Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycanın qurucusu və memarıdır

Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycanın qurucusu və memarıdır

20.08.2009 [00:57]

Ulu öndər bütün həyatını və fəaliyyətini Azərbaycanın inkişafına həsr edib
Müasir, müstəqil Azərbaycan dövləti Ulu öndərimiz Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin, məhsuldar əməyinin bəhrəsi, şah əsəridir. Elə bu səbəbdən də, Azərbaycan xalqı Heydər Əliyevi qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin təminatçısı, uğurlu gələcəyimizin əsasını qoyan böyük dövlət xadimi, ümummilli liderimiz hesab edir. Təkzibolunmaz həqiqətdir ki, Azərbaycanda siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə əldə olunmuş uğurlar Heydər Əliyevin hakimiyyətinin əsas mahiyyətini təşkil edir. İstər 1969-1982-ci illərdəki birinci hakimiyyəti dövründə, istərsə də 1993-cü ildən sonrakı dövrdə Ulu öndər bütün həyatını və fəaliyyətini Azərbaycanın inkişafına həsr edib. ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə olunmuş yüksək nəticələrin təhlili Onun gördüyü işlərin miqyası haqqında təsəvvür yaratmağa imkan verir.
Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi öz spesifikliyi ilə seçilirdi. Dahi şəxsiyyət cəmiyyətdə mövcud olan ən xırda problemə belə qlobal, kompleks şəkildə yanaşırdı. Heydər Əliyev problemləri, çatışmazlıqları dəqiq araşdırır, onların mahiyyətini, səbəblərini tam olaraq aydınlaşdırdıqdan sonra effektiv tədbirlər görürdü. Ulu öndərin bütün addımları konkret problemlərin həllinə yönəlirdi. İşgüzarlığı, məqsədyönlülüyü, prinsipiallığı ilə seçilən dahi rəhbər nəyi necə həll edəcəyini, hansı məsələlərin həllində hansı texnologiyaların tətbiq olunacağını yüksək ustalıqla müəyyənləşdirirdi. Sonra isə, bu problemlərin həllinə nail olmaq üçün bütün imkanları səfərbər edirdi. Elə bu səbədən idi ki, Onun ölkəmizə rəhbərlik etdiyi dövrlər ərzində, misli görünməmiş inkişaf prosesi, respublikanın hər bir yerində müsbət dəyişikliklər müşahidə olunmuşdu.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunmazdan əvvəl Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində geridə qalırdı, respublikamıza Sovet İttifaqının aqrar və ikinci dərəcəli əyalətlərindən biri kimi baxılırdı. Məhz belə bir çətin zamanda Heydər Əliyev kimi dahi şəxsiyyətin hakimiyyətə gəlməsi respublikanın gələcəyi baxımından dönüş nöqtəsi idi. Ulu öndər respublikanı hansı hədəflərə doğru inkişaf etdirəcəyini yaxşı bilirdi. Heydər Əliyev gözəl dərk edirdi ki, Onun qarşısında respublika iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə çevirmək, Bakını daha da gözəlləşdirib abadlaşdırmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq kimi məsələlər əsas vəzifələr kimi dururdu.
