Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sənətdə azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu

Sənətdə azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu

10.03.2023 [10:34]

Ümummilli lider Heydər Əliyevin sənət, ədəbiyyat qarşısında xidmətləri vüsətli və miqyaslıdır. Bu xidmətlərin hər biri ilk növbədə, azadlıq, milli-mənəvi dəyər anlayışının bərpası və onun inikasına, onların bədii mətnlərdə təcəssüm predmetinə rəvac verilmə gücünə bağlıdır. O, bilirdi ki, bir xalqın müstəqilliyinin qazanılması, öz mövcudluğunu sürdürə bilməsi bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu ola bilməz, o həm də milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsi kimi hasilə gəlməlidir, yəni, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənməlidir. Digər tərəfdən, Heydər Əliyev dünya mədəni sferasına inteqrasiyanın da zəruriliyini duyurdu. Ona görə milli varlığın idrakı məsələsinə bu qədər həssas yanaşır, fəaliyyətinin əsas istiqamətini milli ruhun oyanışı və ona qayıdış əzminin qorunub saxlanılması təşkil edirdi. Bunlar isə, hər biri bədii nümunələrdə azadlıq, milli-mənəvi dəyər anlayışına qayıdışla reallaşa bilərdi.

Bildiyimiz kimi, sovet ideologiyasının hökmfərma olduğu dövrdə, özəlliklə 1920-1930-cu illərdə Tanrıya, dinə, müqəddəs kitaba münasibətdə nihilist mövqe sərgiləyən mətnlər, yanaşmalar ortaya qoyulurdu. Dünya kontekstindən yanaşanda bu, Qərb düşüncəsində mövcud, getdikcə möhkəmlənən Tanrısızlıq, insanın fərdi duyğularının önə çəkilməsi, yalnız özünə istinadetmə dalğasının bir təzahürü olaraq qabarırdı. Lakin bizdə 1920-1930-cu illərdə Tanrıya qarşı çıxma ədaları yalnız bununla bağlı deyildi, proletkultçuluğun yarıtmaz tələblərindən biri idi. Dinin tiryək kimi qadağasına başlanmışdı və proses yalnız islam dini ilə bağlı aparılmırdı, rus xalqının özünün dini dünyagörüşünə qarşı da çevrilmişdi. Sovet rejimi Allahı, dini ironiya, inkar predmetinə çevirməklə guya ki, mövhumatın kökünü kəsməyə cəhd edir, maarifləndirici təbliğat aparırdı. Əslində, səbəb başqa idi. Deyək ki, Şərq insanı üçün Allah məhfumu möhkəm özüllü istinadgahlardan biri sayılırdı və ona qarşı çıxmaq tələbi xalqın milli-mənəvi dəyərlərinə, “Quran”ına, “Kitabi-Dədə Qorqud”una, əlifbasına, milli kimlik və keçmişinə atılan daş qədər vacib sayılırdı. Tanrısından, müqəddəs kitabından və keçmişindən qoparılan xalqı və milləti isə diz çökdürmək asan idi. Milli poeziyada bu tendensiyanın əlamətləri 1940-cı illərə qədər davam etdi. Düzdür, o zamana qədər də müəyyən istisnalar nəzərə çarpırdı. Deyək ki, 1937-ci ildə yazdığı “Səadət nəğməsi” şeirində “Xəbərdar eyləyin Ərəbistanı/ Ocaqda yandırdı anam Quranı”, yaxud “Ayrılmış qoca Şərq təvəkkülündən...”, - yazan Səməd Vurğun eyni ildə yazdığı “Vaqif” dramında Vidadinin dili ilə Allaha səslənir, insanlığın düçar olduğu fəlakətlərdən qurtuluş üçün ona üz tuturdu: “Xudaya! İnsanın halı yamandır/ Nələr çəkdiyimiz sənə əyandır!”.

