Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gələcəyimizin formulası

Gələcəyimizin formulası

29.10.2009 [10:01]

Uşaqlarımızın xəyallarında bizim gələcəyimiz əks olunur
2009-cu il - Uşaq ili artıq başa çatmaq üzrədir. Bu il uşaqlara nə verdi, böyüklər qarşılarında duran vəzifələrin öhdəsindən gələ bildilərmi? 2009-cu il Azərbaycanlı uşaqlar üçün bayram ilinə çevrilə bildimi? Bütün bu sualların cavabı hesabat dövründə aydınlaşacaq. Biz isə onu deyə bilərik ki, öz növbəmizdə balacaların problemlərini mətbuat səhifələrinə çıxarmağa çalışdıq. Bu bir il ərzində uşaqlarla bağlı müxtəlif peşə sahiblərini bir araya gətirdik. Balacalar nə istəyir, onlara nələri verə bilmirik? Bu suallar ətrafında polemikalar təşkil etdik. Növbəti yazımız da balacalar haqqındadır. Amma böyüklər üçün nəzərdə tutulub.
Nə etməli?
Ağlı söz kəsən uşaq valideynlərinin qarşısında haradan yarandığı sualını qoymaqla onları çətin vəziyyətə salır. Valideynlər yalan danışmaqla həmişə nümayiş etdirdikləri düzlük nümunəsini pozmalı, ya da əsl həqiqəti etiraf etməklə onu bilməsi lazım olmayan aləmlə tanış etməlidirlər. Nə etməli?
Dost-tanışın məsləhətləri yetərincə dadınıza çata bilməyəcək. Bəzən məsləhətlər hər şeyi həll etsə də, ürəyimizdə kiçik şübhələr qalır. İnanc səmimi olduqda isə hər bir valideyn öz uşağına xüsusi yanaşma tərzi tapır. Onların suallarını cavablandırmağa nağıllarımız çox olsa da, çalışaq ki, bunlardan ən populyarını və ən sadəsini müzakirə edək.
“HACILEYLƏK GƏTİRİB”: Hacıleylək nağılı artıq köhnəlib. Uşaqların əksəriyyəti tutuquşunu görüb, hacıleyləyi isə yox. O quş harada yaşayır, nə boydadır, danışa bilirmi? Bəlkə Aydan gəlib? özünüzü bir anlıq 3-4 yaşlı uşaq kimi təsəvvür edin və beyninizdə bu sualları cavablandırın: “Bu quş məni haradan və necə gətirib? Orada atam və anam vardımı?” Sizə də inandırıcı gəlməyən və başdan-ayağa uydurma görünən versiya.
“BOSTANDAN TAPMIŞIQ”: 5 yaşlı Ayna “Deyəsən, mənim anama nə isə olub” deyə şikayətlənir: “O mənə dedi ki, atanla bostanda gəzəndə səni kələmin içindən tapmışıq. Mən kələmlərin hamısının içinə baxmışam. Orada ancaq balaca qurdlar var. Mən qurda oxşayıram?”
Bu yaşında uşaqlar üçün ata və ana Allah olmasalar da, hələ çözə bilmədikləri sirr və bütün sualları çətinlik çəkmədən cavablandıran bilicilərdir. Və birdən elə bir vəziyyət yaranır ki, balacanın narahatlıq doğuran sualına səhv cavab verməli olursan. özü də bu cavab valideynlərin reytinqini, sadəcə belə deyək, öldürür.
“MAÄžAZADAN ALMIŞIQ”: Balaca Əli həyətdən qaçaraq gəlir: “Bir də mənə deməyin ki, uşaqlar yumurtadan çıxır.” Uşağı çox sadə bir üsulla sakitləşdirmək üçün cavab hazırdı: “mağazadan almışıq.”
