Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyənin yardımını təmin etmək

Türkiyənin yardımını təmin etmək

07.09.2022 [10:14]

1918-ci il... Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi...

Tarixi mənbələrimizdə həmin hadisələrlə bağlı geniş informasiyalar var. Və o hadisələri yaşamış Nağı bəy Şeyxzamanlının  xatirələri isə ən etibarlı mənbələrdən biri olaraq qalır.

Nağı bəy Şeyxzamanlı gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.

“Yeni Azərbaycan” N.Şeyxzamanlının 1918-ci il hadisələri ilə bağlı xatirələrini ixtisarla təqdim edir:

Hüsaməddin bəylə mən stansiyaya gəldik. Səfərimiz gizli olduğundan heç kim bizi yola salmağa gəlməmişdi. 1918-ci ilin yanvar ayı idi. Dostlarımızı, xalqımızı, ölkəmizi təhlükələr içərisində qoyub qatara mindik və Tbilisiyə yola düşdük. Sabah saat 8-də Tbilisiyə çatdıq və Xeyriyyə Cəmiyyətinə getdik.

Cəmiyyətin rəisi doktor Xosrov bəylə görüşüb məqsədimizi bildirdik. Bizə Xeyriyyə Cəmiyyətinin üzvü olmağımıza dair sənəd verdi. Artıq bizim bu vəsiqələrlə bütün Qafqaz cəbhəsini dolaşmaq səlahiyyətmiz vardı. Vəsiqələri aldıqdan sonra Xosrov bəylə vidalaşıb Batuma hərəkət etmək üçün stansiyaya gəldik. Ancaq nə bilet almaq, nə də Batuma getmək imkanı var idi. Çünki, rus əsgərləri üçün Azərbaycan yolu ilə Rusiyaya getmək təhlükəli olduğundan Batum yolu ilə getməkdə idilər. Batuma hərəkət edən qatarlara mülki şəxslərin minməsinə icazə verilmirdi. Belə bir çətin vəziyyət qarşısında qohumum Kazımı axtardım. Kazım dəmiryolu müfəttişi idi və Tbilisidə Azərbaycan xalqını təmsil edirdi. Vəziyyəti ona anlatdım. Kazım getdi və bir saatdan sonra gəldi. Bizə gülə-gülə “sizin üçün qatara kiçik bir vaqon qoşdurdum. Mən də sizinlə bərabər Batuma qədər gedəcəyəm. Ancaq stansiyalarda pəncərələrin qabağında oturmayın. Qatar hərəkət etdikdən sonra pəncərə önündə otura bilərsiniz. Vaqon isə özümün işim üçün Batuma gedirəm deyə ala bildim” dedi. Yolboyundakı stansiyalarda qatar durunca biz vaqonun içərisində bardaş qurub oturduq. Beləliklə, çox rahat şəkildə Batuma gəlib çatdıq.