Qırıq-qırıq gözə dəyən belə münasibətlər 40-cı illərin sonlarından başlayaraq poeziyada daha aydın nəzərə çarpmağa başladı. Bu qorxunun aradan çıxmasında müharibə amilinin böyük rolu oldu. Müharibəyə yaxınını yola salan, yaxud onun itkisi ilə üzləşən insan Allaha ümidini, duasını, yalvarışını ünvanlayır, onda ovunur, təsəllisini tapırdı. Artıq ümumxalq etiqad səciyyəsi daşıdığından dövlət bu münasibətə o qədər də dərindən nüfuz edə bilmirdi. Amma bu, insanla Tanrı arasında fərdi hisslərin önə keçdiyi zaman deyildi. Şairlərin Tanrı ilə münasibətlərinin məhrəm müstəviyə adlaması prosesi sonrakı onilliklərdə - 1960-1980-ci illər poeziyasında mümkün oldu. Bunun üçün bircə səmimi müraciət kifayət etdi: “Mən burdayam, İlahi!” (Vaqif Səmədoğlu).

1960-cı illərin sonlarından başlayaraq poeziyanın Allaha münasibətində cəsarət və doğmalıq, ərk və məhrəmlik önə keçdi. 1980-ci illərin əvvəllərində isə Bəxtiyar Vahabzadənin yazdığı “Fəryad” pyesinin nümunəsində Allaha müraciətin xəfif qatına keçilir, Tanrı ilə bağlı hər cür sakral düşüncələr praqmatik müstəviyə adlayır, öz motivasiyasını şairin “insanlıq” fəlsəfəsində tapırdı.

İdrakda yol açmış gecədən gündüzə Allah!

Güldürməsən öz könlünü gülməz üzə Allah!

Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.

Qəlbin gözü yanmazsa görünməz gözə Allah!

 Bu düşüncə poeziyasının intişarına imkan verən Heydər Əliyev idi. Tanrısını tanıyan millətin özünü tanıması, milli azadlığını təmin etməsi daha asan reallaşa bilərdi. Ona görə Heydər Əliyevin bu dönəmdəki fəaliyyətindən heyrətlənmədən bəhs etmək olmur. Milli siyasi lider bir tərəfdən şairləri qadağan olunmuş mövzularda yazmağa, əsərlər meydana qoymağa ruhlandırır, digər tərəfdən, onları sovet ideologiyasının həmlələrindən qoruyurdu.

Türkiyənin tanınmış ictimai xadimi Kamal Akın qeyd edir ki, “Heydər Əliyev Sovet İttifaqının tarixində uzun illər sovetlər rejiminin, Kremlin zirvəsində oturmuş yeganə türkdür”. Milli müstəqillik dönəmində türk olmaq bəlkə o qədər də cəsarət tələb edən nəsnə deyildi. Amma sovet epoxası daxilində bu mövqenin özündə böyük millət sevdası, Vətən fədailiyi ehtiva olunurdu. Həmin illərdə Heydər Əliyevin həyata keçirdiyi çoxyönlü əməllər sırasını - həmin fədailiyin miqyasını bu böyük şəxsiyyətdən bəhs edən bütün şəxslər etiraf etmişlər. Bütün fəaliyyəti boyu öz sərt və prinsipial mövqeyindən çəkinmədən xalqın tarixi və bədii yaddaşını qorumaq, onu dirçəltmək, inkişafını təmin etmək yolunu tutmaqla əslində, Heydər Əliyev sovet idealları uğrunda mübarizəni real Azərbaycan uğrunda mübarizəyə çevirmişdir.

