Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / TARİXİ SƏRƏNCAM - bir əsr sonra yenidən Bakıda

TARİXİ SƏRƏNCAM - bir əsr sonra yenidən Bakıda

24.10.2025 [11:37]

Prezident İlham Əliyevdən türk dünyasına növbəti töhfə

Birinci Türkoloji Qurultayın 100 iliyi qeyd olunacaq

Türk dünyasını birləşdirən ən mühüm amillər sırasında heç şübhəsiz ortaq dil, mədəniyyət və dəyərlərimiz ön sıralarda gəlir. Bu, kökümüzə bağlılığı daha da dərinləşdirən, özünüdərki reallaşdıran, birliyimizi və həmrəyliyimizi təmin edən faktorlar həm də gələcəyimiz üçün əsaslı bir təməl formalaşdırır. Bu təməlin daha güclü və sarsılmaz olması, əsrlərin sınağından üzüağ çıxmış dil, mədəniyyət birliyimizin daha da irəliyə aparılması üçün real imkanlar mövcuddur. Artıq türk dünyası bir masa arxasındadır - bu, vacib bir şərtdir. Türk dövlətləri yeni nizamda vahid hədəflərə fokuslanıb.

Bu istiqamətdə Azərbaycan hər zaman aparıcı və təşəbbüskar rol oynayıb. İstər Türk birliyinin formalaşmasında, istər Türk Dövlətləri Təşkilatının vahid nizamda yaradılmasında, istərsə də türk həmrəyliyinin, harmoniyasının gücləndirilməsində Bakının rolu danılmazdır. Azərbaycan hər zaman bildirir ki, əsrlərlə yaşatdığımız bu dəyərlər həm də bizim sabahımızın təminatçısıdır. Azərbaycan dövləti hər zaman birgə keçmişimizə, tariximizə, dəyərlərimizə hörmətlə yanaşır, tarixi missiyanı həyata keçirir. Bu fakt növbəti dəfə TDT-nin Qəbələ Zirvə Sammitində ortaya qoyuldu. Belə ki, Sammitdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir: “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir”.

Türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna tədbir

Bəli, həqiqətən də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin təməlini qoyub. Həmin qurultayın 100 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi təklif, əslində, türk dünyasının ortaq kimliyinin yenidən bərpasına çağırışdır. Azərbaycan bu çağırışı XXI əsrin reallıqları fonunda gerçəkləşdirmək üçün həm ideoloji, həm elmi, həm də mədəni əsaslar yaradır. Türk dünyasının humanitar paytaxtı kimi Bakı bu gün dilin, ədəbiyyatın, incəsənətin və təhsil inteqrasiyasının yeni mərkəzinə çevrilib. Məhz bu mənəvi dayaqlar siyasi və iqtisadi əməkdaşlığa dərin mənalar qazandırır. Azərbaycan Prezidenti Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilib, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilib, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılıb.

Vaxtilə irəli sürülən bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir...

Sərəncamda vurğulanır ki, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalıb, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulub. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırıb, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırıb. Sərəncamda o da bildirilir ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılıb. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Prezident İlham Əliyevin Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə imzaladığı Sərəncama əsasən Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Birinci Türkoloji Qurultay: XX əsrin ən əlamətdar hadisələrindən biri

 Xatırladaq ki, birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi toplantı kimi tarixə yazılıb. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanmışdı. Qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.

Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə yazıldı - Qurultayın işində Sovet İttifaqı məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə isə Səməd ağa Ağamalıoğlu ilə yanaşı, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim, akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi, professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.

Əsas hədəflər: yeddi problemin həlli ...

Birinci Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı:

- Əlifba məsələsi;

- İmla-orfoqrafiya problemi;

- Termin məsələsi;

- Tədris-metodika məsələsi;

- Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

- Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;

- Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

Qurultay nümayəndələri tanınmış klassik, özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, reallaşmadı. Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu. Yeri gəlmişkən, bu istiqamətdə TDT-nin də, ayrıca Azərbaycanın da mühüm çağırışları və layihələri mövcuddur...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31