Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi
13.05.2023 [11:28]
Azərbaycanda milli özünüdərk və etnomədəni özünüifadənin bütün formalarının geniş vüsət almasına, ictimai şüurun yüksəlməsinə təkan vermiş sürətli inkişaf strategiyasının seçilməsi və böyük uğurla həyata keçirilməsi Heydər Əliyevin əsasını qoyduğu idarəetmə fəlsəfəsinin aparıcı ideya-siyasi qayəsini təşkil edir. Qısa vaxtda cəmiyyət həyatının bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi, bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən bu gerçəkliklər, əslində, daha böyük niyyətlərin həyata keçirilməsinə də meydan açmışdır. Bütün bunlar milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət etmişdir.
Bu gün tam qətiyyətlə deyə bilərik ki, Ulu Öndərin 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək, inqilab baş vermişdir. Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda hər sahədə inqilab etmək, tikinti-abadlıq, quruculuq işlərini həyata keçirmək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi. Bir sözlə, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş başlandı.
Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.
Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra da daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər, həm də gələcək nəsillərə bir nümunədir.
Ulu Öndər həmişə, hər zaman, ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqının səsinə səs vemişdir. 1990-cı ilin “20 Yanvar” faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq o zamankı SSRİ rəhbərliyinin mənfur antiazərbaycan siyasətini ciddi tənqid etməsi, bu hadisələrdə bilavasitə Mixail Qorbaçovu günahlandırması onu göstərir ki, ümummilli lider öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan bir şəxsiyyət, böyük azərbaycanlı olmuşdur.
Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, “20 Yanvar” faciəsinə siyasi qiymət verildi, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.
Heydər Əliyev bu cəsarəti, yenilməz vətəndaşlıq mövqeyi ilə özünü hər bir azərbaycanlının, ədalətə dəstək verən hər bir insanın gözündə tarixiləşdirmişdir. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Həqiqətən də, Azərbaycanın müstəqilliyi qarşısında tarixi məsuliyyəti dərk edərkən ən yeni tariximizdə əslində dövlətçiliyin olduqca təhlükəli dövrü kimi qiymətləndirilən 1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında tüğyan etmiş siyasi, iqtisadi, hərbi anarxiyanı unutmaq olmur. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.
Bizə yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümdən çəkinməyərək nail oldu.
Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.
Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ümummilli Liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir.
Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla, Azərbaycanda hüquqi dövlətin möhkəm təməli qoyulmuş və hüquq islahatlarının aparılmasına başlanılmışdır.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.
Gərgin fəaliyyəti nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlki illərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.
Məhkəmə ekspertizası da bu prosesdən kənarda qalmadı, həyata keçirilən tədbirlər çərçivəsində hüquq sisteminin vacib istiqamətlərindən olan dövlət məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edən “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun qəbul olundu. Bu qanunların qəbulu ilə hüquqi sferada olan idarəetmədə yeni islahatların keçirilməsi üçün zəmin formalaşdırıldı, onların fəaliyyəti zamanla yenidən təşkil edildi.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.
Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
Penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artmış və o hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyev hər zaman tarixi irsin qorunmasına, tarixi ənənələrin yaşadılmasına diqqətlə yanaşmışdır. Təqvimdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da bununla bağlıdır. Məlum olduğu kimi, 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Həm bu tarixi irsin qorunması, həm də ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr tarixi respublikamızda ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Ulu Öndər Heydər Əliyev Azərbaycanın ədliyyə tarixinə özünün daha bir şərəfli imzasını atmışdır. Qürur hissi ilə qeyd etmək istərdim ki, Ulu Öndərin bu yüksək diqqəti ədliyyə işçiləri tərəfindən dərin iftixar və minnətdarlıqla qarşılanır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən, öz əməlləri ilə tariximizin ən möhtəşəm uğurlarına imza atan Prezident İlham Əliyev respublikamızda hüquq sisteminin modernləşdirilməsinə böyük diqqətlə yanaşır. Təbii ki, hüquqi dövlətin uğurlu inkişafı həm də təkmil ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Bu baxımdan fəxrlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev tərəfindən ötən dövrdə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan qərarlar təsdiqlənmişdir. Hələ 2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə yeni vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq möhtərəm Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş, həmçinin ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Dövlət başçısının 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmişdir.
Ümumiyyətlə ədliyyə sahəsində modernləşmə tədbirləri bütün sahələri əhatə etmişdir. Məsələn, islahatlar çərçivəsində məhkəmələrin infrastrukturunun yeniləşdirilməsinə böyük diqqət yetirilmiş, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmasına başlanılmışdır. O cümlədən yeni nəsil hakim korpusu formalaşdırılmışdır. Bütün bunlar ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərmiş, şəffaflığın təmin edilməsində böyük rol oynamışdır.
Bəli, bu gün ədliyyə strukturları qanun yaradıcılığı prosesində fəal iştirak edir, hüquqi aktların layihələrini beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməklə hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqi və normativ xarakterli aktların hüquqi ekspertizasını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir, notariat fəaliyyətini və penitensiar müəssisələrin fəaliyyətini təşkil edir, məhkəmə qərarlarının icrasını təmin edir. Eləcə də bələdiyyələrin işinin təşkilinə kömək, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, hakimlərin, ədliyyə işçilərinin, müxtəlif sahələrdə çalışan mütəxəssislərin hüquq peşəsi üzrə ixtisasının artırılmasının həyata keçirilməsi ədliyyə orqanlarının gördüyü işlər sırasındadır.
