Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 83 il öncə bu gün...

83 il öncə bu gün...

01.09.2022 [10:56]

Dünyanın ən qanlı müharibəsi II Dünya müharibəsi başlayıb

P.İsmayılov

83 il öncə bu gün, yəni 1939-cu il sentyabrın 1-də bəşər tarixinin ən qanlı müharibəsi, bəzi mənbələrə görə, 70 milyona yaxın insanın məhv olduğu II Dünya müharibəsi başladı. 1939-cu ilin 1 sentyabrında Almaniya Polşa üzərinə hücuma keçdi. Həmin gün saat 4:45 radələrində Danziq limanında olan alman müharibə gəmisi Schleswig-Holstein Polşaya aid Westerplatte adlı gəmiyə atəş açdı. Bu tarix II Dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edilir. Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Beləliklə, II Dünya müharibəsi başlandı. Sentyabrın 3-10-ü arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.

II Dünya müharibəsinin başlanmasının səbəblərini fərqli rakurslardan izah etmək olar. I Dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi, o cümlədən, Hitler “reyx”inin irqçilik, “dəyərsiz xalqları” əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları buna misaldır. Bununla yanaşı, səbəblər sırasında Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri, iri dövlətlərin, o cümlədən ABŞ-ın “qarışmamaq” mövqeyi tutması da dayanır. Həmin dövrdə SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması, 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi də bu müharibənin başlanmasına yol açan səbəblər sırasında idi.

II Dünya müharibəsi 6 il davam etdi. 1940-cı ilin aprel və may aylarında almanlar Norveçi, Danimarkanı və Niderlandı işğal etdilər və Belçikaya hücuma başladılar. 1940-cı ilin mayında Fransa kampaniyasına başlayan Üçüncü Reyx cəmi 6 həftəyə Fransanı işğal etdi. Parisin özü 1940-cı ilin 13 iyununda işğal edildi. Fransızların kiçik qrupu İngiltərəyə qaçıb general de Qollun başçılığı altında Azad Fransa hərəkatını yaratdılar. Fransa yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, geri qalan yarısı isə Vişi şəhərini öz paytaxtı etmişdi və marşal Filipp Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi. 1940-cı ildə də yalnız Böyük Britaniya Almaniya ilə müharibədə üz-üzə qalmışdı. Britaniya özünün tar-mar edilmiş qüvvələrini materik Avropasından Dünkerk limanı vasitəsilə geri çəkmişdi. 1940-1941-ci illərin qışında almanlar öz hücumlarının ağırlığını şərqə tərəf döndərməyə başladılar. Hədəf SSRİ idi. 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığı verdi. Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. İlk aylarda döyüşlərdə böyük üstünlük qazanan almanlar sonradan bu üstünlüklərini itirdilər. Sovet ordusunun təşəbbüsü ələ alması nəticəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Barbarossa planı iflasa uğradı. İldırımsürətili müharibə planı puç oldu.

Sonrakı illərdə müharibənin gedişində böyük geridönüş oldu. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular.

 Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. 1944-cü ildə Hitler üç müttəfiqi Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının 1945-ci il fevralın 4-11-dək davam edən Krım (Yalta) konfransı  toplandı. Konfransda İ.V.Stalin (SSRİ), F.Ruzvelt (ABŞ) və U.Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər. Həmin il mayın 9-da isə Hitler Almaniyası təslim oldu. II Dünya müharibəsi sentyabrın 2-də - Yaponiyanın təslim olması ilə başa çatdı.

Sonradan mövcud olan beynəlxalq münasibətlər II Dünya müharibəsi nəticəsində formalaşan Yalta sistemi üzərində quruldu. II Dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Dünyada ABŞ və SSRİ kimi super dövlətlər yarandı və onların timsalında qlobal ideologiyalar qismində liberal-demokratiya ilə kommunizm təsdiqləndi. Beynəlxalq münasibətləri tənzimləyəcək və beynəlxalq təhlükəsizliyi təmin edəcək ümumdünya təşkilat - Millətlər Liqası daha effektiv təşkilatla, BMT ilə əvəz olundu. Çin kimi SSRİ-yə rəqib kommunist dövləti yarandı, bununla da kommunist bloku çat verdi. Yaponiya fövqəldövlət olaraq aradan getdi və faktiki olaraq Sakit Okean regionunda ABŞ siyasətinin platsdarmına çevrildi. Avropanın aparıcı ölkələrinin təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə, Avropa dövlətləri dünya arenasına çıxmaq üçün birləşməli oldular. Bu baxımdan Avropa Birliyi də II Dünya müharibəsinin nəticələrindən sayılır.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31