Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 1991-ci ilin mart ayındaydıq...

1991-ci ilin mart ayındaydıq...

10.03.2022 [10:36]

31 il əvvəl Heydər Əliyevin dediyi sözlər bu gün yenə də öz təsdiqini tapır

Geriyə yol yoxdur: heç kəs yenidən Sovetlər İttifaqını bərpa edə bilməz

Müstəqillik hər bir xalqın milli sərvətidir. Müasir dövrdə bu anlayış fərqli məzmun daşıyır. Əsas məqam formal müstəqilliyə malik olmaq deyil, müstəqil siyasət həyata keçirmək və suverenliyi təmin etməkdir. Suverenlik isə azadlıq, müstəqillik ideyasının mənimsənilməsində və tarixi yaddaşın bir hissəsinə çevrilməsində, milli maraqların qorunmasında öz əksini tapır.

Faktlar göstərir ki, tariximizin müxtəlif dövrlərində dövlət müstəqilliyi ilə əlaqədar taleyüklü anlar olub. Belə məqamlardan biri də 1991-ci ildə - SSRİ-nin süqutu ərəfəsində baş verən hadisələrdir.

O vaxt Sovetlər İttifaqının saxlanılması ilə əlaqədar referendumun keçirilməsini yaxşı xatırlayırıq. Dünyanın iki nəhəng geosiyasi qütbündən -  güc mərkəzindən biri olan SSRİ artıq iflasa məhkum idi. Amma xalqların azadlıq istəyi 70 il imperiyanın siyasi sərhədləri ilə məhdudlaşdırılsa da, hələ də müstəqillik ideyasını əxz edə, mənimsəyə və reallaşdıra bilməyən siyasətçilər avantürist təşəbbüslərə dəstək verirdilər. Bu baxımdan, reallıqlara adekvat reaksiya göstərə bilməyən, yaxud siyasi iradəyə malik olmayan, təsir altında – kənardan idarə olunan Azərbaycan rəhbərliyi də istisna deyildi. 1991-ci ilin mart ayında SSRİ-nin saxlanılması ilə əlaqədar referendumun keçirilməsi məsələsi də bu reallığı təsdiqləyirdi.

Yaxşı xatırlayırıq, həmin ilin martın 7-də Sovetlər İttifaqının  saxlanılması barədə referendum keçirilməsi haqqında məsələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetində  müzakirə olunarkən Heydər  Əliyev geniş nitq söylədi. SSRİ-də, eləcə də Azərbaycanda  yaranmış ictimai-siyasi  vəziyyəti  təhlil  edərək Sovet imperiyasının süquta doğru getdiyini tutarlı  arqumentlərlə  əsaslandırdı. O, Azərbaycanın  gələcək müstəqilliyi  üçün  lazımi tədbirlərin  görülməsinin vacibliyini vurğuladı. Amma...

Heydər Əliyevin və müstəqillik ideyası ətrafında səfərbər olmuş milli qüvvələrin ciddi etirazlarına baxmayaraq, Azərbaycan parlamenti SSRİ-nin saxlanılması  barədə referendumda  iştirak haqqında qərar qəbul etdi. Bu, ilk baxışdan, sadəcə imperiyanın çöküşünün qarşısını almaq, yaxud başqa bir ittifaqda birləşmək cəhdinə dəstək kimi görünürdü. Amma əslində, milli azadlığı, müstəqilliyi güzəştə getmək, milli iradəni, xalqın siyasi taleyini – dövlətin müqəddəratını konyuktur maraqlara qurban vermək idi.  

O zaman referendumda yalnız Heydər Əliyevin təşəbbüsü ilə  Naxçıvan Muxtar Respublikası iştirak etmədi. "Naxçıvan parlamenti özünün sessiyalarında Azərbaycanın müstəqilliyi barəsində dəfələrlə məsələ qaldırıb. Naxçıvan 17 martda - yeni ittifaq yaranması haqqında referendumda iştirak etməyib və yeni ittifaqın yaranmasının əleyhinədir, Azərbaycan Respublikasının yeni bir ittifaqa girməsinin tamamilə əleyhinədir" ,- deyə Ümummilli Lider  qeyd etmişdi. Həmin vaxt Ali Sovetin sessiyasında respublikanın keçmiş rəhbərliyinin göstərişi ilə Heydər Əliyevin əleyhinə çıxışlar oldu. Hətta Ulu Öndərin bu çıxışına görə qərar qəbul olundu ki, komissiya yaradılsın və Onun Azərbaycanda rəhbər olduğu zaman bütün fəaliyyəti yoxlanılsın. Ancaq müdrik dövlət xadimi, dahi şəxsiyyət dövlətçilik maraqlarını əsas götürərək, xalqdan güc alaraq öz sözünü qətiyyətlə və birmənalı şəkildə demişdi: “Sovetlər İttifaqı dağılır və dağılmalıdır. Azərbaycan heç bir yeni İttifaqa girməməlidir və Azərbaycan Sovetlər İttifaqının saxlanması ilə əlaqədar olan referendumda iştirak etməməlidir”.

