Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanın puç olan ümidləri

Ermənistanın puç olan ümidləri

16.09.2022 [10:11]

KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır

Mübariz ABDULLAYEV

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İki ölkə arasındakı dövlət sərhədində hərbi toqquşmaya məhz Ermənistanın hərbi birləşmələrinin törətdiyi təxribatlar səbəb olub.  Azərbaycan Ordusu isə bu təxribatların qarşısını almaq məqsədilə “Qətiyyətli cavab” əməliyyatı həyata keçirib. Hazırda Ermənistanın siyasi rəhbərliyi sərhəddə yaşanan və hər iki tərəfdən itkilərlə müşayiət olunan hərbi toqquşmanın məsuliyyətindən yayınmaq üçün müxtəlif manipulyasiyalara əl atır. Bu günlərdə Ermənistan hökumətindən müxtəlif ölkələrin və ayrı-ayrı beynəlxalq təşkilatların ünvanına açılan telefon zənglərinin sayı-hesabı yoxdur. Ermənistanın rəsmiləri yenə də müti, yazıq görkəm alırlar, göz yaşları tökürlər, yardım, kömək istəyirlər.

Ermənistanın KTMT-yə yalvarışları

Təxribatlara görə birbaşa məsuliyyət daşıyan və daxili auditoriyada həm müxalifətin, həm də əsgər valideynlərinin kəskin qınaqlarına tuş gələn, getdikcə daha da aktuallaşan impiçment ssenarisindən vəlvələyə düşən baş nazir Nikol Paşinyan və onun komandasının yalvarışlarla üz tutduğu təşkilatlardan biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Qurumun əsası 15 may 1992-ci ildə qoyulub. Burada Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belorus təmsil olunurlar.

Baş verənlər fonunda Ermənistanın KTMT-yə güvənməyə yeganə əsası bu ölkənin qurumda təmsilçiliyidir. Postmüharibə dövründə regionda sülh prosesinə əngəllər yaradan Ermənistan qurumda təmsilçiliyindən sui-istifadə edərək ətrafına, necə deyərlər, müttəfiqlər toplamaq və istəyinə onların köməyi ilə çatmaq niyyəti güdür. Əslində isə, işğalçı ölkənin bu niyyəti yada “cəhənnəmə gedən özünə yoldaş axtarır” zərb-məsəlini salır. KTMT hərbi ittifaq olsa da, indiki halda qurumun proseslərə müdaxilə etmək ehtimalı sıfıra bərabərdir və bu, bir sıra amillərlə şərtlənir. Bəli, təşkilatın nizamnaməsində üzv dövlətlərə kollektiv hərbi dəstəyin göstərilməsi ilə bağlı müddəa yer alıb. Ancaq hansı halda? Nizamnamədə buna aydınlıq gətirilir-həmin üzv dövlətə xarici təcavüz qeydə alındıqda. İndiki halda törədilən təxribatlar Ermənistanın son 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin davamıdır. Bu ölkəyə qarşı Azərbaycanın hər hansı bir təcavüz planı olmayıb. Aranı qatan, təxribatlar törədən və yenə də torpaq iddiaları səsləndirən məhz Ermənistandır. Bu halda KTMT hansı əsasla Ermənistanın müdafiəsinə qalxa bilər? Digər tərəfdən, KTMT regional təşkilat olaraq BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydə alınıb. Müşahidəçi təşkilatın isə münaqişə tərəflərindən birinə hansısa bir formada hərbi dəstək verməsi beynəlxalq hüquqa ziddir. Ekspertlər də qurumun Ermənistan rəhbərliyinin köməklə bağlı xahişlərinə dəstək verəcəyi ehtimallarının tamam əsassız olduğunu bildirirlər. Bu xüsusda “Yeni Azərbaycan”a danışan siyasi şərhçi İlqar Vəlizadə vurğulayıb: “Ermənistanın müraciəti əsasında KTMT-nin növbədənkənar iclası çağırılsa da, burada hərbi dəstək barədə ümumiyyətlə müzakirələr aparılmayıb. Məsələ ekspert qrupu tərəfindən araşdırılacaq. Ortada işğal faktı yoxdursa, iki ölkə arasında sərhədlər məhz qarşı tərəfin günahı ucbatından indiyədək müəyyənləşdirilməyibsə,  Ermənistan hansı hərbi dəstəyə ümid bəsləyə bilər? Şübhəsiz ki, KTMT-də baş verən bütün proseslərdən, yaranmış vəziyyətdən xəbərdardırlar”.