Tam məsuliyyətimizlə deyə bilərik ki, 14 illik zaman kəsiyində Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu məsələlər müvəffəqiyyətlə həyata keçirildi və Azərbaycan keçmiş SSRİ-də inkişaf etmiş respublikalardan birinə çevrildi. Həmin illər Azərbaycanın həqiqətən intibah dövrü idi. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrü respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar sahələrdə köklü dəyişikliklərin və əvvəlki illərə nisbətən müqayisəolunmaz dərəcədə inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter alması ilə müşahidə olunurdu. 14 il ərzində Azərbaycanda 213 iri və orta sənaye müəssisəsi istifadəyə verilmişdi ki, bu da əvvəlki 40 ildə yaradılmış müəssisələrin sayına bərabər idi. SSRİ-nin neftçıxarma sənayesi üçün avadanlığın 70 faizindən çoxu Azərbaycanda istehsal olunurdu. Cihazqayırma, elektron, elektrotexnika kimi yeni sənaye sahələri yaranmışdı. Azərbaycan neftinin əvvəlki şöhrətini qaytarmaq üçün böyük işlər görülmüşdü. Dənizdə neft və qaz hasilatının artırılmasında dönüş yaranmış, 70 metr dərinlikdəki sahələrdə quyular qazmaq üçün qazma qurğuları, nəhəng kranlar, ixtisaslaşdırılmış gəmilər neftçilərin istifadəsinə verilmişdi. Bu gün neft strategiyasının uğurla həyata keçirilməsində xüsusi yeri olan Dərin Dəniz özülləri zavodu da məhz o illərdə tikilmişdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Qısa müddətdə mövcud neft maşınqayırması və neft emalı, həmçinin, kimya müəssisələrinin yenidən qurulması prosesi başladı. 70-ci illərdə tamamilə müasirləşmiş və yenidən qurulmuş müəssisələr fəaliyyətə başladı. Bakı elektrik maşınqayırma, Bakı məişət kondisionerləri zavodu, Bakı şampan şərabları zavodu, Bakı məişət soyuducuları zavodu, Elektron hesablayıcı maşınlar zavodu, Sumqayıt kompressor zavodu, Gəncə “Büllur” zavodu və digərləri belə müəssisələrdəndir. 1970-1982-ci illərdə, bütövlükdə respublikada yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
Sənayenin yüksək inkişafını təmin etməklə yanaşı, digər sahələrdə də əsaslı dönüş yaratmaq ümummilli liderimizin əsas məqsədlərindən idi. O cümlədən, kənd təsərrüfatı sahəsindəki geriliklərin aradan qaldırılması respublikanın inkişafını sürətləndirəcəkdi. Ona görə də, Heydər Əliyev sənayenin inkişafına böyük əhəmiyyət verməklə yanaşı, kənd təsərrüfatının da çiçəklənməsinə xüsusi diqqətlə yanaşırdı. 1969 - 1982-ci illərdə Heydər Əliyevin yeritdiyi məqsədyönlü kənd təsərrüfatı siyasəti nəticəsində Azərbaycanda bu sahədə yüksək göstəricilər əldə edildi, məhsuldarlığın səviyyəsi xeyli yüksəldi. ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində çox böyük irəliləyişlər nəzərə çarpmağa başladı. Bu sahədə  mühüm nailiyyətlər əldə olundu. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən 5-6 dəfə artmışdı. Bu sahədə yeni-yeni nailiyyətlər qazanılırdı. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. Heydər Əliyev tarlalara, əkin sahələrinə gedir, əkinçilərlə birbaşa təmasda olur, görülən işlərlə yerində tanış olurdu. Onun sadəliyi, səmimiliyi, kənd təsərrüfatına, insanlara qayğısı hamımızda rəğbət hissi yaratmışdı. O, peşəsindən, tutduğu vəzifədən asılı olmayaraq, hamımıza bu sahəni sevdirmişdi. Kənd təsərrüfatının inkişafı da görülən işlərlə yanaşı, Ulu öndərin bu cür münasibətinin məntiqi nəticələri idi.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə yeni istehsal sahələri işə düşdü, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə yüksəldi. Onun 1979-cu ilin fevralında qəbul etdiyi “Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” Qərarı respublikada iqtisadi potensialın reallaşdırılması yolunda böyük bir addım idi. Bu qərara əsasən, 1985-ci ilədək Azərbaycanda üzüm istehsalı 3 milyon tona çatdırılmalı idi. Bu qərar təkcə üzümçülüyün inkişafını deyil, bütövlükdə bu sahənin hesabına respublikada iqtisadi artımın təmin olunmasını özündə ehtiva edirdi. Bu dövrdə aqrar sahədə misilsiz irəliləyiş vardı, on ildə məhsul istehsalı 2,7 dəfə artmışdı. Bu müddətdə üzüm istehsalı 272 min tondan 1481 min tona, pambıq istehsalı 335,6 min tondan 831,2 min tona, tərəvəz istehsalı 410 min tondan 850 min tona çatmışdı. Respublikanın milli gəliri 2,5 dəfə artmışdı.
