Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dünya yeni geosiyasi şərait və zərurət qarşısında...

Dünya yeni geosiyasi şərait və zərurət qarşısında...

11.02.2010 [02:41]

Qlobal aktorların növbəti strateji savaş meydanı Ukrayna oldu və Moskva savaşdan qalib çıxaraq yeni geosiyasi şəraiti öz lehinə çevirə bildi
Ukraynada baş tutan prezident seçkilərindən sonra ölkənin siyasi tarixində yeni bir səhifə açılmaqdadır. Bütün dünyanın böyük həssaslıqla izlədiyi prezident seçkiləri gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək. Qeyd edək ki, 18 namizədin mübarizə apardığı seçkilərin birinci turunda heç bir namizəd ümumi səslərin yarısından çoxunu toplaya bilməmiş və ən çox səs toplayan iki namizəd-Regionlar Partiyasının lideri Viktor Yanukoviç və hazırki baş nazir Yuliya Timoşenko ikinci turda mübarizə aparmağa haqq qazanmışdılar. Fevralın 7-də baş tutmuş ikinci tur seçkilərində isə V.Yanukoviç 48,95 faiz səslə rəqibi Y.Timoşenkonu geridə qoyub. Hazırki baş nazir isə 45,47 faiz səs toplayıb. Bu da onu göstərir ki, növbəti 5 illik müddətdə ölkəni Regionlar Partiyasının lideri V.Yanukoviçin komandası idarə edəcək...
Qlobal strateji savaşın Ukrayna cizgiləri...
Ukrayna dünyanın aparıcı dövlətlərinin strateji planlarında yer alan önəmli aktorların öncüllərindəndir. Belə ki, həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə Ukrayna qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan ölkələrdəndir. Geosiyasi baxımdan “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizə aparırlar. Yəni, geostrateji planlarda ifadə edilən “Ukraynaya hakim olan Avrasiyaya hakim olacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” fəlsəfi-strateji prinsip nəhəng aktorların fəaliyyət mexanizminin baza prinsipini təşkil edir. Məhz bunun nəticəsidir ki, Ukraynada prezident seçkiləri qlobal güclərin strateji mübarizələrinin fonunda baş tutur. Daha dəqiqləşdirsək, Kiyev Qərb (ABŞ və Qərbi Avropanın lokomotiv dövlətləri nəzərdə tutulur-N.Q.) və Rusiyanın diplomatik savaşının sivil platsdarmını təşkil edir. Deyilənləri təsdiqləmək üçün Kiyevin Qərb və Rusiya üçün kəsb etdiyi önəmin fundamental faktorlarını sadalamaq və araşdırmaq məqsədəuyğundur.
Avropa ilə Asiyanı birləşdirən Ukrayna Moskva üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin-Qərbin mövqeyini “sındırmaq”, eləcə də, Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Kiyev faktoru Kreml üçün birbaşa lokomotiv önəmi kəsb edir. Belə ki, Qara dənizdə möhkəmlənmək baxımından strateji balans yaradan ölkələrdən biri məhz Ukrayna, digərləri isə Rusiya və Türkiyədir. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə çalışmaqla Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bu amil, həmçinin, Rusiyaya imperialist açılımın keyfiyyət dairəsini olduqca genişləndirməyə imkan verir. Bir sözlə, Ukraynasız Rusiya Avrasiya imperatorluğunu qura bilməz. Moskva bu amili yaxşı dərk edir və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir. Buna isə müxtəlif vasitələrlə nail olmağa çalışır. Bu vasitələrə diplomatik mexanizmlərdən və təzyiq rıçaqlarından istifadə etmək daxildir. Seçkilər də Moskva üçün diplomatik mexanizmləri işə salmaq və Ukraynada siyasi mübarizəni qazanmaq baxımından əlverişli imkandır. Belə ki, V.Yanukoviçi dəstəkləyən Moskva 2004-cü ildəki prezident seçkiləri zamanı “narıncı inqilab”la diplomatik savaş cəbhəsində fiaskoya uğradı. Amma indi artıq vəziyyət tamamilə dəyişib. Belə ki, Rusiya strateji savaşın növbəti mərhələsində qalib gələn tərəf oldu və Qərbə strateji cəhətdən “qurşaq zərbəsi” endirdi...
