Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Regionda nüvə təhdidi...

Regionda nüvə təhdidi...

18.03.2023 [11:30]

İrana imkan verilməməlidir

Qonşu dövlətlər İranın təcavüzünü dayandırmaq üçün istənilən hərəkət variantına hazır olmalıdır

Ötən yazılarımızın birində Ermənistandakı köhnə, istismara yararsız texnologiyalarla çalışan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin region üçün ciddi nüvə təhdidləri yaratdığından bəhs etmişdik. Belə fiziki və mənəvi cəhətdən qocalmış AES-in fəaliyyətinin qeyri-şəffaf şəkildə həyata keçirildiyini nəzərə alsaq, bizi gözləyən təhlükənin ciddiliyi barədə konkret təsəvvür yaranar. Ancaq region üzərində ölüm kabusunu dolaşdıran yalnız məsuliyyətsiz dövlət olan Ermənistan deyil. Bəhs olunan yazının davamı olaraq bu dəfə Ermənistanla saxta qardaşlıq münasibətləri quran İranın addım-addım nüvə silahı əldə etməyə yaxınlaşmasından bəhs etmək istəyirik.

İran 5+1 razılaşmasını necə pozdu?

İranın nüvə proqramının yaratdığı narahatlığın uzun tarixi var. 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. 20 il üçün nəzərdə tutulan müqaviləyə əsasən İran müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən  dinc məqsədlərlə istifadə etmək  barədə öhdəlik götürdü. Tehran rejiminin uranı 3,67 faizədək zənginləşdirməsinə və maksimum 300 kq uran istehsal etməsinə “yaşıl işıq” yandırılırdı. Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssisilərə nəzarət həyata keçirəcəkdi. Beləliklə, 16 yanvar 2016-cı ildə nüvə çalışmalarına görə İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldı.

Lakin İsrailin və digər ölkələrin əldə etdikləri kəşfiyyat məlumatları ilə sübut olundu ki, mollakratiya beynəlxalq birliyi aldatmaq yolu tutub və razılaşmanın şərtlərini pozaraq uranın daha dərin zənginləşdirilməsi istiqamətində gizli fəaliyyətini davam etdirir. Sonradan ölkənin müəssisələrində uranın yol verilən həddən artıq dərəcədə zənginləşdirildiyini  İran rəsmilərinin özləri də etiraf etmək məcburiyyətində qaldılar. 2020-ci il aprelin 17-də İran Natanzdakı nüvə obyektində uranın zənginləşdirilməsinə 60 faiz səviyyəsində, 22 dekabr 2022-ci ildə isə Fordo obyektində uranın yenə də 60 faizədək zənginləşdirilməsinə başladığını elan edib. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhroz Kamalvəndi ölkəsinin uranın zənginləşdirilməsi istiqamətində kifayət qədər uzağa getdiyini otaya qoyub. Sitat: “İndiyədək İslam Respublikası 60 faizlik zənginləşdirmə həddini aşa bilməyib”.

İran rəsmilərinin özlərinin də etiraf etdikləri rəqəmlərdən də məlum olduğu kimi,  razılaşmanın şərtləri İran tərəfindən kobud şəkildə pozulub. Buna cavab olaraq ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ilin may ayının 8-də öz ölkəsinin birtərəfli qaydada ortaq geniş çalışma planı üzrə müqavilədən çıxdığını bəyan etdi. Mövqeyini əsaslandıra bilməyən mollakratiya da müqavilə üzrə bəzi öhdəliklərini yerinə yetirməycəyini açıq şəkildə bildirdi. Bir qədər bundan əvvəl Tehrandan həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa biləcəyi ilə bağlı xəbərlər gəlib. Bununla bağlı açıqlamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian verib. Bildirilir ki, Tehran rejimi Avropa Parlamentinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qurum kimi tanımasına cavab olaraq belə bir addım atmaq qərarına gəlib.  Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1970-ci ildə qüvvəyə minib. Hazırda 191 ölkənin iştirakçısı olduğu saziş nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə silahlarından imtina edilməsi prinsiplərini nəzərdə tutur.

