Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avropa seçim qarşısında...

Avropa seçim qarşısında...

14.04.2023 [10:20]

“Köhnə qitə” Çindən yardım istəyir

Makronun Pekin səfərinin pərdəarxası...

“Mərkəzçi Avropa”nın NATO-dan xilas olma planları...

Rusiya-Ukrayna müharibəsi uzandıqca anti-Rusiya koalisiyası deformasiyaya uğrayır. Avropanın bəzi dövlətləri isə üfüqdə belə nəticəsi görünməyən müharibə ilə özünün iqtisadi-siyasi maraqlarını zərbə altına qoymaq istəmir. Tam əksinə, yeni dünya nizamının əsas iqtisadi potensialını özündə əks etdirəcək “Bir kəmər bir yol”, Orta Dəhliz, Şərq-Qərb, Cənub - Şimal layihələrindən kənarda qalmamaq, dünyanın gələcək iqtisadi inkişafının nüvəsi sayılan Çinlə əlaqələri daha da möhkəmləndirmək üçün yeni hərəkətlənmələr yaşanmaqdadır. Məsələn, aprelin 5-də Fransa prezidenti Emmanuel Makronun və Avropa Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfəri bu hərəkətlənmələr arasında ən diqqət çəkəni idi. Əvvəlcədən elan edildiyi kimi, Pekində əsas “müzakirə mövzusu” Ukrayna məsələsi oldu. Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən “narahat” olduğunu bildirdi - daha böyük narahatlıq isə Çinin İranın ardından Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlı idi. Qeyd edək ki, Makronla Fon der Lyayenə qədər Almaniya kansleri Olaf Şolts, İspaniyanın baş naziri Pedro Sançes və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozep Borell də Pekini “ziyarət” etmişdilər.

Makron Böyük Britaniya-ABŞ ittifaqına qarşı “gizli cəbhə” açır?

Bəli, bu səfərlə bağlı yayılan rəsmi məlumatlar heç kimə, ən əsası ABŞ-a inandırıcı görünmədi. Siyasi mütəxəssislərin fikrincə, özünü Mərkəzi Avropanın “söz sahibi” sayan Makronun Çin səfərinin qaranlıq məqamları var. Burada daha çox Makronun üzərinə fokuslanılır - o baxımdan ki, artıq əsrlərdir davam edən “Avropa çəkişməsi”nin tərəflərindən sayılan Fransa üçün avrosentristlərin maraqları daha öndədir. Almaniyanın keçmiş kansleri Angela Markelin siyasi səhnədən gedişinin ardından özünü avrosentristlərin qeyri-rəsmi lideri elan edən Makron Böyük Britaniya-ABŞ ittifaqına qarşı “gizli cəbhə” açmağı belə planlaşdıra bilər - bu, qərbli mütəxəssislərin fikridir. Siyasi texnoloqların düşüncəsinə görə, Makron anlayır ki, ABŞ-ın Rusiya üzərindəki qələbəsi yalnız Kreml üçün “baha başa gəlməyəcək”:

- Bu qələbə demək olar ki, min ilə yaxındır uzanan (yüzillik müharibə ilə əsası qoyulmuş) avrosentrist-anqlosakson mübarizəsinin həlledici mərhələsinə çevrilə bilər;

- Fransa, Almaniya, İspaniya, Hollandiya kimi “köhnə qitə” təmsilçiləri Avropa siyasətinin yönləndirilməsindəki rollarını itirə bilərlər;

- İqtisadi cəhətdən bitkin hala düşmüş Avropa birmənalı şəkildə ABŞ-ın nəzarətinə keçər;

- Enerji mübadilələri ABŞ-ın diktəsi və şərtləri altında formalaşdırılar...

Beləliklə də, Avropa özünün “lider obrazı”nı tam və qəti şəkildə itirə bilər. Makronun Çin səfəri bu aspektlərdən müzakirə predmetinə çevrilib - “Yelisey sahibi” Pekindən onları “xilas etmələrini” diləyir.

