Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Rusiya - Ukrayna müharibəsinin bir ili...

Rusiya - Ukrayna müharibəsinin bir ili...

24.02.2023 [10:14]

Faktlar, statistikalar, proqnozlar...

XXI əsrin ikinci onilliyi xüsusi özəllikləri ilə yadda qaldı. 2020-ci ildən etibarən dünya yeni siyasi-hərbi nizam, iqtisadi düzən “axtarışına” çıxdı. Daha doğrusu, sözügedən zaman kəsiyində regional qarşıdurmalar yavaş-yavaş lokal müstəvidən çıxaraq geniş məkanlara yayılmağa başladı. Bu mənada, ötən ilin fevralın 24-də “start götürən”, artıq bir ilini yaşadığımız Rusiya-Ukrayna müharibəsi xüsusi qeyd olunmalıdır.

Müharibə proqnozları - kəşfiyyat materiallarında öləcək insanların sayı belə göstərilirdi

Son illərin ən böyük siyasi-hərbi hadisəsi mübahisəsiz olaraq Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi sayılır. Xatırladaq ki, müharibənin ilkin ştrixləri hələ 2021-ci ildən sezilirdi. O baxımdan ki, Rusiyanın Ukrayna sərhəddinə yaxın bölgələrdə öz hərbi qüvvələrini möhkəmləndirməsi, ABŞ və digər ölkələrin isə Ukraynanı silahlandırması müharibənin ilkin anonsunu verirdi. Müharibədən öncə xarici ölkələrin kəşfiyyat materiallarının mübadiləsi də onu göstərirdi ki, başlanacaq hərbi qarşıdurma amansız və uzunmüddətli olacaq - məsələn, ABŞ Almaniya və Şərqi Avropaya 3000 əlavə əsgər göndərdiyini elan etmişdi. ABŞ rəsmilərinə istinad edən “Reuters” və “Washington Post” isə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxilə üçün lazım olan qüvvə və vasitələrin təxminən 70 faizini Ukrayna sərhədlərinə çəkdiyini yazırdı. Amerika kəşfiyyat mənbələrinin məlumatına görə, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının (BTQ) sayı 83-ə çatırdı - daha 14 qrupun isə yolda olduğu bildirilirdi. Nəzərə alsaq ki, bir batalyon taktiki qrupunda 750 hərbçi olur - “Washington Post”un yazdığına görə, ilhaq edilmiş Krımdakı hərbçilərlə bir yerdə Ukrayna sərhəddində yerləşdirilən Rusiya hərbçilərinin sayı 100-130 min nəfər idi.

Müharibə öncəsi nəbzlər yoxlanılırdı - genişmiqyaslı işğal halında mümkün itkilər barədə təxminlər belə paylaşılırdı. Bu hesablamalara görə, Ukrayna hərbçiləri arasında itkilər 5-25 min arası, Rusiya hərbçiləri arasında 3-10 min, mülki şəxslər arasında 25-50 min itki ola bilərdi. Bundan əlavə, işğalın Avropa İttifaqı ölkələrində 5 milyona qədər qaçqının didərgin düşməsinə səbəb ola biləcəyi pronozlaşdırılırdı. Hətta bəzi mənbələr rus hərbçilərinin Kiyevə daxil olması üçün cəmi 2 gün lazım ola biləcəyini yazırdı. Rusiya isə bunun əksinə olaraq, Ukraynanı işğal etmək planının olmadığını bildirir və belə bir təhlükə barədə yazıb-yaradan Qərb siyasətçilərini və medianı tənqid edirdi. Hətta Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bu iddiaları “dəlilik və təşviş” adlandırırdı...

Putin etiraf etməsə də - hədəf Kiyev idi...

Ötən il fevralın 24-də səhər saatlarından etibarən lokal şəkildə təsadüf edilən insidentlərin miqyası genişləndi -Rusiya-Ukrayna müharibəsi başladı. İlk saatlardan etibarən Ukrayna müdafiə nazirliyi rəsmi olaraq bir neçə Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı məlumat yaydı. Təbii ki, baş verənlər dünya ictimaiyyəti tərəfindən diqqətlə və həyəcanla izlənilirdi. Bir sıra beynəlxalq təşkilatlar, böyük ölkələr məsələ ilə bağlı bəyanatlar verdilər, baş verənləri pislədilər. Rusiya Prezidenti Vladimir Putin ilk çıxışında Ukraynaya hücuma başlandığını açıqladı - amma Putin çıxışında Ukrayna ərazilərini işğal etmək niyyətinin olmadığını dedi. Putinin çıxışından 15 dəqiqə sonra, jurnalistlər Kiyev, Xarkov, Odessa və Krematorskda baş verən partlayışlar haqda məlumat yaydılar. Ukrayna Rusiyanın Mariupol şəhərinə əsgərlər göndərdiyini və Kiyev, Xarkov və Dniprodakı hava limanlarına və hərbi bazalarına qanadlı raket və ballistik raketlər atdığını açıqladı. Hərbi maşınlar Ukrayna vaxtı ilə səhər saat 5-də Krım sərhədindən Ukraynaya girdi.

