Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Kəlbəcər niyə və necə boşaldıldı?

Kəlbəcər niyə və necə boşaldıldı?

25.11.2021 [10:34]

Kəlbəcər həqiqəti - 1993-cü ilin aprelindən 2020-ci ilin noyabrına uzanan yol

AXC-”Müsavat” cütlüyünün siyasi-diplomatik səriştəsizliyinin qurbanı olmuş Kəlbəcərin azad edilməsindən bir il ötür

25 noyabr müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik günlərdəndir. Bu gün Prezident İlham Əliyevin növbəti siyasi-hərbi qələbəsi - Kəlbəcərin döyüşsüz, qan tökülmədən və şəhid verilmədən azad edilməsi tarixidir. Ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin hər günündə, hər anında zəfər tariximiz yazılsa da, Kəlbəcər qələbəsi xüsusi statusa malikdir. Çətin coğrafi relyefə və böyük əraziyə malik Kəlbəcərin döyüşsüz düşməndən alınması tarixi hadisə olduğu qədər, tarixi qələbədir.

O dövrün iqtidarının “siyasi oyunbazlığı” və ya Kəlbəcəri düşmənə təslim etmək ən böyük səhv idi

Bu gün azadlığının birinci ildönümünü yaşayan Kəlbəcər 1993-cü ilin aprelində düşmənə təslim edilmişdi. Bəli, işğal olunmuşdu yox, məhz təslim edilmişdi. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün səriştəsiz, emosional siyasətinin nəticəsi olaraq Kəlbəcər kimi strateji bir rayon demək olar ki, döyüşsüz düşmənə verildi. Bir tərəfdən, paytaxt Bakıda başı qruplaşmağa, hakimiyyətə yiyələnməyə çalışan “iqtidar komandası” arasındakı siyasi və silahlı qarşıdurmalar, digər tərəfdən, siyasi savadsızlığın məhsuluna çevrilmiş xarici siyasət kursu, ən nəhayət, emosiyalara qapılaraq ölkəyə ziyan vuran qərarların qəbulu Kəlbəcərin boşaldılmasına, düşmənə verilməsinə şərait yaratdı. Həmin dövrdə AXC-”Müsavat” çütlüyü Qərb dairələrinin vədlərinə əsaslanıb, guya Kəlbəcərin “işğalından” fakt olaraq yararlanmaq, bununla da beynəlxalq aləmin diqqətini cəlb etmək niyyətinə düşmüşdü. Amma prosesin inkişafı bir daha sübut etdi ki, siyasi səbatsızlığa söykənən bu cür qərarlar sonda böyük faciələrə yol açır.

BMT “daşına dəyən ox” - yarıtmaz xarici siyasət kursunun acı nəticəsi

Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən strateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyət daşıyırdı. Demək olar ki, keçmiş Dağlıq Qarabağın ərazisinə bərabər - 1936 kvadrat kilometr əraziyə malik, 60 min nəfər əhalisi olan, 159 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəni özündə birləşdirən Kəlbəcər rayonu səriştəsizlik ucbatından cəmisi bir həftə ərzində tamamilə boşaldıldı. Amma Ermənistanın təcavüzü dünya birliyindən beynəlxalq hüquq cəhətdən gözlənilən adekvat qiyməti ala bilmədi. BMT TŞ-nin məsələyə yanaşması simptomatik xarakter daşıdı desək, daha doğru olar.  BMT TŞ-nın 1993-cü ilin aprelində verilən bəyanatında bildirilirdi ki, “Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi, Dağlıq Qarabağda düşmənçiliyin qızışması və yerli erməni qüvvələrin Kəlbəcər rayonuna soxulmasından ciddi narahatdır”. Yəni Ermənistan-Azərbaycan münaqişəsinin əsl təbiəti maskalanır, Ermənistanın təcavüzü “yerli erməni qüvvələrin Kəlbəcər rayonuna soxulması” kimi təqdim edilirdi. TŞ təcili olaraq “regionda sülh və təhlükəsizliyi təhdid edən dümənçilik hərəkətlərini dayandırmağı və bu qüvvələri çıxarmağı” tələb edirdi. Amma bu tələbin icrası mümkün olmadı: Ermənistanın Azərbaycan torpaqlarını ilhaq etməsi faktına prinsipial qiymət verilməmişdi. Bunun ən böyük günahı isə yarıtmaz xarici siyasət kursundan, diplomatik səriştəsizliyin ən aşağı səviyyədə olmasından irəli gəlirdi. 

Acı etiraf - Kəlbəcərdəki insanları çıxarmaq məqsədilə helikopter axtarmaqdansa...

Kəlbəcər işğal edilən zaman ölkə prezidenti olmuş Əbülfəz Elçibəyin bu hadisə ilə bağlı Türkiyənin TRT kanalına verdiyi müsahibədə dediyi sözlər tarixin yaddaşından silinməyib. O, Kəlbəcər hadisələrində çox çətin bir vəziyyət yarandığını qeyd edərək Türkiyəyə, İrana, Rusiyaya Kəlbəcərdə yaşayan insanları çıxarmaq, Kəlbəcəri boşaltmaq məqsədilə hərəsinin 4 helikopter verməsi üçün müraciət etdiyini vurğulamışdı. O, daha sonra müxbirin sualına cavabında söyləmişdi: “Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: “Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı... Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər.  Vermədilər... Daha nə istəmək olar ki?  Məndən soruşur “nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə, bundan sonra nə istəyəcəyəm? İstəməyə bir lüzum qalırmı?”“

Maraqlıdır, görəsən o dövrün hakimiyyəti Türkiyənin “nə istəyirsən?” sualına niyə “hərbi dəstək” və ya “hərbi texnika” şəklində cavab verməmişdi? Sadəcə, əhalini çıxarmaq üçün helikopter istəmək nə dərəcədə doğru idi? Bu, bir daha rayonun müqavimətsiz-filansız təslim edilməsi faktını təsdiqləmirmi? Bu, bir daha Kəlbəcərin məhz siyasi səriştəsizliyin qurbanına çevrildiyini deməyə əsas vermirmi? 30 ildən sonra məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında azad edilən Kəlbəcər ötən illər ərzində məhz bu siyasi savadsızlığın, emosional hisslərə qapılmanın “sayəsində” talan edildi, sərvətləri dağıdıldı.

“Biz buraya qayıtmalı idik və qayıtdıq”

Bu gün Kəlbəcər azaddır. Kəlbəcərə yeni yollar çəkilir, yeni infrastruktur qurulur. Kəlbəcəri düşmən işğalından azad edən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonda su elektrik stansiyası qurulur, yeni yol çəkilir. Artıq bir ildir ki, Kəlbəcərə qayıtmışıq. Həm də əbədi. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq”...

P.İsmayılov

 

 

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30