Heydər Əliyev

Политика

Политика

План «Б»…

20 Май 10:37

Внешняя политика

yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bir daha sübut etdik!

Bir daha sübut etdik!

30.04.2022 [10:24]

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Müsahibimiz 14 saylı Xəzər seçki dairəsinin deputatı Soltan Məmmədovdur. S.Məmmədov müxtəlif illərdə səhiyyə sahəsində fəaliyyət göstərib. 2015-ci ildən Heydər Əliyev Fondunda çalışır, hazırda Fondun Beynəlxalq əlaqələr departamentinin rəhbəridir. Milli Məclisin həm Əmək və sosial siyasət komitəsinin, həm də Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-Fransa və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

- Soltan müəllim, parlamentin son iclasında “Əmək pensiyaları haqqında” qanun layihəsinə dəyişikliklər edildi. Dəyişikliklər vətəndaşların sosial vəziyyətində hansı irəliləyişlərə səbəb olacaq, dövlətin əsas məqsədi nədir?

- Ümumiyyətlə, digər sahələrdə olduğu kimi, sosial sahədə də qanunların qəbul edilməsində, onların icrasında daim vətəndaş maraqlarını qorumağa çalışırıq. Elə “Əmək pensiyası haqqında” qanuna edilən dəyişikliklə bağlı mütəxəssislərlə görüşlərimizdə də vətəndaşları maraqlandıran, onlarda sual doğuran məqamların üzərində dayanırıq. Əmək pensiyası müəyyən dövrdən bir artırılır. Əsas məqsəd əhalinin rifahının yaxşılaşdırılmasıdır.

Təklif olunan dəyişikliklərdən biri bundan ibarətdir ki, qanuna “şərti əmək pensiyası” anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənir. Bu, əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirməyə imkan yaradacaq. 18-ci maddəyə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsin pensiyasının ailə üzvləri arasında bölüşdürülməsini nəzərdə tutur. Daha bir yenilik odur ki, Azərbaycanda 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar da erkən pensiyaya çıxa biləcək. Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq. Bundan başqa, pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ var. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və tələb olunan sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailəsi üzvləri üçün isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bu o deməkdir ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Daha bir yenilik odur ki, güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq.

- Əmək məcəlləsinə də bir sıra dəyişikliklər edildi. Üç məqam maraqlıdır: birincisi, ölkədəki əmək münasibətlərini qənaətbəxş hesab etmək olarmı? İkincisi, əmək şəraiti və kadrların peşə hazırlığının təmin olunmasında hansı düzəlişlərə ehtiyac var? Üçüncüsü isə, istər özəl, istərsə də dövlət müəssisələrində işçinin əməkhaqqı onun gördüyü işlərə nə qədər adekvatdır?

- Qanun layihəsinin icrası üçün tətbiq olunan protokollar bir qədər ümumidir. Bu qanunda yer alan əsas məsələ əmək münasibətlərini tənzimləyən müqaviləyə xitam verilməsi hallarındakı boşluqlardır. Məlumdur ki, hazırda işəgötürənlərlə işçilər arasında bununla bağlı bir sıra problemlər mövcuddur. Bu gün məhkəmələrə daxil olan problemlərin işçinin xeyrinə həll olunması qanun layihələrində müvafiq maddələrin yer almasından irəli gəlir.

Özəl sektorlarda və dövlət müəssisələrində kadrların bilik səviyyəsinin təkmilləşdirilməsi üçün müəyyən işlər görülür. Onların mütəmadi olaraq qiymətləndirilməsi aparılır. Peşə bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi təmin edilir. Bu mexanizm müsbət nəticələrini verir, işçilər zaman keçdikcə öz vəzifələrində yüksəlişə nail olurlar.

Dövlət qurumlarında maaşların adekvat olması məsələsi hamımızı maraqlandırır. Bu, özəl sektorda başqa cür tənzimlənir. Dövlət qurumlarında isə baza maaşı və əlavə ödənişlər günümüzün tələbinə uyğun şəkildə həyata keçirilir. Ancaq vətəndaşların zəhmətinə uyğun maaşla təmin olunması hər zaman hökumətin diqqət mərkəzindədir.

- Təcili tibbi yardım çağırışları üçün xüsusilə pandemiya dövründə məhdudiyyətlərin olduğu deyilir. Bu, iddiadır, yoxsa həqiqət?