övladınızla birlikdə gündəlik tələbat malları mağazasına alış-verişə gedirsiniz. Uşaq artıq bilir ki, alınmış mal xoşa gəlməyəndə onu geri qaytarmaq və yaxud dəyişmək olur. Birdən sizə “məni qaytarmayacaqsan?”sualını versə? Uşaqlar gündəlik yaşantılarında bu sözləri çox eşidirlər: “Filan şeyi almışdım, xoşuma gəlmədi, qaytarıb təzəsini alacam.” Onun içində həmişə bir qorxu yaşamağa başlayır: valideynin xoşuna gəlməyən hərəkət etsə, onu qaytarıb yenisini ala bilərlər. özü də uşaq hansı hərəkətin böyüklərin xoşuna gəldiyini dəqiqləşdirməkdə çətinlik çəkir. Axı o hələ balacadır. Demək olar ki, körpədir. Danışdığınız və ciddi yanaşmadığınız bu yüngül yalanların uşaqların psixologiyasında hansı izləri qoyduğunun fərqindəsinizmi? Zarafatınız körpənizin nəinki psixologiyasını, hətta, müəyyən müddət belə olsa, həyatını alt-üst edə bilər. Ata balaca oğlunun əlindən tutub yenicə doğulmuş qardaşını və anasını doğum evinin qarşısında gözləyir. Balaca istər-istəməz uşaq marağı ilə təzə qaqaşının haradan gəldiyini soruşur. Xoşbəxt ata “köhnə oğlanı verib, yerinə yenisini alırlar” deyə cavab verir. Hə, əziz valideynlər, indi özünüzü həmin o balacanın yerinə qoyun. Onun gözlərində olan təşvişi və qorxunu təsəvvür etmək elə də çətin deyil. Uşaq üçün ən dəhşətlisi olan valideyni itirmək qorxusu onu saniyə-saniyə izləyəcək, yuxularını qatacaq. Anasından bir addım belə ayrılmayacaq, ələlxüsus da qardaşına nifrət edəcək.
Uşaqları belə mənfi təsirlərdən qorumaq üçün hətta zarafatlarınıza belə diqqət edin. Uşaqlara acıqlanmaq isə qətiyyən yaramaz. Psixoloqlar uşaqları tərbiyə üsulu kimi ənənəvi cəza üsullarından qətiyyətlə imtina etməyi tövsiyə edirlər. Deyək ki, siz işdən evə yorğun gəlmisiniz. Uşaqlarsa sizi axşamdan-axşama gördüklərindən istirahətinizə imkan vermirlər. Onlar üçün ən böyük sevinc həm də sizinlə əylənməkdir. Uşaqlara acıqlanmaq? Qətiyyən olmaz. Kobudluq və acıq valideynlə uşaq arasında məhəbbətə qayçıdır. Gün ərzində yalnız hava qaralanda gördükləri ata ilə münasibətlər heç də həmişə asan qurulmur. Onlara “gəlin fəxri qarovulda duraq” deyə təklif edin. Şərtlər çox sadədir. Uşaqlar qarovulda duran əsgər rollarını bölüşdürəndən sonra sizə doyunca yatmaq imkanı veriləcək. Yuxudan durandan sonra isə hökmən onlarla əylənin.
Əbədiyyət arzusu...
ötən əsrin gimnazistlərinin birindən imtahan vaxtı “siz nə arzulayırsınız” sorğusuna “əbədiyyət” deyə cavab alıblar. Bu dahi şəxsiyyət Lev Tolstoy idi. Və onun cavabını müasirləri ağılsızlıq hesab edirdilər.
İnsanın haqqında ən dəqiq sözü onun xəyalları deyə bilər. Olduğunuzdan da yaxşı görünmək üçün hətta özünüz özünüzü aldada da bilərsiniz. Amma xəyalları aldatmaq olmaz. İnsanlara nəyisə arzulamağı və ya əksini məcbur etmək olmur. Əksər hallarda biz böyüklərin xoşuna gəlməsə də, xəyalların küləyi uşaqları buludlara uçurur və belə halda uşaqlar gündəlik iradlardan başqa heç nə eşitmirlər. Gündəlik iradlar isə məktəb həyatında qazanılan uğurların sevincini heçə endirir, uşaq ətraf aləmdən təcrid olunur və özünə qapanır.
Uşaq xəyalları böyüklərdə müxtəlif hisslər yaradır. Bəzən istəmədikləri o xəyalların gerçəkləşməsindən çəkinirlər, bəzən də “heç vaxt reallaşmayacaq, uşaqdır da” deyib əhəmiyyət vermirlər.