Göründüyü kimi, geniş islahatlar aparılmaqla böyük inkişaf yolu keçən ədliyyə orqanlarının fəaliyyət istiqamətləri olduqca genişdir. Ən əsası fəaliyyətinin əsasları Ulu Öndər tərəfindən yaradılmış və Prezident
İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş Ədliyyə Nazirliyi dövlət orqanları sistemində nüfuzlu quruma çevrilib. Təbii ki, bundan çıxış edərək ədliyyə orqanları hər zaman hüquqi dövlətçilik amallarına sadiqlik nümayiş etdirəcəklər.
Qeyd etmək yerinə düşər ki, ədliyyə sisteminə daxil olan məhkəmə ekspertizası da bu prosesdən kənarda qalmamışdır. Məhkəmə ekspertizası fəaliyyəti ədalət mühakiməsinin sivil qaydalarla həyata keçirilməsində, dövlətin və vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasında və müdafiə edilməsində əsas prosessual vasitələrdən biridir. Həyata keçirilən tədbirlər çərçivəsində hüquq sisteminin vacib istiqamətlərindən olan dövlət məhkəmə ekspertizası fəaliyyəti daha da təkmilləşdirilmişdir. Bu sahədəki islahatlar çərçivəsində əvvəldə qeyd edildiyi kimi 1999-cu ildə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun qəbul olunmuşdur.
Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı bünövrə üzərində Azərbaycan sürətlə inkişaf edir. Ötən 20 ilə yaxın bir dövrdə Prezident İlham
Əliyevin bütün sahələrdə davamlı şəkildə həyata keçirdiyi islahatlar cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquqi sferada dövlət orqanlarının fəaliyyətində dinamizmi təmin etmişdir. Bu istiqamətdə aparılan islahatlar çərçivəsində dövlət başçısının imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərman Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsində yeni mərhələ olmuşdur. Fərmana əsasən Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, yeni, mühüm struktur qurumlar yaradılmışdır. Fərmanla Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun da fəaliyyəti təkmilləşdirilmiş, 2006-cı ildən bu qurum Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmışdır.
Hazırda Məhkəmə Ekspertizası Mərkəzi il ərzində çoxlu sayda məhkəmə ekspertizası aparır, ekspert tədqiqatlarının yeni metodikasını hazırlayır və təkmilləşdirir, məhkəmə və hüquq-mühafizə orqanlarına elmi-metodik kömək göstərir, elmi tədqiqat və ekspert profilaktikasını həyata keçirir. Davamlı şəkildə həyata keçirilən hüquqi islahatlara adekvat olaraq Mərkəzdə elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə edilməsinə diqqət artırılaraq tədqiqat üsulları və metodları təkmilləşdirilmiş, məhkəmə-kompüter-texniki, əqli mülkiyyət obyektlərinin, məhkəmə-kontrafakt və digər yeni növ ekspertizaların aparılmasına başlanılmışdır. Bu gün Mərkəzdə 22 növ və 44 ixtisas üzrə məhkəmə ekspertizası aparılır.
Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə hüquq elminin rolunun artması, həm də demokratik dövlət quruculuğu ilə bağlı olan bir sıra spesifik səbəblərlə şərtləndirilir. Hüquq elmləri içərisində isə kriminalistika və məhkəmə ekspertizası praktika ilə ən çox bağlı olan, elmin və texnikanın müxtəlif sahələrini özündə inteqrasiya edən, onların nailiyyətlərinə daha dinamik cavab verən elm sahəsidir. Azərbaycanda hüquq elminin bu sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış yeganə müəssisə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzidir.
Bu baxımdan Mərkəzdə aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti kriminalistika və məhkəmə ekspertizasının konkret praktik sahələrini əhatə edir. Onların arasında məhkəmə-xətşünaslıq ekspertizasının, məhkəmə-fonoskopik ekspertizasının, məhkəmə-ballistik ekspertizasının, kompüter-texniki ekspertizasının, məhkəmə-mühasibat ekspertizasının nəzəri və praktik problemlərini əhatə edən elmi-tədqiqat işləri bütövlükdə hüquq elminin inkişafına xidmət edən məsələlərdir. Aparılan bu elmi-tədqiqat işləri məhkəmə-istintaq və ekspert praktikasının bugünkü tələbləri və cəmiyyətdə ictimai münasibətlərin hüquqi tənzimlənməsi zərurəti ilə müəyyənləşir.
Şahidiyik ki, son illər Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində yeni islahatlar geniş vüsət almışdır. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə islahatlar hüquqi sferanı geniş əhatə etmişdir. Fərmanda qeyd olunduğu kimi ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Ötən dövr ərzində fərmandan irəli gələrək respublikamızda ədalət mühakiməsinin müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi və təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticə etibarilə bütün bunlar Azərbaycanın daha da inkişafına, modernləşməsinə və vətəndaş məmnunluğuna xidmət edir.
Deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximiz yeni uğurlarla zənginləşir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tariximizin şərəfli səhifələri olmaqla bərabər, həm də Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan edir. Bütün bunlar həm də ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır, ulu öndərin arzuları çin olur.
Natiq PƏNAHOV
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sənədlərin texniki ekspertizası şöbəsinin rəisi
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