- Hazırda həmin vəziyyətlə qarşılaşmaq mümkün deyil. Proses pandemiya dövründə xəstəliyin pik həddə olduğu vaxtlara aid idi. Bütün dünya ölkələrində səhiyyə sistemi bu vəziyyətə hazır deyildi. Təcili tibbi yardım işçiləri bacardıqlarını maksimum nümayiş etdirirdilər. İnsanlar elə bilirdi ki, tibbi yardıma təkcə koronavirus səbəbilə müraciətlər edilir, ancaq belə deyildi. Müxtəlif ağır xəstəliklərlə bağlı təcili tibbi yardıma ehtiyac yaranırdı. Onlar da həmin müraciətləri dəyərləndirmək məcburiyyətində qalırdılar. Nəticədə hər iki istiqamətdən çağırışı tam cavablandıra bilmirdilər.

- İnsanlar xəstəxanalarda icbari tibbi sığortadan istifadə etməkdə çətinlik yaşadıqlarını bildirirlər. Səbəb nədir?

- Düşünürəm ki, burada əsas problemlərdən biri maarifləndirmə ilə bağlıdır. Hazırda vətəndaşların prosesi tam şəkildə anlaması üçün icma əsaslı təlimlər təşkil edilir. Çünki dövlət qurumlarının təkbaşına bu işi aparması fiziki baxımdan mümkün deyil. Məsələn, insanlar icbari tibbi xidmətlər zərfinə hansı xəstəliklərin müayinə və müalicəsinin, hansı cərrahiyyə əməliyyatlarının daxil olduğunu bilmirlər. Bu da onların gələcəkdə xidmətdən istifadə etmələrində problem yaradır. Onlar bilmir ki, nələrdən ödənişsiz şəkildə yararlana bilərlər. Buna görə də birbaşa özəl xəstəxanalara üz tuturlar. Bu gün dövlət xəstəxanalarında görülməli işlər çoxdur, böyük boşluqlar var, ancaq bu sahənin inkişafı üçün sistem gücləndirilməlidir ki, özəl xəstəxanalar qiymət rəqabətində artıma maraqlı olmasınlar. Eləcə də tibbi xidmətlərə əlçatanlıq təmin edilsin. Çünki icbari tibbi sığortanın tətbiqi çox ideal və yeni sistemdir. Sistemin düzgün icra olunması böyük səylər tələb edir. Bu istiqamətdə çox işlər görməliyik. Mən inanıram ki, səhiyyə sistemində aparılan islahatlar effektiv nəticələrini verəcək.

- Şübhəsiz ki, müəyyən problemlər var və biz onların həlli üçün çalışırıq. Azərbaycan səhiyyəsində bu gün ən böyük problem nədir?

- Ən böyük problem ixtisaslı həkimlərin hazırlanması, onların təhsildən sonra biliklərinin artırılması ilə bağlıdır. Rayonlarımızda böyük texniki-bazaya malik olan xəstəxanalar tikilsə də, orada güclü kadrların işləməsi ilə bağlı problemlərimiz var. Hazırda tibbi təhsilin davam etdirilməsi istiqamətində mühüm addımlar atılır. Təəssüf ki, rayonlarımızda həkim çatışmazlığı var, hətta Bakıda da ixtisaslaşmış həkimlər kifayət qədər deyil. Bunun üçün yenə də icbari tibbi sığorta sistemini gücləndirmək məqsədilə işlər görülməlidir. Əgər bunu bacarsaq, həkimlərin kütləvi şəkildə özəl xəstəxanalara üz tutmasının qarşısını alarıq. Eləcə də xaricdə təhsil alan kadrlarımızın orada qalıb işləməyə məcbur olmaması üçün ölkəmizdə əlverişli şərait yaradılmalıdır. Biz kadrlarımızın xaricdə çalışmasına sevinirik, ancaq öz ölkəmizdə onlara ehtiyac varsa, burada qalıb çalışmaları üçün əlimizdən gələni etməliyik.

- Bütün dünyada orqan bağışlanması var. Bizdə bu prosesə cəmiyyət tərəfindən bir qədər dırnaq­arası yanaşma mövcuddur. Nə ilə əlaqədardır, bəlkə, maarifləndirmə işi yetərli deyil?

