Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycana qarşı aparılan kampaniyalar fiaskoya məhkumdur

Azərbaycana qarşı aparılan kampaniyalar fiaskoya məhkumdur

12.06.2026 [12:21]

Parisin Qafqaz narahatlığı...

Makron Azərbaycana necə məğlub oldu?

Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurlar beynəlxalq aləmdə ölkənin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirib. Regionda sülhü bərqərar edən, münaqişəyə son qoyan, separatizmin kökünü qazıyan, regional kommunikasiyaların, nəqliyyat dəhlizlərinin rentabelliyinin artmasına səy göstərən, işğaldan azad edilmiş torpaqlarda qısa zamanda yenidənqurma və abadlıq işləri görən, bununla da dünyaya yeni dövrün şəhərsalma standartlarını təqdim edən Azərbaycan birmənalı şəkildə bölgənin lideri statusunu qazanıb. Bu gün Bakı yalnız öz milli maraqlarını təmin edən siyasət yürütmür, eyni zamanda regionun gələcəyini müəyyənləşdirən əsas aktorlardan biri kimi çıxış edir. Bakıda keçirilən beynəlxalq forumlar, qlobal əhəmiyyətli tədbirlər və yüksək səviyyəli görüşlər isə dünya ictimaiyyətinə bu reallıqları yerində müşahidə etmək imkanı yaradır. Azərbaycanın təşəbbüsləri təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizlik, enerji əməkdaşlığı və çoxtərəfli diplomatiya baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən ölkənin artan nüfuzu və müstəqil siyasəti bəzi dairələrdə ciddi narahatlıq yaradır. Xüsusilə uzun illər bölgədə təsir imkanlarını qorumağa çalışan müəyyən dövlətlər Azərbaycanın güclənməsini və yeni siyasi reallıqlar formalaşdırmasını öz maraqları baxımından arzuolunmaz hesab edirlər. Son dövrlərdə müşahidə olunan anti-Azərbaycan kampaniyalarının kökündə də məhz bu amillərin dayandığı açıq görünür.

Bakı qlobal neokolonializmə qarşı effektiv mübarizə aparır

Azərbaycan son illərdə yalnız regional siyasətin deyil, həm də beynəlxalq münasibətlər sisteminin mühüm mövzularından biri olan neokolonializmə qarşı mübarizənin fəal iştirakçısına çevrilib. Azərbaycan beynəlxalq hüququn aliliyinin təmin olunmasını, dövlətlərin suverenliyinə hörmət edilməsini və ikili standartların aradan qaldırılmasını xarici siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edir. Son illərdə Bakı tərəfindən təşkil olunan beynəlxalq konfranslar, müzakirə platformaları və müxtəlif təşəbbüslər neokolonializm mövzusunun qlobal gündəmdə daha geniş yer almasına şərait yaradıb.

Maraqlıdır ki, neokolonializm dedikdə əsas diqqət Fransaya yönəlir - çünki Paris əsrlərdir ki, özünü insan hüquqları və demokratiya dəyərlərinin müdafiəçisi kimi təqdim etməyə çalışsa da, onun dənizaşırı ərazilərində baş verən proseslər, yerli xalqların hüquqları ilə bağlı reallıqlar və müstəmləkə keçmişi beynəlxalq müzakirələrin predmetinə çevrilməkdədir. Azərbaycanın bu məsələləri beynəlxalq platformalarda qaldırması Fransanın ciddi narahatlığına səbəb olur.

Məhz bu səbəbdən son illər Fransa siyasi dairələri və ona yaxın media strukturları tərəfindən Azərbaycana qarşı sistemli kampaniyaların intensivləşdiyi müşahidə edilir. Müxtəlif bəhanələrlə Bakının beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlmiş informasiya hücumları, siyasi təzyiq cəhdləri və qərəzli bəyanatlar bu siyasətin tərkib hissəsi kimi görünür. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və artan diplomatik imkanları bu cür kampaniyaların effektivliyini əhəmiyyətli dərəcədə azaldır.