Əslində ABŞ kəşfiyyatının müharibədən əvvəl yaydığı məlumatlar öz təsdiqini tapırdı - hədəf birmənalı şəkildə paytaxt Kiyev idi. Rusiya qüvvələrinin Xarkov şəhərinin yaxınlığındakı magistral yolu işğal etdiyi və Mariupol şəhərində irimiqyaslı amfibiya müharibəsi apardığı məlum oldu - Ukrayna Sərhəd Qüvvələri Krımla birgə Sumı, Xarkov, Çerniqov və Jitomirdəki yaşayış ərazilərinə hücum edildiyini açıqladı. Prezident Zelenski ölkədə hərbi vəziyyət elan etdi.

Müharibə ilə bağlı keçirilən ilk brifinqdə Rusiya qoşunlarının Ukraynaya qarşı şimaldan da hücuma keçdiyi açıqlandı. İlkin addımdaca Çerniqov vilayətində Rusiya qoşunlarının qarşısı alındı, Xarkov yaxınlığında döyüşlər davam etdirildi. Mariupol və Şastyan geri qaytarıldı və ən az altı təyyarə, iki helikopter, bir sıra zirehli maşın məhv edildi.

30 dəqiqə ərzində 48-dən çox partlayış...

Həmin günlərdə yerli əhali atılan raketlərdən qorunmaq üçün Kiyev metropoliteni və Xarkov metropoliteninin bəzi stansiyalarına sığınmışdı. Uqledarda (Donetsk vilayəti) xəstəxananın bombalanması nəticəsində mülki vətəndaşlardan dördü öldü, onu isə (altısı həkim idi) yaralandı. Ukrayna prezidenti Volodimir Zelenski müharibənin əhatə dairəsinin Çernobıl və Pripyata doğru genişləndiyini açıqladı. Krımdan irəliləyən Rusiya qoşunları Şimali Krım kanalında idarəni ələ keçirdi. Müharibənin ilk günündə Ukrayna Heniçeski itirdiyini açıqladı. Çernobıl Atom Elektrik Stansiyası Rusiya qoşunları tərəfindən tutuldu.

Fevralın 25-də Ukrayna Prezidenti, Ali Baş Komandan yanında idarə kabinetinin yaradılması haqda fərman imzalandı. İlk olaraq ehtiyatda olan hərbçilər səfərbərliyə çağırıldı - eyni anda yaşı 18-60 arası Ukrayna vətəndaşı olan bütün kişilərə ölkədən çıxış qadağan edildi. Paytaxt Kiyev qanadlı və ballistik raketlərlə atəşə tutuldu. Ukrayna Prezidenti Volodimir Zelenski televiziyada etdiyi çıxışında Rusiyanı mülki vətəndaşları və hərbi bazaları hədəfə almaqda ittiham etdi. Ukrayna mətbuatı isə müharibənin ilk 48 saatı ərzində mülki vətəndaşların olduğu 33 ünvanın vurulduğunu yazırdı - Rusiya qoşunlarının Kiyevin Obolonski ərazisinə girdiyi və Ukrayna Parlament binasından təxminən 9 km uzaqlıqda olduğu açıqlanırdı.

Qeyd edildiyi kimi, müharibənin ilk günləri Rusiyanın üstünlüyü açıq aşkar seçilirdi - Kiyevdəki yaşayış binaları raketlə vurulurdu, Zaporojye AES-ə qarşı açıq təhdid formalaşdırılırdı, əsir düşmüş mülki vətəndaşların sayı minlərlə idi.  Müharibənin başladığı üçüncü gün Kiyev ətrafında 30 dəqiqə ərzində 48-dən çox partlayış baş vermişdi. Kiyevdə gecə ərzində baş verən döyüşlər zamanı yaşayış binaları, körpülər, məktəblər və bir sıra yerlər məhv edilərək yüzlərlə insan həlak olmuşdu. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə, Azov dənizi yaxınlığındakı Melitopol şəhəri ələ keçirilmişdi. Vurğulayaq ki, ilk günlərdə aqressiyanın miqyası olduqca böyük idi - hətta Yaponiyaya məxsus yük gəmisi Qara dənizdə Rusiya tərəfindən atılan raket nəticəsində məhv edilmişdi. Moldovaya aid gəmi isə Rusiya döyüş gəmisi tərəfindən bombardman olunmuşdu.