Həmin proqramlar təkcə kənd təsərrüfatı ilə məhdudlaşmır, iqtisadiyyatın bütün şaxələrini əhatə edirdi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişdi. Bakıda, respublikanın şəhər və rayonlarında böyük quruculuq və abadlıq işləri görülmüşdü. 1971-1983-cü illərdə təxminən 18,3 milyon kvadratmetr mənzil tikilmişdi ki, bu da 1920-1983-cü illərdə istifadəyə verilmiş mənzil fondunun 33 faizinə bərabər idi. Başqa sözlə, 1,7 milyon nəfər, yəni, respublikada hər 4 nəfərdən biri mənzil şəraitini yaxşılaşdırmışdı. Azərbaycan kəndinin sosial mənzərəsinin, həyat tərzinin tanınmaz dərəcədə dəyişməsi də məhz bu dövrə təsadüf edir. Həmin illərdə kəndlərdə 4,8 milyon kvadrametr yaşayış evləri istifadəyə verilmişdi. Fərəhlə deyə bilərəm ki, bütün bu işlərdə isə kənd inşaatçılarının da danılmaz xidmətləri olmuşdu. Lakin o da birmənalıdır ki, kənd tikinti sahəsində çalışanların da fəaliyyətində dönüş məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ilə qədər kənd tikinti sahəsində də böyük potensial olmasına baxmayaraq, görülən tədbirlər yetərincə deyildi. 1965-ci il noyabrın 19-da bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədilə Kənd Tikinti Nazirliyi yaradılsa da, 4 il ərzində cəmi 90 milyon manatlıq iş görülmüşdü. O zaman üçün Azərbaycan kəndlərinin böyük əksəriyyətinin yenidən qurulmasına ehtiyac duyulurdu və bu mənada bu rəqəm elə də böyük deyildi. Amma Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi bu sahədə də əsaslı dönüş yaratmağa imkan verdi. Hakimiyyətinin ilk illərində qəbul etdiyi qərarları, atdığı addımları nəhayət bu sahənin də dövlətin diqqət və qayğısı nəticəsində dirçələcəyinə olan inamımızı daha da artırdı. Bu inam Ulu öndər Heydər Əliyevə, Onu dünyagörüşünə, qabiliyyətinə olan etimaddan, böyük rəğbətdən qaynaqlanırdı. Təkcə 1969-cu ildə kənd inşaatçıları respublikamızın 24 rayonunda o vaxtkı pula 40 milyon manatdan çox iş görmüşdülər. 1970-ci ildə isə respublikanın kəndlərində 50 min kvadratmetrə yaxın mənzil tikilib istifadəyə verilmişdi. Ağdaş, Beyləqan, Mingəçevir, Zaqatala rayonlarının hər birində 904 yerlik, Bərdə, Neftçala, Sabirabad rayonlarının hər birində 480 yerlik məktəblər, Biləsuvar quşçuluq fabriki, Xaçmaz konserv zavodu, Füzuli rayonunda 125 yerlik xəstəxana kompleksi, Kürdəmirdə mədəniyyət evi, Qubadlıda klub, Tərtərdə texni-peşə məktəbi və s. obyektlər tikilərək təhvil verilmişdi. Bu il ərzində kənd inşaatçıları görülən işlərin artım həcmini 5,4 milyon manat və ya 15,6 faiz təmin etmişdilər. Podrat işlərinin həcmi bir ildə 12,4 faiz artmışdı. Və 1970-cı ildə Azərbaycanın kənd inşaatçıları ilk dəfə olaraq, kənd təsərrüfatı və müəssisələri üçün podrat işlərinin planını 100 faiz yerinə yetirmişdilər. Bu artım tempi sonralar daha da artırılaraq davam etdirilmiş, 1979-cu ildə, yəni Heydər Əliyevin respublikaya rəhbərliyinin 10-cu ilində tikintiyə və podrat işlərinə ayrılan vəsaitlər və görülən işlər 10 dəfələrlə artmışdı. Bu dövrlər ərzində inşaatçılar respublika əhəmiyyətli böyük müəssisələr tikib istifadəyə vermişdilər. Həmin müəssisələrin Azərbaycanın SSR-nin inkişafında, iqtisadi, sənaye potensialının artırılmasında, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmlənməsində və bu sahə üzrə böyük sıçrayışın əldə olunmasında xüsusi xidməti olmuşdu.