5 yaşlı Səidə deyir ki, mən böyüyəndə Röya kimi müğənni olacam və onun kimi geyinəcəm. Hər dəfə evə gələn qonaqların qarşısında şıltaqlıqlar edir, gah bədəninə nazik parçanı bürüyüb qonaqlar üçün “konsert” təşkil edir, gah kalendarlar üçün şəkil çəkdirmək həvəsilə albomlarını vərəqləyir. Ana utandığından başını hara soxacağını bilmir.
“Bax gör onlar nələr arzulayırlar?” 3-cülərin sinif rəhbəri əsəbi halda deyir: “İstəyirəm çoxlu uşağım olsun, bir dəstə. Mən onların əlindən tutub hər gün gəzməyə aparım”. Başqa birisi yazır ki, göyçək Fatmanı tapıb onunla evlənəcəm. Tərbiyəsizliyə bax!
Narahat olmağa dəyməz. Bu, başlanğıcdır. Onlar hələ başqa şeylər haqqında da xəyallar qurmağa başlayacaqlar. Xəyallar şəxsiyyəti əks etdirir. Xəyalları bilməklə uşağın gələcək fəaliyyətinin hansı istiqamətdə qurulacağını müəyyən etmək olar. Təəssüf ki, böyüklər, hətta pedaqoqlar belə əksər hallarda uşaqların xəyallarına boş şey kimi yanaşırlar: “Ona vaxt itirməyə dəyməz”.
Elə deyil. Xəyallar bir anlıq və uzun müddətli ola bilər. özündə şirin arzuları və pis niyyətləri də gizlədə bilər. O xəyallarda uşaqlarımızın quracağı gələcəyin eskizləri görünür. İnanmırsınız?
Uşaqlarınıza çoxmu bələdsiniz? İstəyirsiniz yoxlayaq. çalışın balanızın hansı xəyallara qapıldığını öyrənəsiniz. Belə bir təcrübə aparaq: özünüzü uşağınızın yerində təsəvvür edin, sonra ağ vərəq götürüb üzərinə öz xəyallarınızın bir neçəsini qeyd edin. Daha sonra uşaqlarınızdan soruşun ki, onların hansını istəyir. Əgər onun cavabları sizin suallarınızın tam əksidirsə, deməli, narahatçılığa dəyər, artıq faciəyə bir addım qalır. Siz dənizdə batan adama bənzəyirsiniz və yapışdığınız saman çöpünün sizi xilas edəcəyi fikrilə özünüzü aldatmayın. övladınızla münasibətdə təcili bir tədbir görməsəniz, balanızı mənən itirəcəyinizə şübhəniz olmasın. Axı siz hətta onun nə düşündüyünü və nədən həyəcanlandığını belə bilmirsiniz.
Nə qədər ki, uşağınızın siması romantik və məsumdur, onun xəyalları da simasına bənzəyir. Balaca Aydan bütün rəsmlərində özünün yanında uşaq şəkli çəkir. Bu, onun həsrətlə arzuladığı bacısıdır. Bütün günü anasını “mənə bacı al” deyə dəng etdiyini biləndən və anasının bu bacını “almaq” imkanı olmadığını başa düşəndən sonra o, xəyallarındakı bacısını özü ilə məktəbə, teatra, gəzməyə aparır. Balaca Sona isə qızıldan qanadları olan ağappaq at arzulayır.
Açıqgözlü və sərt uşaqların xəyalları reallığı əks etdirir
Tərlan dağda, mikrob və viruslardan uzaq bir yerdə, Ceyhun isə adamların bir-birini öldürmədiyi, göylərində ulduzların bərq vurduğu uzaq bir kənddə yaşamaq istəyir. Müraciət etdiyimiz valideynlərdən biri danışır ki, həyətimizdə balacaboy bir jurnalist yaşayır. Oqtay həyətdə görünən kimi uşaqlar onun qarşısına yüyürür. Qadın söyləyir ki, bir gün qızımın “sən mənə böcək tutdun?” deyə soruşduğunu eşidəndə acıqlanıb: “Ona siz de. Axı o yaşlı kişidi”. “Nə yaşlı?” qız dodaqlarını büzdü. “O, damda yaşayan Karlsondur. Bilirsən, hələ pərləri də olacaq. O özü deyir ki, hər gün yuxudan durub gözlərimi açanda elə bilirəm ki, otağım evin damına köçüb. Kürəyimdə də pərlərim var. “Bütün gecəni mən də uşaq vaxtı arzuladığım şeylər haqqında düşündüm. Uşaqlığımda daldığım xəyallardan yadımda heç nə qalmamışdı. O balacaboy kişiyə belə uşaq məsumluğuna görə əməlli-başlı paxıllığım tutdu”.