Fevralın axırında ən qızğın döyüşlər Mariupol şəhəri ətrafında getdi - Çerniqov və Xarkov yaxınlığında döyüşlər davam edirdi. Rusiya Müdafiə Nazirliyi tərəfindən Zaporojiy AES və Berdians və Enerhodar şəhərlərinin ələ keçirildiyi açıqlanmışdı. Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Axtırka şəhəri yaxınlığında yerləşən hərbi hissəni bombalaması nəticəsində 70-dən çox hərbçi həlak oldu - Rusiyanın sivil əraziləri bombalaması nəticəsində isə Xarkov şəhərinin meriya binasına düşən mərmi 3-ü uşaq olmaqla, 9 nəfərin həyatına son qoydu.

Mart görüşləri - Türkiyənin vasitəçiliyi ilə tərəflər bir araya gəldi...

2022-ci ilin mart ayı müharibənin gedişində yeni mərhələni formalaşdırdı - bu, Xerson uğrunda gedən döyüşlərə əsaslanırdı. Martın 2-də Rusiya qüvvələrinin cənubdakı Xerson şəhərini ələ keçirdiyi ilə bağlı xəbərlər yayılsa da, bu məsələ təkzib edildi. Amma bəlli oldu ki, Xersonun əhalisinin mühüm bir hissəsi qarşıdurma zamanı həyatını itirib. Rusiyanın da itkiləri az deyildi - “Associated Press” 2 marta qədər 5 mindən çox rus əsgərinin öldürüldüyünü və yaxud əsir götürüldüyünü yazırdı.

2022-ci ilin martında hərbi aqressiyanın dayandırılması ilə bağlı vasitəçilik missiyaları da işə düşdü. Türkiyə bu işdə daha fəal rol oynadı - hər iki tərəfin dövlət rəsmiləri ilə dəfələrlə görüşən Türkiyə nümayəndələri axır ki, mart ayının əvvəlində Antalyada üçtərəfli görüşə nail ola bildilər - Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşdü. Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili siyasi ekspertlər tərəfindən də yüksək dəyərləndirilsə də, heç bir nəticə əldə olunmadı. Sadəcə olaraq, hər iki tərəf bu görüşü sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addım kimi təqdirəlayiq saymaqla kifayətləndi...

Türkiyənin bu münaqişə ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə iyulun 2-də taxıl dəhlizi ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq oldu. “Taxil dəhlizi” ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi - Bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara endi. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də yavaş-yavaş aradan qalxdı.

Sentyabr referendumu yeni mərhələnin başlanğıcı oldu

Sonradan müharibənin gedişi bu və ya digər şəkildə eniş və qalxış templəri yaşadı. Okal döyüşlər davam etdirilsə də, genişmiqyaslı hərbi əməliyyatlar az-az gözə dəydi. Müharibənin ikinci mərhələsi daha çox siyasi “fəndlərlə” müşahidə olunurdu. Hər kəs mövqelərin yaxınlaşmasını gözləyərkən, sentyabr ayında siyasi mühit yenidən qarışdı - sentyarın 23-də Ukraynanın Rusiyanın nəzarətində olan 4 vilayətində Rusiyaya birləşməklə bağlı “referendum” keçirildi. Səsvermənin keçirildiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri Ukraynanın ərazisinin 15%-ni əhatə edirdi. “Referendum”dan bir neçə gün sonra isə həmin ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sənədi imzaladı. Beləliklə, müharibənin hələ uzun müddət davam edəcəyi bəlli oldu- Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə də aydınlıq gətirdi. Kremlin mətbuat katibi Dmitri Peskov bildirdi ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır.

Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiya prezidenti Vladimir Putinə Ukrayna ərazisində keçirilmiş “referendumlar”ın tanınması və sonrakı danışıqlarla bağlı ultimatum verdi. Məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxaran Zelenski bildirdi ki, əgər Rusiya “referendumlar”ın nəticələrini tanısa, bu zaman onun və Putinin danışacaq başqa heç nəyi yoxdur.