ABŞ bu səfəri “Avropanın parçalanmasının sübutu” kimi dəyərləndirir

ABŞ isə hələlik özünü bu mübarizənin əsas “qəhrəmanlarından” saymır. Belə ki, Vaşinqton Makronun Çinə səfərini “Avropanın parçalanmasının sübutu” kimi dəyərləndirir və təqdim etməyə çalışır. Amma vəziyyəti olduğu kimi qiymətləndirənlər də tapılır. Məsələn, “The Hill” qəzeti yazır ki, Makronun Çinə səfəri Avropa və ABŞ arasında getdikcə böyüyən çatlağı göstərdi. Müəlliflər xatırladırlar ki, Fransa lideri Pekində olduğu eyni tarixlərdə Tayvanın baş qərargah rəisi Tsay İnq-ven ABŞ-a səfər etmişdi. Bir-birinə rəqib sayılacaq bu “iki danışıq” ABŞ və Avropa arasında Çinə qarşı münasibətdəki uçurumu göstərir. ABŞ rəhbərliyi Pekinin davranışını “dünyanı Çin avtoritar modeli”nə uyğun olaraq yenidən qurmaq” kimi dəyərləndirir. Avropa liderləri isə bu fikirlə “razı deyillər”. Qəzetin mövqeyinə görə, Fransa və Almaniya əmindirlər ki, Çinlə əməkdaşlıq Ukraynadakı münaqişənin sonunu yaxınlaşdırmağa kömək edə bilər. Makronu Pekində Çinin saysız işgüzar dairə nümayəndələri müşayiət edirdilər - bu isə onu göstərir ki, Fransanın Çinlə iqtisadi əlaqələri indiki məqamda möhkəmləndirə bilməsə belə, eyni səviyyədə saxlamaq istəyir.

Fon der Lyayen NATO-nun maraqlarının müdafiəçisi rolunda  

Qəzet yazır ki, bu səfər Avropadaxili parçalanmanı bariz şəkildə ortaya qoydu - Makronla birgə Çinə səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fransa prezidentindən fərqli olaraq “daha döyüşkən” mövqe tutub. Xüsusilə, rəsmi Pekini “daxildə getdikcə repressiv, xaricdə isə getdikcə daha iddialı” adlandırıb və Aİ ölkələrini Çinlə ticarət-iqtisadi əməkdaşlıqda riskləri azaltmağa çağırıb. Başqa sözlə, Çinə hədə qorxu gəlib.

Bunun əsas səbəblərindən biri isə Fon der Lyayenin Makrondan fərqli olaraq anqlosakson ittifaqına “sadiqliyi”dir. Əslən alman olan, Belçikada doğulsa da Almaniyada yüksək postlar tutmuş, hətta 6 il Almaniyanın müdafiə naziri işləmiş Fon der Lyayen bu gün öz ölkəsindən çox NATO-nun maraqlarını qorumağa çaba göstərir. Bunun da səbəbləri var. Məhz İngiltərə üzərindən Avropa Komissiyasına “yol tapmış” almaniyalı siyasətçinin yaxın zamanda siyasi karyerasının Alyans baş katibi olaraq davam etmək perspektivi mövcuddur. Başqa sözlə, Fon der Lyayen postunu təhvil verəcək Yens Stoltenberqin yerinə NATO baş katibliyə ən iddialı namizədlərdən sayılır. Beləliklə, Makrondan fərqli olaraq Çinə qarşı ritorikasında heç də mülayim davranmayan AK rəsmisinin tutduğu mövqe aydın olur...