CƏLƏCƏYİN FORMULASI: Uşaqların xəyallarına ciddi yanaşmaq lazımdırmı? Uşaq rəssam, bankir, yaxud təyyarəçi olacağını xəyal edən kimi onu həmin sahəyə yönəltmək vacibdirmi? Hərdən uşaqların arzuladıqlarını valideynlər nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışırlar. Bütün bu səylərə repetitor, maddi təminat və s. axtarışlarına sərf olunan vaxtı, narahatçılığı da əlavə etsək yaranmış mənzərənin heç də ürəkaçan olmadığını təsəvvür etmək çətin deyil. Bu zaman uşağın artıq geri çəkilməsinə imkan da yoxdur. Hətta onun yuxularına bankir çantası deyil, aktyorun qrim otağı girsə belə, bu işdən dönə bilməz. Qərənfil adlı tanışımız qızının nankorluğundan gileylənir. Musiqiyə hədsiz həvəs göstərən qıza qarmon aldıqdan sonra o, tamamilə dəyişib. Musiqi dərslərini hazırlamaq onun üçün əsl işgəncədir və tez-tez anasını ittiham edir: “özün qarmonçalan olmaq istəmisən, ona görə istəyirsən ki, mən də qarmonçalan olum”. Ananın göz yaşlarını başa düşmək çətin deyil. Ona görə də, bu məqamda övlad-valideyn münasibətləri çox səmimi və ideal olmalıdır. Əslində, xəyalpərəstlərin özlərinə imkan vermək lazımdır ki, xəyallarındakı qarışıqlıqdan özlərinə lazım olanı müəyyənləşdirsinlər. Buyursunlar, gitara çalmaq istəyir, ona gitara bağışlayın. “Samakat” düzəltmək istəyir, olsun. Amma hədiyyə seçərkən qiymətlərdə ağ eləməyin. Ola bilsin bir həftə sonra övladınız par-par yanan royalın arxasında oturmaq istəyəcək. Uşaqlar öz arzularında israrlı olanda bir qədər də ciddi düşünmək lazımdır. Gəlin bir şeylə razılaşaq ki, nəyisə ürəkdən arzulasan o, hökmən reallaşacaq.
“Mən arzu edirəm ki, heç vaxt müharibə olmasın.” Qarabağdan qaçqın düşmüş Aysu 8 yaşı olanda belə deyirdi. “Mən Allahı görmək istəyirəm. Ona yalvaracam ki, biz kənddən qaçanda öldürülən anamı diriltsin”. Balaca Günelin məktubundan sətirlər.
Nurəddin yadplanetlilərlə görüşmək istədiyini yazır. O, həmin məxluqlarla ulduz müharibələri haqqında çəkilmiş filmlərdə tanış olub. 4 yaşlı Cavid dəniz kənarında balaca evlərinin olmasını, anası ilə birlikdə həmin evin pəncərəsindən dənizdə üzən delfinə tamaşa eləməyi arzulayır.
Bütün bu xəyallardan gələcəyimizin rəsmini cızmaq olar: müharibələrə son qoyulacaq, insanlar mehriban yaşayacaq, ekologiya korlanmayacaq, astronomiyaya maraq çoxalacaq. Hər şey insanın özündən asılıdır. O, texnika olmadan da, xəyalı ilə başqa planetə uça, dənizdən dənizə səyahət edə, ölümsüz və qansız bir dünya qura bilər. Qısası, fikir verdinizmi? Onlar-uşaqlar biz böyükləri hara getsələr də özləri ilə dartıb aparmaq qabiliyyətinə malikdirlər. Bütün xəyal və arzularında bizlər-onların valideynləri var. Hər halda ümid edək ki, onlar bizi hansısa qocalar planetində yerləşdirmək fikrində yox, özləri ilə qurduqları gözəl gələcəyə aparmaq niyyətindədirlər.
KƏBUTƏR
Paylaş:
Baxılıb: 1504 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30