Batumda da rus əsgərlərinin əlindən tərpənmək olmurdu. Qatarla gələn rus əsgərləri paroxodların azlığından günlərlə Batumda qalmalı olurdular. Şəhər anarxiya içində idi və küçələrdə rus əsgərləri veyil-veyil gəzirdilər. Azacıq şübhələndikləri əsgərin zabit olub-olmadığını yoxlayırdılar. Zabitlər də qorxularından əsgər geyinmişdilər. Biz çox çətinliklə bunların arasından keçərək bir mehmanxanaya girə bildik. Əşyalarımızı bir otağa yerləşdirib bayıra çıxdıq və bir yeməkxanaya gedərək yemək yedik. Mehmanxanaya dönərkən mehmanxana sahibi işıqları yandırmağı məsləhət gördü və işığı yanmayan otaqların rus əsgərləri tərəfindən alına biləcəyini söylədi. Mehmanxana sahibinə sabah səhər yeməyinə pul verdik və təzədən yatdıq. Sabah səhər yemək yeyərkən qapı döyüldü və içəriyə yeddi-səkkiz nəfər rus əsgəri girdi və zabit axtardıqlarını söylədilər. Hüsaməddin bəyin əynindəki dəri pencəyin çiynində spolet yeri axtardılar. Daha sonra axtardıqlarını tapa bilməyib çıxıb getdilər. Biz Kazımı Tbilisiyə qayıtmaq üçün stansiyaya qoyub Batum Xeyriyyə Cəmiyyətinin sədri doktor Mahmud bəyin yanına getdik. Məqsədimizi anlatdıqdan sonra bizi təhlükəsiz bir yolla Türkiyəyə keçirməsini xahiş etdik. Sonra birlikdə doktorun evinə gəldik. Evdə Tbilisidə nəşr olunan “Molla Nəsrəddin” jurnalının mühərrirlərindən Axısxalı Ömər Faiq bəylə görüşüb tanış olduq. Doktor onun da Türkiyəyə getmək istədiyini bizə əvvəl söyləmişdi. Biz doktorun evində çay içib söhbət edərkən, qapının zəngi çalındı və içəri bir şəxs girdi. Doktor hörmətlə qarşılayıb bizə də təqdim etdiyi bu şəxs əslən Qirəsunlu olub. Batumda tütün ticarəti edirmiş. Adı Bünyadoğlu idi. Doktor bizi Xeyriyyə Cəmiyyətinin üzvləri kimi təqdim etdi. Bünyadoğlu doktora “Mahmud bəy, sizdən xahişə gəldim. Trabzon tərəfindəki rus əsgərlərinin çəkilməsindən sonra Türk çeteləri Rum kəndlərinə hücum edirlər. Rumlar da mallarını, kəndlərini buraxıb Trabzona doğru qaçırlar. Biz bu vəziyyəti Tbilisidə olan hərbi komandantına da bildirdik.

Trabzona bir nümayəndə heyəti göndərərək təhqiqat aparıb nəticəni də onlara bildirəcəyik. Göndərəcəyimiz bu heyətə Xeyriyyə Cəmiyyətinin üzvlərindən iki nəfərin də daxil edilməsini təmin etmənizi xahiş edəcəyəm” dedi. Bundan sonra doktor Mahmud bəy bizim üzümüzə baxdı və biz də “Bəli Mahmud bəy, əgər əmr etsəniz, gedərik” dedik. Bünyadoğlu Tbilisidə Xeyriyyə Cəmiyyətindən aldığımız vəsiqələrin nömrələrini və adlarımızı dəftərinə qeyd edərək ertəsi gün Trabzona gedəcək paroxod ilə hərəkət edəcəyimizi söylədi. Ertəsi gün mindiyimiz paroxodda Bünyadoğlu bizi rum heyəti ilə tanış etdi. Hamısından böyük hörmət görürdük. Arada bir göyərtəyə çıxırdım. Bu zaman orada bir neçə erməni gənci gördüm. Bunların erməni olduqlarını üzlərindən və rus dilində danışdıqları zaman tələffüzlərindən hiss etmişdim. Bunların haraya getdiklərini öyrənmək üçün yanlarına yaxınlaşıb danışıqlarını dinləməyə başladım. Siyasi mövzularda söhbət edən bu gənclərdən ikisi erməni, digəri isə gürcü idi. Gürcü növbə ilə danışan erməniləri dinləyirdi. Ermənilərdən biri “Rusiyanın müharibədən çıxması bizim planlarımızı alt-üst etdi. Ancaq ümidimizi itirməmişik. Bütün dünyada hamı Anqlo-Saksonların müharibədə qələbə çalacaqlarını, Almaniyanın və Osmanlı dövlətinin isə məğlub olacağı qənaətindədir. Təbii ki, müharibənin sonunda Avropa dövlətləri Türkiyəni parçalayacaqlar. Biz erməni və gürcülər o zamana qədər hazırlaşaraq əl-ələ verməliyik. Ermənilərin və gürcülərin də Türkiyədə alacaqları torpaqlar vardır. Bu müharibədə Avropa ölkələri bizə kömək edəcəklər. Biz ermənilər düşündüyümüz bu planı Tbilisidə siz gürcülərə də bildirdik. Ayrıca Pontusçu rumlar ilə də razılaşdıq. Trabzon və ətrafını Türkiyədən təmizləyərək rumlara verəcəyik. Onlar da bu bölgədə Pontus dövləti quracaqdılar. Böyük Avropa dövlətləri onlara yardım edəcəklərinə söz vermişdilər. Bütün bu planın tətbiq olunması və yerinə yetirilməsi üçün məşhur erməni fədaisi İqranyan da təlimatlandırılmışdır” deyirdi. Bütün bu eşitdiklərimi Hüsaməddin bəyə də anlatdım.