- Bir müddət öncə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilib. Həyatını itirən şəxsin hansı halda orqanının bağışlanması ilə bağlı müvafiq maddələr qanunda öz əksini tapır. Ancaq bu proses elə də asan deyil. Həm orqan köçürülməsi prosedurları, həm də maarifləndirmə sahəsində mühüm işlər görülməlidir. Nazirlər Kabinetində qanunverici bazanın tətbiqi üçün lazımi digər protokolların hazırlanması ilə bağlı işlər gedir. Artıq qanunvericilik imkan verirsə, insanların bu barədə maarifləndirilməsi də davam edəcək.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə hər zaman xüsusi diqqət yetirilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da mütəmadi olaraq oradakı işlərlə yaxından tanış olur. Bunun nəticəsidir ki, bu gün mərkəzdə sümük iliyinin transplantasiyası həyata keçirilir. Ancaq burada da görüləcək işlər var. Demək istədiyim odur ki, illərlə göstərilən diqqətin və həyata keçirilən proseslərin fonunda bu sahədə də müəyyən düzəlişlərə ehtiyac var. Bu baxımdan, əhəmiyyətli proses hesab olunan orqan bağışlanması məsələsində irəliləyiş əldə etmək üçün zaman lazımdır.

- Mayın 1-dən maska tələbi ləğv olunur. Bu həm də vaksin sertifikatı tələbinin də yumşaldılmasına yol aça bilərmi?

- Artıq yavaş-yavaş sərt karantin qaydaları yumşaldılmağa başlayır. İndi qapalı məkanlarda maska tələbini ləğv ediriksə, bu, böyük uğurdur. İnsanlar maskadan xilas olduqlarına inana bilmirlər. Azərbaycan Avropada rutin immunlaşdırma proqramını uğurla həyata keçirən ölkələr sırasındadır. Bu gün nəzər yetirsəniz, qızılca xəstəliyindən Azərbaycanda ölüm faktı qeydə alınmır.

Vaksin sertifikatı tələbini aradan qaldırmaq o deməkdir ki, artıq pandemiya bitib. Ancaq bitməyib, dünyanın bəzi yerlərində yenidən kütləvi yoluxma faktları qeydə alınır. Ehtimal var ki, gələcəkdə COVID-19 virusuna qarşı vaksin könüllü şəkildə olsun. Belə olduğu təqdirdə, mütəmadi şəkildə peyvəndlənmək lazımdır, çünki bu cür xəstəliyə təkrar-təkrar yoluxmaq arzuolunan deyil. Düşünürəm ki, bir müddət vaksin pasportu tələbi davam etməlidir.

- COVID-in insanlarda müəyyən fəsadlar buraxdığı deyilir...

- ÜST-nin Baş direktoru Bakıda olarkən bildirdi ki, COVID-dən sonrakı fəsadlar hələ də araşdırılır. Psixoloji problemlərin artmasını rəsmi şəkildə açıqladılar, ancaq tibbi olaraq nələrə səbəb olduğunu bilmirlər. Öz fikrim kimi demək istərdim ki, COVID-dən sonrakı fəsadların mövcudluğu qaçılmazdır.

- Xəstəliklərdən söz düşmüşkən, dünyada uşaqlar arasında yeni hepatit növünün yayılması ilə bağlı məlumatlar da dolaşır...

- Əvvəla, uşaqlar hepatit B-yə qarşı peyvənd olunur. Hepatit C isə genetik dəyişdiyi üçün ona qarşı peyvənd yoxdur. Lakin bizim ölkəmizdə uşaqlar arasında hepatit virusunun yayılması ilə bağlı fakt qeydə alınmayıb. Eyni zamanda bu virusun xarakteri, mənşəyi ilə bağlı tam aydın və dolğun məlumat da hələ ki, mövcud deyil.

- Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Bilirik ki, Fransa müəyyən müddət Azərbaycana qarşı qərəzli yanaşma ortaya qoyub, həmçinin ermənipərəst mövqe sərgiləyib. Bu gün isə Parisdən Bakıya əməkdaşlıqla əlaqədar müsbət mesajlar ötürülür. Bu, nə ilə əlaqədardır, nə dəyişib, yaxud dəyişən təkcə Fransanın mövqeyidir? 

