Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Rusiya axtarışa çıxır...

Rusiya axtarışa çıxır...

07.02.2023 [10:49]

Lavrovun Yaxın Şərq və Afrika səfərinin diqqətçəkən ştrixləri

Qarşıdakı dövr, yəni, mart və aprel ayları dünyada yeni siyasi düzənin formalaşma dövrü kimi qiymətləndirilir. Bu fakt bir sıra xarici siyasi mütəxəssis tərəfindən təsdiqlənir. Qərbin yeni nizam planının ikinci mərhələsi kimi martda keçirilməsi nəzərdə tutulan II Demokratiya Sammiti olduqca böyük önəm daşıyır. Qeyd edək ki, bu dəfəki “toplantı” birinci mərhələdə keçirilən sammitin yekunları ilə yanaşı, qarşıda duran vəzifələri də müəyyənləşdirəcək.

Xatırladaq ki, ABŞ 2023-cü ilin 29-30 mart tarixlərində ikinci Demokratiya Sammitinə ev sahibliyi edəcək. Bu barədə hələ 2022-ci ildə Ağ Evin mətbuat katibi Karine Jan-Pier bildirmişdi. O qeyd etmişdi ki, Kosta Rika, Niderland, Koreya Respublikası və Zambiya hökumətləri demokratiya sammitinə ortaq ev sahibliyi edəcəklər. “Sammitə ev sahibliyi etməsi üçün müxtəlif regional tərəfdaşların qoşulması demokratik dəyərlərin həm ortaq qlobal ilham, həm də qlobal məsuliyyət olduğunu vurğulayır. Sammit dünya liderlərini virtual plenar formatda bir araya gətirəcək və hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin iştirakı ilə hər bir ev sahibi ölkədə təkbətək görüşlərlə davam edəcək”, - deyə bəyanatda bildirilirdi.

“Müqavimət” fərdiləşir - Rusiya tək qala bilər...

II Demokratiya Sammiti həm də real olaraq ortadakı bir çox sualları cavablandıracaq. Belə ki, artıq Qərb koalisiyasına qarşı mübarizə aparacaq regional güc faktoru aradan qaldırılır - bu, “müqavimət” daha çox fərdi xarakter daşıyacaq. Başqa sözlə, Qərbə qarşı mübarizədə qarşı tərəfin və ya onların müttəfiqlərinin öz güclərini birləşdirilməsinə imkan verilməyəcək. Yəni, Qərb Rusiya və Çinlə “hesabını” ayrı-ayrılıqda çəkməyi planlaşdırır. Bunun üçün isə hibrid mübarizə üsulundan istifadə olunur:

- Ukrayna müharibəsinin fonunda Rusiyanın əsas dəstəkçisi sayılan Çin prosesdən tam təcrid edilir - bu Tayvan və iqtisadi rıçaqlar vasitəsilə həyata keçirilir;

- Çinin indiki mərhələdə bir sıra qlobal layihələrdə yer almasına şərait yaradılır və ya göz yumulur;

- Çin iqtisadi əməkdaşlıq platformaları müstəvisində nəzarət altında saxlanılır.

Beləliklə, Rusiya ən yaxın və vacib müttəfiqini itirmiş olur. 2023-cü ilin martından sonrakı mərhələdə isə bu “ayrılıq” daha çox nəzərə çarpacaq kimi görünür. Bu mənada, Kreml indidən öz “çarə axtarmaq” niyyətinə düşüb.

İraqda Rusiya kartı - SSRİ “xatirələri” üzərində gəzinti...

Başqa sözlə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İraqa işgüzar səfəri, oradan isə hətta Afrika ölkələrinə səfəri zərurətdən irəli gəlir. Qeyd edək ki, Rusiya XİN-in başçısının Mali, Mavritaniya və Sudana da səfəri planlaşdırılır. İraqda iki günlük səfər çərçivəsində isə Lavrov Prezident Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd əl-Sudani, xarici işlər naziri Fuad Hüseyn və ölkə parlamentinin sədri Məhəmməd əl-Halbusi ilə görüşü palanlaşdırılıb. Eyni zamanda, rusiyalı nazir İraqın keçmiş baş naziri, “Qanun dövləti” koalisiyasının rəhbəri Nuri əl-Maliki ilə də görüşəcək.