Paroxodumuz Trabzon limanına yanaşıb dayandı. Limanda bizi qarşılayan rumlarla birlikdə Mitropolitxanaya getdik. Rumlarla dolu olan Mitropolitxanada bizi bir salona gətirdilər. İçəridə rumların adlı-sanlı şəxslərindən 30-40 nəfər var idi. Mitropolit bizim rum dilində bilmədiyimiz üzündən türkcə danışacağını söylədikdən sonra sözü vəkil olduğunu anladığımız bir ruma verdi. Vəkil çıxışında bu sözləri söylədi: “Möhtərəm qonaqlarımız, siz Trabzona gec gəldiniz və rum xalqının pərişan halını görmədiniz. Vəziyyəti sizə anlatdım. Sabah xalqımın laz çeteçilərindən çəkdiklərini öz gözlərinizlə görəcəksiniz. Gördükdən və müəyyən qənaətə gəldikdən sonra birlikdə bir raport hazırlayıb və imzalayıb Qafqaz Seyminə bildirək” dedi. Vəkildən söz alıb danışan şəxs “Əfəndilər, bu torpaqlar Osmanlı dövlətinə aiddir. Ruslar bu torpaqları işğal etmişdilər və indi də çəkilib getdiklərinə görə Türklərin bu yerləri geri almağa haqları vardır. Ancaq Rum kəndlərinə girənlər Osmanlı hərbi qüvvələri deyil - törədilən bütün vəhşilikləri çeteçilər edirlər. Türklər heç bir zaman kəndlərə girib deyilən vəhşilikləri etməzlər, buna inanırıq” dedi. Bu şəxsdən sonra mən söz alaraq Rusiyada baş verən inqilabdan bəhs etdim və sözlərimə davamla “Rusiyada bu gün anarxiya hökm sürməkdədir. Hərbi və mülki idarələr dağılmışdır. Rusiyanın heç bir tərəfi mərkəzi hökumətə tabe olmur, sosialist cərəyanlar bir-birləri ilə çarpışmaqdadır. Rusiyada yaşayan qeyri-rus millətlər də mərkəzdən ayrılıb müstəqil dövlət qurma ərəfəsindədirlər. Məncə tədqiqatımızı başa vurduqdan sonra Osmanlı dövləti və ordusu ilə də görüşməliyik. Onlara bir heyət göndərərək vəziyyəti onlara da anlatmalıyıq” dedim. Sözlərim oradakıların heç birinin xoşuna gəlməmişdi. Hələ Ellen Komitəsinin rəisi Nikola əfəndi çox hiddətli bir şəkildə bu çıxışı etdi və mənə “Əfəndi, Osmanlı dövləti və ordusu ilə əlaqə saxlamağa səlahiyyətimiz yoxdur. Biz ancaq Tbilisi “Krayevvoysiyez”in istədiyi raportu verməliyik. Hələlik siz sabaha qədər istirahət edin. Sabah sizə rum kənd və kəndlilərinin halını göstərəcəyik” dedi. Nikola əfəndinin çıxışından sonra iclas bitdi. Biz içəridə dörd nəfər qaldıq: Mitropolit, Hüsaməddin bəy, bir rum və mən. Mitropolit ruma tərəf dönərək bizim istirahətimizin təmini ilə məşğul olmasını və ertəsi gün səhər tezdən də bizimlə birgə olmasını tapşırdı. Rumun bayıra çıxmasından sonra Mitropolit bizə “Əfəndilər, mən Almaniyada təhsil aldım. Həm almanların, həm də türklərin dostuyam. Eyni zamanda türk orduları komandanı Vahab Paşa ilə də xoş münasibətdəyəm. Dünən ondan bir məktub aldım. Rusların qoyub getdikləri ərzaq və sairlərin mühafizə edilməsini xahiş edir. Ancaq siyasi vəziyyət bambaşqadır. Erməni mücahidi Tiqranyan buraya 400 nəfər dəstəsi ilə gələrək bizim rum gəncləri ilə anlaşaraq Trabzon ətrafındakı bütün türk kəndlərini dağıdıb bütün xalqını da məhv etmək istəyirlər. Onlar bununla da mərkəz Trabzon olmaqla rumların Pontus hökuməti qurmalarını təmin edəcəklər. Bu səbəbdən də sizin Osmanlı hökuməti ilə əlaqə yaratma və nümayəndə heyəti göndərmə təklifiniz xoş qarşılandı”. Mitropolit daha sonra Vahab Paşanın göndərmiş olduğu məktubu bizə göndərdi. Məktubu oxuyan Hüsaməddin bəy Vahab Paşanı yaxşı tanıdığını, hələ hərbi məktəbdə müdir olduğu zaman ona yavərlik etdiyini söylədi. Bundan sonra biz Mitropolitə “Sabah vəzifəmizi yerinə yetirəcəyik, ancaq sonra geri qayıtmayacağıq. Əslində Türkiyəyə getmək istəyirik” dedi və bizə kömək etməyi xahiş etdik. Ayrıca olaraq İstanbulda Osmanlı hökumətinə onun türkləri himayə etdiyini və bizə yardım göstərdiyini söyləyəcəyimizi də bildirdik. Daha sonra mitropolitlə vidalaşaraq ayrıldıq. Gecə saat 10-da qaranlıq və tənha Trabzon küçələrində addımlayırıq. Bir diş həkiminin evi olduğunu qapıdakı lövhədən anlaşılan yerdə durduq. Bizi müşayiət edən rum buranın oğlunun evi olduğunu dedi və qapını döydü. Rum qapıya çıxan şəxsə türkcə “Bu iki qonaqdan biri sizdə, biri də bizdə istirahət edəcək” dedi. O gecə mən diş həkiminin evində qaldım. Mənə çox hörmət edirdilər. Bizim Xeyriyyə Cəmiyyətinin üzvləri olduğumuzu, rum nümayəndə heyəti ilə Batumdan gəldiyimizi bilirdilər. Söhbət etməyə başladıq. Diş həkimi şübhəli və ümidsiz bir şəkildə “Baxaq vəziyyət nə olacaq” dedi. Həkimin xanımı “mənim də ümidim yox. Bunları   yola gətirmək çətin və imkansızdır. Bir türk atalar sözü vardır: “Heyvanlarda qaz, insanlarda laz”. Bunlar islah olunmaz” deyirdi. Ertəsi gün Mitropolitxanaya gəldik. Orada bizi gözləyən faytona Hüsaməddin bəy, mən və Ellet Komitəsi rəisi Nikola mindik. Nikola əfəndi bizi türk çeteçilərinin olduğu yerə aparacaqdı. Faytonla hərəkət etdik. Nikola əfəndi bizə yolboyu rum kəndlərinin vəziyyətini göstərir. Türkcə suallar verir və kəndlilər də cavab verirdilər. Biz yol boyunca rum camaatının Trabzona tərəf getdiyini görürdük. Biz onlardan nə üçün kəndlərini tərk etdiklərini soruşduqda cavablarında türklərin basqınlarından qorxduqlarını bildirirdilər. Onlara “Türklər ilə bərabər yaşadınız, çalışdınız, birlikdə çiyin-çiyinə düşmənə qarşı vuruşdunuz. Osmanlı ordusu geri çəkilincə yerlərini ruslar işğal etdilər. Bəlkə əvvəllər rusların gəlişinə sevinmişdiniz. Ancaq bir müddət sonra rus əsarətinin, rus vəhdətinin nə qədər ağır və çətin olduğunu anladınız. Türklərdən qorxmayın, onlardan qaçmayın. Türklər öz xalqına pislik etməzlər” deyirik. Ancaq rumlar israr və gələnlərin laz çeterləri olduqlarını və onların hər cür vəhşi hərəkət etmələrinə inanırdılar. Dayana bilməyib “Sizin kəndinizə nə etdilər?” deyə soruşdum. Rumlar isə çeteləri görmədiklərini,   ancaq görsəydilər onları sağ buraxmayacaqlarını söylədilər. Mənim sözlərimin Nikola əfəndinin xoşuna gəlmədiyini hiss edirdim. Yolumuza davam edirik. Nikola əfəndiyə “Əzizim, bunlar öz kölgələrindən qorxurlar” dedim.

