Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qədim teatrlardan dini ayinlərə

Qədim teatrlardan dini ayinlərə

12.08.2022 [10:29]

Murad KÖHNƏQALA

İbtidasında, özülündə saf niyyət, ruhaniyyət olan bütün din və inancların kütləviləşdikcə siyasiləşməsi qaçılmazdır. Çünki kütləni birləşdirən və onu idarə edə bilən hər hansı inancdan mütləq sui-istifadə olunur. Magik gücü ilə kütləni ağzıbir edə bilən bu cür inanclar xalqdan qopuq siyasi hakimiyyətlər üçün lap göydəndüşmə olur. Həm genetika, həm də ənənəylə ötürülən dini inanclar xalq arasında məsəllər, əhvalatlar və pritçalar formasında şifahi qaydada dolaşdığından insanlardan xüsusi savad tələb eləmir. Buna görə hər bir sadəlövh insan ətrafında formalaşmış inancların girovuna, necə deyərlər, “alıcısına” çevrilə bilir. Təbii ki, əsrlərlə hafizədən-hafizəyə adlayan istənilən din ilkin fəlsəfəsini, missiyasını, mahiyyətini, formasını asanca itirə bilir. Odur ki, zaman keçdikcə kütləviləşən din forma və məzmununu itirərək müxtəlif məzhəblərə parçalanır və ayrı-ayrı dairələrin inhisarında yaşayası olur. 

Sadə bir misal deyim: İsa Məsihin katolik kilsəsindəki obrazı ilə pravoslav kilsəsindəki təsviri xeyli fərqlidir. Əsrlərlə davam edən mübahisələrdən sonra hərə özünün yaratdığı İsaya tapınası olub. Katoliklərin İsasının üzündə çarmıxa mismarlanmış, dost tərəfindən satılmış insanın əzabları var, pravoslavların İsasının üzündən isə məmnunluq, insanlara sevgi yağır. Katoliklər İsanı dörd mismardan, pravoslavlar isə üç mismardan asırlar. Katoliklər İsanın ayaqlarını heydən düşmüş adamın ayaqları kimi aşağıya sallanmış təsvir edirlər, pravoslavlar isə peyğəmbər əzab çəkməsin deyə çarmıxın aşağısında onun ayaqları altına dayaq əlavə ediblər. Beləcə, əsrlərdir bu iki kilsə bir-birinə “sən əsl İsanın simasını gizlədirsən” deyə irad tutub dalaşır.

İslam dini də belədir, yaranandan indiyə kimi mübahisələri əskik olmayıb. Qutsal kitab, tarixi hadisələr, dini mətnlər, rəvayətlər ayrı-ayrı din adamları tərəfindən müxtəlif cür yozulur, fərqli məzmunlarda təfsir olunur.

Ümumiyyətlə, siyasiləşən, siyasətdə istifadə olunan istənilən dinin möhtəkirlər tərəfindən dəyişikliyə uğraması, təhrif olunması qaçılmazdır. Siyasiləşən din ilkin mahiyyətini, əsas missiyasını itirərək eybəcərləşir və nəticədə ondan istifadə edən qüvvəyə ciddi imic, dividend qazandırmır. Yəni, dini qaydalarla idarə olunan, dini islahatlardan qaçan, öz insanını orta əsr qanunlarının məngənəsində saxlayan dövlətlərin müasirliyə inteqrasiyası ləngiyir, nəticədə ölkə sivil dünyanın arxasınca sürünəsi olur.

Qədim Romada arenalar, amfiteatrlar qurular, orada müxtəlif döyüş səhnələri, tamaşalar nümayiş etdirilərdi. Döyüşlərdə cəsurluq göstərən qəhrəmanlar haqda ssenarilər yazılar, onların döyüş səhnələri müharibədə iştirak etməyən tamaşaçı kütləsinə aktyorlar vasitəsilə təqdim edilərdi. Göründüyü kimi, real həyat olaylarının səhnələşdirilməsi hələ antik dövrdə ənənə halını almışdı. Yadınızdadırsa, Şeksprin “Hamlet” əsərində də baş qəhrəman atasının qətlini ssenariləşdirərək səhnəyə çıxarır.

Sonralar da müxtəlif müharibələrdə, çoxsaylı xaç yürüşlərində şücaətləri ilə seçilən qəhrəmanlar haqda əsərlər yazılar, onların həyatı səhnələşdirilərək həmin amfiteatrlarda xalqa nümayiş olunardı. İndiki televiziyaları, kitabları və KİV-ləri əvəz edən həmin amfiteatrlar istənilən qəhrəmanın adını populyarlaşdırmaq, onun şəxsiyyətini hörmətə mindirmək, müqəddəsləşdirmək üçün böyük imkanlar yaradırdı. Türklərdə isə belə tamaşaları qəhrəmanlıq dastanlarını, eposları böyük el yığıncaqlarında qopuzun, sazın müşayiətilə söyləyən ozan məclisləri əvəz edirdi. Həmin ənənələr tam qorunub saxlanmasa da, xoşbəxtlikdən çox da dəyişikliyə uğramayıb, toy məclislərində dastan danışan aşıqların, yaxud “Manas”çıların ifası şəklinə düşüb.  