Önəmli bir faktın - 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində dəyişdirilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himni məsələsi üzərində dayanmaq istəyirəm.1945-ci ildə Səməd Vurğun və Süleyman Rüstəmin müəllifliyilə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himninin sözlərinin müəllifləri cərgəsinə Hüseyn Arifin də qoşulmasıyla 1978-ci ildə yeni redaksiyada işlənildi. Qəribədir, Stalinin adı Azərbaycan himnindən məhz 1978-ci ildə çıxarıldı. “Rəhbərimiz Stalindir - bizim həyat növrağımız” - misrası Azərbaycan himninin mətnindən Stalindən 25 il sonra məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə çıxarıldı ki, bu da tarixi bir zərurətin göstəricisiydi. Təbiidir, əgər himnin sözlərində Stalinin adı keçirdisə demək ki, himnimiz 1956-cı ildən, Stalinin şəxsiyyətə pərəstişi ifşa ediləndən sonra oxunmayıb. Stalinin adının himndən çıxarılması ilə Himn yenidən dövriyyəyə qaytarılırdı və bu da müstəqil olmasa da, hər halda, respublika şəklini qoruyub saxlayan Azərbaycan üçün mühüm mənəvi əhəmiyyət kəsb edirdi.

Heydər Əliyevin bu illərdəki fəaliyyəti, gördüyü işlərin çəkisi və miqyası sonrakı dövrün poeziyasında daha aydın boyalarla poetik müstəviyə gətirilir. Şair Səyavuş Məmmədzadənin şeirlərində Heydər Əliyevin çəkdiyi əziyyətlər, rus siyasəti qarşısında nümayiş etdirdiyi əzmkar ruhun ifadəsi uğurla əksini tapıb:

Neçə tufanlara sinə gərdiniz,

Can deyən, can verən Azərbaycana.

Ləyaqətinizlə bənzəyirsiniz

Sinəsi yaralı Koriolana...

Söhrab Tahirin yaradıcılıq bioqrafiyasında 1972-ci ildə Heydər Əliyevə ünvanladığı “Birinci” adlı şeir var. Həmin şeirdə şair Heydər Əliyevin sovet dövlətinin çətinlikləri içində belə boy göstərən işıqlı və əzəmətli obrazından bəhs edir:

Birinci intihar, birinci ölüm,

Birinci ölümün ağzından dönüm.

Ömrün gödəkliyi, yolun təkliyi,

Böhtan kələfçəsi, yalan yumağı,

Başının üstündə dövrün çomağı

Birinci olmağın yol yoldaşıdır.

Birinci dünyanın vətəndaşıdır.

Heydər Əliyev imperiya siyasəti ilə çarpışırdı. Elə imperiya ki, vaxtilə “parçala, hökm sür” tezisi üzərində qurulmuşdu. Elə hakimiyyət ki, varlığı millətlərin, xalqların milli kimliyini əlindən almaq, yadlaşdırmaq, manqurtlaşdırmaq məqamı üzərində bərqərar olmuşdur. Heydər Əliyev isə içindən çıxdığı xalqın dəyərlərinin böyüklüyünə əmin idi, onların nədə ehtiva olunduğunu bilirdi. Şəxsiyyətlərini tanıyırdı. Dövləti güclü edən amillərin söykəndiyi bütün çıxış nöqtələri ona məlum idi.

“Heydər Əliyev Sovet İttifaqının hüdudları daxilində belə, o qədər də yaxşı tanınmayan Azərbaycan xalqını zaman-zaman ucalara qaldıran və onu inkişaf etmiş dünya xalqları sırasına gətirən liderdir. Bu tarixi vəzifəni öz xalqını yaxşı tanımadan, onu sevmədən və irəlini görmədən yerinə yetirmək mümkün deyildi” (Mövlud Süleymanlı).