O heç bir cavab vermədi. Bir az sonra faytonumuz dayandı. İrəlidə dərin bir uçurum var idi. Orada olan rumlar bizə çeteçiləri göstərirlər. Biz həqiqətən uçurumun o biri tərəfindən çeteçi libasında silahlı insanlar görürdük. Nikola artıq geri qayıtmaq istəyirdi. Biz isə “Dur baxaq. Onlar ilə görüşüb kim olduqlarını müəyyənləşdirək” dedik. Ancaq Nikola əfəndi dərəyə enməyə razı olmadı. Mən də ona “Bizi iki saat burada gözləyin. Biz İslam Xeyriyyə Cəmiyyətinin məmurlarıyıq. Bizə qarşı hərəkət etməzlər” dedim. Nikola əfəndini orada qoyduq. Hüsaməddin bəylə bərabər bir ağacın ucuna cib dəsmalı bağladıq və dərəyə endik. Çeteçilərdən iki nəfər bizi qarşılamağa gəldilər. Dərənin dibində çeteçilərlə qarşılaşırıq. Salamlaşdıqdan sonra bizdən kim olduğumuzu soruşdular. Mən cavabverməyərək Hüsaməddin bəyə artıq vəzifənin sənə keçdiyini söylədim. Çeteçilər rəsmi olduqlarını və Qəhrəman bəy adında bir yüzbaşının rəhbərliyi altında olduqlarını söylədilər. Hüsaməddin bəy “Övladlarım, bizi Qəhrəman bəylə gorüşdürün” dedi. Bir xeyli getdikdən sonra bir kənddə Qəhrəman bəylə qarşılaşdıq. Qəhrəman bəy Hüsaməddin bəylə qohum çıxdı. Axşam yeməyinə Qəhrəman bəyin qonağı olduq. Gecə keçənə qədər biz Qafqazdan Qəhrəman bəy də Türkiyədən bəhs etdik.

