Heydər Əliyev
yeni azerbaycan logo

Bizi dinləyin!

23.11.2023 [10:55]

AŞPA prezidentinə növbəti müraciət...

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır.  2020-ci il 10 noyabr Bəyanatından ötən 3 ildə Ermənistan mina terrorunu bir gün də olsun dayandırmayıb. Ermənistan hakimiyyəti əvvəlcə “mina xəritələri”nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi “mina xəritələri”ni təqdim etdi. Ancaq məlum oldu ki, onlar yalançı, “saxta xəritələr”dir və reallığı əks etdirmir.

Ötən gün ölkəmizdə minadan əziyyət çəkən və bu sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları (QHT) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa və AŞPA deputatlarına açıq məktub göndəriblər.

Hörmətsizlikdir!

Məktubda qeyd olunub ki, bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsi hörmətsizlikdir: “Bütün bunları Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik.

AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsini qəti şəkildə pisləyirik. Azərbaycanın hazırda ən böyük problemi olan mina məsələsinə bu cür münasibət bəsləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir”.

Azərbaycan qədər mina ilə çirklənmiş ikinci ölkə yoxdur

Bildirilib ki, AŞPA nümayəndələrinin bu davranışı Ermənistanın mina terroruna birbaşa dəstək olmaqla, iyrənc hərəkətdir: “Yaxın müddətə qədər işğaldan azad edilən ərazilərdə 1 milyondan artıq mina və partlamamış hərbi sursat olması ehtimal edilirdi. 2020-ci ildə 44 günlük müharibədən sonra da Ermənistan Laçın yolu ilə minalar daşıyaraq Azərbaycan ərazilərində basdırmaqda davam etdi. Unutmamışıq ki, Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermənistanın qanunsuz hərbi birləşmələrinin və yüklərinin Azərbaycan ərazilərinə maneəsiz keçidini, başqa dövlətin torpaqlarında terrorçuluq fəalliyyətini davam etdirməsini müdafiə etdi. 2023-cü ilin 19-20 sentyabrında uğurlu antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxdı. Bu, o deməkdir ki, son 3 ildə Azərbaycan ərazilərinin minalanması 1 gün də olsun dayanmayıb, əksinə, daha da artıb. Mina ilə əlaqədar beynəlxalq hesabat sənədlərində Ermənistanın mina istehsal edən ölkələr siyahısına daxil etməsi bunun növbəti sübutudur. Dünyada Azərbaycan qədər mina ilə çirklənmiş ikinci ölkə tapmaq çətindir. Laçın yolu vasitəsilə Ermənistanın Azərbaycana mina daşımasını qızğın müdafiə edənlərdən biri elə indi Azərbaycana göndərdiyiniz Liz Kristoffersen idi”.

İkili standartlardan təəccüblənmirik...

Məktubda, həmçinin qeyd olunub ki, mina qurbanları Avropa Şurasının bu utancverici münasibətindən, Azərbaycana qarşı ikili standartlarından təəccüblənmir: “Ötən dövrdə Avropa Şurası Parlament Assambleyası bir dəfə də olsun üzv dövlət kimi Ermənistana Azərbaycan torpaqlarından hərbi birləşmələrini geri çəkməyə, mina xəritələrini təhvil verməyə çağırış etmədi. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün ötən illər ərzində Avropa Şurası Parlament Assambleyasında kök salan islamafobiyanın, ksenofobiyanın, azərbaycanafobiyanın, lobbi və korrupsiya şəbəkəsinin qurbanı oldu. Onların insan hüquq və azadlıqları Fransada mənzillənmiş beynəlxalq təşkilatda heçə sayıldı”.

AŞPA həqiqətən insan hüquqları təsisatıdırsa...

Məktubda qeyd olunub ki, müraciətdən sonra da AŞPA prezidenti bu olanlara susacaqsa, daha insan hüquq və azadlıqlarından danışmağa mənəvi haqqı olmamalıdır: “Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün. Biz də insanıq, bizim də hüquqlarımız və arzularımız var. Əgər Avropa Şurası, AŞPA həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, bizə kömək etmək onun əsas öhdəliyi olmalıdır”.

Növbəti etiraz...

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması (QAİ) Liz Kristoffersenin ölkəmizə səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb onların dərdlərini dinləməkdən imtina etməsi ilə bağlı bəyanat yayıb.

İcmanın bəyanatında deyilir: “Liz Kristoffersen Azərbaycana səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb, onların dərdlərini dinləməkdən imtina edib. Xatırladaq ki, göndərdiyimiz müraciətlərə baxmayaraq, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri də bizim problemlərlə məşğul olmaqdan boyun qaçırırlar”.

Etnik və dini ayrı-seçkilik...

Bəyanatda bildirilib ki, Ermənistandan azərbaycanlıların qovulması və Ermənistan hökumətinin onların geri qayıtmasına əngəl törətməsi Avropa Şurasının insan hüquqları konvensiyaları ilə tanınmış hüquqların kobud şəkildə pozuntusudur: “AŞPA-nın Monitorinq Komitəsinin bu məsələyə məhəl qoymaması öz mandatına hörmətsizlikdir və bu qurum tərəfindən etnik və dini əsasda ayrı-seçkilikdir. AŞPA-nın monitorinq proseduru insan haqlarını irəlilədən mexanizm olmaqdan çıxaraq, bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilib.

Bəyanatda, həmçinin qeyd olunub: “QAİ ayrı-seçkili davranışını pisləyir, onlardan öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ ilə məşğul olmağı tələb edir”.

Y.SAHİB

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31