Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 9 ayda 2,5 milyard manat

9 ayda 2,5 milyard manat

24.10.2025 [11:10]

Azad olunmuş ərazilərdə bərpa-quruculuq layihələrinin miqyası genişlənir

Maliyyə Nazirliyi (MN) 2025-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən ayrılmış vəsaitin həcmini və büdcə xərclərinin strukturunu açıqlayıb. Ötən 9 ayda Qarabağ və Şərqi-Zəngəzurda sürətli bərpa-quruculuq işlərində 2 milyard 567,5 milyon manat xərclənib. Həmin vəsaitin 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı sosial layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Xərc portfelinin tərkibində infrastruktur layihələri üzrə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri, kollektorlar və qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastruktura 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat, digər zəruri işlərə 7,6 milyon manat xərclənib.

Bölgədə nəhəng yol-nəqliyyat layihələri icra olunur

Ümumilikdə, azad ərazilərdə bərpa və quruculuq işlərinə 2021- 2024-cü illərdə 17,6  milyard manat vəsait xərclənib. 2025-ci il üzrə proqnozlaşdırılmış 4 milyard manat vəsaiti də nəzərə aldıqda cəmi beşillik xərclərin məbləği 22 milyard manata yaxınlaşmış olur. Həmin vəsaitlər hesabına son 5 ildə azad ərazilərdə minaların təmizlənməsi, müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri strukturların və mədəni-tarixi abidələrin bərpası, şəhər, qəsəbə kəndlərin salınması və digər zəruri işlər görülüb. Yol infrastrukturunun bərpası məqsədilə uzunluğu 3382,6 km təşkil edən 44 avtomobil yolunun 1076,1 km respublika əhəmiyyətli, 2306 km yerli əhəmiyyətli layihələndirilməsi və tikintisi işləri davam etdirilib. Ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən yekunlaşdırılıb. Onların sırasında 101 km olan “Zəfər Yolu”,  28,5 km uzunluğunda Tərtər-Suqovuşan-Talış avtomobil yolu, 22 km-lik Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, 44,5 km-lik Bərdə-Ağdam avtomobil yolu, 61,4 km-lik Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan dövlət sərhədi avtomobil yolu kimi nəhəng layihələri qeyd etmək olar. Habelə tikintisi 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd- İranla dövlət sərhədi yolu, Əhmədbəyli-Füzuli-Şuşa, Xudafərin-Qubadlı-Laçın, Toğana-Kəlbəcər-İstisu və digər iri maliyyə tutumlu yollara milyardlarla manat xərc tələb olunur.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmir yolu infrastrukturu da bərpa edilir. Zəngəzur dəhlizinin ən nəhəng qovşaqlarından biri olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təxminən 85 faizi tamamlanıb. Yan yollarla birlikdə 140,6 km olan bu nəhəng polad magistral 8 strateji stansiyanı özündə birləşdirəcək. 

Bölgədə ən nəhəng hava nəqliyyatı infrastrukturları yaradılıb, 2021-ci ildə Füzuli, 2022-ci  ildə Zəngilan və 2025-ci il may ayında Laçın Beynəlxalq Hava limanları istifadəyə verilib.

Sənaye parkları iqtisadiyyata reinteqrasiyanın körpüsünə çevrilir

Azad edilmiş ərazilərin zəngin iqtisadi resursları, xammal ehtiyatları, münbit aqrar fondu və mineral ehtiyatları ölkə iqtisadiyyatına inteqrasiyaya keçid üçün güclü təməllər yaratmaqdadır. Bölgə böyük sənaye və aqrar potensialı ilə seçilir və 3 ildir ki, bu potensialın hərəkətə gətirilməsi istiqamətində davamlı səylər göstərilir. Müasir sənaye və aqrar komplekslərinin yaradılması genişlənir, Cəbrayılda fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb və müəssisədə çalışan rezidentlər istehsal zəncirləri qurub.  Həmçinin, Ağdam Sənaye Parkında bir neçə istehsal sahəsi fəaliyyət göstərməklə regionun sənaye və iqtisadi güc mərkəzinə çevrilməkdədir.

Türkiyə və Azərbaycanın birgə sərmayə platforması olan “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Dövlət bu ərazidə çalışan fermerlərə və kiçik, fərdi sahibkarlara, vətəndaşlara həm dəstək göstərir, subsidiya verir, həm də vergi və sosial güzəştlərlə əhatə edir. Bu da öz növbəsində gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının xarici idxal asılılığından azad olmasına müsbət təsirini göstərəcəkdir. “Laçın Aqro-Sənaye Parkı”ndakı “Pirshaghi” ayaqqabı fabriki, “Latifa” tikiş fabriki və digər müəssisələr regionun iqtisadi inkişafına töhfə verir, yeni iş yerlərinin yaradılmasını təmin edir.  Eləcə də digər müəssisələr bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyanı dərinləşdirməklə Azərbaycanın gələcək yüksək iqtisadi inkişafına mühüm töhfə verəcək.

Sahibkarların sayı 100 mini, yeni iş yerlərinin sayı 3 mini ötüb

Azad ərazilərdə iqtisadi fəallıq da son 2 ildə canlanma ilə müşahidə olunmaqdadır. Dövlətin təmin etdiyi sağlam investisiya mühiti, tətbiq olunan vergi-gömrük-sosiala güzəştlər, habelə sahibkarlara yaradılan əlverişli şərait və asan kredit şərtləri bölgədə sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olmaqdadır. 2025-ci ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 98.144-ü fərdi sahibkar olmaqla, ümumilikdə 103.545 sahibkarlıq subyekti qeydə alınıb. Belə ki, Qarabağ iqtisadi rayonunda mikrosahibkarlıq subyektlərinin sayı 4.077, kiçik sahibkarlıq subyektlərinin sayı 240, orta sahibkarlıq subyektlərinin sayı 90, iri sahibkarlıq subyektlərinin sayı 16 olub. Bu bölgədə 91.009 fərdi sahibkar fəaliyyət göstərib ki, onlardan 73.320 nəfəri kişi, 17.689 nəfəri qadın sahibkardır. Şərqi Zəngəzur iqtisadi rayonunda isə 947 mikro, 57 kiçik, 21 orta, 3 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Həmin iqtisadi rayon üzrə fərdi sahibkarların sayı 7.135 nəfər təşkil edib ki, onlardan 5.427 nəfəri kişi, 1.708 nəfəri qadın sahibkarlardır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində görülən işlər sayəsində də əhəmiyyətli nəticələr əldə olunub. 2025-ci ilin ötən dövrünə qədər azad edilmiş rayonlarda  3 mindən çox yeni iş yeri yaradılıb.

Məskunlaşmış əhalinin sayı 50 min nəfərdən çoxdur

Qarabağ və Şərqi Zəngəzurun ümumi planlaşdırılması 13,6 min kvadratkilometr ərazini əhatə etməklə 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşmasını nəzərdə tutur. Məskunlaşma strategiyasına əsasən, əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2025-ci il avqustun 1-nə qədər azad edilmiş ərazilərdə inşa edilmiş yaşayış məntəqələrinə 17204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin olunub. Ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53 min 739 nəfərə bərabərdir.

Elbrus

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31