Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli oyanış və tərəqqi fədaisi...

Milli oyanış və tərəqqi fədaisi...

28.11.2023 [11:21]

Həsən bəy Zərdabinin anım günüdür

Yeganə BAYRAMOVA

Azərbaycan xalqının maariflənməsi yolunda böyük mübarizələrdən, təhdidlərdən, keçmişdi. Amma bir an olsun öz əqidəsindən dönmədi. Amalı uğrunda bütün əzablara dözdü. Millətin, xalqın maariflənməsi, savad, mənsəb sahibi olması üçün bütün varlığı ilə çalışdı. Zülmətdə işığa, cəhalətdə nura çevrildi. Görkəmli mütəfəkkir, maarifçi alim və publisist Həsən bəy Zərdabi xalqın elmi, mədəni yüksəlişi yolunda böyük fədakarlıq göstərmişdi. O, tarixin daş yaddaşına çevrilmiş görkəmli şəxsiyyətdir.

Rus istilasının ən aqressiv, amansız vaxtlarında millətin ayılması, maarifləndirilməsi vacib proses idi. Bu yolda bir addım belə atanların qarşısına sədlər çəkilir, millət, torpaq sevdalı övladların haqq sözü deməsi, doğru yol göstərməsi müxtəlif bəhanələrlə yasaqlanırdı. 1920-ci illərə qədər Tiflis şəhəri bir mədəniyyət mərkəzi kimi Qafqaz xalqlarını öz qoynuna almışdı. Həmin dövrlərdə Azərbaycanın görkəmli sənətçiləri, hərbçiləri və yazıçıları bu şəhərdə fəaliyyət göstərirdilər. Müxtəlif zaman kəsiyində torpağımızın işıqlı sabahının carçıları olan övladları harada yaşamalarından asılı olmayaraq, övladlıq borclarını öz əməlləri və yaradıcılıqları ilə ödəməyə çalışırdılar...

Həmin dövrün özünəməxsus çətinlikləri olsa da, Azərbaycan-türk ruhunu qanlarında daşıyan millət fədailəri böyük inamla xalqın mənsub olduğu, millətin mənəvi yükünün daşıyıcıları, vahid amal uğrunda bir-birinə dəstək olmağa çalışır, böyük islahatlara can atırdılar. Millətimizin mətbuat bayrağını ilkin qaldıran H.B.Zərdabi mətbuatımızın qaranquşu - müjdə gətirəni “Əkinçi”ni yaratmışdı. Maddi və mənəvi çətinliklərlə üzləşən bu qəzet Azərbaycan mədəniyyətində misilsiz rol oynamaqla maarifçilik işində önəm kəsb etdi. Min bir zəhmət sayəsində “Əkinçi”nin yaşamasına, yayılmasına çalışan H.B.Zərdabi - xalqımızın hünərli övladı kimi əsl fədakarlıq göstərdi.

Böyük vətəndaş, qanı millət sevgisiylə axan, bütün varlığını nümayəndəsi olduğu xalqın maariflənməsinə, elmi tərəqqisinə, mədəniyyətinin yüksəlməsinə həsr edən H.B.Zərdabi “Əkinçi”ni yaşatmaq, bu ilk mətbu orqanla millətin dərd-sərini, arzu və istəklərini ifadə etməyə çalışırdı. Lakin maddi dayaq, ehtiyat olmadığından bu böyük şəxsiyyət qəzeti çap etdirmək üçün İrəvana, Naxçıvana səyahətə çıxır. Uzun bir coğrafi məsafə və bu yerlərdə, məkanlarda qəzetə ianə-abunə toplamaq istəyir. Amma alınmır...

Yüksək mənəviyyat sahibi olan, xalqının övladlarına işıqlı yol göstərməyə çalışan bu fədakar insan istədiklərinə qismən də olsa nail olur. Canından çox sevdiyi millətinin yolunda öz ömrünü şam kimi əridir. Çəkdiyi əzabların əvəzində bir təsəlli olur: mən nəsə elədim. Böyük ədibimiz istər Dumada olduğu vaxt, istərsə də olmadığı zamanlarda xalqının elçisi-vəkili-deputatı kimi mühüm vəzifə daşımışdır. Həmin zamanlarda bir erməni iş adamı, Dumada Bakıya su çəkilişi məsələsini həll etməyə çalışır. Onun məqsədi pul qazanmaq və Bakı ətrafından içməyə belə yararlı olmayan su çəkməklə əhalinin sağlamlığına zərər vurmaq idi. Erməninin bu təklifinin əleyhinə çıxan H.B.Zərdabi böyük ürəkli Hacı Zeynalabdini içməli suyun dağlardan çəkilməsinə ruhlandırır.

H.B.Zərdabi bir ziyalı, alim kimi deyil, öz imkanı sayəsində də əsl xeyriyyəçi idi. Bu böyük, əvəzolunmaz şəxsiyyətin əməlindən bir epizodu da həyat yoldaşı Hənifə xanımın dilindən eşidək: “H.B.Zərdabi Qubadan bizə pənah gətirən bir cavan oğlana evimizdə otaq ayırdı və onun hüquq sahəsində təhsil almasına şərait yaratdı. Bu minvalla o, 15 il bizdə qalaraq hüquq üzrə mütəxəssis oldu...”.

Ümumilikdə H.B.Zərdabinin ömür yoluna baxsaq, onun həyat və fəaliyyəti çoxşaxəli olub. Bir qəzetçi kimi tanıdığımız H.B.Zərdabi həm də torpaqşünas alim idi. O, torpağın “dilini” anasının dili kimi bilirdi.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdu.

Zərdabi ölümündən öncə yazdığı vəsiyyətnaməsində qeyd edirdi ki, ona ehsan vermək və dəfn etmək üçün xərc çəkilməsin. Lakin 1907-ci il noyabr ayının 28-də vəfat edən Zərdabinin dəfn mərasimi Bakıda görünməmiş dərəcədə izdihamlı təşkil edilir. Onu köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn edirlər. Bir müddət sonra Bibiheybət məzarlığı yol çəkmək üçün dağıdılır və burada dəfn olunanların məzarlarının başqa yerə köçürülüldüyünü bildirilir. Həmin dövrdə Zərdabinin Bakıda kiçik qızı Qəribsoltandan başqa kimsəsi yox idi. Başına gələn faciələrdən böyük sarsıntılar yaşayan Qəribsoltan atasının sümükləri yığılmış yeşiyi götürərək müvafiq yerlərə müraciət edir. Lakin heç kim ona kömək etmir. Təkbaşına qalan qız, atasının qalıqları olan yeşiyi yaşadığı evə gətirir və yeşiyi evdə saxlayır. Bir müddət sonra həmin yeşiyi anası Hənifə xanımın məzarının ayaq hissəsində basdırır. Yalnız 1957-ci ildə professor Abbas Zamanov bir qrup tələbəsi ilə böyük çətinliklə olsa da Zərdabinin məzarını axtarmağa başlayır. Uzun müddət axtarışlar bir nəticə vermir. Nəhayət, Zərdabinin qalıqları Fəxri xiyabanda dəfn olunur...

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31