Sonrakı yüzillərdə bu ənənə ərəblərə də gedib çatdı. İslamda ən çox səhnələşdirilən və populyarlıq qazanan tamaşa 680-ci ildə 54 yaşında Kərbəlada qətlə yetirilmiş İmam Hüseynin döyüş tarixçəsinə həsr olunmuş dini misteriya, başqa sözlə, şəbihdir.

İmam Hüseyn üsyanının qısa tarixçəsi belədir: dördüncü xəlifə İmam Əli sui-qəsd nəticəsində öldürüldükdən sonra tərəfdarları onun böyük oğlu İmam Həsəni xəlifə elan etmək istəyirlər. Lakin Müaviyə öz qohumu xəlifə Osmanın öldürülməsində Əlini suçlu bildiyinə görə tərəfdarları ilə üsyana qalxaraq Həsənin xəlifə olmasına imkan verməyəcəyini bəyan edir. Tərəflər arasında qırğın düşməsin deyə İmam Həsən Müaviyənin xəlifəliyi ilə razılaşıb onunla sülh müqaviləsi bağlayır. Qardaşına görə İmam Hüseyn də Müaviyənin xəlifəliyini qəbul eləyəsi olur. Həmin sazişdə Müaviyədən sonra xəlifəliyin İmam Həsənə, o, həyatda olmazsa qardaşı İmam Hüseynə ötürüləcəyi haqda bənd də olur. Bu arada Müaviyə İmam Həsənin arvadını qızıl pulla yoldan çıxarır və onu oğlu Yezidə alacağı vədi ilə öz tərəfinə çəkərək İmam Həsəni zəhərlədib öldürdür.

Əhdə xilaf çıxan Müaviyə ölümündən əvvəl xalqdan biət toplayaraq özündən sonra oğlu Yezidi xəlifə elan edir. O öləndə İmam Hüseyn Yezidin hakimiyyətə gəlməsinə etiraz edir və Kufənin narazı xalqına arxalanaraq tərəfdarlarını yığıb Məkkədən Kufəyə gedir. Yezidin zülmündən qorxan kufəlilər, eləcə də Hüseynin tərəfdarlarının çoxu onun arxasından qaçır. Beləliklə, İmam Hüseyn əqidəsindən dönmədən 72 nəfərlə Əməvi ordusunun qarşısına çıxır, döyüşün nə ilə nəticələnəcəyini bilsə də, haqsızlığın qarşısında geri çəkilmir.

Şiə məzhəbli müsəlmanlar hər il İmam Hüseyn başda olmaqla, Kərbəla şəhidlərini adına şəbih deyilən ayinlərlə yad edirlər. Səhnələşdirilmiş döyüş epizodlarında İmam Hüseynin özünün, övladlarının, qardaşının, qardaşı balalarının, tərəfdarlarının qəddarcasına qətlə yetirilməsi canlandırılır. İmam Hüseyn aşiqləri bu tamaşalardan təsirlənərək Kərbəla döyüşündə iştirak edirmiş kimi canlarına cəfa verir, özlərinə xətər yetirirlər.

Dediyimiz kimi, dinlər, inanclar zaman keçdikcə öz mahiyyətindən, mənasından nə qədər uzaq düşürsə, dini ayinlər və rituallar da bir o qədər saparaq əzəli məntiqindən kənara çıxır. Düşünürəm ki, bu gün aşura mərasimində özünü zəncirlə döyən, başını xəncərlə yaran inanclı adamdan tutduğu əməlin səbəbini, mahiyyətini soruşsan, məntiqli cavab verə bilməyəcək. Azyaşlı uşaqların bu cür rituallara cəlb edilməsi isə absurdun, məntiqsizliyin yekəsidir.

Ancaq bu cür əzadarlıq təkcə islam dininə xas deyil, xristianlıqda da belə ayinlər var. Məsələn, əhalisinin mütləq əksəriyyəti mühafizəkar katolik olan Filippin adalarında İsa Məsihin ağrı və əzablarını dərindən hiss etmək üçün hər mövsümdə özünü çarmıxa çəkən adamlar var. “Əzabkeş” adlandırılan bu inanclılar əllərini, ayaqlarını xaç şəkilli taxtaya mıxlayaraq bir müddət eləcə asılı vəziyyətdə qalıb əzab çəkirlər. Bir qism əzabkeşlər də yarılmış bambuk ağacı ilə, yaxud ucuna iti bıçaqlar bənd olunmuş zəncirlə özlərini döyüb İsanın ağrılarını bölüşürlər...

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30