KTMT-nin Ermənistanı məyus edəcək yanaşması

KTMT-də sentyabrın 12-də gecə saatlarında iki ölkə arasındakı sərhəddə baş verən hərbi toqquşmaya Ermənistanın istəyi ilə üst-üstə düşməyən fərqli yanaşma sərgilənib. Qurumun növbədənkənar iclasında Ermənistanın bu ölkəyə yardım göstərilməsi ilə bağlı müraciəti cavabsız qalıb, müzakirələr sərhəddə yaranan gərginliyin siyasi-diplomatik yolla həllinin mümkünlüyü istiqamətində aparılıb. Qurum üzvləri tərəfindən qəbul olunan Bəyanatda yer alan müddəalar Azərbaycanın mövqeyinə uyğundur. Respublikamız postmüharibə dövründə üçtərəfli Bəyanata və razılaşmalara sadiqlik nümayiş etdirir. Məlum Bəyanatdan da bu çağırış qırmızı xətt kimi keçir. Sənəddə oxuyuruq: “2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və PUA-ların istifadəsi ilə toqquşmalar olub. Nəticədə ölən və yaralananlar var.

Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı birləşmiş qərargahının rəisi Anatoli Sidorovun açıqlaması da Ermənistanın KTMT ilə bağlı xəyallarının suya düşdüyündən xəbər verir. O bildirib ki, KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. A.Sidorovun sözlərinə görə, təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyir. Münaqişənin həlli üçün hərbi güc tətbiq edilməsindən, xüsusilə də KTMT qüvvələrindən istifadə olunmasından söhbət getmir.

Verilən məlumatlara görə, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi  missiyanın Ermənistana göndərilməsi barədə razılığa gəlib. Şura, həmçinin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini tam dəstəkləyib. A.Sidorov əvvəlcə onun özünün bir qrup vəzifəli şəxslə İrəvana gedəcəyini, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edən KTMT-nin Baş katibi Stanislav Zasın isə Ermənistan-Azərbaycan sərhədinə sentyabrın 16-da səfər edəcəyini vurğulayıb. Qərargah rəisi KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən verildiyini qeyd edib. Bildirildiyi kimi, səfərdən sonra missiya hesabat hazırlayacaq və təşkilatın üzvü olan dövlətlərin başçılarına təqdim edəcək.

Qazaxıstanın mövqeyi: İlkin olaraq sərhədlər müəyyənləşdirilməlidir

Bu arada KTMT-yə üzv dövlətlərin rəsmilərindən də iki ölkə arasındakı dövlət sərhədində yaranmış vəziyyətlə bağlı açıqlamalar gəlməkdədir. Onların ortaya qoyduqları münasibətlərdə də Ermənistanın yardım xahişinin ümumiyyətlə müzakirə mövzusu olmadığı aydın şəkildə görünür. Növbədənkənar iclasda çıxış edən Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini diqqətə çatdırıb.

 “Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir”. Bu fikri isə Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi ifadə edib. O, Qazaxıstanın Ermənistana sülhməramlı göndərməsini istisna edib və belə bir məsələnin gündəlikdə olmadığını bildirib. Qazaxıstanlı nazir vurğulayıb ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır. “Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsini bölüşməyə hazırdır”, - deyə Muxtar Tleuberdi vurğulayıb.

Qardaş Türkiyə Azərbaycanın yanındadır

Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində baş verən hərbi toqquşma qardaş Türkiyədə də diqqətlə izlənilir. Hadisədən dərhal sonra Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına  zəng edib. Toqquşma zamanı hərbi qulluqçuların həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, şəhidlərin ailələrinə və xalqımıza başsağlığı verən Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəyliyini bir daha vurğulayıb.

“Azərbaycanın səbri tükəndi və erməni təxribatlarına qarşı müharibəyə başladı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan növbəti dəfə təxribatlar törətdi. Əgər biz regionda tam sabitlik və sülh istəyiriksə, ölkələr arasındakı problemlər öz həllini tapmalıdır. Biz bu məsələdə mühüm rol oynayırıq, amma biz hər zaman can Azərbaycanın yanındayıq, Azərbaycan heç bir zaman yalnız deyil”. Bu fikri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.

Paylaş:
Baxılıb: 307 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31