Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Humanitar diplomatiyanın yeni səhifəsi

Humanitar diplomatiyanın yeni səhifəsi

21.10.2025 [11:28]

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikana rəsmi səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər respublikamızın mənşəyindən asılı olmayaraq müqəddəs və tarixi dəyərlərə hörmətlə yanaşan ölkə kimi mövqeyini daha da gücləndirib

Hazırda dünyada multikulturalizmlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Ayrı-ayrı regionlarda insanların milli-dini-irqi ayrı-seçkiliyə məruz qalma hallarının artması müşahidə edilir ki, bu da dərin təəssüf doğurur.

Belə kədərli mənzərə fonunda Azərbaycan beynəlxalq birliyə  özünün unikal nümunəsini təqdim edir. Hazırda republikamız dünyada multikulturalizmi təşviq edən, çoxmədəniyyətliliyi özünün üstünlüyü kimi dəyərləndirən azsaylı ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, multikulturalizm Azərbaycanın tarixdən gələn ənənəsidir, eyni zamanda, bu, dövlət siyasətidir.

Əlamətdar haldır ki, Azərbaycanın bu sahədə ardıcıllıqla həyata keçirdiyi dövlət siyasətinə cəmiyyətdən də güclü dəstək gəlir. Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun respublika daxilində və ölkə hüdudlarından kənarda davamlı olaraq həyata keçirdiyi çoxsaylı layihələr bunun əyani təsdiqidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bu sahədə təqdirəlayiq  missiya yerinə yetirir. Onun bu günlərdə Vatikana uğurlu səfəri Azərbaycanın humanitar diplomatiyasının növbəti parlaq nümunəsidir.

Heydər Əliyev Fondunun dünya ölkələrini əhatə edən humanitar fəaliyyəti

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi humanitar layihələr Vatikanda da müsbət qiymətləndirilir. Bu da təsadüfi deyil. Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir.

Fond tərəfindən Vatikanda bir sıra layihələrin həyata keçirilməsi də ayrıca qeyd edilməlidir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Fondun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsini uçmaq təhlükəsindən qoruyub. Vatikana bu dəfəki səfər çərçivəsində oktyabrın 16-da Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Kommodilla katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.

Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub. Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir. Bu isə kritik - taleyüklü anlarda və məqamlarda strateji amilə çevrilir. Konkret bir məqama nəzər salaq: məlumdur ki, Ermənistanla yanaşı, bəzi geosiyasi mərkəzlər İkinci Qarabağ müharibəsinə dini don geyindirməyə, məsələni “sivilizasiyalararası savaş” kimi təqdim etməyə çalışırdılar. Məqsəd din amilindən istifadə edərək xristian dünyasından Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq idi. Hətta onlar Roma Papası tərəfindən Azərbaycan əleyhinə bəyanat səsləndirilməsinə cəhd göstərsələr də, buna nail olmadılar. Bu fakt yuxarıda bəhs olunan sistemli, məqsədyönlü işlərin tarixi və strateji əhəmiyyətini, uğurlu nəticələrini əks etdirir.

“Yumşaq gücün ustad dərsi”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın taxt-Taca rəsmi səfəri və bu səfər çərçivəsində baş tutan tədbirlər çox doğru olaraq mədəniyyətlərarası anlaşmanın və humanitar əməkdaşlığın parlaq simvolu kimi dəyərləndirlir. İtaliyanın Avropa Xəbər Agentliyinin nümayəndəsi Karlo Marino vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri təkcə mərasim xarakteri daşımayıb, həm də dərin humanitar-siyasi məzmun kəsb edib: “Azərbaycanın Birinci vitse-prezidenti rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacda Roma Papası XIV Leo ilə görüşüb. Həmçinin Vatikanın yüksəkvəzifəli nümayəndələri ilə danışıqlar aparılıb, humanitar böhranlar, münaqişə zonalarında mədəni irsin qorunması, dinlər və mədəniyyətlər arasında dialoqun əhəmiyyəti kimi aktual məsələlər müzakirə olunub. Səfərin əsas diqqət mərkəzində Azərbaycanın ardıcıl şəkildə həyata keçirdiyi “humanitar diplomatiya” konsepsiyası dayanır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vatikanın Müqəddəs Kommodilla katakombaları da daxil olmaqla, tarixi və dini abidələrin bərpası üzrə layihələr həyata keçirir”.