Rusiyalı nazirin İraq səfəri düşündürücü və real hədəflərə istiqamətlənmiş kimi görünür. İlk olaraq qeyd edək ki, İraq hələ Sovet İttifaqı ilə yaxın münasibətlərdə olub - hətta soyuq müharibə dövründə kommunist rejiminə daha yaxınlığı ilə seçilib. Bu mənada, cəmiyyət və ictimaiyyətin Rusiyaya qarşı münasibəti birmənalı deyil. Hətta ABŞ-ın İraqda yürütdüyü siyasət müstəvisində cəmiyyətdə son illərdə daha çox ruspərəst meyillər müşahidə olunmaqdadır.

Vurğulayaq ki, Lavrovun görüşdüyü İraq iqtidarı hələ təzə formalaşıb. Belə ki, ötən ilin oktyabrında keçirilən prezident seçkilərində qalib gələn və keçmiş İraq prezidenti Cəlal Tələbaninin ən yaxın adamı kimi xarakterizə olunan Əbdüllətif Məhəmməd Camal Rəşidin də Rusiyaya münasibəti öz “siyasi öndərindən” fərqli deyil. Xatırladaq ki, Tələbani hələ gənclik illərində Moskva ilə yaxın təmasda olub. Sonradan siyasət nərdivanında sürətli irəliləyiş əldə edən Tələbani İraq prezidenti olduğu müddətdə də Rusiya ilə bağlarını qırmamışdı - belə ki, Təlabani hətta iddia edirdi ki, Rusiya İraqın müharibədən sonrakı bərpasında daha fəal rol oynamalıdır. Beləliklə, İraqın yeni hakmiyyəti də Rusiya ilə işbirliyində maraqlı ola bilər.

Eyni zamanda, baş nazir, parlamentin Şiə Koordinasiya Qüvvələrinin namizədi kimi hökuməti formalaşdırlan Məhəmməd Şia əl-Sudani də Rusiyaya qarşı loyal şəxs hesab edilir. Burada da bəzi ortaq “müttəfiqlər” və “maraqlar” rol oynayır.

Lavrov İraqda yeni siyasi addımları müzakirə edir - əsas müzakirə predmetləri təhlükəsizlik, əməkdaşlıq məsələləridir. Rusiyanın əsl məqsədi İraqı özünün müttəfiqinə çevirməkdən daha çox, ABŞ-ın nəzarətindən çıxmasına imkan yaratmaqdır. Əgər Kreml buna nail olarsa, Orta Şərqdə yeni siyasi gündəm yarada bilər.

Rusiya dayaq “hayındadır”, ABŞ xammal “axtarır”...

Rusiyanın Yaxın Orta Şərqə və Afrikaya diqqət yetirməsinin mühüm səbəbləri var. Belə ki, bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Afrika İttifaqını “Böyük İyirmiliy”ə (G20) daimi üzv kimi qoşulmağa çağırmışdı. Bayden Afrika xalqlarını bütün dünyaya fayda verə biləcək tərəqqinin əldə edilməsində vacib tərəfdaş adlandırmışdı. İlk baxışdan sadə görünən, özündə heç bir mücərrəd siyasi oyunları əks etdirməyən bu çağırışın mahiyyəti mühüm əhəmiyyət kəsb edir - II Demokratiya Sammitinin yeni dünya nizamına yol açacağını nəzərə alsaq, Afrikaya yaranan ehtiyac daha cəlbedicidir. ABŞ-ın Afrikaya nüfuz etməsinin səbəbləri Moskva üçün aydındır. Ukrayna ilə Rusiya arasındakı hərbi qarşıdurma dünyada bir həqiqəti ortaya çıxarıb. Dünyanın xammal ehtiyatının mühüm bir hissəsinə malik olan Rusiyasız dünya ölkələrinin işi çətinə düşüb. Çünki bir çox sahələr üzrə (enerji, taxta, filiz yataqları və s.) əsas xammal bazarı məhz Rusiyadır. İrəli sürülən iqtisadi sanksiyalar isə Rusiyadan ixracın dayanmasına səbəb olub. Hazırda çətin duruma düşən dünya iqtisadiyyatı xammal üçün alternativ axtarışına çıxıb. Rusiyanı bu məsələdə əvəz edə biləcək ən əsas region isə Afrikadır. Bu baxımdan Afrikaya yaranan ehtiyac hazırda daha çox nəzərə çarpmaqdadır. Yəni,

- Afrikanın Qərblə ittifaqa girməsi ABŞ-ı və müttəfiqlərini xammal məsələsində rahatlaşdıracaq;

- Dünya iqtisadiyatının əsas “iplərini” əlində saxlayan ABŞ və müttəfiqləri Afrika vasitəsilə Rusiyadan asılılığını sona çatdıracaq - ən azından minimuma endirəcək;

- Xammalın əldə olunması artıq daha rahat şəkildə təmin ediləcək. Çünki Rusiyadan fərqli olaraq Afrika ölkələrinin heç bir siyasi iddiası yoxdur...