12 günlük məsafə

Əslində isə İran məlum razılaşmanın şərtlərini pozmaqla uranın daha dərin zənginləşdirlməsinə nail olub. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın bir neçə dəfə yuxarıda bəhs olunan razılaşmanın şərtlərini kobud şəkildə pozması barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, əslində, bu sazişin özü də mənasını itirib və diplomatik səylər heç bir nəticə verməyib. “Danışıqların tərəfi olan ölkələrin heç biri bu sənədin “ölü” olduğunu bəyan etməsə də, hər kəs onun mənasız olduğunu bilir”, - deyə AEBA-nın baş direktoru bəyan edib. R.Qrossi  Brüsseldə Avropa Parlamentinin sessiyasında İranın nüvə silahı istehsal etmək üçün kifayət qədər materiala malik olduğunu bildirib. O qeyd edib ki, artıq bu ölkə 70 kiloqram çəkisində uranı 60 faiz və əlavə olaraq, daha 1 tonu 20 faiz zənginləşdirə bilib. Beləliklə, İran çox tez bir zamanda nüvə silahına malik ola bilər və bu istiqamətdə işlərin 90 faizini başa çatdırıb.

Son günlərdə isə transmilli mediada İranın uranı təhlükəli həddədək zənginləşdirdiyi barədə manşet xəbərləri yayılıb. “Bloomberg” daha əvvəl adı açıqlanmayan iki yüksək rütbəli diplomata istinadla bildirib ki, İranın nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər  84 faiz zənginləşdirilmiş uran aşkar ediblər. Bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin özləri də təsdiqləyiblər.

Bu, çox yüksək bir göstəricidir və o anlama gəlir ki, mollakratiya artıq nüvə silahına çatmağın bir addımlığındadır. Artıq bu ölkənin nüvə təhdidləri regionun qapısını döyür.  “İran uranı raket başlığına yerləşdirilə biləcək səviyədə zənginləşdirib”. Bu fikri mütəxəssislər İranın uranı 84% zənginləşdirməsi haqda yayılan məlumatı şərh edərkən bildiriblər. Onların qənaətinə görə, nüvə silahının hazırlanması üçün uranın 90 faizədək zənginləşdirilməsi kifayətdir. Bildirilir ki, uranın indiki zənginləşdirilməsi səviyyəsində İranın nüvə silahı əldə etməsinə cəmi 12 gün kifayətdir.

Nüvə marafonuna yol...

İranın nüvə silahı istehsalına təhlükəli bir səviyyədə yaxınlaşması bütün dünyada ciddi narahatlıqla izlənilir. Ümumi qənaət belədir: İrana nüvə silahı istehsalına imkan verilməməlidir. Bunu aşağıdakı amillər şərtləndirir:

-Birincisi, ölkə mühafizəkar rejimin rəhbərliyi altında idarə olunur. Belə rejimlər isə həmişə özünü qorumaq naminə ən riskli addımlar atmağa hazırdırlar. Heç kim təminat verə bilməz ki, mollakratiya siyasi ömrünü uzatmaq, rəqiblərə əzələ nümayiş etdirmək, diqqəti səngimək bilməyən daxili gərginlikdən yayındırmaqdan ötrü nüvə düyməsini basmayacaq.

- İkincisi, İranın terroru dəstəkləyən ölkə olması.  İran İnqilab Keşikçiləri Korpusunun Yaxın Şərqdə bir sıra terror təşkilatları yaratdığına və onlara hərtərəfli dəstək verdiyinə dair təkzibolunmaz faktlar var. Bəhs olunan regionda törədilən qanlı terror əməllərinin izləri həmin quruma tərəf uzanır. İranın dronların, ballistik və qanadlı raketlərin istehsalını artırması, eyni zamanda, Tehranın dəstəklədiyi terrorçu və məzhəb qrupları regionda fəsadlar törədir.

