Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya Kansleri: Biz gələcəkdə də miqrasiyaya ehtiyac duyuruq

Almaniya Kansleri: Biz gələcəkdə də miqrasiyaya ehtiyac duyuruq

23.10.2025 [15:48]

Biz gələcəkdə də miqrasiyaya ehtiyac duyuruq. Bu, həm Almaniya, həm də Avropa İttifaqı ölkələrinə aiddir və bizə xüsusilə əmək bazarımız üçün lazımdır. Çünki artıq bu gün miqrasiya mənşəli çoxlu sayda insan əmək bazarımızın ayrılmaz hissəsidir. Onlar Almaniyada yaşayır və baxım evlərində, universitetlərdə və digər sahələrdə işləyirlər. Biz mənşəyindən, dərisinin rəngindən və Almaniyada birinci, ikinci, üçüncü və ya dördüncü nəsil kimi yaşamasından asılı olmayaraq, onlarsız keçinə bilmərik. Onların çoxu artıq ölkəmizin vətəndaşlarıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Londonda keçirilən Berlin Prosesi Sammitində deyib.

Son günlər ölkə gündəmində ciddi müzakirə mövzusuna çevrilən “şəhər mənzərəsi” mübahisəsinə də toxunan Kansler əsas narahatedici amilin davamlı yaşayış icazəsi olmayan, işləməyən və qaydalara əməl etməyən şəxslərin olduğunu bildirib: “Onların bəziləri şəhərlərimizdə ictimai görüntüyə də təsir edir. Bu səbəbdən Almaniyada və digər Avropa İttifaqı ölkələrində bir çox insan ictimai yerlərdə, o cümlədən vağzallarda, metro stansiyalarında, parklarda və bəzi məhəllələrdə özlərini təhlükəsiz hiss etmir. Bu, polisimiz üçün də ciddi problemdir”.

Kansler əhalinin hüquqi dövlətə etimadını bərpa etmək üçün bu problemlərin səbəblərinin Avropa səviyyəsində birgə həllinin vacibliyini qeyd edib. O, sabah Brüsseldə Aİ-nin miqrasiya və sığınacaq siyasətinin bir daha müzakirə olunacağını xatırladaraq qeyd edib ki, bu, həm birgə fəaliyyət, həm də milli səviyyədə səylərin göstərilməsini tələb edir.

Qeyd edək ki, Londonda keçirilən Berlin Prosesi Sammitində Kansler Fridrix Merts ilə yanaşı, Böyük Britaniyanın Baş naziri Keir Starmer də iştirak edib. Almaniyanın 2014-cü ildə başlatdığı “Berlin Prosesi”nin məqsədi Qərbi Balkan regionunun altı ölkəsi - Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya ilə, eləcə də onların arasında regional əməkdaşlığı təşviq etməkdir. “Berlin Prosesi” regional əməkdaşlıq və Avropa İttifaqına inteqrasiya prosesi üçün mühüm və həlledici format hesab olunur.

Almaniya Kansleri Qərbi Balkan regionunun altı ölkəsini Avropa ailəsinin ayrılmaz hissəsi adlandıraraq, bildirib ki, biz bu münasibətləri daha da inkişaf etdirmək istəyirik. Kansler, həmçinin Avropa İttifaqına inteqrasiya yolunda bu ölkələrdə islahatların vacib rol oynadığını vurğulayaraq, Serbiya və Kosovoya münasibətlərinin normallaşdırılması istiqamətində dialoqu gücləndirmək barədə çağırış edib və ölkəsinin bu prosesdə dəstəyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31