- Azərbaycanın hər zaman ədalət tələb etməsi, Qarabağda qazandığı qalibiyyət bütün dünya ölkələrini, o cümlədən Fransanı mövqeyini dəyişməyə məcbur etdi. Onlar başa düşdü ki, Azərbaycanın həyata keçirdiyi siyasətin məqsədi yalnız sülh və öz əzəli torpaqlarına qayıtmaqdan ibarətdir. İşğaldan azad olunmuş ərazilərə Fransa nümayəndələri səfər edərkən beynəlxalq şirkətlərin quruculuq işlərində nə qədər maraqlı olduğunu gördülər. Fransada erməni lobbisi güclü olsa da, onlar iqtisadi məsələləri nəzərə alaraq daha müsbət mövqe göstərməli oldular. Çünki Azərbaycanla əməkdaşlıq yalnız müsbət tendensiyalarla bağlı vədlər verirdi. Onu da qeyd etmək lazımdır ki, Fransa senatında olan ermənipərəst qüvvələrin mövqeyi hələ bu ölkənin ictimaiyyətinin mövqeyi demək deyil. Münasibətlər düzəlir, bizim də ümidimiz var ki, yeni mərhələdə daha çox işlər görəcəyik. Bu il Fransada müxtəlif mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.

- Tədbirlər haqqında bir qədər ətraflı məlumat verərdiniz...

- Məsələn, 8-12 may tarixlərində Parisdə Qran Pale sərgi salonunda böyük bir sərgi keçiriləcək. Bir çox ölkənin iştirakı ilə baş tutan sərgidə Elvin Nəbizadənin “Güzgü” əsəri təqdim ediləcək. İyun ayında Azərbaycanın və Fransanın mədəniyyəti, tarixi, şəhərləri ilə bağlı Heydər Əliyev Mərkəzində Reza Diqqətinin sərgisi təşkil olunacaq. Sentyabrda Parisdə Beynəlxalq Kulinariya Festivalında iştirak edəcəyik. Eləcə də avqust-sentyabr aylarında Parisdə Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin 30 illiyi ilə bağlı Azərbaycanın müxtəlif janrda musiqilərindən ibarət konsert proqramının keçirilməsi də nəzərdə tutulur.

- Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də bir sualımızı cavablandırmağınızı istəyərdik. 44 günlük müharibə zamanı və postmüharibə dövründə Böyük Britaniyanın bəzi Avropa dövlətlərindən, bir sıra Qərb dairələrindən fərqli olaraq obyektiv, reallıqlara uyğun mövqe nümayiş etdirməsi nə ilə əlaqədardır?

- Bir çox ölkələr hər iki dövrdə fərqli mövqe nümayiş etdirdi. Bunun da obyektiv və subyektiv səbəbləri var idi. İngiltərənin Azərbaycanla üst-üstə düşən  maraqları var, eyni zamanda, Avropa İttifaqından çıxan bir ölkə kimi müstəqil mövqe nümayiş etdirə bilir. İngiltərə parlamentariləri də hadisələri düzgün, reallığa uyğun qiymətləndirməyi bacarır. İngiltərə Azərbaycanın da, Ermənistanın da kim olduğunu çox yaxşı bilir. Ən azı, onlar dünya dövlətlərinin bizim ərazi bütövlüyümüzü dəstəklədiyini və Azərbaycanın ədalət tərəfində olduğunu görürlər. Digər tərəfdən, Azərbaycan qalib və regionda aparıcı dövlət kimi İngiltərənin marağındadır. Ümumiyyətlə, hər kəs indiki zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu  və əhəmiyyətinin nədən ibarət olduğunu yaxşı bilir.

- Tez-tez səfərlərdə olursunuz. Seçicilərlə işlərinizi nə dərəcədə dinamik qura bilirsiniz, səfərlərin çoxluğu sizə mane olmur?

- Bacardığım qədər bu məsələni tənzimləməyə çalışıram. Sevindirici haldır ki, insanlarla aramızda münasibət qura bilir, onları razı salırıq. Mənim üçün əsas olan odur ki, küçədə hansısa vətəndaş mənə yaxınlaşıb həll etmədiyim məsələyə görə iradını bildirməsin. Hazırda bunu bacarıramsa, ən böyük xoşbəxtlikdir. Bəzən olur ki, səfərlərim uzun çəkir, ayda iki yox, bir dəfə görüş keçirə bilirəm. Belə olduqda insanda müəyyən narahatlıqlar yaranır. Bu məsələni də zamanımın çatdığı qədər həll etməyə çalışıram.

- Heydər Əliyev Fondunun Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin rəhbərisiniz. Əvvəla, Fondun fəaliyyətinin Azərbaycan dövləti üçün əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik. Digər tərəfdən, buradakı fəaliyyətiniz sizə hansı üstünlükləri qazandırıb?