Referendum və onun nəticələri demək olar ki, əksər dövlətlər tərəfindən tanınmadı - bəziləri bunu açıq şəkildə dilə gətirdi, bəziləri isə bunu əməldə ortaya qoydular. Hətta bəzi siyasi ekspertlər Qərbin buna laqeyd qalmayacağını və NATO-nun prosesə aktiv müdaxiləsini də istisna etmirdilər. Amma bütün mərhələlərdə bu gözlənilən reallaşmadı - Ukraynaya NATO-nun açıq hərbi dəstəyi verilmədi. Ukraynaya dəstək məsələsində daha çox ABŞ seçildi. Lend-Lizin imzalanması isə Ukraynanı Rusiyaya qarşı mübarizədə əməlli-başlı stimullaşdırdı...

Nəticələr ağır oldu - itkilər yüz minlərlədir...

Müharibənin bir illik davamiyyəti isə hər iki tərəf üçün ağır nəticələrə yol açıb. Rusiyanın itkiləri daha çox kimi görünür. Məsələn, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya bu günə qədər Ukraynada 3366 tank, 6617 zirehli döyüş maşını, 2359 artilleriya, 471 reaktiv yaylım atəşi qurğusu, 245 Hava Hücumundan Müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 2031 Pilotsuz uçuş aparatı, 873 qanadlı raket, 18 gəmi, 5218 avtomobil və yük maşınları, 228 xüsusi nəqliyyat vasitəsi itirib. İtirilən şəxsi heyətin sayı isə 145 mindən artıqdır.

Qərbin aparıcı ekspertləri isə Ukraynanın daha çox itki verdiyi fikrindədir. ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovniki Duqlas Makqreqor bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının Polşada ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli ilə son görüşündə Ukraynanın 257 min nəfərlik (ölmüş, itkin düşmüş, əsir düşmüş) itkisinin olduğu bildirilib. Türkiyə mətbuatı isə xarici kəşfiyyat orqanlarının mənbələrinə istinadən müharibə başlayandan bu günə qədər Ukrayna Silahlı Qüvvələrinin bərpaolunmaz itkilərinin sayını 157 min olduğunu yazıb. Eyni zamanda, müharibənin bir ili ərzində yaralıların sayı 234 min təşkil edib, əsir düşənlər isə 17 mindən artı qolub. Ukrayna hərbi qüvvələri isə 302 təyyarə və 212 helikopter, 497 hava hücumundan müdafiə sistemi və radarlar, 6320 tank, piyada döyüş maşınları, zirehli personal daşıyıcıları, MRAP-lar, 7360 ədəd yedəkli artilleriya, minaatan, özüyeriyən silahlar və digər hərbi sursat və texnikalarını itiriblər.

Bir ildə 487 uşaq həlak oldu...

Ukraynada son 12 ayda gedən müharibə nəticəsində azı 8006 dinc sakin həlak olub, 13287 nəfər isə yaralanıb. Bu statistikanı isə fevralın 21-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk səsləndirib. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) ekspertləri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başladığı 24 fevral 2022-ci il və 2023-cü il fevralın 15-i arasında mülki əhali arasında itkilər barədə məlumatları açıqlayıb. Müharibə qurbanlarının real sayı daha çox da ola bilər - hələlik bütün məlumatlar rəsmi təsdiqlənməyib deyə bu rəqəmlərlə kifayətlənirik. Məlumata görə, cinsiyyəti müəyyən edilə bilən qurbanların 61,1 faizi kişi, 39,9 faizi qadınlardır. Silahlı aksiyalar nəticəsində 487 uşaq həlak olub, 954 nəfəri isə yaralanıb. Və bu məlumatlar aysberqin yalnız görünən hissəsidir. Mülki əhalinin itkisi çoxdur - soyuq qış aylarında elektrik enerjisi və su çatışmazlığı səbəbindən 18 milyona yaxın insanın humanitar yardıma ciddi ehtiyacı var. Təxminən 14 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Müharibə bu və ya digər şəkildə əhalinin bütün qruplarına təsir edib. Bir çox məktəbli və tələbələr təhsil müəssisələrinə hücumlar səbəbindən təhsillərini davam etdirə bilməyiblər. Yaşlılar və əlillər çox böyük çətinliklərlə üzləşiblər - bəziləri bomba sığınacaqlarına gedə bilməyiblər və ya uzun müddət zirzəmilərdə, sağlamlıqları üçün təhlükə yaradan şəraitdə qalmalı olublar.

