Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Yaşıl gələcəyə doğru

Yaşıl gələcəyə doğru

30.11.2022 [11:03]

MÜBARİZ

İqlim dəyişikliyinin yaratdığı fəsadlarla bağlı həyəcan təbili getdikcə daha ucadan çalınır. Qlobal səviyyədə etiraf olunur ki, ümumi evimizin qapısını döyən fəlakət çox ciddidir. İqlim dəyişikliklərinin gətirdiyi fəlakətlərin miqyasının genişlənməsinin qarşısının alınması üçün əlaqələndirilmiş şəkildə təcili tədbirlər görülməlidir. Bugünkü ləngimələr, fəaliyyətlərin uzlaşdırılmaması və milli səviyyələrdə öhdəliklərin yerinə yetirilməməsi bəşəriyyətin gələcəyi üçün daha ağır təhlükələr yarada bilər.

BMT: 1 trilyon dollara ehtiyac var

İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə aparmaq üçün dünya ölkələrinə 1 trilyon dollar vəsait tələb olunur. Bu barədə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Məhəmməd Muhiddin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransında çıxışı zamanı bildirib. O əlavə edib ki, bu məqsədlər üçün əvvəllər təklif edilən 100 milyard dollar, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının yalnız 10%-ni təşkil edir.

Hazırda bütün dünyada iqlim dəyişikliyinə qarşı müxtəlif mübarizə yolları müzakirə olunur. Karbon emissiyasının 0 həddədək azaldılması, yaşıl iqtisadiyyata transformasiya əsas hədəflərdəndir. Aşağı karbon iqtisadiyyatına keçidin təmin edilməsi üçün ən az enerji tələb edən sektorların və şirkətlərin fəaliyyətlərinin sürətləndirilməsi yolları intensiv şəkildə müzakirə olunur. Eləcə də dünya üzrə yaşıllıqların coğrafiyasının genişləndirilməsi, meşələrin mühafizəsi və bərpası, iqlimə uyğun kənd təsərrüfatının təşkili kimi təkliflər səsləndirilir.

Azərbaycanın öhdəliyi

Dünyada iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizənin səmərəliliyi milli səviyyələrdə fəaliyyətlərin təşkilindən çox asılıdır. Məsuliyyətli dövlət olan Azərbaycan bu sahədə qlobal təşəbbüslərə daim dəstək verir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC - Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir. İndiyədək bu sazişə 170-dən çox ölkə qoşulub.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü, hazırda isə bu öhdəlik 40 faizə çatdırılıb.

Xatırladaq ki, dünya üzrə istilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə bunlardır: Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz), Yaponiya (4 faiz). İstilik effekti yaradan qazların dünya üzrə ümumi emissiyalarında Azərbaycanın payı cəmi 0,15 faiz təşkil edir.

Bir ağac - min nəfəs

Qeyd etdiyimiz kimi, yaşıllıqların genişləndirilməsi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə tədbirlərindən biri kimi müəyyənləşdirilib. Respublikamızda da bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Hazırda Bakı və Abşeronda, eləcə də ölkənin digər regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimovanın verdiyi məlumata əsasən, mövsüm başlayandan etibarən payız əkin planına uyğun olaraq ölkə ərazisində 500 mindən çox ağac əkilib, 28 ton toxum səpilib. Meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Quba, Şabran, Şamaxı, Lənkəran, Masallı, Tovuz, Şəmkir, Sabirabad, Bərdə və Ağcabədi rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində həyata keçirilib.

Eyni zamanda, ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac - min nəfəs” aksiyası keçirilir. Belə aksiya həmçinin Abşeron rayonunun Xırdalan şəhərində baş tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində keçirilən ting paylama aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 1126 litr olan plastik, 36 litr şüşə, 17 kq kağız tullantı və 55 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb. “Bu günədək ölkə ərazisində 8 aksiya keçirilib və vətəndaşlardan ümumilikdə tutumu 2409 litr olan plastik, 71 litr şüşə, 124 kq kağız tullantı, 483 ədəd işlənmiş batareya təhvil götürülüb”, - deyə ETSN-nin rəsmisi vurğulayıb.

Qarabağda “xalis sıfır emissiya” zonası

Müasir dövlət kimi inkişaf edən Azərbaycan qlobal çağırışlara uyğun olaraq yaşıl iqtisadiyyata transformasiya prosesini sürətləndirib. Ölkəmiz ümumi enerji istehsalında alternativ enerjinin xüsusi çəkisinin 2030-cu ilə qədər mövcud 17 faizdən 30 faizədək artırılması hədəflənib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilədək “xalis sıfır emissiya” zonasının yaradılması ölkəmizin qlobal dekarbonizasiya səylərinə töhfəsi olacaq. İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Azərbaycan hökuməti ölkəmizin bu niyyətini 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) bütün dünyaya bəyan edib.

Bütövlükdə, işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. İlkin dəyərləndirmələrə görə Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerji layihələri üçün əlverişli potensial 7200 MVt-dan artıqdır. Araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyənləşdirilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28