Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Valyuta Fondunun nikbin proqnozu

Valyuta Fondunun nikbin proqnozu

22.10.2025 [10:17]

Azərbaycanda iqtisadi artım yüksələcək, maliyyə ehtiyatları artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankının (MB) strtaeji valyuta ehtiyatlarının 2025-ci ilin sonuna 11,9 milyard ABŞ dolları təşkil edəcəyinə dair proqnozlarını açıqlayıb. Fondun ekspertləri bunu ölkədə tədiyyə balansının cari vəziyyətinin qənaətbəxş olması və valyuta bazarının dollara olan tələbatının tam təmin edilməsi fonunda fərz edir. BVF hesab edir ki, 2026-cı ilin sonuna isə Mərkəzi Bankın valyuta ehtiyatları 11,7 milyard dollara çatacaq.

Qeyd edək ki, cari il oktyabrın 1-nə MB-nin valyuta ehtiyatları 11 milyard 310,5 milyon dollar təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 faiz artım deməkdir.

Azərbaycanın cəmi strateji ehtiyatlarının həcmi 78 milyard dollara çatıb

Hazırda Azərbaycanın Dövlət Neft Fondundakı ehtiyatlarının həcmi 67 milyard dollara bərabər olmaqla, Mərkəzi Bankın rezervləri ilə birlikdə cəmi ehtiyatların həcmi 78 milyard dollar təşkil edir. Valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edir. Belə ki, ehtiyatlar 36 aylıq mal və xidmət idxalına kifayət etməklə, manatla pul kütləsini 3,8 dəfə üstələyib. Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı müqavimət qabiliyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Güclü təhlükəsizlik yastığı formalaşdırmaqla makroiqtisadi sabitliyin dayanıqlılığını da möhkəmləndirir.

Onu da qeyd edək ki, Azərbaycanın yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət tendensiya yaradır və xarici institutların investisiya və kreditlər üzrə daha sərfəli təkliflər irəli sürməsini şərtləndirir. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.

Büdcə xərcləri iqtisadi artıma müsbət təsir göstərir

BVF büdcə yığımlarındakı artımların xərc hədəflərinə müsbət təsir göstərəcəyini, 2025-ci ildə iqtisadi artımın təmin edilməsində büdcə xərclərinin əhəmiyyətli rol oynayacağını düşünür. Fondun təhlillərinə əsasən, 2026-cı ildən etibarən hökumət xərcləri azaldaraq maliyyə siyasətini daraldacaq. Bu dəyişiklik əsasən kapital xərclərinin (infrastruktur və dövlət investisiyaları) azalması ilə əlaqədardır.

Hesabatda bildirilir ki, Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda, o cümlədən Azərbaycanda, 2025-ci ildə maliyyə siyasəti genişlənən, lakin 2026-cı ildən etibarən daralan xarakter daşıyacaq: “CCA ölkələrində 2025-ci ildə maliyyə siyasəti ümumilikdə genişlənən olsa da, 2026-cı ildən etibarən daralacaq. Bu dəyişiklik Azərbaycanda kapital xərclərinin azalması, Qazaxıstanda isə neftdənkənar gəlirlərin artırılması üzrə islahatlarla əlaqədardır.”

BVF-nin qiymətləndirməsinə görə, büdcə xərclərinin 2025-ci ildə iqtisadi fəallığı dəstəkləməsi, daha sonra isə büdcə konsolidasiyasına keçid ölkədə fiskal sabitliyi gücləndirəcək və dövlət maliyyəsinin dayanıqlılığını artıracaq.

Valyuta Fondunun ekspertləri, eyni zamanda dayanıqlı fiskal konsolidasiyaya nail olmaq üçün Azərbaycana kompleks strategiyaya ehtiyac olduğunu vacib sayır. Belə ki, vergi bazasının genişləndirilməsi üçün vergi inzibatçılığının daha da  təkmilləşdirilməsi, yeni gəlir mənbələrinin müəyyən edilməsi istiqamətində əlavə addımların atılması zəruri hesab edilir.

Valyuta Fondunun ölkəmizin ortamüddəli dövr üzrə borc öhdəlikləri ilə bağlı gözləntiləri də müsbətdir. Proqnozlara görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ümumi daxili məhsulun ÜDM-in 28 faizini təşkil edəcək. Xarici borcun həddi isə ÜDM-in 10 faizindən xeyli aşağı olacaq.

İqtisadi inkişaf göstəriciləri qənaətbəxş hesab edilir

BVF Azərbaycanda iqtisadi inkişaf və maliyyə intizamı ilə bağlı nikbin gözləntilərə malikdir. Fondun bir müddət əvvəl qlobal iqtisadiyyatla bağlı açıqladığı proqnozlarda Azərbaycanla bağlı iqtisadi gözləntiləri nikbin ssenarilərə əsaslanır. “World Economic Outlook” hesabatında qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri müsbət dinamikasını qoruyub saxlayacaq, 2025-ci il üzrə iqtisadi artım 3 faiz, 2026 və 2030-cu illər üzrə 2,5 faiz fərz edilir.

BVF ekspert icması Azərbaycanla bağlı iqtisadi artım ssenarilərini enerji dəyişiklikləri üzərində deyil, əsas etibarilə ümumi iqtisadi güc və xüsusilə də qeyri-neft mənbələrinə əsaslanmaqla tərtib edib. Onların qənaətinə görə, Azərbaycan iqtisadiyyatının enerji amili üzərində dayanmadığı son illərin əlavə dəyər artımında özünü göstərməkdədir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdənkənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər və bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır.

Maliyyə statistikasının vəziyyəti müsbətdir

Beynəlxalq Valyuta Fondu ölkəmizin makroiqtisadi göstəriciləri, qeyri-neft-qaz sektorunun inkişaf perspektivləri, vergi sahəsində islahatlar, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi reinteqrasiyası proseslərini də diqqətlə izləyir. Fond, makroiqtisadi, fiskal və digər iqtisadi ssenarilər üzrə apardığı tədqiqatlar əsasında yekun hesabatlar hazırlayır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının vəziyyəti (GFS) əks etdirilir. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub. İnstitusional baxımından, GFS-in dövlət büdcəsi, büdcədənkənar fondlar, sosial sığorta fondları, digər dövlət və yerli əhəmiyyətli fondların fəaliyyəti barədə məlumatlılığı əks etdirməsi bildirilib. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti, vəzifə və səlahiyyətləri barədə məlumatlar qeyd edilib.

Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaf olması önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb. İnkişaf etmiş fiskal şəffaflığın daha əlverişli investisiya mühitini təmin etməklə iqtisadi inkişafı daha da sürətləndirəcəyi bildirilib.

Fondun hökumətə tövsiyələri də diqqətdədir, BVF komandası azad biznesin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsini müsbət dəyərləndirib, eyni zamanda, sahibkarlıq sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsini və bankların özəl sektora daha əlçatan kreditlər verməsini də vacib sayır. Tövsiyələrə əsasən, maliyyə bazarının inkişaf etdirilməsi, biznesin və ailə təsərrüfatlarının bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirə bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31