Makron diqqəti daxili problemlərdən yayındırmağa çalışır

Azərbaycana qarşı aparılan informasiya kampaniyalarının intensivləşdiyi dövr Fransanın daxili və xarici siyasətdə ciddi çətinliklərlə üzləşdiyi mərhələyə təsadüf edir. Prezident Emmanuel Makron son illərdə həm ölkə daxilində, həm də beynəlxalq arenada əvvəlki siyasi təsir imkanlarını qorumaqda çətinlik çəkir. Fransa cəmiyyəti iqtisadi problemlər, sosial narazılıqlar və siyasi qütbləşmə fonunda ciddi sınaqlarla qarşı-qarşıya qalıb. “Sarı jiletlilər” hərəkatından başlayaraq pensiya islahatlarına qarşı kütləvi etirazlara qədər müxtəlif hadisələr Makron administrasiyasının ictimai dəstəyinə mənfi təsir göstərib.

Bununla yanaşı, miqrasiya problemləri, təhlükəsizlik məsələləri və sosial bərabərsizliklə bağlı müzakirələr də Fransa hökumətinin üzərindəki təzyiqi artırır. Rəy sorğuları göstərir ki, hakimiyyət institutlarına inam əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Belə şəraitdə xarici siyasət mövzularının daxili gündəmdə ön plana çıxarılması siyasi texnologiya baxımından yeni hal deyil. Tarix göstərir ki, bir çox hökumətlər daxildə yaranan narazılıqları azaltmaq üçün diqqəti xarici məsələlərə yönəltməyə çalışıblar.

Azərbaycanın hədəf seçilməsi də təsadüfi deyil. Çünki son illərdə Bakı Fransanın uzun müddət toxunulmaz hesab etdiyi mövzulara diqqət çəkə bilib. Neokolonializm, dənizaşırı ərazilərdə yaşayan xalqların hüquqları, müstəmləkə irsinin nəticələri və milli azlıqların problemləri ilə bağlı məsələlərin beynəlxalq müzakirəyə çıxarılması Paris üçün narahatlıq yaradan amillər sırasındadır. Azərbaycanın bu istiqamətdə artan fəallığı Fransanın formalaşdırmağa çalışdığı beynəlxalq imicə müəyyən suallar yaradır.

Neokolonializm Fransanın dövlət siyasəti kimi...

Məsələni iki real misal üzərindən təhlil edək - Fransa on illərdir Fransız Polineziyasına qarşı laqeyd, hegemon və beynəlxalq hüquq normalarına saymazlıq nümayiş etdirir. Yelisey sarayı Avropada və dünyada ədalət və bərabərlikdən dəm vurduğu halda, dənizaşırı müstəmləkələrində xalqların hüquqlarını tapdalayır. Bu yaxınlarda Nikaraquada keçirilən BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) növbəti regional seminarı çərçivəsində Fransız Polineziyasının (FP) prezidentinin rəsmi nümayəndəsi Mareva Lechat-Kitalongun kürsüdən səsləndirdiyi fikirlər bu deyilənləri təsdiqləyir. O, çıxışında Fransanın beynəlxalq hüququ heçə saydığını və beynəlxalq öhdəliklərdən hansı yollarla qaçdığını ifşa edib. Qeyd edək ki, hələ 2013-cü ildə (17 may) BMT Baş Assambleyası Fransız Polineziyasının dekolonizasiya edilməli olan ərazilərin rəsmi siyahısına daxil edib. Bu qərar o dövrdə dünya birliyi tərəfindən tarixi ədalətin bərpası kimi qəbul edilsə də, bu günə qədər rəsmi Paris bu məsələdə bir addım belə atmayıb. Aradan 13 il keçsə də, nəinki dekolonizasiya, hətta bu istiqamətdə rəsmi siyasi dialoqu başlatmaq üçün heç bir təşəbbüs irəli sürülməyib.

Və ya Yeni Koledoniya misalı... Əsrlərdir Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Koledoniya özünün azadlığı uğrunda mübarizə aparır. Sakit okeanın cənubunda yerləşən və əhalisinin təxminən 40 faizini yerli kanaklar təşkil edən ölkə öz müqəddəratını təyin etmək üçün səy göstərir. Xatırladaq ki, 1988-ci ildə imzalanan Matinyon Sazişinə əsasən 10 il sonra referendum keçirilməli idi - lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. 1998-ci ildə imzalanmış Numea Sazişi isə 2018-2022-ci illər arasında üç müstəqillik referendumunu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim edilirdi. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səsvermə hüququnun verilməsi kanakların təsirini zəiflətdi. Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq, Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmaq istiqamətində oldu. Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab edildi. Beləliklə, “dekolonizasiya” adı altında təqdim olunan Numea Sazişi, əslində, demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

Bütün bu reallıqları dünya ictimaiyyətinə məhz Azərbaycan təqdim etdi. 2023-cü ilin iyulunda yaradılan Bakı Təşəbbüs Qrupu Fransanın bu siyasətinə qarşı müxtəlif yerli və beynəlxalq səviyyəli hüquqi fəaliyyət aparır.