Bu gün tarixə yenidən nəzər salaraq, tam məsuliyyətimizlə deyə bilərik ki, 1969-82-ci illərdə Azərbaycanda yeni inkişaf və tərəqqi dövrünün əsası qoyuldu və ayrı-ayrı sahələrdə islahatlar aparılmasının istiqamətləri müəyyənləşdi. Bu istiqamətlərə uyğun yeni proqramlar qəbul olunaraq icrasına başlanıldı. Amma çox təəssüflər olsun ki, 1982-ci ildə Heydər Əliyevin Azərbaycana rəhbərlikdən getməsindən sonra bu proqramların böyük əksəriyyətinin icrası yarımçıq dayandırıldı. ümummilli lider ikinci dəfə - 1993-cü ildə xalqımızın tələb və təkidi ilə hakimiyyətə gəldikdə isə Azərbaycan çox ağır siyasi-iqtisadi böhran dövrünü yaşayırdı. 1992-1993-cü illərdə siyasi böhranla yanaşı, iqtisadi tənəzzül respublikamızda ağır fəlakətə səbəb ola bilərdi. Məhz Ulu öndərin ölkəyə rəhbərlik etməsi bu fəlakətin qarşısını almış oldu. Ulu öndər 1993-cü ildə ölkədəki ağır siyasi, sosial, iqtisadi durumu qiymətləndirərək vəziyyətdən çıxış üçün potensial imkanların olmasını da əminliklə qeyd edərək gələcək inkişaf barədə nikbinliyini gizlətmirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır vəziyyətdən çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, sosial, ictimai, mədəni həyatında gördüyü işlərin miqyası müqayisəolunmaz dərəcədədir. Onun Azərbaycanın inkişafı üçün əvəzsiz xidmətləri həm də məzmun etibarı ilə nəzərəçarpacaq dərəcədə təkrarolunmazdır. Tarixi dialektika və siyasi-ictimai qanunauyğunluq göstərdi ki, Heydər Əliyevin mahir dövlətçilik idarəçiliyini, strategiyasını  bütün komponentləri ilə əxz etmiş Prezident İlham Əliyevdən başqa biri davam etdirə bilməzdi.
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bütün iqtisadi və sosial hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Bu gün də davam edən bu strategiya təxminən 40 il əvvəl təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və yeni mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir. Dövlət başçısının məqsədyönlü addımları nəticəsində Azərbaycanın hər bir regionu inkişaf etməkdədir. Bu gün Azərbaycan bütün problemlərini daxili imkanları hesabına həll etmək qüdrətindədir. İnanırıq ki, çox yaxın keçmişdə ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi də həllini tapacaq və işğal altında olan rayonlarımız azad olunacaq, o yerlərdə erməni işğalının fəsadlarının aradan qaldırılmasının, böyük tikinti - quruculuq işlərinin aparılmasının şahidi olacağıq. Cənab Prezident İlham Əliyevin qətiyyəti, səriştəsi, dövlət idarəçiliyindəki peşəkarlığı, Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirməsi hər bir vətəndaşımızda bu inamı daha da möhkəmləndirir.

Paylaş:
Baxılıb: 1139 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30