Musa Qasımlı “Heydər Əliyev - istiqlala gedən yol (1969-1987-ci illər)” kitabında yazır: “Azərbaycan ədəbiyyatı bütün sovet tarixi ərzində heç vaxt 70-80-ci illərdəki kimi qayğı ilə əhatə olunmamışdı. Bu dövr Azərbaycan ədəbiyyatının ölkədə və dünyada tanınması, yüksəlişi, tərəqqisi illəridir”.1 Bu illərdə tək poeziyanın inkişafı, şairlərə münasibət, klassik və müasir ədəbiyyatımızın təbliği, tədqiqi və dəyərləndirilməsi yönündə atılan addımlar görülən işin miqyasını təsəvvür etməyə imkan verir: 1970-ci ildə Rəsul Rzanın anadan olmasının 60, 1980-ci ildə isə 70 illiyi qeyd edilir. 1973-cü ildə Nigar Rəfibəylinin anadan olmasının 60 illik yubileyi, Nəbi Xəzrinin 50 illiyi təntənə ilə qeyd edilir. Heydər Əliyev Məmməd Rahimin Oktyabr İnqilabı ordeni ilə təltif edilməsi haqqında 1977-ci ildə məktubla Sov. İKP MK-ya müraciət edir. 1982-ci il 12 iyulda Mirvarid Dilbazinin anadan olmasının 70 illiyinin keçirilməsi və təltif olunması barədə qərar qəbul edir. O, şairənin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi barədə məsələ qaldırır və istəyinə nail olur.

Azərbaycan KP MK bürosunun 1969-cu il 12 avqust tarixli iclasında Qazaxda Molla Pənah Vaqifin ev muzeyini yaratmaq barədə qərar qəbul edilir. Doğulduğu rayonda Vaqifin xatirə muzeyi yaradılır. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan KP MK bürosunun 1978-ci il 9 iyun tarixli iclasında Şamaxıda Ədəbiyyat muzeyi yaratmaq barədə qərar qəbul olunur və reallaşır. MK bürosunun 1980-ci il 11 dekabr tarixli iclasında Naxçıvan şəhərində Hüseyn Cavidin ev muzeyinin yaradılması barədə qərar qəbul edilir və həyata keçirilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1980-ci il dekabr ayının 12-də keçirilən büro iclasında görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 850 illiyinin keçirilməsi barədə qərar qəbul edilir. 1981-ci ilin iyun ayında Mirzə Şəfi Vazeh, 1976-cı il 10 sentyabrda isə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir irsinin öyrənilməsi haqqında qərar qəbul edildi. Onu da deyək ki, verilən qərarlardan sonra yubileyləri keçiriləcək şəxslərin əsərləri nəşr olunur, yaradıcılığı haqqında mətbuatda silsilə məqalələr dərc edilir, radio və televiziyada proqramlar hazırlanırdı. Məsələn, Sabir haqqında verilən qərardan sonra şairin Şamaxı və Bakıda qoyulmuş, lakin baxımsız qalmış abidələrinin ətrafı abadlaşdırıldı. 1982-ci ildə Mirzə Ələkbər Sabirin anadan olmasının 120 illiyi qeyd edildi. Əsərləri təkrarən nəşr olundu. Bakıdakı küçələrin birinə şairin adı verildi. Böyük satirik şairin adını daşıyan Sabirabad rayonunda mədəni quruculuq işləri genişləndirildi.

MK bürosunun 1975-ci il 27 iyun tarixli iclasında görkəmli Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 70 illiyinin keçirilməsi haqqında qərar qəbul olundu. Bu qərar uğurla, böyük təntənə ilə həyata keçirildi. Şairin şeirlərinə mahnılar bəstələndi, teatrlarda əsərləri daha çox oynanılmağa başlandı. Bakıda Səməd Vurğunun övladları yaşadığı mənzildən köçürülərək yeni mənzillə təmin edildikdən sonra şairin ev-muzeyi yaradıldı.1976-cı ildə böyük yubiley tədbirləri Bakıda və Moskvada keçirildi.

Heydər Əliyevin sədrliyi ilə büronun 1979-cu il 25 may tarixli iclasında Məhəmməd Hadinin 100,1980-ci il oktyabr ayının 17-də Əliqulu Qəmküsarın 100, 1974-cü ildə Hüseyn Cavidin anadan olmasının 90 illiyi qeyd edildi və s. və i.