İkinci siyasi uğursuzluq - Makron ölkəsində gözdən düşür

Fransanın daxilində isə Makronun Çin səfəri ikinci böyük uğursuzluğu kimi qiymətləndirilir. Qeyd edək ki, onun birinci böyük uğursuzluğu Rusiya-Ukrayna müharibəsi mövzusunda Vladimir Putinlə danışıqları sayılırdı. Siyasi mütəxəssislərin fikrincə, indiki çətin məqamda, Fransada daxili təlatümlərin baş verməsi fonunda bu kimi diplomatik fiasko Makronun siyasi imicinə ciddi zərbə vuracaq. Bu barədə “France info” -ya müsahibəsində Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) Çin istiqaməti üzrə rəhbəri Mark Julienn deyib. Bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı Si Cinpinlə danışıqlarda Fransa lideri proqnozlaşdırıldığı kimi heç nəyə nail olmadı. Eyni zamanda, Tayvan boğazının təhlükəsizliyi və ticarət kəsiri kimi aktual problemləri həll etməməklə strateji səhvə yol verdi.

Amma bu görüşün üstünlüyü də var - üç illik koronavirus böhranının ardından Fransa Çinlə birbaşa dialoqu bərpa etdi. Ekspert hesab edir ki, Ukraynadakı vəziyyət ən vacib müzakirə mövzusu olsa da, Makron bunu prioritetlər siyahısına daxil etməməli idi. O, Pekinin münaqişəni dayandırmaq üçün bir yol tapa biləcəyinə inanmağın sadəlövhlük olduğunu bildirib. “Bütün analitiklər yekdilliklə Emmanuel Makronun heç nə əldə etməyəcəyini proqnozlaşdırdılar və o, heç nəyə nail olmadı. Çin Rusiyaya hərbi yardım göstərməkdə maraqlı olmadığı kimi, münaqişənin siyasi həllində də maraqlı deyil”,” - deyən siyasi ekspertin fikrincə, Fransa özünü Avropanın aparıcı dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Asiya-Sakit Okean iqtisadi əməkdaşlığının hərəkətverici qüvvəsi kimi görür - lakin regionda təhlükəsizliyin qorunub saxlanması, yəni, sabitliyin təmin edilməsi məsələsini gündəmə gətirmir. O xatırladıb ki, əgər qarşıdakı mərhələdə Tayvan boğazı beynəlxalq ticarət gəmiləri üçün bağlanarsa, Fransa bundan birbaşa zərər çəkəcək: “Emmanuel Makron müsbət notda qalmaq istədi, lakin bu, güc balansına hörmət edən Çin ilə münasibətlərimizi yaxşılaşdırmayacaq”.

Fransanın Cənubi Qafqaz “arzuları” - Orta Dəhlizə “giriş bileti”...

Beləliklə, Orta Dəhlizə olan böyük maraq artıq ən yaxın müttəfiqlər arasında belə parçalanma yaradır. 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan bu təşəbbüs qısa zamanda qlobal miqyasda diqqəti cəlb edib. Bunun nəticəsi idi ki, sonrakı illərdə layihə genişləndi və iştirakçıların sayı Ukrayna, Rumıniya, Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Fransa isə bu dəhlizdə özü üçün ən azı “stansiya” qurmaq istəyir. Parisin son dövrlərdə açıq şəkildə Ermənistanı özünün arxa baxçasına çevirmək arzusu da bundan qaynaqlanır. Hətta ABŞ ilə maraqların toqquşmasında da Orta Dəhliz məsələsinin böyük rolu var. Paris anlayır ki, Ermənistan ilə Azərəbaycan arasında ABŞ-ın vasitəçiliyi ilə sülh baş tutsa Fransanın regiondakı varlığına tam şəkildə son qoyulacaq. Müstəqil siyasət yürüdən Azərbaycana qarşı Parisin “siyasi təzyiq vasitələri - qondarma qətnamələr və konfranslar” isə işə yaramır. ATƏT-in Minsk qrupunun “dəfni” ilə regiondakı nüfuzunu da itirb. Beləliklə, indiki məqamda Fransa Ermənistanı da itirsə, yeni iqtisadi düzənin Orta Dəhliz kimi mühüm halqasında iştirakdan məhrum olmuş olacaq...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30