Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Azərbaycan yüksək səviyyəli turizm ölkəsinə çevrilir

Azərbaycan yüksək səviyyəli turizm ölkəsinə çevrilir

18.06.2016 [11:08]

Dünyada insana zövq verən dəyərlər, məşğuliyyət növləri saysız-hesabsızdır. Ancaq mübaliğəsiz demək olar ki, turizm belə dəyərlər sırasında daha fərqli məqamda dayanır və bir növ ümumiləşdirici rol oynayır. Yer üzündə elə bir adam çətin tapılar ki, gəzib görməyə maraq göstərməsin. İsti yay günlərində sıx meşəlikdə başı göylərə dirənən ağacların kölgəsində sərinlənməyin, qızıl qumlu dənizlərin sahillərində suya baş vurmağın və yaxud müxtəlif xalqların zəngin mətbəxlərinin təamlarının dadına baxmağın ləzzətini kim qaçırmaq istəyər? İnsan gəzib gördükcə öyrənir, zənginləşir. Nahaq yerə deməyiblər ki, çox oxuyan yox, çox gəzən çox bilər.
Bir vaxtlar yeni səfərlərə çıxanlara “səyyahlar” deyərdilər. Dünya xalqlarının müasir leksikonunda isə daha çox “turist” sözündən istifadə olunur. Fransız mənşəli “tur” sözündən yaranan “turizm” “gəzinti”, “istirahət” və “əyləncə” mənalarını verir. Tədqiqatçılar “turist” sözünün ilk dəfə 1772-ci ildə, “tourism” sözünün isə 1811-ci ildə işlədildiyini bildirirlər. Bir zamanlar yalnız kübar təbəqə üçün əlçatan olan turizm zaman ötdükcə öz əhatə dairəsini genişləndirib və kütləvi hal alıb. Dünyada kütləvi turizmin əsasını isə 1841-ci ildə 570 nəfərin birgə gəzintisini təşkil edən ingilis Tomas Kuk qoyub. Hazırda dünyada turizmin əhəmiyyəti müqayisəyəgəlməz dərəcədə artıb və iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Azərbaycanda da turizmin geniş inkişaf perspektivləri var
Bakıda, Qubada, Naxçıvanda, Şəkidə və respublikamızın digər şəhərlərində çoxlu sayda karvansaranın bu günümüzədək qalması Azərbaycanın tarixən səyyahların diqqətini özünə çəkdiyi barədə konkret təsəvvür yaradır. Azərbaycan Avropa, Asiya və Yaxın Şərq kimi geniş coğrafiyanı birləşdirən qədim İpək Yolunun ən önəmli məntəqəsi idi. Əlverişli coğrafi mövqedə yerləşən və təbii sərvətlərlə zəngin olan Azərbaycana dünyanın dörd bir tərəfindən tacirlər, sənətkarlar təşrif gətirir və burada böyük mədəniyyətlə tanış olurdular.
Ənənələr bu gün də yaşayır. Quru və su sərhədlərinə malik olması, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərinin burada kəsişməsi, möhkəm daxili sabitlik, müasir infrastruktur, dinamik sosial-iqtisadi inkişaf, müxtəlif mədəniyyət növlərinin yüksək səviyyədə inkişaf tapması, flora və fauna müxtəlifliyi, həmçinin digər müsbət amillər Azərbaycanda indiki dövrdə turizmin geniş inkişaf perspektivlərini şərtləndirir.
Bütün bu deyilənlərə respublikamızda turizmin inkişafına dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın turizm cəlbediciliyi baxımından necə əlverişli ölkə olduğu barədə daha aydın təsəvvür yaranar. Respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə Azərbaycanda 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib.
Qısa müddətdə müasir turizm infrastrukturunun yaradılması böyük nailiyyətdir
Təbii ki, zəruri infrastruktur yaradılmadan ölkədə turizmin inkişafından da danışmaq mümkün deyil. Bu baxımdan qısa müddətdə müxtəlif turist marşrutları üzərində müasir infrastrukturun yaradılması böyük nailiyyətdir. Məlumdur ki, Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Respublikamızda müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artıb. Dünyanın “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt” kimi aparıcı hotel brendlərinin respublikamızın paytaxtında cəmləşməsi də qürurverici haldır.
Son illərdə ayrı-ayrı turist marşrutları üzərində yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri “Şahdağ” qış-yay turizm kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və bütün ilboyu fəaliyyət göstərir.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Kompleksin birinci mərhələsinin açılışı 2014-cü ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, hotel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Ölkədə müalicə-kurort turizmi də inkişaf edir
Son illərdə Azərbaycanda turizmin yüksək sürətlə inkişaf edən istiqamətləri arasında müalicə-kurort turizmini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın məşhur müalicəvi kurortlarından biri Naftalandır. 2011-ci ilin fevralında Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin noyabrında sona çatdırılıb. Kompleksdə əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır.
Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin yaradılması ölkəmizin turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var.
Naxçıvan möcüzəsi adlandırılan Duzdağın Azərbaycanın müalicəvi turizm obyektləri sırasında xüsusi yeri var. Burada müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeydə alınır.
Dünyada Azərbaycanın turizm reytinqi getdikcə artır
Hazırda Azərbaycan turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri fəaliyyət göstərir. Son illərdə ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb.
Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil olub.
Yüksək dövlət qayğısı sayəsində Azərbaycanda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Cari ilin aprelində 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi böyük uğurla keçib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF-2016”nın əhəmiyyətindən söz açaraq bildirib ki, keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə və əməkdaşlıq platformasına çevrilib.
Turizmin inkişafı üçün daha nələr etmək lazımdır?
Son illərdə gəlirli sahə olan və ölkəmizin tanıdılması, zəngin mədəniyyətimizin təbliği baxımından böyük önəm daşıyan turizmin inkişafı istiqamətində diqqətəlayiq uğurlar əldə olunmasına baxmayaraq, bu sahədə potensial daha genişdir. Turist yerləşdirmə obyektlərində xidmətin səviyyəsini yüksəltməklə və bir sıra başqa tədbirlər həyata keçirməklə turizmin inkişafında daha böyük uğurlar qazanmaq mümkündür. Məlumdur ki, ötən il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq artıb. Bundan istifadə edib respublikamıza daha böyük turist axınına nail olmalıyıq. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə turizmin inkişafı məqsədilə turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib: “Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir”.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının
“Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların
dəyərləndirilməsi zərurəti”
mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Paylaş:
Baxılıb: 2287 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30