Ölən və yaralananların təxminən 90,3 faizi artilleriya mərmiləri, qanadlı və ballistik raketlər və havadan bombardmanlar da daxil olmaqla, geniş mənzilli partlayıcı silahların qurbanına çevrilib. Mina və digər sursatların par?laması nəticəsində 219 nəfərin öldüyü və 413 nəfərin yaralandığı bildirilir.

OHCHR, həmçinin Rusiyanın işğal etdiyi Krımda 6 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını, Rusiyada isə 30 nəfərin öldüyünü və 130 nəfərin yaralandığını vurğulayıb.

Ətraf mühitə 1,9 trilyon qrivin zərər dəyib

Rusiya-Ukrayna müharibəsi ili ərzində Ukraynanın ətraf mühitinə demək olar ki, 1,9 trilyon qrivin zərər dəyib. Bunu isə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets deyib. O bildirib ki, tammiqyaslı müharibə ili ərzində 2300-dən çox təbiətə qarşı cinayət sənədləşdirilib: “Hazırda təxminən 500 min hektar ərazi işğal altındadır və ya müharibə zonasındadır. 2,4 milyon hektar meşələr artıq azad edilib və onların bərpasına ehtiyac var”. Eləcə də, 10 milli təbiət parkı, 8 qoruq, 2 biosfer qoruğu Rusiyanın nəzarətinə keçib. 600-ə yaxın fauna və 750 növ flora məhv olmaq təhlükəsi altında qalıb. Qarşıdurma nəticəsində Ukrayna, Bolqarıstan və Türkiyə sahillərində artıq minə yaxın delfin ölümü qeydə alınıb.

Ukraynanın əsas sənaye obyektlərinin yerləşdiyi ərazilər isə döyüş bölgəsində yerləşir. 132 faydalı qazıntı yatağı Rusiyanın nəzarətindədir - sənayenin il ərzində itkiləri 7,76 trilyon qrivenə çatıb.

Azərbaycan humanitar yardımlar göstərib...

Ötən bir il ərzində Ukraynaya beynəlxalq humanitar yardımlar da arası kəsilmədən olunub. Bu məsələdə hər bir dövlət özünəməxsus şəkildə fəallıq nümayiş etdirib. Azərbaycan dövləti də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. 30 ilə yaxın işğaldan əziyyət çəkən ölkəmiz dünyada baş verən siyasi və hərbi kataklizmlərin danışıqlar və sülh yolu ilə tənzimlənməsinə mühüm töhfələr verir. Azərbaycan hər zaman sülhyaratma missiyalarında əhəmiyyətli rol oynayıb. Nəinki regional, hətta qlobal coğrafiyada baş verən qarşıdurmaların danışıqlar yolu ilə həllinə öz dəstəyini nümayiş etdirir. Ukrayna -Rusiya müharibəsinin də sülhlə yekunlaşması üçün Azərbaycan dəfələrlə öz vasitəçilik missiyasını təklif edib.

Eyni zamanda, Azərbaycan Ukraynaya humanitar yardım da göstərib. Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində ötən ilin 27 fevral tarixində göndərilib. Sonrakı mərhələdə isə martın 12-də təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım Ukraynaya yola salınıb. Bu yardımın ümumi məbləği 5,5 milyon avro, çəkisi isə 380 ton olub. Aprelin 21-də göndərilən humanitar yardımın ümumi çəkisi 170 ton təşkil edib. Humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxil olub. Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı göstərdiyi (son humanitar yardım ona daxil deyil) yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edib. Ötən ilin iyulunda da Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı göndərilib. Humanitar yardımın ümumi çəkisi 45 ton 382 kq olub. Ötən ilin dekabrında da humanitar yardımlar yenidən edilib - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəst yola salınıb.

Təbii ki, Ukrayna Azərbaycanın bu addımlarını yüksək qiymətləndirir. Yeri gəlmişkən, bu ilin fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

III Dünya müharibəsi...  

Beləliklə, artıq birinci ili “qeyd edilən” qanlı müharibə hələ də davam edir. Müharibənin nə vaxt sona çatacağı isə məlum deyil - bəzi ekspertlər ötən bir il ərzində tez-tez dəyişən siyasi-hərbi situasiyanın III Dünya müharibəsinə də yol aça biləcəyini istisna etmirlər. Son günlərdə Rusiyanın yenidən nüvə ritorikasına müraciəti isə bu faktı daha da aktuallışdırıb. Beləliklə, Şərqi Avropada bir ildir ki, davam edən hərbi qarşıdurma qlobal müharibənin ilkin qığılcımı xarakterini də daşıya bilər...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 1285 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30