- Üçüncüsü, İranın arzuolunmaz qonşuluq siyasəti. İran qonşuluqda səmimi və xoş məramlı deyil. Rejimin apardığı siyasət bir sıra qonşu dövlətlərlə İranın münasibətlərinin kəskinləşməsinə səbəb olub. Yaxın Şərq ölkələri təkcə coğrafi baxımdan İrana yaxın deyil, həm də onun ballistik raketləri, PUA-ları və bədxah siyasətindən əziyyət çəkirlər. İranın nüvə proqramından ziyan çəkəcək dövlətlər də məhz onlar olacaqlar.

- Dördüncüsü, İranın nüvə silahına sahiblənməsi regionda nüvə marafonuna yol açacaq. İranın güc balansını pozması və üstün mövqeyə yüksəlməsi fonunda region dövlətlərinin öz təhlükəsizlikləri qayğısına qalmaq istəkləri başadüşüləndir. Təhdid varsa, onu dəf etmək üçün gücün olmalıdır.  

Körfəz Əməkdaşlıq Şurasından çağırış

Yeri gəlmişkən, AEBA-nın baş direktoru Rafael Qrossinin bəyanatı Körfəzin Əməkdaşlıq Şurasının (KƏŞ) ciddi narahatlığına səbəb olub və bu təşkilat Qərb ölkələrini İranı danışıqlar masası arxasına oturtmağa məcbur etməyə çağırıb. Ərəb dövlətlərinin birləşdiyi KƏŞ hesab edir ki, Yaxın Şərq regionunda sülhə və təhlükəsizliyə ciddi təhdid olan qüvvələri dəstəkləyən Tehranın nüvə silahına malik olması yolverilməzdir. Şuranın baş katibinin müavini Abdel Əziz Aluvayşeq Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc etdirdiyi məqalədə qeyd edib ki, Tehrandakı radikal qüvvələr bu prosesin tezliklə başa çatdırılmasını tələb edirlər. O yazıb: “Onu da vurğulamaq yerinə düşər ki, danışıqların aparıldığı illərdə də İran vaxt qazanmaqla əlavə resurslar əldə etməyə və nüvə silahı ilə bağlı niyyətini yerinə yetirməyə can atırdı. Rəsmi Tehran 2015-ci ildə JCPOA-nı qəbul edərkən də bu hədəfə nail olmağa çalışıb. Belə ki, həmin sazişin imzalanmasından sonra Qərbin sanksiyalarının yumşaldılması İran üçün nəfəslik rolunu oynayıb. Lakin Tehranın qeyri-konstruktiv mövqeyi bu prosesin uzun müddət davam etməsinə imkan vermədi. Belə ki, 2018-ci ildə ABŞ, bu yaxınlarda isə İran rejiminin etirazçılara divan tutmasına cavab olaraq Avropa İttifaqı yeni sanksiyalar tətbiq etdi. Artıq Qərbin terrorçu dövlət kimi qəbul etdiyi İranla yeni danışıqlar aparacağı ehtimalı çox azdır”.

KƏŞ rəsmisi hesab edir ki, 5+1 formatının indiyə qədər İranın nüvə silahı əldə etməsinə mane ola bilməməsi beynəlxalq ictimaiyyətin böhrana yanaşmasının yenidən qiymətləndirilməsini tələb edir. Əvvəllər 5+1 formatında müzakirəçilər 2015-ci ildə sazişin bağlanmasının İranın bölgədəki davranışında mötədilliyə gətirib çıxaracağına ümid edirdilər, lakin Suriya, Livan, Yəmən və başqa yerlərdə Tehranın pozucu fəaliyyəti nəticəsində bunun əksi baş verdi. Şübhə yoxdur ki, İranın nüvə proqramı Yaxın Şərq regionu və onun hüdudlarından kənardakı ölkələr üçün ciddi təhlükə yaradır və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün diplomatik səylər davam etdirilməlidir.  “Arabnews” yazır: “Körfəz Əməkdaşlıq Şurası İranın nüvə silahı təhlükəsini ciddi qəbul etməyə və yeni formatda danışıqlar aparmağa çağırır. Ərəb ölkələri hesab edirlər ki, Qərbin Tehranla imzaladığı JCPOA sazişi formatında müzakirələr artıq aktuallığını itirib”.

