Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Həm kredit tərəfdaşı, həm də aparıcı səhmdar...

Həm kredit tərəfdaşı, həm də aparıcı səhmdar...

07.12.2024 [10:18]

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının ən etibarlı üzvlərindən birinə çevrilib

Türkiyənin İstanbul şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik Toplantısında bu maliyyə qurumu ilə Azərbaycan arasında mövcud əməkdaşlığın vəziyyəti yüksək dəyərləndirilib. QDTİB-in ölkəmizdə müxtəlif sektorları əhatə edən layihələrə verdiyi maliyyə dəstəyinin davamlı olduğu xatırladılıb. Bankın Rəhbərlər Şurasının üzvü, Azərbaycanın maliyyə naziri Samir Şərifov QDTİB ilə ölkəmiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsi üçün potensialların böyük olduğunu, bankın Azərbaycanda daha çox investisiya ayıracağına əminliyini ifadə edib.

Qeyd edək ki, QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.

QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

500 milyon avrodan çox maliyyə donorluğu

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 25 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib. 1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb. Bankın Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək (47,5 faiz), enerji (35 faiz), daşınmaz əmlak (8,4 faiz), istehlak malları (4,8 faiz) və sənaye (4,4 faiz) ) təşkil edir.

Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq ümumi dəyəri 500 milyon avrodan çox olan 40  layihəni maliyyələşdirib. Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda, kiçik və orta biznesə davamlı dəstəyini artırıb. Ümumilikdə, Qara Dəniz Bankının Azərbaycana yönəltdiyi investiyaların həcmi ümumi kredit portfelinin təxminən 10 faizlik resursu həcmindədir.

Azərbaycan bu bankın üzvü olmaqla yanaşı, həm də səhmdarlarından biridir. QDTİB-in səhm kapitalında ölkəmiz 5 faiz paya malikdir ki, bu, 7-ci ən böyük səhmdarlıq statusu deməkdir. QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasında Azərbaycan da mühüm rol oynayıb, ümumi dəyəri 41 milyon avro təşkil edən 36,6 min səhmin 12,3 milyon avro məbləğində olan hissəsi ölkəmiz tərəfindən əldə edilib.

Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...

Qara Dəniz Bankı ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasından bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır. Bir neçə ay əvvəl Bakıda olan bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsində iştirakın mümkünlüyünü vurğulayıb.

QDTİB ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən banklarla “yaşıl layihələr” üzrə müqavilə imzalanması nəzərdə tutulur. Bankın rəhbərliyi COP29 çərçivəsində qlobal alyansın razılaşdırdığı iqlim maliyyəsi strategiyasına da müsbət yanaşaraq iqlim donorluğunda imkanlarını səfərbər ediləcəyini də bildirib. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə QDTİB-in maliyyə dəstəyi verəcəyi ehtimal olunur.

Qeyd edək ki, İstanbul toplantısında Qara Dəniz Bankının Rəhbərlər Şurası tərəfindən ortamüddətli strategiya sənədi, 2025-2026-cı illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub. Strateji plana əsasən, bankın kredit portfelinin artırılmasına aparıcı səhmdarlardan biri kimi Azərbaycanın da rolunun artacağı, eləcə də kredit portfelində əlavə maliyyə resursları alacağı ehtimal edilir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31