- Heydər Əliyev Fondu qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə və miqyasına görə ölkəmizdə analoqu olmayan qurumdur. Fond bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanıb. İqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan verir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən il Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən biri olub.

Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdi. Ən ucqar kəndlərində belə məktəblərin tikilməsinə nail olunmuşdur. Eləcə də əhalinin sağlamlığının təmin olunması, səhiyyə sahəsində problemlərə diqqət Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yerə malikdir. Bu sahədə ilk tədbirlərdən biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir.

Mənim fonddakı fəaliyyətim də xarici əlaqələrlə bağlıdır. Həm Milli Məclisdəki, həm də Fonddakı fəaliyyətim bir-biri ilə paraleldir. Heydər Əliyev Fondunda çalışmağım bu gün də cəmiyyət tərəfindən müsbət hal kimi qiymətləndirilir. Onu da qeyd edim ki, Mehriban Əliyevadan sonra Xəzər rayonundan deputat seçilməyim mənim üçün böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edir və fəaliyyətimizi buna uyğun qurmağa çalışıram.

- Məlumdur ki, Fransada formalaşmış erməni lobbisi mövcuddur və onların öz-özünə zəifləməyini gözləmək üçün bizə uzun vaxt lazım olacaq. Bu vəziyyətdə Azərbaycan nə etməlidir?

- Onların zəifləməsindən çox, bizim güclənməyimizi istəyərdim. Bu gün Azərbaycan səfirliyi Fransada aktiv fəaliyyət göstərir. Fransada fəaliyyət göstərən təşkilatlar da əllərindən gələni edirlər. Ancaq o təşkilatları gücləndirməyə çox böyük ehtiyacımız var. Qeyd edim ki, hazırda erməni lobbiləri zəifləməyə başlayıb. Əvvəllər Azərbaycan səfirliyinin önündə mitinq keçirirdilər, bu gün aksiyaları öz səfirliklərinin önündə edirlər. Bu tendensiyanı gücləndirmək üçün Azərbaycan diasporunun fəaliyyəti bir qədər də gücləndirilməlidir. Diaspor Komitəsi də bu zərurəti nəzərə alaraq bu gün Fransada yaşayan azərbaycanlıları bir yerə toplamaq üçün bütün imkanlarını səfərbər edir. Çünki gücümüzü bir yerə cəmləşdirdikcə erməni diasporu və lobbisinin daha da zəifləməsinə nail olacağıq.

- İrəvanda olarkən AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etdiniz, müxtəlif görüşlər keçirdiniz. Erməni deputatları, yumşaq desək, reallıqlarla bir daha tanış etdiniz. İclasın və görüşlərin əhəmiyyəti nə idi, təəssüratlarınız necədir?

- İclasın gündəliyinə 5 məsələ daxil idi. Biz də toplantıya həmin mövzularda öz çıxışlarımızı etmək üçün getmişdik. Yeganə ölkə idik ki, hər mövzuda öz təklifimizi irəli sürdük. Ancaq orada iştirak edən erməni deputatlar məsələləri daim başqa rakursa çəkməyə çalışırdılar. Onlar həm bizim iclasda iştirakımızdan, həm də İrəvana gəlməyimizdən narahatlıq duyurdular. Çıxışlarında da əsassız iddialar səsləndirirdilər. Biz isə öz növbəmizdə onlara adekvat cavablar verirdik. İclas iştirakçıları bizim nə dərəcədə təmkinli və yerində cavablar verdiyimizin şahidi oldular. Hətta estoniyalı deputatlardan biri əlini çiynimizə qoyub onlara layiqincə cavab verdiyimiz üçün təşəkkürünü bildirdi və qeyd etdi ki, erməni deputatlar özləri də nə istədiklərini bilmirlər.

İclasdan sonra İrəvanda - tarixi Azərbaycan torpağında bəzi yerləri ziyarət etdik. Göy Məsciddə olduq, orada iştirakçılara məscidin tarixi ilə bağlı məlumat verdik. Bizim üçün İrəvanda xalqımızın Novruz bayramını, Su çərşənbəsini təbrik etmək böyük qürur hissi idi. Hər kəs erməni deputatlara verdiyimiz cavabı növbəti qələbə adlandırırdı. Ölkə başçısının siyasəti, xalqımızın birliyi və Ordumuzun qüdrəti sayəsində o iclasda güc sahibi kimi çıxış etdik və onlara haqlının kim olduğunu bir daha sübut etdik.

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31