Karlo Marino vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri “yumşaq gücün ustad dərsi” olub və Azərbaycanın yalnız enerji tərəfdaşı kimi deyil, həm də qlobal humanitar prosesin məsul iştirakçısı kimi çıxış etmək əzmini nümayiş etdirib. “Bu səfər dərin rəmzi məna daşıyır. Əhalisinin çoxu müsəlman olan, lakin dünyəvi dövlət quruluşuna malik bir ölkə üçün katolik dünyasının mərkəzində ali səviyyəli görüş Azərbaycanın çoxəsrlik dözümlülük və multikulturalizm ənənəsini bir daha ön plana çıxardı. Dialoqun əsas mövzularından biri bəşəriyyətin mədəni irsinin qorunması üzrə qarşılıqlı səylər idi. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Vatikanda incəsənət, tarix və mədəniyyəti insan ruhu və yaddaşının daşıyıcısı kimi qorumağa yönəlmiş fəaliyyətlə səsləşir. Dini və mədəni abidələrin - istər Vatikanın katolik irsi, istərsə də Azərbaycanda bərpa edilmiş islam və xristian məbədlərinin bərpası milli qürur aktı kimi deyil, dünya irsinə qarşı ümumbəşəri məsuliyyətin təzahürü kimi təqdim olunub. Bu ortaq dəyər Azərbaycana sivilizasiyanın qoruyucusu, mənşəyindən asılı olmayaraq müqəddəs və tarixi dəyərlərə hörmətlə yanaşan ölkə kimi mövqe qazandırır. Mədəni irsin getdikcə daha çox dağıntılara məruz qaldığı bir dövrdə bu mövqe böyük mənəvi nüfuza malikdir”, - deyə o qeyd edib.

Avropa Xəbər Agentliyinin nümayəndəsi əmindir ki, bu səfər diqqətlə planlaşdırılmış bir addım idi və Azərbaycanın zəngin dözümlülük irsini daxili siyasət elementindən beynəlxalq kimliyin ayrılmaz hissəsinə çevirdi. “Qlobal məkanda, obrazların və simvolların bəzən sözlərdən daha çox mənaya malik olduğu bir şəraitdə Azərbaycanın Birinci vitse-prezidenti Roma Papası ilə dərinməzmunlu dialoq apararaq güclü bir mesaj göndərdi - Qafqazın bu müsəlman ölkəsi körpülər salmağa, yaraları sağaltmağa və birgəyaşayış ideyasını irəlilətməyə çalışır. Beynəlxalq münasibətlərin böyük kətanında bu səfər yeni bir ip - dialoq, hörmət və daha harmonik dünya üçün ümumi ümid ipini əlavə etdi. Beləliklə, Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfəri Azərbaycanın humanitar diplomatiyasının inkişafında mühüm bir səhifəyə çevrildi və ölkənin beynəlxalq imicini mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında körpü kimi daha da möhkəmləndirdi”, - deyə Karlo Marino vurğulayıb.

Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər  Vatikan və dünya mediasında diqqətlə izlənilir. Müqəddəs Taxt-Tacın və İtaliyanın aparıcı mətbu orqanları Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb. “Vatican News” portalının, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L “Osservatore Romano” qəzetinin, “ACI Stampa” və “Agenzia S.I.R” katolik xəbər agentliklərinin, eləcə də İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetinin yaydığı materiallarda Müqəddəs Taxt-Tacla Azərbaycanın ikitərəfli əlaqələrinin son illərdə xeyli inkişaf etdiyi vurğulanıb. İtaliyanın “Askanews” və “Italpress” xəbər agentlikləri, eləcə də “Agenparl” və “Notizie Tiscali” portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfərinin gərgin gündəmdə və çoxsaylı yüksəksəviyyəli görüşlərdə öz əksini tapdığı, Azərbaycan ilə Vatikan arasında mükəmməl ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və getdikcə fəallaşan mədəni, elmi və diplomatik əməkdaşlıq çərçivəsində baş tutduğu bildirilir.

“Euronews” telekanalının saytında “Azərbaycan Vatikanda aparılan bərpa işləri ilə Müqəddəs Taxt-Tacla əlaqələri gücləndirir” sərlövhəli məqalə dərc olunub.

Yazıda ölkəmizin Vatikanda tarixi katakombaların bərpasına və paralel olaraq Azərbaycanda yeni Katolik Kilsəsinin tikintisinə dəstək verməklə Müqəddəs Taxt-Tac və katolik dünyası ilə əlaqələrini gücləndirdiyi vurğulanır.

“Artan bu əməkdaşlığın növbəti əlaməti olaraq Bakıda II İoann Pavelin şərəfinə ikinci Katolik Kilsəsi inşa olunacaq. Katolik Kilsəsinin yerləşəcəyi ərazi Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallager tərəfindən 2024-cü ilin dekabrında təsdiq edilib. Layihə Azərbaycanda artan katolik icmasını və dinlərarası dialoqun davamlı inkişafını əks etdirir”, - deyə məqalədə qeyd olunur.

Argentinanın “Real Politik” xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb. Məqalədə qeyd olunub ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb.

Argentinanın “Radio Maria” xəbər və onlayn radio portalı da Mehriban Əliyeva və Papa XIV Leonun görüşünü diqqətdə saxlayıb. İtaliyanın “Eurasiaticanews” portalının materialında isə Azərbaycanın Birinci vitse-prezidentinin oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdiyi və həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu bildirilib. Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31