Qərb isə Ukrayna kimi lokomotiv aktordan asanlıqla vaz keçməyəcək. çünki ABŞ-ın Ukrayna ilə təmasları tamamilə “əritməsi” Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olacaq. Buna görə də, bundan sonra Qərb çalışacaq ki, Rusiyameyilli hakimiyyətə malik olan Ukraynanı müxtəlif proqramlar çərçivəsində əməkdaşlığa dəvət etsin. Xüsusilə də, Türkiyə kimi vasitəçi dövlətlərin əli ilə bu proses həyata keçiriləcək. Belə ki, Viktor Yuşşenkonun hakimiyyəti dönəmində Qərbin dəstəyi və təkanı ilə Ukrayna Rusiyanın Qara dənizdəki mövqeyini zəiflətmək üçün Türkiyə ilə möhkəm iş birliyi yaratdı, eləcə də, Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropaya Türkiyə ilə birlikdə daşınması məsələsində olduqca prinsipial mövqe sərgilədi. İndi isə enerji təhlükəsizliyindən tutmuş müxtəlif məsələlər ətrafında Qərb Ukraynanı öz orbitinə doğru cəlb etməyə çalışacaq. çünki Ukrayna Avropa üçün Rusiyadan “müdafiə divarı” olmaqla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir. Elə buna görədir ki, hazırda Ukrayna ABŞ-ın iqtisadi və hərbi cəhətdən yardım etdiyi ölkələrin siyahısında İsrail və Misirdən sonra 3-cü yerdə qərarlaşıb. Eyni zamanda, Polşanın Avropa İttifaqının (Aİ) üzvü olması, eləcə də, Bolqarıstanla Rumıniyanın Aİ ilə münasibətlərinin olduqca sıxlaşması Kiyevi Avropa İttifaqının “qonşu”suna çevirib. Qısası, Qərb keçmiş Yuqoslaviya ilə başlatdığı və Gürcüstan, Qırğızıstan kimi ölkələrlə davam etdirdiyi “narıncı inqilab”lar silsiləsi vasitəsilə qərbləşdirmə strategiyasını Ukrayna üzərində də uğurla tətbiq etdi. Amma hadisələrin sonrakı axarına nəzarəti əldən verən Qərb strateji savaşın Ukrayna cəbhəsində Moskvanın diplomatik zərbələrinə duruş gətirə bilmədi və Ukraynanın perspektiv geostrateji statusunu Rusiyaya “qaytardı”...
Hadisələrin perspektivinə dair proqnozlar...
İndi əksər analitik mərkəzlərin üzərində ciddi düşündüyü məsələlərdən biri məhz budur ki, bundan sonra Ukraynanın perspektiv durumu, mövqeyi və geosiyasi statusu necə olacaq? Və ya rəsmi Kiyev xarici siyasi fəaliyyətində hansı tendensiyaları dəstəkləyəcək, əsas tutduğu prinsiplər və strateji yanaşmalar nələrdən ibarət olacaq?
Yuxarıdakı strateji analizin və araşdırma nəticələrinin fonunda Ukraynanın perspektiv fəaliyyət strategiyası və taktikası barədə aşağıdakı proqnozları verə bilərik:
1) Bundan sonra Ukrayna Rusiyaya doğru meyillənəcək və ölkələr arasında qarşılıqlı-faydalı əməkdaşlıqların əhatə dairəsi genişlənəcək. çünki Ukrayna üzərindəki strateji-diplomatik savaşdan Kreml qalib çıxdı və artıq Kiyevin xarici siyasət strategiyasının nəzərə alınan başlıca aktoru və faktoru Rusiya olacaq. V.Yanukoviçin komandası beynəlxalq arenada Rusiya ilə Ukraynanın milli maraqlarını uzlaşdırılmış formada təmin etməyə çalışacaq. Cənubi Osetiya və Abxaziya problemindən tutmuş, müxtəlif məsələlərə dair hər iki tərəfdaş aktor, demək olar ki, eyni mövqedən çıxış edəcəklər. Amma zaman-zaman müəyyən ziddiyyətlər də ortaya çıxacaq;
2) NATO-ya inteqrasiya prosesi zəifləyəcək, qarşılığında isə yeni Rusiya-Ukrayna hərbi tandemi, əməkdaşlığı formalaşacaq. Qərb Ukraynanın NATO-ya qəbul olunması məsələsində perspektiv prosesləri nəzərə alaraq olduqca incə siyasət yeritməlidir. çünki 2010-cu il Ukraynanın yeni siyasi-strateji istiqamətinin müəyyənləşdirilməsi baxımından olduqca önəmli bir tarix olacaq. Baş tutan prezident seçkilərində hakimiyyətə Rusiyameyilli şəxsin gəlməsi ehtimalı yüksəkdir. Əgər belə olarsa, Ukrayna hərbi təhlükəsizlik strategiyasında ciddi düzəlişlər, dəyişikliklər edəcək. Bu halda isə NATO-nun Ukrayna ilə bağlı strateji planları qeyri-müəyyən müddətədək təxirə salınacaq...