Makron Errmənistandakı son seçkidə necə uduzdu?

Fransanın Bakıya qarşı “qəzəbi”nin bir səbəbi də Azərbaycanın Fransanın illərlə qurduğu oyunları darmadağın etməsi, Parisin Cənubi Qafqaza yönəlik işğalçı planlarını ifşa etməsidir. Bəli, məhz işğalçı planlarını... Bir qədər geriyə baxsaq, 2023-cü ilin sentyabrında Azərbaycan haqlı olaraq separatizmə qarşı antiterror tədbirləri reallışdırdığı zaman rəsmi Paris “yardım” adı altında karvan yaradaraq, Paris merini də həmin karvana “sarvan” təyin edərək Qarabağa yollamağa çalışmışdı. Bununla özünü Ermənistana və ermənilərə daha “məhrəm” göstərməyə çalışan Parisin alt planları fərqli idi - Makron hakimiyyəti məhz Ermənistan üzərində tam dominantlıq yaradaraq Cənubi Qafqazda gedən proseslərə, xüsusilə də sülh fəaliyyətinə təsir etməyə çalışırdı. Nəticədə isə Paris Bakıdan layiqli cavabı aldı - həm Qafqazda, həm də Avropada.  Azərbaycan Fransanın danışıqlarda iştirakına morotorium qoyaraq Makronu yerində oturtdu.

Bu ilin mayında Avropa Siyasi Birliyinin İrəvandakı Zirvə toplantısını yenidən növbəti şansa çevirməyə çalışan Makron yeni bir cəhdə əl atdı - tələm-tələsik İrəvana gələrək Paşinyana “seçki proqramı” təqdim etdi. Hətta çıxışında da seçki təbliğatı üçün tezislər verdi - onun iddiasına görə, “Ermənistan Avropaya (Fransaya) intqerasiya edəcək” tezisi Paşinyana seçki qələbəsi gətirəcəkdi. Amma bu da baş vermədi - təbliğat dövründə Paşinyan Makronun bu tezisinin də fiaskoya uğradığını görüb, Azərbaycanın sülh və əməkdaşlıq strategiyasına müraciət etdi. Beləliklə, Makronun bu dəfəki planı da alt-üst oldu. Bəlli oldu ki, Ermənistan cəmiyyəti Fransa köləliyini yox, Bakının əməkdaşlıq planlarını seçir. Bu isə Fransanın Azərbaycana qarşı növbəti məğlubiyyəti kimi tarixə yazıldı. Makronun bu “gedişi” şahmat taxtasında onu daha da pis vəziyyətə saldı - məhz Ermənistan, Qarabağ kartı üzərindən ölkəsində yenidən siyasi imic qazanacağına ümid edən Fransa prezidentinin bu dəfə də əli havada qaldı.

Reallıq qarşısında məğlub olan qərəzli kampaniyalar

Beləliklə, Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasi və informasiya kampaniyaları uzunmüddətli perspektivdə uğur qazana bilmir, fiaskoya məhkum olur. Bu cəhdlər reallıqlara deyil, siyasi maraqlara və ikili standartlara əsaslanır. Azərbaycan regionda yaratdığı yeni təhlükəsizlik və əməkdaşlıq mühitini ardıcıl şəkildə möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır və müstəqil xarici siyasət kursunu davam etdirir. Bakının beynəlxalq hüquqa söykənən mövqeyi, qlobal təşəbbüslərdə fəal iştirakı və tərəfdaş ölkələrlə genişlənən əməkdaşlığı onun mövqelərini daha da gücləndirir. Məhz buna görə də Azərbaycana qarşı yönəlmiş kampaniyalar qərəzdən uzağa gedə bilmir - reallıqlar isə hər zaman özünü göstərir və faktlar, konkret nəticələr qərəzli yanaşmalar üzərində üstünlük qazanır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30