Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət quruculuğunda yeni mərhələ

Dövlət quruculuğunda yeni mərhələ

03.03.2026 [10:52]

Rəqəmsal İnkişaf Şurası innovasiya əsaslı iqtisadi modelə keçidi və rəqəmsal suverenliyin möhkəmləndirilməsini təmin edəcək

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında imzaladığı müvafiq sərəncama əsasən, ölkəmizdə rəqəmsal dövlət quruculuğuna dair yeni hədəflər müəyyənləşib.

Fərmana əsasən, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın sədri Birinci vitse-prezident, üzvləri isə dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri təyin edilib.

Rəqəmsal İnkişaf  Şurasının fəaliyyətinin təşkili məqsədilə Katibliyin yaradılması da nəzərdə tutulur. Eyni zamanda, nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şuranın əsas məqsədi rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları arasında siyasətin əlaqələndirilməsini təmin etməkdən ibarət olacaq. Həmçinin, dövlət qurumları tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarət həyata keçiriləcək.

Yeni imzalanan mühüm sənədlər rəqəmsal dövlət quruculuğu prosesində yeni mərhələnin başlanmsı kimi səciyyələndirilə bilər. Xüsusilə də rəqəmsal inkişafın sürətləndirilməsinə dair 3 illik Fəaliyyət Planı ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi üçün yeni hüquqi-iqtisadi arxitektura deməkdir. Sənəd rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrildiyi və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə olduqca vacib hədəf konsepti kimi qiymətləndirilə bilər.

Rəqəmsal infrastruktur qurulub, stimullaşdırıcı addımlar atılıb

Məlumdur ki, son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində elektron intibaha keçid sahəsində iradəli addımlar atılır, möhkəm rəqəmsal infrastruktur qurulmaqdadır. Respublikamızda genişzolaqlı internetin inkişaf etdirilməsi və ölkənin ən ucqar yaşayış nöqtələrində yaşayan əhalinin yüksəksürətli internetə çıxışının təmin olunması məqsədilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunub. Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. “Onlayn Azərbaycan” layihəsinin icrası sayəsində müasir IMS platforması ilə işləyən GPON avadanlığı və optik infrastruktur qurulub. Ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb. Yüksək standartlara cavab verən “Hökumət buludu” istifadəyə verilib və son 4 il ərzində data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatıb. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir. Biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin edib. Habelə “Mygov” platforması yenidən qurularaq 2,5 milyondan artıq vətəndaşa xidmət göstərir. Hazırda sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2,3 milyondan artıq rəqəmsal sənəd “Mygov” platforması vasitəsilə təqdim edilməkdədir.

Yeni qurulan “Mygov Biznes” platforması isə biznes subyektləri tərəfindən bütün xidmətlərin “bir pəncərə” prinsipi əsasında əldə olunmasına və tam rəqəmsal formada istifadəyə şərait yaradacaq.

Ölkəmizin innovasiya ekosisteminin inkişafı ilə bağlı da güclü infrastruktur qurulub, biznes üçün bir sıra güzəştlər edilib. Vergi və Miqrasiya məcəllələrində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentləri vergi, gömrük və sosial güzəştlərlə əhatə olunublar.

Uğurlar çoxdur, ancaq hökumət rəqəmsal inkişafı qaneedici hesab etmir

Bütün bu uğuralara baxmayaraq, ölkənin rəqəmsal inkişafına mənfi təsir edən hallar da mövcuddur. Belə ki, innovasiya ekosisteminin zəifliyi, maliyyələşdirmə mexanizmlərinin çatışmazlığı, rəqəmsal idarəetmədəki boşluqlar, süni intellektin inkişafı üçün maneələr, kibertəhlükəsizlik riskləri, insan kapitalının və tənzimləyici mühitin yetərsizliyi mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycanda İKT xidmətlərinin ixracı təxminən 110 milyon dollar təşkil edir. Müqayisə üçün  Qazaxıstanda bu rəqəm 882 milyon, Özbəkistanda isə 620 milyon dollardır. Qlobal İnnovasiya İndeksində Azərbaycan Respublikasının 139 ölkə arasında 94-cü yerdə qərarlaşması ekosistemin kompleks inkişafa ehtiyacı olduğunu göstərir. İndeksin göstəricilərinin yalnız 15 faizinin birbaşa İKT-yə aid olması, problemin, əsasən, institusional mühit, insan kapitalı və maliyyələşmə ilə bağlı olduğu göstərilir. Vençur kapitalı, “mələk investorlar” kimi alternativ maliyyələşdirmə alətlərini dəstəkləyən normativ hüquqi bazanın olmaması  innovativ layihələrin maliyyə resurslarına çıxışını məhdudlaşdırır.

