Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açmış alim

Özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açmış alim

10.10.2009 [09:50]

Aida İmanquliyeva özünün elmi fəaliyyəti sahəsində Azərbaycan ictimai şüurunu dövrün mənəvi-ideoloji buxovlarından azad edib, ümumbəşəri ideyalar, dəyərlər səviyyəsinə yüksəldib
Tarix boyu Azərbaycan ictimai həyatında qadının mövqeyi və rolu yüksək olub. Bütün klassik və müasir ədəbiyyatımız qadına, anaya dərin hörmət və məhəbbət ruhu aşılayır. Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual qadın obrazı canlanır. Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru A.İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib. A.İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi.
Tələbkar alim...
A.İmanquliyeva elmi-təşkilatı fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulayıb. O, qeyd edib ki, Aida xanım həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Onu tanıyanlar Aida xanımın böyük zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Aida xanımın qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Bütün bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə malik, təvazökar, mehriban, xeyirxah, gözəl, xanım-xatın bir azəri qadını və ana obrazı dururdu ki, bu da ona bütün həmkarlarının ehtiramını və məhəbbətini qazandırmışdı.
Görkəmli şərqşünas alim...
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov deyib ki, Aida İmanquliyeva Azərbaycan elminin inkişafında əvəzsiz və özünəməxsus yeri olan şərqşünas alimdir: “Mən qrup yoldaşım Aida xanımı səmimi, məsuliyyətli, savadlı, çalışqan, elmə sonsuz maraq göstərən tələbə kimi xatırlayıram. O, hələ universitet illərində tələbə elmi cəmiyyətinin fəaliyyəti haqqında bir məqalə də yazmışdı. Ərəb ədəbiyyatına həvəs Aida İmanquliyevanın Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyətə başlamasına səbəb oldu. Onun elmi axtarışları məhz burada əsaslı şəkildə formalaşdı və inkişaf etdi. Apardığı tədqiqatlar Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni olan müasir ərəb ədəbiyyatının məhcər ədəbiyyatı kimi tanınan dövrü idi. “Cubran Xəlil Cubran”, “Qələmlər birliyi” və Mixail Nuaymə”, “Müasir ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyalarının müəllifi Aida xanım qəlbi vətənhəsrətli, xalqına, torpağına ürəkdən yanan, onun faciələrini ürəkdən hiss edən və bu duyğularla qürbət ölkədə ədəbi, publisistik fəaliyyət göstərən ədiblərin həyat və yaradıcılığını araşdırmışdır”.
Zakir Məmmədov qeyd edib ki, Aida İmanquliyeva tədqiqatında ana yurdundan mühacirət edən, əksəriyyəti Amerikada məskunlaşan, öz dilini, mədəniyyətini qorumağa və təbliğ etməyə çalışan ərəb ziyalılarının həyatını, fəaliyyətini işıqlandırıb: “Ərəb xalqının o dövrkü ictimai-siyasi cəhətdən ağır məhrumiyyətlərə məruz qalmasını, cəhalətdən yaranmış faciələri və itkiləri ürək ağrısı ilə qələmə alan bu ziyalıların fəaliyyəti onun 3 monoqrafiyası ilə, məqalələrində dolğun səkildə öz ifadəsini tapmışdır. Onların yaradıcılığı “Şərq”, “Yeni Əndəlus” və başqa ədəbi-bədii jurnallarda əks etdirilirdi. Lakin vahid cəmiyyətin yaranmasının vacibliyini anlayan həmin ədib və jurnalistlər “Qələmlər birliyi” və “Əndəlus cəmiyyəti”ndə birləşdilər. Aida xanımın yaradıcılığında mühacirət etmiş ziyalıların bir çoxu haqqında məlumat verilsə də, əsas tədqiqat obyekti kimi Cubran Xəlil Cubran, Əmin ər-Reyhani, Mixail Nuaymənin şəxsiyyəti hərtərəfli və dərindən işlənilibdir. Ərəb ziyalılarını qürbət ölkədə birləşdirən, 1920-ci ildə Nyu-Yorkda yaranan “Qələmlər birliyi” (“Ər-Rabitə əl-qələmiyyə”) ədəbi cəmiyyəti idi. Alim “Cubran Xəlil Cubran” əsərində yazıb: “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.