İranın nüvə fəaliyyətinə qarşı ABŞ-İsrail əməkdaşlığı

“İranın nüvə silahı əldə etməyə can atması İsraildən istənilən hərəkət variantına hazır olmağı tələb edir”. Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Yaxın Şərq turu çərçivəsində bu ölkəyə səfərə gələn amerikalı həmkarı Lloyd Austin ilə görüşdən sonra bildirib. Fikirlərinə davam edən İsrail rəsmisi vurğulayıb: “Bu gün kritik məqamdayıq, yaxın gələcəkdə təcili və mühüm qərarlar qəbul etməli olacağıq. İran nüvə silahı əldə etmək və təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək məqsədi güdür. İranın nüvə təhdidi bizdən istənilən varianta hazır olmağı tələb edir, bir daha təkrar edir və vurğulayıram: biz istənilən hərəkət variantına hazır olmalıyıq”.

İranın regiondakı nüvə təhdidləri Pentaqon rəhbərinin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə də müzakirə olunub. Onlar “İran təcavüzü”nə qarşı əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.  Qeyd edildiyi kimi, Lloyd Austin ABŞ-ın İranın nüvə silahı əldə etməsinə imkan verməmək öhdəliyini bir daha təsdiqləyib.

Azərbaycan üçün təhlükə

İranın nüvə silahı əldə etməsi digər qonşu ölkələr kimi Azərbaycan üçün də birbaşa təhdidlər yaradır. İranın siyasi rəhbərliyində ölkəmizə qarşı qısqanclıq hər addımda hiss olunur. Mollakratiya Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbəni, ərazi bütövlüyünü bərpa etməsini, tarixi sərhədlərinə çıxmasını, Türkiyə ilə əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltməsini həzm edə bilmir. İranda təxminən 40 milyon azərbaycanlının yaşaması faktı da rejimin yuxusunu ərşə çəkən amillər sırasında yer alır. Son vaxtlarda bu ölkədə yaşayan azərbaycanlılar arasında siyasi hakimiyyətə qarşı nifrət artıb, onlar tez-tez aksiyalar keçirərək azadlıq, müstəqillik istəklərini dilə gətirirlər. Bu və digər səbəblərə görə də rejim arzuolunmaz qonşuluq siyasətini Azərbaycana münasibətdə də sərgiləyir. Bunun təsdiqi kimi, təkcə son bir neçə ayda baş verən hadisələri xatırlamaq kifayətdir:

- İran Azərbaycana qarşı üç onillik ərzində işğalçılıq siyasəti aparan Ermənistanla münasibətlərini genişləndirir. Bu ölkə tələm-tələsik Qafanda konsulluq açıb, Tehranla İrəvan “qardaşlaşan” şəhərlər elan olunub. İran və Ermənistan eyni mövqe ortaya qoyaraq Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxırlar.

- İrandakı Azərbaycan səfirliyində qanlı terror aktı törədildi. Təqdim olunan kadrlardan bu hadisənin ssenarisinin əvvəlcədən hazırlandığı bəlli olur. İran hakimiyyəti isə terror aktının arxasında dayanan qüvvələri aşkarlamaq, bu barədə səhih məlumatları təqdim etmək və Azərbaycandan üzr istəmək əvəzinə, adekvat olmayan yanaşma və davranışlar sərgiləyir.

- İran vaxtaşırı Araz çayı boyunca hərbi təlimlər keçirməklə Azərbaycana əzələ nümayiş etdirməyə çalışır.

- Son günlərdə İran aviasiyasına məxsus təyyarə qəbul olunmuş beynəlxalq prinsipləri pozmaqla iki ölkə arasındakı sərhədlər boyunca uçuşlar həyata keçirdi.  

Bütövlükdə, İranın ölkəmizə qarşı belə səmimiyyətdən və xoş niyyətdən uzaq olan davranışları sistemli hal alıb. Bütün bunlar İran rejiminin ölkəmizə düşmən mövqedən yanaşdığını təsdiqləyir. Kim təminat verə bilər ki, İran nüvə silahına sahibləndikdən sonra ölkəmizə qarşı aqressiv davranışlarının miqyasını daha da genişləndirməyəcək?

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 311 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30