Makroiqtisadi siyasətdə mövcud konservativ yanaşmalar innovasiyanı stimullaşdıran çevik tənzimləmələrin formalaşmasına maneə hesab edilir. Dövlət informasiya ehtiyatlarında və sistemlərində məlumatların dürüstlüyündə və tamlığında olan problemlər məlumat əsaslı qərarverməni məhdudlaşdırır və rəqəmsal 7 xidmətlərin proaktiv təqdim edilməsinə imkan vermir. “Hökumət buludu”na keçidin tam başa çatmaması və EHİS-dən kənar xidmətlərin mövcudluğu təhlükəsizlik riskləri yaradır, resursların səmərəsiz istifadəsinə səbəb olur.  Eləcə də, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının mövcudluğuna baxmayaraq, sahə üzrə risklərin qeydiyyatı aparılmamış, təhdid landşaftı və kateqoriyaları müəyyənləşdirilməyib. Ölkə səviyyəsində diaqnostikanın aparılmaması və fövqəladə hallar zamanı tətbiq olunmalı proseslərin müəyyən edilməməsi milli rəqəmsal dayanıqlılığı zəiflədir. Yüksək ixtisaslı texnoloji kadrların çatışmazlığı və beyin axını riski vardır. Mövcud miqrasiya tələbləri xarici mütəxəssislərin və “rəqəmsal səyyah”ların ölkəyə cəlb edilməsini çətinləşdirir.

Azərbaycan yeni rəqəmsal kəşflərlə qlobal bazarlara daxil olmağı hədəfləyir

Göründüyü kimi, mövcud vəziyyət hökuməti qane edə bilməz və texnoloji rəqabətdə daha ambisiyalı hədəflər var. Eyni zamanda, qlobal texnoloji landşaft yüksək sürətlə dəyişir və bu prosesdə rəqabət üstünlüyü əldə etmək üçün yeni modellərə keçid tezləşməlidir. Məhz bu nöqteyi-nəzərdən Azərbaycan rəqəmsal arxitekturanı möhkəmləndirməklə yeni biznes ideyaları, rəqəmsal kəşf və bacarıqların artırılması yolu ilə artıq qlobal bazarlara daxil olmağı hədəfləyir. Fəaliyyət Planı qeyd edilən prioritetlərə nail olmaq üçün strateji yol xəritəsi hesab edilə bilər.

Rəqəmsal inkişaf üzrə yeni dövlət sənədi rəqəmsal inkişaf sahəsində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Fəaliyyət Planı üzrə həyata keçiriləcək tədbirlər çərçivəsində “vahid məlumat idarəçiliyi” yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları tərəfindən alınmasında “yalnız bir dəfə” prinsipinin həlli, proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin “Mygov” və “Mygov Biznes” platformaları vasitəsilə göstərilməsi, vençur maliyyələşməsi və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, “mələk investorlar” institutunun təşviqi və tətbiqi nəzərdə tutulur. Bundan başqa, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, qlobal istedadları cəlb etmək üçün “rəqəmsal səyyah” vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyən edilməsi, miqrasiya prosedurlarının sadələşdirilməsi, İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşması, elektron ticarət və informasiya təhlükəsizliyi sahələri üzrə normativ hüquqi aktların tamamilə yenilənməsi əsas məqsədlərdəndir.

Hədəf rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsidir

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək. Bu, o deməkdir ki, dövlət büdcəsindən investisiyalarla yanaşı, özəl sektorun, xarici investorların və maliyyə institutlarının vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.

Fəaliyyə Planı üzrə nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti yeni yaradılan Rəqəmsal İnkişaf Şurası həyata keçirəcək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və səhmləri  dövlətə məxsus olan hüquqi şəxslər, habelə dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, eləcə də Ali Məhkəmə, Baş Prokurorluq, Mərkəzi Bank, İnsan hüquqları üzrə Müvəkkil, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etməli olacaq.

Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31