Rusiya isə bunu anlayır və bunun qarşısını almaq üçün alternativlər fikirləşir. Bu alternativlərin arasında isə “seçilmiş ünvanlar”ın ABŞ nəzarətinə keçməməsi üçün hərəkətə başlanılıb - Lavrovun səfər “stansiyaları”nın ünvanı çox şeydən xəbər verir. Bu barədə bir az sonra...

Hərbi müttəfiqlik amili - Afrika kimə dəstək verəcək?

ABŞ həm də Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi bazası kimi baxır. Nəzərə alınmalıdır ki, Avropada NATO, Uzaq Şərqdə AUKUS kimi təşkilatlar vasitəsilə hərbi nizamı əlində saxlayan Vaşinqton Yaxın Şərq regionunda o qədər də güclü deyil. Daha doğrusu, stabil hərbi üstünlüyə malik deyil. Bunun təmin edilməsi üçün isə, güclü və dayanıqlı müttəfiqlər vacib şərtdir. Bəli, regionda ABŞ-ın ən yaxın müttəfiqi kimi Türkiyə göstərilə bilər. Amma son baş verənlər ABŞ ilə Türkiyə arasındakı münasibətlərin kövrək xarakter daşıdığını deməyə əsas verir. Ən azından, Türkiyə lideri Ərdoğanın “müttəfiqlərini”, hətta daha açıq kontekstdə ABŞ-ı onun düşmənlərini silahlandırmaqda ittiham etməsi Vaşinqtonu düşünməyə vadar edib.

Ən əsası isə ABŞ artıq bu prosesdə də mühüm bir yol qət edib - hərbi müttəfiqə çevrilə biləcək hakimiyyətlərin bəziləri “ərəb baharı” ilə, başqa sözlə, “Vaşinqtonun xeyri-duası” ilə formalaşdırılıb. Bu isə ABŞ-a həmin dövlətlərin ərazisində rahat şəkildə davranmağa imkan yaradır.

Rusiyalı nazirin Afrika səfərinin məqsədləri arasında isə bunun qarşısını almaq niyyəti durur. Çünki Rusiya NATO-ya qarşı KTMT, Uzaq Şərqdəki AUKUS təhlükəsinə qarşı Çin və digər müttəfiqləri??? kartından istifadə edə bilər - Afrikada qurulacaq hər hansı bir koalisiyanın qarşısında duruş gətirə bilməyəcək. Bu baxımdan, Lavrov Rusiyanın Afrikada hərbi dayaqlarını da möhkəmləndirməsi haqda düşünməli və real addımlar atmalıdır.

Seçilmiş “stansiyalar” - Qərbə nifrət, Rusiyaya rəğbət...

O ki qaldı, seçilən “stansiyalara”, səfər olunacaq ölkələrin təsadüfən seçilmədiyi də ortadadır. Məsələn, Mali uzun illər fransız koloniyası kimi zülmə məruz qalıb. Yəni, bu ölkə fransa əsarətində “bəs deyən qədər” əziyyət görüb. Yalnız 1960-cı ildə müstəqillik əldə edən Malidə 1968-ci ildə baş verən hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Moussa Traore Mali Xalqın Demokratik İttifaqını (UMP) - ölkədə yeganə qanuni partiyanı yaratdı. Bu partiya isə sırf SSRİ Kommunist Partiyasının Afrikadakı “prototipi” sayılırdı. Yəni, Lavrovun düşüncəsi Mali ?lə SSRİ arasındakı illərlə davam etmiş siyasi müttəfiqliyə əsaslanan yeni bir müttəfiqliyin əsasının qoyulmasıdır.

Mavritaniya da uzun illər Avropa əsarəti altında qalmış, sonradan isə İslam ölkəsi kimi yaranan bir dövlətdir. Yəni, SSRİ ilə Mavritaniya arasında da münasibətlər heç də pis olmayıb. Sudana gəldikdə isə, bu Afrika ölkəsi hələ də Qərbin iqtisadi sanksiyalarından əziyyət çəkir.

Bir sözlə, seçilmiş ölkələrdə Qərbə qarşı kifayət qədər nifrət var. Rusiyaya qarşı münasibət isə ən pis halda loyaldır - burada daha çox nostaljiyə söykənən əməkdaşlıq xatirələri nəzərə çarpır. Beləliklə, Rusiya Afrika və Yaxın Şərqdə möhkəmlənə bilərsə, ABŞ və müttəfiqlərinin işi o qədər də asan olmayacaq.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30