Bu, milli iradənin ifadəsi olmaqla yanaşı, “Milli azadlıqdan şirin nemət yoxdur” ,- deyən Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında qətiyyətli Lider kimi tarixi-siyasi məsuliyyətinin göstəricisi idi. Təsadüfi deyil ki,  bundan öncə Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız yenidən qaldırılmış, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılmış, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilmişdi.  Heydər Əliyev 1991-ci il iyunun 19-da Kommunist Partiyasının sıralarından çıxmaqla bağlı SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubda bir çox məqamlara toxunmuş, həmin qanlı hadisələri də xatırlatmışdı.

Ümummilli Lider 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi – sabitlik və inkişaf mərhələsi kimi yadda qalan dönəmdə də müstəqilliyin möhkəmləndirilməsinə böyük önəm verirdi. Ayrı-ayrı nümunələr bu gerçəkliyi təsdiqləyir. Məsələn, Heydər Əliyev 1991-ci il dekabrın 8-də Rusiyanın, Ukraynanın və Belorusiyanın imzaladıqları “Belovejsk sazişi”ni ləğv etmiş Rusiya Federasiyası Dövlət Dumasının 1996-cı il 15 mart tarixli qərarı ilə əlaqədar bəyanatında qeyd edirdi ki, biz öz dövlət müstəqilliyimizdən əl çəkə bilmərik, yəni onu əlimizdən verə bilmərik: “Mən dəfələrlə demişəm, bu gün də bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir. Biz də onu əbədi etmək üçün çalışacağıq və hamı çalışmalıdır”.  

Ulu Öndər bəhs olunan bəyanatında 5 il öncə - 1991-ci ilin mart ayında baş verənləri yenidən xatırladaraq çox vacib məqamları diqqətə çatdırmışdı: “Bu gün yenə biz mart ayındayıq. Beş il sonra mənim dediyim o sözlər hamısı təsdiq olundu, Azərbaycan da müstəqil oldu. Bu gün kimsə yenidən o İttifaqı yaratmaq istəyirsə, bu, çox düşünülməmiş bir şeydir. Çünki əgər İttifaqı o zaman saxlamaq mümkün olmadısa və o dağıldısa, İttifaqda olan respublikalar bu beş il müddətində müstəqil dövlətlər olublarsa, dünya birliyinə daxil olublarsa, indi kim bu dövlət müstəqilliyindən əl çəkib yenidən bir İttifaqa girə bilər?”. Heydər Əliyevin uzaqgörənliyi, məsələyə milli maraqların, müstəqilliyin qorunması prizmasından yanaşması təkcə Azərbaycan xalqı deyil, postsovet ölkələri, onların tərəfdaşları üçün də önəmli, dəyərli və aktual idi... Və bu gün də aktualdır...  

Heydər Əliyevin 31 il əvvəl – 1991-ci ilin mart ayında dediyi sözlər bir daha öz təsdiqini tapır: “Geriyə yol yoxdur. Heç kəs yenidən Sovetlər İttifaqını bərpa edə bilməz”. Bəli, tarix dünənin siyasəti, siyasət isə bu günün tarixi olsa da, zamanı geri qaytarmaq mümkün deyil. Dövlətçilik və müstəqillik yolu daim irəliyə baxmağı tələb edir. Belə olmasaydı, bir zamanlar SSRİ-nin saxlanılması barədə referenduma qoşulan Azərbaycan... Bu gün tarixinin ən qüdrətli dövrünü yaşamaz, yaşaya bilməzdi - təbii ki, Heydər Əliyev olmasaydı, əsl müstəqilliyin qazanılmasına, möhkəmləndirilməsinə müvəffəq olunmasaydı! Nəhayət, İlham Əliyev Azərbaycana rəhbərlik etməsəydi, Azərbaycan da öz milli gücünü – qüdrətini artırmaq əvəzinə, hansısa geosiyasi xülyaların, ambisiyaların  qurbanına çevrilə bilərdi...

Azərbaycanın Lideri yarım əsr irəliyə baxdığını qeyd edir. Şübhəsiz ki, İlham Əliyevin 50 il sonranı görən bu strateji baxışı nəticəsində qazanılan Qələbə Azərbaycanın 100 illik regional geostrateji arxitekturanı dəyişməsini, 200 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib. İndi Azərbaycan Zəfər marşındadır – irəliyə doğru addımlayır və Ümummilli Liderin qeyd etdiyi kimi, GERİYƏ YOL YOXDUR!

Nurlan QƏLƏNDƏRLİ  

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30