Beləliklə, rəsmi Kiyev bundan sonra yeni hərbi strategiya ilə fəaliyyət göstərəcək. Hətta ola bilsin ki, ortamüddətli perspektivdə Rusiya ilə Ukrayna arasında hərbi əməkdaşlığa dair saziş imzalansın;
3) Ukrayna enerji siyasətində müəyyən taktiki dəyişikliklər edəcək. Bu istiqamətdə Rusiya-Ukrayna-Avropa işbirliyi ön plana çıxacaq. çünki Kiyev qaza olan tələbatının 75 faizini Rusiyadan təmin edir, eləcə də enerji sahəsində Kremllə əməkdaşlıq Yanukoviçin Ukraynasına xeyli dividend gətirəcək. Avropa ilə enerji sahəsində işbirliyi etmək üçün Moskvanın Kiyevə xüsusi ehtiyacı var. Belə ki, Rusiyanın Avropaya nəql etdiyi qazın 80 faizi Ukrayna üzərindən keçir. Amma vaxtaşırı Rusiya Kiyev vasitəsilə Avropaya qarşı “enerji təzyiqi” rıçaqlarını işə salacaq. Bəzən isə Moskva ilə Kiyev arasında da enerji təhlükəsizliyi baxımından müəyyən ziddiyyətlər yaşanacaq;
4) Rəsmi Kiyev regional siyasətində nəzərəçarpacaq dərəcədə fərqli dəyişikliklər etməyəcək. Ukrayna region ölkələri ilə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi yönündə fəallığını xeyli artıracaq. Hətta miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli yeni enerji layihələri gündəmə gətirilə bilər. Xüsusilə, regionda Ukrayna-Türkiyə strateji yarışı meydana çıxacaq. Bu, bəzən əməkdaşlıq, bəzənsə strateji rəqabət formasında müşahidə olunacaq. Yəni, Qərbin Türkiyəsi və Rusiyanın Ukraynası Avrasiya düzənini müəyyən etmək uğrunda mübarizə aparacaqlar;
5) Kiyev GUAM çərçivəsində fəallığını olduqca aşağı salacaq, qarşılığında isə MDB-yə üz tutacaq. Eləcə də, Ukrayna Rusiyanın ümumdünya Ticarət Təşkilatına (üTT) qəbul olunması barədə dəstəyini artıracaq. Bundan başqa, Kiyev subregional təşkilatlar çərçivəsində deyil, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqlar dairəsini genişləndirəcək.
Qısası, Ukrayna yeni bir dönəmə qədəm qoymaqdadır. Beşillik “narıncı idarəetmə” fasiləsindən sonra Kiyevin idarəçilik sükanının arxasına yenə də Rusiyameyilli komanda keçir. Bu komandanın praqmatiklik səviyyəsindən asılı olaraq, Ukraynanın perspektiv strategiyasının uğurluluq səviyyəsi müəyyən ediləcək. Hər halda, proqnoz vermək olar ki, Viktor Yuşşenko dönəmində müşahidə edilən səviyyədə Ukrayna siyasi böhranlar burulğanına düşməyəcək. Amma müəyyən müddətlərdə siyasi mübarizənin bəzən kəskin, bəzənsə yumşaq siması özünü göstərəcək.
Nurlan QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1248 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30