Ertəsi gün bir də bələdçinin müşayiətində Pulatxana limanına endik. O gecə Murad bəy adlı bir şəxsin evində qonaq qaldıq. Pulatxanədə bizi Tireboluya aparacaq bir qayıq tutdular. Dəniz çox təhlükəli idi. Fırtınalı şəraitdə Tireboluya çatdıq. Orada da bir gecə qaldıq. Tirebolu Qara dəniz sahilində çox abad bir qəsəbə idi. Rusların mənfur üzvləri, kirli çəkmələri o sevimli qəsəbəni fəlakətə uğratmamışdır. Tirebolda bizdən əvvəl Batumdan gəlmiş mühərrir Ömər Faiq bəylə görüşdük. Daha sonra nahiyyə müdiri vasitəsi ilə bir motorlu qayıq istədik. Qiresun valisi motorlu qayığın sabah səhər Tireboluda olacağını bildirdi. O gecəni Tireboluda keçirdik. Ertəsi gün səhər tezdən qalxaraq hazırlaşdıq. Ömər Faiq, mən və Hüsaməddin bəy Tirebolu limanına endik və motorlu qayığı gözləməyə başladıq. Hər üçümüz də sevinc içində gah söhbət edir, gah da dərin düşüncələrə qərq olurduq. Bir ara mən yuxulu kimi öz-özümə danışmağa başladım:

“Əgər Türkiyənin yardımını almağa müvəffəq olsaq istiqlalımızı elan edər və müstəqil olarıq.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31