Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bəylikdən imperatorluğa

Bəylikdən imperatorluğa

26.10.2023 [13:33]

Tarix yazanlar

M.BAYRAMLI

Oğuzların Bayandur boyundan olan sərkərdə Ağqoyunlu Həsən Padşah 1423-cü ildə Diyarbəkirdə anadan olub. Uca boylu olduğuna görə ona "Uzun Həsən" ləqəbi verilib. Atası Ağqoyunlu Qara Yuluk Osman bəyin oğlu Əli bəy, anası isə Azərbaycanımızın ilk diplomat qadını Sara Xatun idi. Həsən ilk dəfə on bir yaşında Diyarbəkirin mühafizəsi üçün atasının yerinə görəvləndirilib. Atası öləndən sonra hakimiyyət əmisi Həmzə bəyə, ondan sonra qardaşı Cahangir Mirzəyə keçib. Həsən bəy bundan istifadə edərək hakimiyyəti qardaşından almağa çalışıb. Mənbələrin verdiyi məlumata görə, 1452-ci ildə o, köhnə paltar geyərək 40 nəfər nökəri ilə birlikdə Diyarbəkir şəhərinin mühafizəçilərini aldadıb şəhərə daxil olub və taxtı ələ keçirib. Cahangir Mirzə isə hakimiyyətdən uzaqlaşıb.

Azərbaycan torpaqlarını birləşdirmək uğrunda ilk addım olaraq Qaraqoyunlu Cahanşahla mübarizə Uzun Həsənin qələbəsi ilə nəticələnib. 1468-ci ildə Təbrizə daxil olan Ağqoyunlu padşahı Qaraqoyunlular dövlətinə son qoyaraq böyük bir imperiyanın əsasını qoyub. Bu imperiyanın ömrü uzun olmasa da, tarixdə silinməz izlər qoyub.

Növbəti həmlə Teymurilərin ayağını bu torpaqlardan kəsmək idi. Uzun Həsən bunu Səfəvi şeyxi Heydər və Şirvanşah Fərrux Yassarla yaratdığı ittifaq əsasında reallaşdıra bildi. Uzun Həsən öncə təsirli məzmunda bir məktubla Şirvanşaha müraciət edərək ondan Əbu Səidə kömək etməklə yerli əhalinin qırğınlarına, talan olunmasına yolverməməsini xahiş etdi. Fərrux Yəssar onun bu müraciətinə müsbət cavab verərək Teymuri qoşunlarına yardım etməkdən boyun qaçırdı.1469-cu ildə birləşmiş qüvvələr Mahmudabad yaxınlığındakı döyüşdə qoşunları məhv etdilər. Əbu Səidi isə edam etdilər, öz ata-baba torpağında dəfn olunması üçün cəsədini anasına verdi.

Ağqoyunlular dövlətinin tədqiqatçısı Çikaqo Universitetinin professoru şərqşünas alim Johne E.Woods Uzun Həsən barədə məlumatlara öz kitabında geniş yer verib. Qeyd olunub ki, yenilməzlik simvolu olan Əlincə qalası Teymur tərəfindən on yeddi dəfə həmlə edilsə də, ala bilməyib. Ağqoyunlu sərkərdəsi isə o qalanı bir gündə təslim edib.

Tarix üzrə fəlsəfə doktoru Günay Həsənovanın “Uzun Həsən Padşah – bəylikdən imperatorluğa kimi” başlıqlı məqaləsində isə qeyd olunub ki, Avropa elçiləri-casusları Uzun Həsənin bütün Azərbaycan torpaqlarını birləşdirdikdən sonra onların torpaqlarına da hücum edəcəyini duymuşdular. Buna görə də Uzun Həsəni Qərbə - Osmanlı imperiyasına qarşı yönəltməyə çalışırdılar. 1453-cü ildə hər iki türk dövlətində böyük tarixi hadisələr yazılmışdı. Ağqoyunlu dövlətinin yaranması və Sultan Mehmetin Konstantinopolu işğal etməsi... Hər iki hadisə xristian ölkələri arasında böyük qorxuya səbəb olmuşdu. Əfsuslar olsun ki, 1473-cü ildə Otluqbeli adlanan yerdə Ağqoyunlu-Osmanlı ordusu arasında qanlı döyüş baş verdi. Bu döyüşdə Uzun Həsən ağır məğlubiyyətə düçar oldu. Bu məğlubiyyətdən sonra bir daha Osmanlılarla savaşdan belə söz açmadı.

Osmanlı imperiyası, Böyük Moskva Knyazlığı, Qızıl Orda və başqa dövlətlərlə diplomatik münasibətlər qurdu. Uzun Həsən ordunu təkmilləşdirmək məqsədi ilə Avropadan hərbi mütəxəssislər dəvət etdi.

Nikah diplomatiyasından uğurla istifadə edən Uzun Həsən ilk dəfə on beş yaşında olanda əmisi Kor Məhəmmədin qızı Səlcuqşah Bəyimlə evlənib. Trabzon imperatoru IV İohanın qızı Dəspinə xatunla evlənib. O, bacısını Şeyx Cüneydə (Şah İsmayıl Xətainin babası), qızı Aləmşahbəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə verməklə, Səfəvi xanədanlığı ilə də münasibətlərini möhkəmləndirib. Onların nikahından da gələcəkdə Səfəvilər dövlətinin əsasını quracaq Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyət dünyaya gəlib.

Uzun Həsən 1476-cı ildə Gürcüstana etdiyi dördüncü səfərdən sonra böyük qənimətlə geri dönsə də, ağır xəstəliyə düçar olur. 1478-ci ildə əlli beş yaşında vəfat edir. Nəsriyyə bağçasında dəfn olunur. Öləndə baş xanımı Səlcuqşah Bəyim onun yanında idi. Onun vəfatından təxminən 20 il sonra Ağqoyunlu dövləti iki yerə parçalandı. 1501-ci ildə isə Şah İsmayıl Ağqoyunlu dövlətinin mövcudluğuna son qoydu.

Ağqoyunlu hökmdarı Uzun Həsən Padşahın sağlığında tikinti işləri də geniş vüsət almışdı. Təbrizdə örtülü Qeysəriyyə bazarı, Nəsriyyə kompleksi-mədrəsəsi, eləcə də Türkiyənin Diyarbəkir, Elazığ, Ərzincan, Bayburt, Ərzrum və Tunceli şəhərlərində bir sıra hamamlar, körpülər, məscidlər tikdirib. Hazırda dünyanın bir çox muzeylərində, eləcə də Türkiyə Cümhuriyyətinin Topqapı Sarayında, Əsgəriyyə Muzeyində Ağqoyunlular dövlətinə aid döyüş silahları, geyimlər, dəbilqələr, dövlət bayrağı, sikkələr, əlyazmalar, məktublar qorunub saxlanmaqdadır.

Yeri gəlmişkən vurğulayaq ki, Uzun Həsənə həsr olunan nadir eksponatlar İstanbuldan Heydər Əliyev Mərkəzinə gətirilir. Eksponatlar noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılacaq “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunacaq.

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31