Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bir günə sığan iki tarix!

Bir günə sığan iki tarix!

18.10.2025 [12:39]

Azərbaycan dövləti və xalqı üçün 18 oktyabr müstəsna önəm daşıyan bir gündür. Bu da milli maraqlarımız baxımından  çox mühüm olan iki hadisənin məhz oktyabrın 18-də baş verməsi ilə bağlıdır.  Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu tarixi qərarla Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşub.

Digər əlamətdar hadisə isə İkinci Qarabağ müharibəsinə aiddir. 18 oktyabr 2020-ci ildə Müzəffər Ordumuz Xudafərin körpüsünü işğaldan azad edib. Xudafərin bizim üçün adi bir körpü deyil. Arazın o tayı ilə bu tayını birləşdirən bu körpü xalqımız üçün böyük rəmzi məna daşıyır. Otuz illik işğal illərində bizim Xudafərinə çıxış imkanımız olmayıb və o, hər birimiz üçün həsrət körpüsünə çevrilib. Xudafərində qazanılan qələbə niskilimizə son qoydu və Azərbaycan Ordusunun özünəinamını daha da artırdı, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən oldu. Beləliklə, 18 oktyabr barəsində obrazlı şəkildə belə deyə bilərik: Bir günə sığan iki tarix!

XX yüzillikdə ikinci dəfə müstəqilliyin əldə olunması - Heydər Əliyevin liderlik rolu

Son 200 ildə Azərbaycan bir sıra istilalara məruz qalıb, tarixi torpaqlarımız işğal altına düşüb, sərhədlərimiz kiçilib. Ancaq Azərbaycan xalqı üzləşdiyi məhrumiyyətlərə, sərt ideoloji qadağalara  baxmayaraq, heç vaxt qəlbindən azadlıq ideallarını çıxarmayıb, həmişə bu müqəddəs arzu ilə yaşayıb. Həmin arzular 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə çin oldu. AXC müsəlman Şərqində demokratik əsaslarla qurulan ilk respublika idi ki, bu da Azərbaycan xalqının böyüklüyünü, öz taleyinin sahibi olmaq istəyini, qəhrəmanlığını və müasirliyini təcəssüm etdirirdi.  Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. AXC dövlət quruculuğunda, idarəetmədə, demokratiyanın bərqərar olmasında, təhsil sahəsində, yeni seçki ənənələrinin formalaşmasında, qadınların seçmək və seçilmək hüquqlarının tanınmasında və digər istiqamətlərdə hətta Avropa üçün örnək sayıla biləcək bir sıra ilklərə imza atıb. Beynəlxalq səviyyədə tanınıb.  Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində qalsa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb.

Tarix sübut edir ki, hər fürsəti vaxtında və düzgün dəyərləndirmək lazımdır. Əks halda, bundan başqaları yararlana bilərlər. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş ittifaqın süqutu fonunda yaranan müstəqilliyimizin bərpası fürsəti də itirilə bilərdi. Çünki həmin dönəmdə respublikamızda çox ziddiyyətli proseslər izlənilirdi və müxtəlif güclər öz maraqlarını təmin etməyə çalışırdılar. Belə bir çətin vəziyyətdə XX yüzillikdə ikinci dəfə müstəqilliyə gedən yolda xalqımızın müdrik oğlu, böyük siyasətçi Heydər Əliyevin liderliyi müstəsna rol oynadı. O dövrdə - hələ keçmiş ittifaqın süqutundan əvvəl 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə çağrılan sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi, həmçinin ölkənin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı.  Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da respublika Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 10 müddəadan ibarət olan sənəddə 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğu xüsusi vurğulanıb. Həmin bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. 1991-ci il oktyabrın 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Sənəddə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqil Azərbaycan tarixi uğurlara imza atıb, beynəlxalq birliyin sayılıb-seçilən üzvlərindən birinə çevrilib. Ən böyük uğurumuz isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbələrimiz sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasıdır. Biz qürur duyuruq ki, bu gün müstəqil Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Vətən müharibəsinin 22-ci günündə

Vətən müharibəsinin hər günündə xalqımız cəbhədən gələn qələbə müjdələrinə sevinirdi. Bu müjdələri isə bir qayda olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev paylaşdığı tvitlərlə çatdırırdı. Dövlətimizin başçısının növbəti qələbə müjdəsi isə Vətən müharibəsinin 22-ci günündə Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı oldu. Prezident İlham Əliyevin tviter səhifəsində paylaşdığı “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” tviti ölkəmizdə xüsusi coşqu ilə qarşılandı.

Qeyd edək ki, Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğal nəticəsində ölkəmizin İranla olan 132 kilometr uzunluğunda dövlət sərhədi bütünlüklə düşmənin nəzarətinə keçmişdi. 18 oktyabr 2020-ci il tarixində Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri, həmçinin bir sıra yüksəkliklər də işğalçılardan azad edilib. Bununla da İranla dövlət sərhədimizin xeyli hissəsi bərpa olunub.  Hərbiçilərimiz Xudafərinin azad edilməsi planını çox məharətlə hazırlayıblar və uğurla həyata keçiriblər. Əvvəlcə erməni hərbi birləşmələri ətrafdakı yüksəkliklərdən çıxarılıb. Bundan sonra hərbiçilərimiz komandanlığın tapşırıqlarına uyğun olaraq körpüyə müxtəlif istiqamətlərdən yaxınlaşıblar. Xudafərinin azad edilməsi zamanı hərbiçilərimiz arasında itkilər olmayıb.

Xudafərin körpüləri Azərbaycan memarlığının nadir nümunələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz əzəmətini saxlamaqdadır. Onlardan “Baş Xudafərin körpüsü” adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Xudafərinin işğaldan azad olunması böyük Qələbəmizin əsas memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin də həyatında xüsusi bir gün olub. Bunu Onun özü səmimi şəkildə etiraf edib. Müharibə başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən də Xudafərin körpüsündə olublar. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün sonsuz qürur və fəxarətdir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31