Görkəmli şair, istedadlı rəssam Cubran Xəlil Cubranın təşəbbüsü ilə həmin təşkilat yaranıb. Məhcər ədəbiyyatında onun rolu və xidmətləri misilsizdir. Aida İmanquliyevanın tədqiqatında Cubran yaradıcılığının öyrənilməsinə xüsusi maraq vardı. Onun hər üç monoqrafiyasında bu şəxsiyyət haqqında fikirlər söylənilib. Lakin 1975-ci ildə Azərbaycan dilində çapdan çıxmış “Cubran Xəlil Cubran” əsərində alimin elmi təhlil və mülahizələri daha genişdir.
Aida İmanquliyevanın tədqiq etdiyi digər ədib Mixail Nuaymədir. O, rus elminə, mədəniyyətinə, klassik rus ədəbiyyatına yaxından bələd olub, öz yaradıcılıgında həmin sənətkarlardan bəhrələnib. Alim “Qələmlər birliyi və Mixail Nuaymə” monoqrafiyasında yazırdı: “Mixail Nuaymə müasir ərəb novellalarının banilərindən biridir. Ərəb dünyasında bu böyük realist sənətkar nəsr və nəzm, publisistika və ədəbiyyatşünaslığa dair məqalələrin müəllifidir”.
Həmin dövrün ərəb mədəniyyətinə təsiri danılmazdır. Xalqın düşüncəsində köləlik, cəhalət buxovlarını qırıb atmaq üçün əlindən gələni etməyə çalışan ziyalıların xidmətləri əvəzolunmazdır. Filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva görkəmli sərqşünas alimdir. Ərəb mühacir ədəbiyyatının Azərbaycanda tədqiqi onun adı ilə bağlıdır”.
O, mənəviyyat simvolu idi
Xalq şairi Bəxtiyar Vahabzadə də xatirələrində Aidə İmanquliyevanın elmi fəaliyyətini yüksək qiymətləndirib: “Mən Aida xanımla əsərləri vasitəsilə tanış olmuşam. Onun yaradıcılıq yolunu səhifələyərkən gözümüzün önündə sistemli, problemin məntiqi konturlarını aydın sezən, elmi təfəkkürü ilə bədii təfəkkürü harmoniya təşkil edən mədəni-intellektual qadın obrazı canlanır. Bu yüksək intellektə, mənəvi-əxlaqi kamilliyə malik, erudisiyalı, yaradıcı Azərbaycan xanımı həm də mənəviyyat simvolu idi. Onun qədim Misir mənşəli adı - Aida sonradan C.Verdinin eyniadlı operasında təsvir edilən məhəbbətə sədaqətli, eşqini hər cür mənafelərdən yüksək tutan safürəkli, fədakar qadın obrazına çevrilib.
Minilliyin dərinliyindən süzülüb gələn bəşəri nur sonradan onun bütün varlığına, yaradıcılıq yoluna işıq saçdı. Bəlkə də adına sadiqliyi idi ki, o məhz xalqımızın tarixinin, mədəniyyətinin minilliklər boyu dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını tədqiqat obyekti seçdi. Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın elmlər doktoru adını aldı. Aida xanım özündən sonra çagdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdı.
O, çoxsaylı elmi əsərlərində (3 monoqrafiya, 70-dən çox elmi məqalədə) Şərq və Qərb ədəbi-mədəni əlaqələri, ərəb ədəbiyyatında mövcud olan mühacir (məhcər) ədəbiyyatının inkişaf tarixi, ədəbi prosesdə baş verən janr, forma, metod təkamülünü analitik təfəkkür prizmasından keçirərək təhlil edib. Aida xanım tədqiqatları davam etdirərək dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinə toxunur, dünya ədəbiyyatının müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini müəyyənləşdirir.
Tanrı insanlığa xas bütün yüksək keyfiyyətləri ona bəxş edib. Təbiətin yaratdıgı ən nadir insan portreti simasının cizgilərində öz əksini tapıb. O, insan gözəlliyinin kamil mücəssiməsi idi. Daxili aləminin zənginliyi, zəkasının itiliyi və zahiri gözəlliyi tam harmoniya təşkil edirdi. O, ömrünün ən çiçəklənən çagında dünyamızı tərk etdi. Qısa, lakin mənalı ömür yolu ilə Azərbaycan xalqının, onu sevənlərin gözündə ucalıq zirvəsinə ucaldı. Azərbaycan-ərəb mədəni əlaqələrinə, dünənimizlə bu günümüz arasında dostluq körpüsü salmaqla yanaşı, hər iki xalqın Aidasevənlərinin qəlbində millətə, vətənə daimi sevgi təlqin edən bir məşəl yandırıb getdi. Onu daima anmaq və yaşatmaq üçün”.