Heydər Əliyevin həmin dövr fəaliyyətinə həsr edilmiş bir çox yazılarda bir məsələyə aydın işarələr var. 1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan xalqının milli kimliyinin və müəyyənliyinin dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genefondun varlıq göstəriciləri olmaları işinə sərf elədi. Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Mirzə Şəfi Vazehin, Nəriman Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları sovet epoxası daxilində ağlasığmaz əzmkarlıqdan hasilə gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. Mədəniyyətin, elmin və ədəbiyyatın yenidən qurulması prosesi başlanmışdı. Ölkə həyatının elə bir sahəsi yox idi ki, 1969-cu ilin iyulundan sonra ciddi dəyişikliklərə məruz qalmasın, Heydər Əliyevin dövlətçilik təfəkkürü süzgəcindən keçirilərək millətin və dövlətin tələblərinə cavabverici bir şəkildə təqdim olunmasın. Ədəbiyyatşünas  alim Azər Turan 2000-ci ildə “Azərbaycanın gücü” məqaləsində yazır: “Bizdə dissident ədəbiyyatı olmuşdurmu? - deyə bu höcətlərdə bəzən ifrata varırıq. Bu, əlbəttə, ayrıca bir söhbətin mövzusudur. Amma bütün bu heç də hər zaman birmənalı cavablandırılmayan sorğuları, mübahisələri bir kənara qoyub deməyə borcluyuq: o illərdə Azərbaycanda hadisənin daha başqa və bənzərsiz forması təzahür etmişdi. Azərbaycanda mövcud ictimai şəraitə, sistemə, quruluşa rəğmən, dissident siyasəti tətbiq olunurdu (kursiv mənimdir - E.A.). Cəmiyyət həmin siyasətlə idarə olunurdu. Tabular və bütlər, ehkamlar və sxolastika hər gün zərər çəkirdi: Nərimanov Lenini, Mustafazadə Xrennikovu, Bəhlulzadə Deyneykanı... əvəz edirdi. Anar “Yaxşı padşahın nağılı”nı, Vahabzadə isə:

Alçalmaq ucalmaqdı, bu dövrana təşəkkür,

İnsana verilmiş bu şərəf, şana təşəkkür -

misralarının da yer aldığı “Fəryad”ı yazırdı. Kütlənin ümumi rəyi formalaşdırılırdı. Moskva Azərbaycana uzaqdan baxmağa və köks ötürməyə məcbur edilmişdi”.

Necə ola bilirdi ki, Heydər Əliyev sovet hakimiyyətinin rəsmi tribunasından sözünü öz xalqına ünvanlayırdı, onun dəyərlərini qoruyurdu, milli heysiyyatını uca tuturdu?! Axı kim dana bilər, toxunduğu bütün məsələlərdə liderin fəaliyyəti ədəbiyyatın o zamankı dalğasından azadlıq anlayışının oyanışı kimi keçir. Şeirə bütöv Azərbaycan obrazının gətirilməsi, Allah obrazının poetik dövriyyəyə qatılması, milli istiqlal, Vətən, dil anlayışlarının uca vurğu ilə səsləndirilməsi, cəmiyyət ziddiyyətlərinin, sosial hərc-mərcliyin açıq dillə, çəkinmədən bədii təsvirə gəlməsi, ifşa olunması və s. - hər biri Heydər Əliyev dühasının sayəsində ərsəyə gələn müstəsnalıq idi. Bu azadlıq ab-havasını ədəbiyyata Ümummilli Lider bəxş etmişdi.

