, 1921-ci il martın 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib. Bu müqavilələrə görə bolşeviklər Qars, Ərdahan və Artvinin Türkiyəyə qaytarılmasına razılıq verirdilər. Batumi isə muxtar vilayət və azad liman olacaqdı. Nəticədə, bolşeviklər regionun xüsusi vəziyyətini tanıdılar və Acarıstan Muxtar Respublikasını elan etdilər. Batuminin cənub sektoru Türkiyənin nəzarətində qalırdı. Türkiyə tərəfinə Batumi regionunun itirilməsinə görə də müəyyən kompensasiya verilirdi. Tuzluca və 1828-ci ildən Rusiyanın suverenliyi altında olan İğdır Türkiyəyə qaytarıldı. Beləliklə, Ağrıdağın əvəzində Araz çayı iki ölkə arasında sərhədə çevrilirdi.

Müqavilənin Azərbaycan üçün ən əhəmiyyətli nəticəsi Ermənistanla mübahisəli olan Naxçıvanının statusu idi. Bu regionda müsəlman əhali yaşayırdı, lakin özünün qısa mövcudiyyəti zamanı bu ərazi çox vaxt Azərbaycan Xalq Cümhuriyyətinin idarəetməsi xaricində qalmışdı. Bu səbəbdən də Türkiyə həmin regiona fasiləsiz dəstək verirdi. 1918-ci ildə Türkiyə qüvvələri regionu tərk etdikdən sonra da Araz Respublikası adlanan bu ərazinin yerli özünümüdafiə qüvvələrinə Türkiyənin hərbi dəstəyi davam edirdi. 1920-ci ilin noyabrında regiona qayıdan Qarabəkir Paşa Aleksandropolu tutdu və daşnak nümayəndələri ilə danışıqlar apararaq Naxçıvan-Şərur regionunun xüsusi statusunu təmin etdi. Qars müqaviləsini müzakirə edərkən Naxçıvan məsələsi yenidən gündəmə gəldi. Türkiyənin İğdırı tutması və Naxçıvan üzərində Azərbaycanın suverenliyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı. Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışan bolşeviklər isə buna etiraz edə bilmədilər. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmədi, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradıldı. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar.

Qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk ilə İran şahı Rza Pəhləvi arasında Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşmasının nəticəsində mümkün oldu. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım oldu.

Sonrakı illərdə SSRİ və ermənilər Qars müqaviləsinin ləğvinə uğursuz cəhdlər etdilər. Məsələn, II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi. 1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: o, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. İngiltərənin Baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi. Beləliklə, 102 ildir ki, Qars müqaviləsi Azərbaycanla Türkiyə arasında qardaşlıq nümunəsi olaraq qüvvədə qalır.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31