Dünyanın möhnəti və zinəti
Xalq yazıçısı Elçin isə Aidə xanım haqqında söyləyib: “Elə insanlar var ki, haqq dünyasına köçərkən, elə bil, hərarətlərini, təbəssümlərini, qayğılarını bu dünyada qoyub gedirlər, bəlkə də, o hərarəti, təbəssümü, o qayğını, sadəcə olaraq, özləri ilə apara bilmirlər, çünki yaxınlarını, əzizlərini bu dünyada qoyub gediblər və heç olmasa, yaxınları, əzizləri o hərarətdə azacıq da olsa, qızınsınlar, o təbəssüm onların içində tamam boş qalmış yaralı yerə azacıq bir işıq saçsın, o qaygı yüngül bir meh kimi həmisə onların üstündən ötsün. Mənə elə gəlir ki, Aida İmanquliyeva da haqq dünyasına vaxtsız köçüb getmiş o insanlardan biri idi və mən başa düşürəm, olsun ki, bu hissiyyatda bir mistika var, amma mistika nədir - hissiyatın ifadəsi deyilmi?
Onun elmi ugurları görümlü, sanballı idi. Aida İmanquliyeva Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru, professor idi. Onun monoqrafiyaları, ərəb ədəbiyyatı ilə bağlı onlarla tədqiqat əsəri, nəzəri məqalələri dərc edilib. O, aktiv bir vətəndaş-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə ümumittifaq Koordinasiya Şurasının üzvü idi. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Hamburqda, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr edib...
...Bu gün yeni ərəb ədəbiyyatı dünyada tanınan, özünə oxucu qazanmış, böyük universitetlərdə tədqiq obyekti olan bir ədəbiyyatdır və misirli Naqib Məhfuzun Nobel mükafatı alması da bunu yaxşı sübut edir. Aida İmanquliyeva bu ədəbiyyatın Azərbaycanda ilk tədqiqatçısıdır.
Mənim üçün əhəmiyyətli olan bir cəhəti də qeyd etmək istəyirəm: Aida İmanquliyevanın qələmi yazıçı qələmi idi və məsələ yalnız onda deyildi ki o, Azərbaycan Yazıçılar İttifaqının üzvü idi, Mixail Nuaymə, Cubran Xəlil Cubran, Əmin ər-Reyhani kimi məşhur ərəb yazıçılarının bədii əsərlərini Azərbaycan dilinə gözəl tərcümə edib, bunlar öz yerində, əsas məsələ orasında idi ki, hətta elmi əsərlərində belə onun qələmində bir yazı-pozu əhlinin şövqü, fantaziyası, detalları tutmaq (və duymaq), tədqiq obyektini hiss etmək, nüansları seçmək bacarığı var idi”.
Beləliklə də, sonda söyləmək olar ki, böyük istedadın, yüksək fəhmin, gərgin tədqiqatçı əməyinin bəhrəsi olan, elmi dəyəri heç zaman azalmayacaq elmi-tədqiqat əsərlərində ingilis romantikləri və amerikan transendentalistlərinin, həmçinin, rus ədəbiyyatı tənqidi realizm ənənələrinin yeni dövr ərəb ədəbiyyatında qarşılıqlı təsir və resepsiyasını tədqiq edən Aida İmanquliyeva öz elmi yaradıcılığı ilə Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ədəbi, ictimai-siyasi fikir sistemlərini, ideya axınlarını, onların mənşə və mahiyyətini, tətbiq səviyyələrini çox dərindən bildiyini göstərir. Milli özünüdərklə ümumbəşəri ideyalar həm də məhz, bu bilgi səviyyəsində qovuşur. Aida İmanquliyeva özünün elmi fəaliyyəti sahəsində Azərbaycan ictimai şüurunu dövrün mənəvi-ideoloji buxovlarından azad edib, ümumbəşəri ideyalar, dəyərlər səviyyəsinə yüksəldib.
Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30