Mühüm olan bir neçə faktın üzərində dayanmaq istəyirəm. Bəxtiyar Vahabzadənin 1958-ci ildə yazdığı “Gülüstan” poeması dünyanı olmasa da, özünü dünyanın məhvəri sayan nəhəng Sovetlər İmperiyasını silkələyəməyə müvəffəq oldu. Ona qədər heç bir əsərdə milli dil, milli varlıq və kimlik məsələsi bu qədər kəskinliklə qoyulmamış, bu qədər cəsarətlə sərgilənməmişdir. Bu əsərdə yaddaşı oyatmağa yönəlik olan missiya vardı və bu missiya XX əsrin birinci yarısının aydınlarının əsərlərindən sonra ilk dəfə məhz Bəxtiyar Vahabzadə poeziyasında bu çalarda, bu miqyasda şeirə gətirilirdi. Amma bir anlıq düşünək, “Gülüstan” poeması yalnız daxili azadlığın təzahürü idimi? Düşünmürəm. Poema 1958-ci ildə yazılmışdı. Heydər Əliyev bu zaman Dövlət təhlükəsizliyi orqanlarında çalışırdı. Vəzifəsindən irəli gələn səlahiyyəti isə millətin milli-mənəvi dərdlərinin tərcümanı olmağa, onun ehtiva olunduğu məqamları qorumağa imkan verirdi. Onun çıxışlarında bu məqamlara aydın işarələr kifayət qədərdir: “Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. “Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı”.

Yaxud yazıçı Mövlud Süleymanlının “Dəyirman” povesti. “Qırx ilin yeddi görüşü” əsərində yazıçı Mövlud Süleymanlı qeyd edir ki, “o zaman mənim “Dəyirman” povestim təzə çıxmışdı. Əsər böyük səs-küyə səbəb oldu, Yazıçılar Birliyində povest ətrafında geniş müzakirə aparıb amansız tənqidlərə məruz qoydular. Daha sonra yazıçılar əsəri götürüb Heydər Əliyevin yanına gediblər. Heydər Əliyev soruşub ki, nə var bu əsərdə. Deyiblər ki, Sovet ideologiyasına zidd məqamlar var, hələ yoldaş

Əliyev, altından xətt də çəkmişik, əsərdə 73 ədəd söyüş də yer alıb. Heydər Əliyev altından xətt çəkilmiş sözün birini oxuyub və gülərək deyib, baho, ona qalsa gərək rus xalqı Şoloxovu məhkəməyə verə”.

Heydər Əliyev milli varlıq üzərində daha çox düşünürdü, milli statusu əlindən alınmış xalqın özünəqayıdışının yollarını arayırdı. Üzərinə düşən missiya çətin idi, fəaliyyətinə qırılmış xəttin, güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başlamalı idi. Çətin idimi? Bəli! Ona qədər mövcud olan xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurmuş, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxarmışdı: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şərtləndirmişdi. Bu mənada, sovet rejiminin İnsanı yalnız müharibələrin əzdiyi insan deyildi, o, həm də tək qalmış, təcrid olunmuş, cəmiyyət tərəfindən sıxışdırılmış, yadlaşmış, çarəsiz insan idi. 1970-ci illərdən başlayaraq, baş verən proseslərin mahiyyəti, yaddaş strukturunda yer almış görüntülərin bərpası ilə çağın insanının düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmədi. Bu illərdə yaranmış əsərlər artıq cəmiyyət həyatına oppozisiyada meydana gəlirdi. Sənət artıq həqiqətlərin yaşamını verməyə, bədii qəhrəmanın mənəvi dünyasına varmağa çaba göstərirdi. Sovet dövrünün tələbləri tamam özgə hava-havacat üstə köklənsə də, 1960-1970-ci illərdə artıq sosial gerçəklərin təsviri əks qütbdə meydana çıxırdı. Bu toqquşma əsərlərin forma və məzmununda çoxqatlılığa gətirib çıxarırdı. Əsərlərdə bədii ideoloji rakurs öz yerini daha çox insanın və onun həyatının dərinliklərinə varan süjetlərə verir, bununla da sənətin neçə onillik ərzində qurama illüziyalar içrə aldanışı üzə çıxırdı. 1970-ci illərdən başlayaraq ümidlərin yalanlar önündə fiaskosu nəticələrini verdi: milli ədəbiyyat, milli dil məsələləri önə keçdi, elm və ədəbiyyat xadimləri daha çox milli maraqlar üzərində köklənməyə cəhd göstərdilər. Bu təbəddülatı ədəbiyyata Heydər Əliyev qazandırmışdır. Onun ədəbiyyatda gerçəkləşdirdiyi işlər, klassiklərə yönəlmək, milli ədəbiyyata qaytardığı güvənc hissi sistemin  özü ilə bağlı yaratdığı Mif anlayışını yazıçı düşüncəsində heçə endirir, onun tənəzzülünü labüdləşdirirdi. İslahatlar ədəbi-mədəni həyatımızın bütün sferalarına sirayət etdikcə, milli mənlik şüuru önə keçir, milli məfkurə işığı dalğalanmağa başlayırdı. Bu mənada, 1990-cı illərdə insanların öz azadlığını qazanması üçün meydana axışması, haqqını geri almaq təşnəsi birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu iki onillik əvvəldə, Heydər Əliyev dühasının imkan verdiyi azad söz zamanında, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş hürr duyğulu, millət problematikalı poeziya mətnlərində tapır. Bunu meydanda olan faktlar da deyir:

Nəriman Həsənzadə “Heydər Əliyevin şəxsində mən “Bütün Şərq bilsin” pyesinin qəhrəmanını, Nəriman Nərimanovun prototipini görürdüm”, - yazır;

Qabil qeydlərinin birində “Ömür həbləri” romanında Heydər Əliyevin də obrazını düşündüyünü bildirir;

Mövlud Süleymanlı “Dəyirman” povestinin 70-ci illərin sağlam, duru, doğma ab-havanın məhsulu kimi meydana çıxdığını və üstəlik əsərlə bağlı “Azərbaycanı bürüyən” hücumdan onu Heydər Əliyevin qoruduğunu dilə gətirir;

“Yaxud “İdeal” müəllifi İsa Hüseynovun mətbu etirafı yadıma gəlir; İdealı yazanda Heydər Əliyevi düşündüyünü söyləyir. Bu məqam Bəxtiyar Vahabzadənin Şair mövqeyində dönə-dönə, habelə Məmməd Arazın etirafında var; Xəlil Rza şeirinin odlu nəfəsi bu məqama toxunur... Maqsud İbrahimbəyov xalqın xilaskar oğlu haqqında hələ dünən mətbuat bataliyalarına girmiş... Elçinin televiziya ilə il öncəki müsahibəsi “mənim tanıdığım Heydər Əliyev” məxrəcində isti təəssürat və müşahidələrini bizimlə bölüşür... Yaşar Qarayev son yazılarından birində tarixi həqiqətləri ümumiləşdirərək: Dədə Qorqudun, Nizaminin, Füzulinin, Ələkbər Sabirin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin ... gördüyü işlərin vəhdətini, əməli gerçəkliyini Heydər Əliyev dühasında tapır. Bütöv bir epoxa Azərbaycan ədibləri bunu deyir; bu məqamdan keçib durulur, özü olur...” (Tehran Əlişanoğlu)

Azadlığına addım-addım qovuşan sənət! Heydər Əliyev epoxasının müstəsnalığı və gücü! Əsərlərində azadlıq anlayışının müqəddəsliyini önə çəkən fransız yazar Alber Kamyunun dediklərinə istinad etsək, “yalnız azadlıq üçün çalışıb çabalamağın mənası var. Çünki yalnız bu zaman insan inanır ki, o heç zaman ölmür!”

 Heydər Əliyevinin ölümsüzlüyünün səbəbi həm də bundadır!

Elnarə Akimova,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31